Həcc ərkanı

Həcc ərkanı

Həsrətlə gözlənilən Həcc ziyarətinin başlanmasına barmaqla sayılacaq günlər qalıb. Ziyarətçilər bu məsuliyyətli ibadətin həyəcanını lap dərindən hiss edir və səfər üçun yol hazırlıqları ərəfəsindədirlər. Lakin gəlin Ömərin oğlu Abdullahın (r.a) bir sözünü yada salaq: "Yola çıxanlar çoxdur, Həcc edənlər isə azdır." 

Allah təala Öz lütfündən bəxş edib kimlərəsə Həcc ziyarətini nəsib etmiş, kimlər isə çalışsalar da getmək nəsib olmamışdır. Uca Rəbbimiz Ona yaxınlaşmaq, ibadət və itaət yoluna çıxmağı kiməsə nəsib edibsə, onu həm sevir həm də imtahan edir. Kimsə bu sevgiyə uyğun layiqincə hərəkət edir, Uca Rəbbinə yaxınlaşmaq üçün ən uyğun üslublardan istifadə edir, kimlərsə bu sevginin və mərhəmətin qədrini bilməyərək imtahandan keçə bilmirlər. 

Yuxarıda Abdullah ibn Ömərin sözlərinə bir daha diqqət edək. Həccə getmək adıyla yola çıxanlar çoxdur, Həcc niyyətiylə gedənlər isə azdır. 

Möhtərəm və sevimli müsəlman bacım və qardaşım! Bil ki, Allah təala səni başqalarından üstün tutmuş, onlardan seçmiş və bu Həcc nemətini sənə bəxş etmişdir. Malını və canını sərf edərək Həccə çox çıxanlar olmuş, amma bu yolda gedib gələnə qədər elə əməllər etmiş ki, savablarını zay etmiş, yaxud Həcc onun üçün ibadət deyil, sadəcə turistik bir səyahət olmuşdur. Əgər salamat çatmaq, Rəbbinlə görüşəcəyin gün əməlinin məqbul olduğunu görmək istəyirsənsə, gərək həqiqi Hacı olasan. Niyyətini yenilə, ürəyini bir daha yoxla, dərinliklərində gizlənən dünya həyatı həvəsləri varsa, ora çatmamışdan silib at onları. Fikrində başqa planlar varsa, niyyətini və istəyini xalis etmək üçün Allaha dua et, yalvar! 

Bilirsənmi qəbul olunmuş Həccin savabı nədir?
Bəlkə də bilməmiş olmazsan, bu səfərə çıxmamışdan yəqin bunu sənə bir neçə dəfə xatırladıblar. Amma mən bir daha xatırladacam. Diqqətlə oxu ki, bu səfərin, bu əməlin qarşılığının nə qədər böyük olduğunu dərk edə biləsən. Əl-Buxari rəvayət edir ki, Əbu Hüreyrə (r.a) belə deyib; Peyğəmbərdən (s.a.s) belə dediyini eşitdim; "Kim Allah üçün Həcc edərsə, mədəniyyətsizlik və pislik (çirkinlik, fasiqlik, günah) etməzsə anasından olduğu (yeni dünyaya gəlmiş tər-təmiz bir körpə) kimi geri dönər." 
Təsəvvür edirsənmi qardaşım, təsəvvür edirsənmi bacım! Neçə yaşın olursa olsun, indiyə kimi nələr törətmisənsə də, Həccini layiqincə yerinə yetirərsənsə, Rəbbinin rizasını qazanarsansa və O səndən bu ziyarətini qəbul edərsə, tər-təmiz evinə qayıdarsan. Təzələnmiş, həyatını yeni ağ səhifədən başlamış və nur saçaraq doğmalarına qovuşarsan. Həccin qəbul olunubsa, bunu əslində dönərkən özün də hiss edəcəksən. Daxilində keçirdiyin hisslərdən, qarşılaşdığın hadisələrdən və həcdən sonrakı həyatının yeni addımlarından. Bunun üçün qəlbində olan bütün səyahət, alış-veriş və sairə niyyətləri söküb at, könlünü və üzünü Rəbbinə tərəf tutaraq yalnız Onun rizası üçün çıxmış ol bu yola! 

Niyyət müsəlmanın həyatının ən əsas və əhəmiyyətli hissəsidir. Bir səfdə dayanıb camaatla namaz qılan onlarla və ya yüzlərlə insan görürsən. Hamısı eyni şəkildə və eyni qaydada namazlarını əda edirlər. Amma bəzilərinin namazı dərəcələrə yüksəlir, bəzilərinki isə başından yuxarı qalxmır. Halbuki hamısı eyni səfdə dayanmış, eyni imamın arxasında, eynilə namaz qılmışlar. Həmçinin həcc ziyarəti məqsədilə yola çıxanlar da çoxdur. Neçə-neçə karvanlar çıxmış, camaatlar səfər etmiş, evlərini və ailələrini tərk etmişlər, eyni vaxtda və eyni istiqamətdə. Eyni vaxtda da Həcc ziyarətlərini edib, eyni vaxtda da bitirirlər. Amma insan var geriyə anasından yeni doğulmuş kimi qayıdır, insan da var bir duası da qəbul olunmamışdır. Bu bədbəxt insan ya haram pul qazanmış, ya haram yemiş, ya qəlbində nifaq, iki üzlülük, riya və təkəbbür var, ya da bu səfərdə özünü idarə edə bilməmişdir. İmam Müslimin rəvayət etdiyi bir hədisdə deyir ki, Əbu Hüreyrə (r.a) belə deyib; Rəsulullah (s.a.s) belə buyurmuşdur; "Həqiqətən Allah təala pakdır (təmizdir) və yalnız təmiz olanı qəbul edər." Peyğəmbərimiz (s.a.s) həmçinin buyurmuşdur ki; "Bir kişi yola çıxıb uzun səfər etmiş, toz-torpaq və paltarı batmış halda əllərini göyə qaldırıb: Ya Rəbb, Ya Rəbb! - deyər. Yediyi haram, içdiyi haram, geydiyi haram və haramla qidalanmışdır (böyümüşdür). Ondan heç qəbul olunarmı?!"

Ehtiyatlı və diqqətli ol, ey müsəlman! Allahın mərhəmətini dilə və Onun rəhmətinə nail olmağa çalış, Onun rəhməti saleh əməl edənlərə daha yaxındır. 

Əlbəttə heç düşünmə ki, düzgün niyyət etmək səhv bir əmələ bəraət qazandıracaqdır. Niyyət düzgünlüyü ilə yanaşı, əməllər də düzgün və doğru olmalıdır. Deməli Həccə niyyət etməlisənsə, Həccin əməllərini də düzgün formada, buyurulan və göstərilən kimi əda etməlisən. Tərəddüd etdiyin, bilmədiyin və ya unutduğun şey varsa, mütləq soruşmalı və araşdırmalısan. Çalış həcc əməllərinin hamısı bircə-bircə əda edəsən və heç nəyi tərk etməyəsən. Bəlkə də bu fürsət sənə bir daha verilmədi. 

Bir daha Peyğəmbərimizin (s.a.s) hədisinə qayıdaq, həccə gedənin mədəniyyətli və təmiz olmasını araşdıraq. Bilirsənmi ki, bu ibadətin və bu ziyarətin mükafatı çox yüksək olduğundan şeytan da sənin ətrafından əl çəkməyəcək, hər an səni səhvə və pisliyə sürükləyəcək. Hər bir saniyə ətrafında problemlər yaradacaq ki, sən bu imtahandan kəsiləsən və Allahın vəd etdiyi mükafatı əldə edə bilməyəsən. Bu yolun üstündə günah və haramlar da var, əziyyətlər və məşəqqətlər də var. Bu yola səndən başqa milyonlarla insan çıxıb. Son mənzilə çatdınsa, tam özünü idarə etməyi bacar. Ətrafında fitnə və ya azqınlıqlar görürsənsə, dayanıb müşahidə etmə, uzaq durmağa çalış, əlini və ayağını sən də bulama. Başqalarının xanımları, ana və bacıları da həccə gedirlər, çalış zərif cinsin nümayəndəsinə baxıb gözlərinlə günah etmə. Orada sənə pis baxan da, söz atan da, aldatmaq istəyən də, itələyən, əzən və ayağını basan da olacaq. Lakin sən mədəniyyətli olmalısan, səbr etməlisən, buraxmalı və vaz keçməlisən, həmin an şeytanın arzusunu ürəyində qoyaraq onu yandırıb kül etməlisən. Çalış şeytan səni aldatmasın, gözə gözlə, dişə dişlə cavab vermək lazımdır deyə çaşdırmasın. "Kimsə ayağımı əzib, qoy, mən də onun ayağına basım" demə. Dilindən ağır, kobud, istehza və lağlağı yönlü bir söz də buraxma. Qəzəbin başından tüstü də çıxarsa, söyüş söymə və ya söz atma. Çətinliklə hərəkət edən yaşlı birini görsən imkan ver, balaca uşaq görsən rəhm et, qadınlara həmişə yol aç! 
Haqlı olsan belə kiməsə nəyisə sübut etmək məqsədilə mübahisə etmə, çünki mütləq qışqıracaqsan və dilin dolaşacaq, sonra özündən çıxacaqsan. 
Əmrlərə və göstərişlərə riayət etməli, öz başına hərəkət etməməlisən. Rəhbərliyin sözlərinə əməl etmək də itaət və ibadətdir. 

Çalış həccinə qiybət, lağlağı, boş-boş sözlər qatma. Çalış gözünün nurunu mənasız şeylərə baxmaqla zay etmə. Çalış qulaqların musiqi, qışqırıq, mübahisə və söyüş eşitməsin. Çalış heç kimə əziyyət vermə, yanındakını da qəzəbləndirmə, özündən çıxarma! Allah təala Qurani Kərimdə buyurmuşdur ki; "Həcc ziyarəti məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc ziyarəti əsnasında qadınıyla yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır."(əl-Bəqərə, 197).

Allah yolunuzu açıq və asan etsin! Sağ-salamat gedib qayıdasınız! Allah əməllərinizi və hər bir addımınızı sizin xeyrinizə yazsın! Allah sizi əfv etsin və öncədən Həcciniz qəbul olsun deyirəm!

Mənbə: azerislam.com
Top