Həcc mövsümü bir məktəbdir I Üçüncü hissə

Həcc mövsümü bir məktəbdir I Üçüncü hissə

Tövhid kəliməsini açıqdan demək, əqidənin dəlillərindəndir

Həccə gedən müsəlman bu səfərdən və ibadətdən ən üstün dərs ala bilərsə, o da Allaha ixlasdır. Müsəlman bu səfərdə öyrənir ki, bütün ibadətlərə ixlasla Allah üçün olmalıdir, Ona şərik qoşulmamalıdır. Həcc edən şəxs həccə başlayarkən ilk işlətdiyi kəlimələr də bunu göstərir hansı ki: "Ləbbeyk Allahummə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl həmdə vən-ni'mətə ləkə vəl mulku lə şərikə lək" (Əmrinə tabeyəm Allahım əmrinə tabeyəm, əmrinə tabeyəm Sənin şərikin yoxdur əmrinə tabeyəm, həmd, ne'mət və mülk hamısı Sənindir, Sənin şərikin yoxdur)

Müsəlman bu sözləri ucadan deyir və eyni zamanda bu sözlərin mə'nasını dərk edir, Allahın varlığını və təkliyini təsdiq edir, şəhadət gətirir. Necəki ne'mət Allahın əlindədir və hər şeyi verən yalnız Allahu Təaladır, eləcə də yalnız ibadətə layiq olan varlıq və şəriki olmayan hər şeyin sahibi Allahdır. Bütün ibadətlər yalnız Ona olmalıdır, Ondan başqasına tapınmaq olmaz. 

Həccdə yalnız Allahı düşünən müsəlman bilməlidir ki, bütün ibadətlər də Allah üçündür. Həcc kimi bütün başqa ibadətlərdə ixlasla Allaha edilməlidir. 
Məhz buna görə həccə gedən şəxs həcc müddətində yuxarıda keçən şəhadəti daim deməlidir. Çünki bir zamanlar müşriklər də həcc edərdilər, bütlərini anar onlardan istəyərdilər, lakin onlar bizim kimi demirdilər. Onlar Allaha şərik qoşurdular və dualarında Allahdan başqalarını anardılar. Onların dedikləri belə idi: "Əmrinə tabeyəm, Sənin şərikin yoxdur yalnız Sənin öz sahib olduğun şərikin var. Onun sahib olduqlarının hamısı Sənindir" Hətta Allahu Təala Qur'ani Kərimdə bir çox ayələrdə onların ibadətlərinin necə olduğunu aydınlatmışdı. Müşriklər Allahın var olduğunu bilir, Onun hər şeyi yaratdığını və hər şeyi verdiğini bilir və inanırdılar, lakin yenə də ibadətlərini Ona deyil vasitə saydıqları bütlərə edirdilər. Bu cür iman və ibadət isə Allah qatında qəbul olunmazdır. 

Müşriklərin Allaha inanırdılar. Hətta İbnCərir və Təbəri İbn Abbasdan rəvayət edirlər ki; "Onlardan soruşulduqda göyü, yeri və dağları yaradan kimdir. Deyirdilər Allah. Lakin onlar yenə de müşrik idilər" 

Qur'ani Kərimdə gəlmişdir ki: ((İbrahim) demişdi: "İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?- Sizin və ulu babalarınızın? Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir. )) (Əş-Şuara, 75) Deməli onlar Allaha ibadət etməklə yanaşı öz bütlərinə də ibadət edirdilər. İbrahim (ə.s) isə onlarla razı olmadı və Allahdan başqa bütün bütləri düşmən saydı. 

Allahu Təala müşriklərin söylədiklərini də Qur'ani Kərimdə göstərir: "(Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən): "Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe) etmişdir?" - deyə soruşsan, onlar mütləq: "Allah!" - deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər?" (Əl-Ənkəbut, 61)
Allahın var olduğunu təsdiq etmək və hər şeyin sahibi O olduğuna şahidlik etmək kifayət olsaydı, Allahu Təala Qur'ani Kərimdə dəfələrlə müşriklərin bu əməlini tənqid etməzdi. Allahu Təala Qur'ani Kərimdə həmişə müsəlmanlara və bütün insanlara yalnız Ona ibadət olunmasını xitab edib. 

Möhtərəm müsəlmanlar! Həcc mövsümündə və bu mübarək ibadətdə müsəlman öyrənə biləcəyi və fayda görə biləcəyi ən üstün şey, tövhiddir. Allahu Təalanın tək olduğunu dərk edib, yalnız və yalnız Ona ibadət etməyi bacarmaq. İbadəti hər şeydən təcrid etmək və xalis olaraq yalnız Allaha baş əymək, Ondan istəmək, Ona yönəlmək, Ona güvənmək.

Allah bizim ibadətlərimi şirkdən təmizləsin və bizləri müxlislərdən etsin!  Həccə gedənlərin Allahu Təala niyyətlərini xalis etsin və həcclərini qəbul etsin!
Top