Həccin faydası, mənfəəti, fəziləti haqqında bir çox dərslər və məqalələr var. Həccin fəziləti və ibadətlər arasında yeri xüsusidir və Allaha yaxınlaşmaq üçün ən uca ibadətlərdəndir. Həcc İslamın əsas şərtlərindəndir. Bununla bərabər Həccin çox əhəmiyyətli faydaları da vardır ki, bunları çoxlarımız bilmirik və insan bunlara çox vaxtı diqqət etmir. Allahu Təala buyurur ki: ((İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər çür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər. Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və mə'lum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin! Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və (Nuhun tufanından salamat çıxmış, yaxud bəşər övladı üçün ilk ziyarətgah olan) qədim evi (Kə'bəni) təvaf etsinlər!)) (Əl-Həcc surəsi 27-29).
Deməli ((…öz mənfəətlərinin şahidi olsunlar..)) buyuran Allahu Təala Həccə getməyin faydası və mənfəəti olduğunu bildirir. Bu mənfəətlər həm dini həm dünyəvidir. ((…İnsanları həccə çağır ki…))ifadəsindən də görə bilərik ki, bu mənfəətlər yalniz həccə gələnlər üçündür və xüsusidir. Bu mənfəətlər yalnız həcdə vardır və başqa ibadətlərdə həmin mənfəətləri tapmaq mümkün deyildir.
İbn Abbasdan rəvayət olunduğuna görə, yuxarıdakı ayələrdə adı çəkilən "mənfəətlər" dini və dünyəvi mənfəətlərdir. Dini mənfəət, yə'niki Allahu Təalanın qiyamət günündə öz qulundan razı qalmasıdır. Dünyəvi mənfəət isə, qurban kəsmək ondan istafadə etməkdir.
Əbdür-Rəzzaq Mücahiddən rəvayət edir ki, ayədə nəzərdə tutulan dünyəvi "mənfəətlər" ticarət və ona bənzər Allahın razı qalacağı başqa fəaliyyətlərdir.
Allahu Təala Əl-Bəqərə surəsində (198-ci ayədə) buyururki: ((Həcc mövsümündə) Rəbbinizdən (ticarətlə) ruzi diləməniz sizin üçün günah deyildir.Ərəfatdan qayıdarkən Məş'ərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!))
Əbu Davud İbn Abbasdan (r.a) rəvayət edir ki; "O zamanlar həcc mövsümündə camaat alış-verişdən və ticarətdən çəkinirdilər. Sonra Allahu Təala yuxarıdakı Əl-Bəqərə surəsinin 198-ci ayəsini nazil etdi.
Deməli həccə gedərkən ticarətlə məşğul olmaq olar, bu da bir mənfəətdir. Lakin, bu ən əsas səbəb olmalı deyil, həcc məhz bu niyyətlə gedilməli deyil və alış-verişin həcc edilməsinə maneəçiliyi olmamalıdır.
Dünyəvi və maddi mənfəətlərdən, qurban kəsməyi də saya bilərik. Beləki qurban kəsməklə qurban ətindən istifadə etmək bu dünyadaki maddi mənfəətlərdəndir.
Lakin insanın həcdə əldə etdiyi mə'nəvi və ruhi faydalar bundan qat-qat üstündür. Beləki həccə getməyin böyük savabları vardır, hansıki başqa ibadətlərdə yoxdur. Həcc getmək məğfirətdir, günahların yuyulmasıdır. Həccə gedən və onu həqiqi yerinə yetirən adamın günahları elə yuyulur ki, sanki yeni anadan olub. Peyğəmbərimiz (s.a.s) həmçinin buyururki: ((Qəbul olunmuş həccin savabı yalnız Cənnətdir.)) Bir başqa hədisdə də buyurubki: ((Kim bu evi Həcc edərsə, söyüş söyməz (əziyyət verməzsə), fasiqliq etməzsə, günahlarından elə təmizlənər ki, yeni anadan olduğu kimi))
Deməli Həccə gedən insan tam qəlbdən müttəqi olmalıdır, onu tam qaydaları ilə yerinə yetirməlidir və Həcci batil edən hər bir eyibdən uzaq olmalıdır, nəfsini qorumalı və şeytanı yaxın buraxmamalıdır.
Həccə gedən insan ordan ən böyük mükafatla geri dönür. Allahdan məğfirət əldə edib, tər-təmiz qayıdır. Həccdən sonra yeni həyata başlayır, günahlardan uzaq olur və təmiz bir insan kimi davam edir. İbadətlərini çoxaldır, Allah daha yaxın olmağa çalışır. Bunların hamısı isə yalnız Peyğəmbərimizin (s.a.s) buyurduğu kimi ola bilər, qaydalara riayət edərək, sidq ürəklə, yəqin imanla, səmimi və xalis niyyətlə, həqiqi tövbə ilə.