Məscid ərəb dilində təzim yeri mənasını daşıyır. Yəni insanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulan yer. Bu memarlıq tikilisinin məkanı düzgün seçilməlidir. Bütün müsəlman ölkələrində məscidlər günbəzli və minarəli bina üslubunda tikilir. Minarələrin sayı 1-dən 9-dək olmalıdır. Bir çox hallarda daxili həyətlərə malik olan məscidlərin daxili ibadət divarlarında təsvir qadağandır. Orada yalnız “Qurani Kərim”dən ərəb dilində sətirlər yazıla bilər.
Mənbə: Karvan jurnalı
Allahı zikr etmək üçün üz tutduğumuz məscidlərin inşası elə də asan iş deyil. Onların yeri, strukturu yüz ölçülüb, bir biçilməlidir ki, Allaha da xoş getsin, bura gələn insanlara da. Bütün bunlarla yanaşı hər bir müsəlman ölkəsində tikilən məscid öz arxitektur görünüşü ilə fərqlənir. Elə götürək paytaxt Bakını. Burada da bir çox ibadət evləri var. Onlara baxıb gözümüz oxşayır. Amma bəzi məscidlərimiz binaların arasında görünməz olub. Bəs əslində məscidlər harada inşa olunmalıdır?
“Məscidlər tarixən müsəlmanların sıx yerləşdiyi şəhərin ən görkəmli yerlərində tikilib. Düzdür, məhəllə məscidləri də çoxluq təşkil edib. Məqsəd insanların dini ocağa tez çatması üçündür. Yəni insanlar ibadət üçün hansısa nəqliyyat vasitəsindən istifadə edərək məscidə getməsinlər. Məscidlər salınarkən, bütün bunlar nəzərə alınır”, - deyə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov vurğulayıb.
Günü-gündən çoxalan göydələnlər inşa olunarkən isə ibadətgahlar unudulmamalıdır. İlqar İsbatov hesab edir ki, yeni binalar tikilərkən memarlar orada məscidlərin olduğunu nəzərə almalıdır. Eyni zamanda yeni binalara uyğun məscidlər xaricdən rekonstruksiya da oluna bilər. Amma dini qaydalara uyğun gəlmək şərtilə. Ekspertin sözlərinə görə, böyük müsəlman şəhərlərində olduğu kimi, burada da məscidlərin ətrafında yaşıllıqlar və ibadətdən sonra insanların dincəlməsi üçün ətrafında parklar salınmalıdır. O ki qaldı azanın səsinə, ekspertlər hesab edir ki, azan insanlara xoş təsirə malikdir. Yetər ki, həmin azanı verən texnika yüksək tələblərə cavab versin və insanların qulağına yatan səs olsun.
“İlk məscid peyğəmbərin Məkkədən Mədinəyə hicrəti zamanı Mədinənin tən ortasında tikilib. Peyğəmbərin evi də məscidin yaxınlığında olub. Böyük şəhərlərdə, məscidlərin yanında bazarlarda tikilib. Bu da insanları rahat alış-veriş etməsi üçün olub. Məscidlər əyləncə məkanlarından kənarda tikilməlidir”, - deyə “Karvan” jurnalının şef-redaktoru, ilahiyyatşünas İsmayıl Əhmədov vurğulayıb.
Ümumiyyətlə Azərbaycanda ilk dəfə məscidlər İçərişəhərdə inşa edilib. Daha sonra XVII-XVIII əsrlərdə məscidlər Şamaxıda tikilməyə başlayıb. Dini ekspetlər hesab edir ki, Bakıda Azərbaycan məscid tikintisi üslubunda tikilən ibadətgahların ən yaxşı nümunələri "Təzə pir" və “Göy məscid” kimi tanınan “Əjdərbəy” məscididir. Yerli tikinti üslubuna uyğun olmayan isə “Əbu-Bəkr” məscididir. Son illərin ən yaxşı tikilisi isə Qobu qəsəbəsindəki məscid hesab edilir.