Rəhman və Rəhim Allahın adı ilə
İnsanların ilahi rəhbərlərə (peyğəmbərlərə) olan ehtiyacı
İnsan elminin məhdudluğu
Bəziləri soruşa bilər: peyğəmbərlərin insanları düz yola dəvət etmələri lazımdırmı? Məgər insan öz həqiqətlərini anlaya bilmirmi? Məgər elmin inkişaf etməsi sirlərin açılmasına və həqiqətlərin kəşf olunmasına kömək etmirmi? Bundan əlavə, onu da xatırladaq ki, peyğəmbərlərin insanlara öyrətdiklərini bəzən öz ağlımızla dərk edir, bəzən isə etmirik. Birinci halda (ağlımız peyğəmbərlərin dediklərini anladığı halda) peyğəmbərlərin gəlməsinə ehtiyac yoxdur. (Çünki onların dediklərini öz ağlımızla dərk edirik.) İkinci halda isə biz ağlımızın dərk etmədiyi şeyləri qəbul edə bilmərik. Başqa bir tərəfdən, peyğəmbərlərin dediklərini qəbul etmək üçün insan özünü tam şəkildə onların ixtiyarına buraxmalıdır. Məgər bu düzgündürmü? İnsan peyğəmbərlərin sözünü kor-koranə qəbul edə bilərmi? Məgər peyğəmbərlər bizim özümüz kimi insanlar deyillər? Özümüzü özümüz kimisinin ixtiyarına verməyin nə mənası var?
Cavablar:
Bir neçə məsələni nəzərə almaqla bütün verilən sualların cavabı və peyğəmbərlərin insanların həyatındakı mövqeyi məlum olur.
1)Bilməliyik ki, bizim elmimiz məhduddur. Bəşər elmində bu qədər inkişafın olmasına baxmayaraq, yenə də bildiklərimizin bilmədiklərimizə olan nisbəti bir damla suyun dəryaya olan nisbəti kimidir. Bəzi böyük alimlərin dili ilə desək, bizim bütün bildiklərimiz dünya adlı kitabın əlifbasıdır. Başqa sözlə, bizim ağlımızın anlayış çərçivəsi elə bir məntəqədir ki, elm və bilik şüası onu işıqlandırır, bizim isə onun xaricindən xəbərimiz yoxdur. Peyğəmbərlər gəlib bu məntəqəni insanın ehtiyacı olan qədər işıqlandırır. Əslində bizim ağlımız böyük bir projektor, peyğəmbərlər və səmavi vəhy isə bütün dünyanı işıqlandıran günəşdir. Güclü bir projektora malik olan şəxs deyə bilərmi ki, mənim günəş işığına ehtiyacım yoxdur?
Daha açıq desək, həyata aid məsələləri üç hissəyə bölmək olar, ağlasığan, ağlasığmayan və məchul məsələlər.
Peyğəmbərlər heç vaxt ağlasığmaz, yəni ağıl və düşüncənin əksinə olan söz deməmişlər. Əgər deyiblərsə, peyğəmbər olmamışlar. Əksinə, onlar məchulları anlamaqda bizə kömək etmişlər. Bu da bizim üçün çox mühümdür. Buna əsasən, insanın ağlı olan yerdə və elmin bu qədər inkişaf etdiyi bir vaxtda «insanların peyğəmbərə ehtiyacı yoxdur» deyən şəxslər nə bəşər elminin çərçivəsini tanıyırlar, nə də peyğəmbərlərin risalətinin mənasını anlayırlar. Bu, birinci sinifdə əlifbanı öyrənmiş uşağın «mən hər şeyi bilirəm, dərs oxumağa və müəllimə ehtiyacım yoxdur» deməsinə bənzəyir. Bu söz əsassız deyilmi?
Bunu da deyək ki, peyğəmbərlər təkcə müəllim olmamışlar. Onların rəhbərlik məsələləri barədə gələn dərslərdə ətraflı söhbət edəcəyik.
2)Heç kim iddia etmir ki, insan özünü özü kimi olan başqa birisinin ixtiyarına verməlidir. Məsələ burasındadır ki, peyğəmbərlərin səmavi vəhy, yəni, Allahın sonsuz olan elmi ilə rabitələri vardır. (Bunu gələn dərslərdə isbat edəcəyik.) Bu rabitəni biz qəti və möhkəm dəlillərlə tanımalıyıq. Bu surətdə onların dediklərini, təlim-tərbiyələrini can-başla qəbul etməliyik.
Əgər xəstə bir şəxs ona ürəyi yanan və öz ixtisasında mahir olan bir həkimin yazdığı reseptə əməl edərsə, səhv işmi görmüş olar? Peyğəmbərlər də böyük ruh həkimləridir.
Müəllimin dedikləri ağlımıza uyğun gələrsə, onu qəbul etməyin nə qəbahəti var? Peyğəmbərlər də, bəşərin böyük məllimləridir.
Yaxşısı budur ki, biz peyğəmbərlərin gəlməsinin lazım və zəruri olduğunu sübut edən dəlilləri daha dəqiq araşdıraq.
İnsanların üç səbəbə görə peyğəmbərlərə ehtiyacı var
1.Təlim-tərbiyə cəhətdən olan ehtiyac
Əgər bir nəfər xəyalında nurdan hazırlanmış və saniyədə 300000 kilometr məsafəni qət edən bir miniyə minib geniş asimanda dövr etsə, bu kainatın təkcə bir guşəsini müşahidə etmək üçün onda Nuh ömrü lazımdır.
Kainat bu qədər genişliyi ilə, yəqin ki, əbəs yerə yaradılmayıb. Allahı tanıma bəhslərində demişik ki, bu dünyanın yaranmasında Allaha heç bir fayda, mənfəət gəlmir. Çünki o, hər cəhətdən kamil və ehtiyacsız bir varlıqdır. Onun nöqsanı olmadığından, bu dünyanı xəlq etməklə həmin nöqsanı aradan qaldırmaq istədiyini söyləyə bilmərik . Deməli, Allahın dünyanı yaratmaqda məqsədi başqalarına fayda və mənfəət vermək, məxluqatı kamala çatdırmaqdır. Necə ki, günəş bizə ehtiyacı olmadığı halda yerə saçır və bunun yalnız biz faydası var. Bizim isə günəşə bir xeyrimiz yoxdur.
Bundan əlavə, bizim biliyimiz kamilliyə yetişmək üçün kifayət edərmi? Biz bu dünyanın sirlərindən nə qədərini bilirik? Ümumiyyətlə, həyatın mənası nədir? Bu dünya nə vaxtdan yaranıb? Heç kim bu suallara düzgün cavab verə bilmir. Bu dünya nə vaxtadək davam edəcəkdir? Buna da düzgün bir cavab verən tapılmır. İqtisadi və ictimai həyat barədə bəşər alimlərinin hər birinin öz nəzəriyyəsi vardır. Məsələn, bir qrup kapitalizmi, başqa bir qrup sosializm və kommunizmi tövsiyə edir. Üçüncü qrup isə hər ikisinin ziyanlı olduğunu bildirərək heç birini bəyənmir. Həyatın digər məsələlərində də alimlər arasında bu cür nəzəri ixtilaflar çoxdur. Bu yerdə insafla etiraf etməliyik ki, insanın yaranışının əsl məqsədi olan təkamülə yetişmək üçün düzgün və həqiqətlə uyğun olan təlim-tərbiyəyə ehtiyacı var. Bu təlim-tərbiyə elə olmalıdır ki, bu uzun məsafədə bizə mənzil başına çatmaqda kömək olsun. Bu da yalnız Allahın elmi ilə, yəni peyğəmbərlərə göndərdiyi vəhylər nəticəsində mümkün olur. Məhz buna görə də, bizi xəlq etmiş Allah bizə yolu qət etmək üçün həmin elmi verməlidir. (Bu da ancaq peyğəmbərlərin vasitəsi ilə mümkündür.)
2.İctimai və əxlaqi cəhətdən rəhbərə olan ehtiyac
Bildiyimiz kimi, insanın vücudunda ağıl və düşüncədən başqa bir sıra istək və meyllər də vardır. Məsələn, özümüzü sevmək meyli, hirs və qəzəb meyli, şəhvət və digər meyllər. İnsan öz (heyvani) meyllərinin qarşısını almaq üçün hər tərəfdən, hər nəzər və cəhətdən kamil olmalıdır. O şəxs rəftarı , söhbəti, hərəkətləri ilə əsl əxlaqı, tərbiyəni, mənəviyyatı insanlara öyrətməlidir. Məsum peyğəmbərlədən başqa kim bu işin öhdəsindən gələ bilər? Məhz buna görə də mehriban və qadir Allah bəşəri bu cür insanlardan məhrum etməmiş və insanlar üçün rəhbər, müəllim, əsl mənada desək, peyğəmbərlər göndərmişdir.
(Bu bəhsin davamını gələn dərsdə oxuyacaqsınız.)
Qanun təyin etmə nəzərindən peyğəmbərlərə olan ehtiyac
Ötən dərsdə insanların peyğəmbərlərə olan ehtiyaclarının cəhətini, yəni təlim və tərbiyə cəhətindən olan ehtiyacını öyrəndik. İndi isə növbə peyğəmbərlərin insanların həyatında ən əsas rolu olan ictimai qanunlarla bağlılığına yetişmişdir.
Məlum olduğu kimi, insanların ən böyük və əsas xüsusiyyəti, onların hər bir sahədə qazandıqları uğurların səbəbi ictimai şəkildə yaşamalarıdır. Qətiyyətlə demək olar ki, əgər insanlar bir-birindən ayrı yaşasaydılar, indi onların hamısı fikir, düşüncə, mədəniyyət tərzi nəzərindən eynilə daş dövrünün insanları kimi olardılar. İnsanlara mədəniyyət bəxş edən, onların elmini bu qədər inkişaf etdirən yalnız ictimai yaşamdır. Məsələn, aya uçuşu təsəvvür etsək, görürük ki, bu, bir, yaxud bir neçə nəfərin səyi nəticəsində yox, milyonlarla alimin min illərlə göstərdiyi səylər, təcrübələr, kəşflər nəticəsində həyata keçmiş bir işdir. Yaxud indiki zamanda mahir və təcrübəli bir həkim özü ölmüş, lakin qəlbi hələ döyünməkdə davam edən insanın ürəyini başqa bir insanın ürəyi ilə əvəz edərək onu ölümdən xilas edərsə, bu minlərlə həkim və cərrahın səyi nəticəsində və onların indiki şagirdlərinin əli ilə həyata keçmiş bir işdir. Əlbəttə, bunu da xatırladaq ki, bu cür ictimai yaşayışın bəzi mənfi cəhətləri də vardır. Məsələn, bir-birinin haqqını tapdalamaq, bir-birinə təcavüz və zorakılıq etmək, hətta bəzən bir-birinə (ölkə-ölkəyə) qarşı müharibə və qırğın törətmək kimi nümunələri göstərmək olar. Bu halda qanuna, nizam-intizama olan ehtiyac aydın hiss olunur.
Qanun insanların üç əsas çətinliyini aradan qaldırır:
1)Qanun hər bir insanın cəmiyyət qarşısında, eləcə də cəmiyyətin hər bir insan qarşısında vəzifəsini müəyyən edir. İstedadları çiçəkləndirərək səyləri bir-biri ilə uyğunlaşdırır.
2)Qanun insanların öz vəzifələrinə əməl etmələri üçün lazım olan nəzarətin yaranmasına yol açır.
3)Qanun insanların bir-birinin hüququna təcavüz etməsinin qarşısını alaraq hər cür hərc-mərcliyin, çəkişmələrin baş verməsinə mane olur və lazım olduğu vaxt caniləri münasib cəzaya məhkum edir.
Ən gözəl qanun təyin edən kimdir?
İndi görək, insanların ehtiyacı olan qanunları kim daha gözəl təyin edə bilər? Bu şərtlə ki, yuxarıda deyilən üç bəndin hamısına riayət olunsun. Bu məsələni daha yaxşı açıqlamaq üçün sadə bir misaldan istifadə edirik.
İnsan cəmiyyətini uzun bir qatara, qanunları isə həmin qatarı idarə edən lokomotivə bənzətmək olar. Qanun bütün yol boyu çəkilmiş və qatarın məqsədini təyin edən relsdir. Məlumdur ki, yaxşı dəmir yolu aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
A)Qatarın keçəcəyi yollar qatarın bütün ağırlığını saxlaya bilməlidir.
B)İki relsin arasında olan məsafə qatarın təkərlərinin məsafəsi ilə uyğun gəlməlidir. Həmçinin, yol boyu tunellərin hündürlüyü qatarın hündürlüyünə münasib olmalıdır.
V)Qatarın əyləc sistemi yollardakı eniş-yoxuşun öhdəsindən gələ bilmədir.
Q)Yollarda baş verə bilən hadisələr dəqiq hesablanıb ehtimal edilməlidir ki, qatar bütün məsafəni salamat gedə bilsin.
Bu misalı nəzərə alaraq insan cəmiyyətinə qayıdırıq. İnsanlar üçün qanun təyin etmək istəyən şəxs aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
A)Müxtəlif insanları yaxşı tanımalı, onların bütün istək, meyl və ehtiyaclarından agah olmalıdır.
B)İnsanlarda olan bütün dəyər və istedadları nəzərə alaraq onların çiçəklənməsi üçün qanun təyin etməlidir.
V) Cəmiyyətdə baş verən hadisələri, eləcə də onlara qarşı göstərilə biləcək müqavimətləri qabaqcadan bilməlidir.
Q)Cəmiyyətdən heç bir şəxsi mənafe güdməməli və qanun təyin edən zaman özünün və ya yaxın adamlarının xeyrini düşünməməlidir.
D)Gələcəkdə həyata keçəcək inkişaf və geriləmələrdən xəbərdar olmalıdır.
E)Son dərəcə səhvsiz, nöqsansız və eybsiz olmalıdır.
J)Nəhayət, qanun təyin edən şəxs cəmiyyətdəki qüvvələrin heç birinin təsiri altında olmamalı, heç kimdən qorxmamalı, eyni zamanda bütün insanlara qarşı mehriban və ürəyiyanan olmalıdır.
Kim bu xüsusiyyətlərə malikdir?
İnsan qanun təyin edənlərin ən yaxşısı ola bilərmi? İndiyədək bir nəfər belə olsun, insanı yaxşı tanıyıbmı? Əsrimizin böyük alimlərindən biri insan barədə geniş bir kitab yazaraq həmin kitabı «İnsan- tanınmamış varlıq» adlandırmışdır.
İndiyədək insanın bütün meyl və istəkləri kəşf olunubmu?
Adi insanlar arasında cəmiyyətdən şəxsi mənfəət güdməyən bir şəxs tapa bilərsinizmi?
Allahdan başqa insanın cismani və ruhani ehtiyaclarını bilən varmı?
İnsanlar arasında səhv və nöqsanı olmayan, bəşərə lazımlı bir şəxs tanyırsınızmı?
Deməli, Allah və onun vəhyini qəbul edən şəxsdən (peyğəmbərdən) başqa, heç kim qanunverici ola bilməz.
Bununla da belə nəticəyə gəlirik ki, insanları təkamül və səadətə qovuşmaq üçün xəlq etmiş Allah onların hidayəti üçün bir sıra qanunlar və rəhbərlər təyin edərək insanlara çatdırmalıdır.
Əgər camaat qanunun Allah tərəfindən olduğunu bilsə, şübhəsiz ki, xatircəmlik və arxayınlıqla ona əməl edəcəkdir. Başqa sözlə desək, bu arxayınçılıq qanunun icra olunacağını tam şəkildə təmin edir.
Tövhidlə nübüvvətin əlaqəsi
Xatırlatmaq lazımdır ki, yaranışda olan nizam-intizamın özü də peyğəmbərlərin olması və onların vəzifəsinə açıq-aşkar bir sübutdur.
İzah: Maraqlı və heyrətli yaranışın quruluşunda azacıq araşdırma apardıqda məlum olur ki, Allah məxluqatın ona olan ehtiyaclarının heç birini əsirgəməmişdir. Məsələn, əgər o, bizə görmək üçün göz veribsə, onu qorumaq üçün qaş və kiprik də vermişdir. Gözü həmişə rütubətli saxlamaq üçün onda göz yaşı xəlq etmişdir. Əgər göz qurusa, bu gözün işdən düşməsi ilə nəticələnər. Bundan əlavə, gözün içində olan kiçik bir dəliyin vasitəsi ilə gözün artıq yaşları burna tökülür. Əgər bu dəlik olmasaydı, artıq və əlavə göz yaşlarının hamısı insanın sifətinə tökülərdi. Göz qapaqlarını elə həssas və dəqiq yaratmışdır ki, onlar güclü və zəif işığa qarşı öz-özünə kiçilib, böyüyürlər. Bunun vasitəsi ilə işıq axını tənzimlənir və gözə heç bir zərər dəymir. Gözün ətrafında olan kiçik əzələlər başı tərpətmədən gözü o tərəf- bu tərəfə fırlatmağa qadirdirlər. Bununla da, göz ətrafında olan şeyləri asanlıqla görə bilir.
İnsanın bu ehtiyaclarını təmin edən Allah onu rəhbərlərdən və vəhylə rabitəsi olan məsum peyğəmbərdən məhrum edərmi?
Tanınmış filosof Əbu Əli ibn Sina «Şəfa» kitabında yazır: «İnsanın peyğəmbərlərə olan ehtiyacı qaş və kipriklərin tüklərinin bitməsindən, ayağın altındakı çökəkliyin içəri batmasından daha zəruri və mühüm bir şeydir. Buna görə də ola bilməz ki, Allah o ehtiyacları ödəsin (məsələn, qaşın tükünü bitirsin), lakin insanın peyğəmbərə olan ehtiyacını ödəməsin.»
Günah və səhvdən uzaq olma
Məlumdur ki, bütün peyğəmbərlər hər şeydən qabaq özünü camaatın gözündə doğrultmalı, camaatın rəğbətini qazanmalı və camaatın ona etimadı olmalıdır. Belə ki, heç kim onun sözlərində yalan, səhv, xilafkarlıq olduğunu ehtimal belə etməməlidir. Əgər belə olmasa, onun rəhbərlik məqamı aradan çıxacaq.
Əgər peyğəmbərlər məsum olmasalar, bəhanə axtaranlar onların səhvlərinə görəcək, həqiqət axtaranlar isə onların dəvətlərinin məğzi aradan qalxdığına görə, onlara tabe olmayacaqlar. Tabe olsalar da, sidqi-ürəklə tabe olmayacaqlar. «Etimad dəlili» adlandırılan bu dəlil peyğəmbərlərin nə üçün məsum olduqları sualına bir cavab, şahid və sübutdur.
Başqa sözlə, necə ola bilər, Allah sərgərdan və laqeyd bir insana itaət etməyi əmr etsin, həmin insan isə səhv, yaxud günah işlətsin? Belə bir vəziyyətdə insanlar onun ardınca gedib itaət etməlidirlərmi? Əgər itaət etsələr, günah və səhvə itaət etmiş olarlar, yox, əgər itaət etməsələr, onda peyğəmbərin rəhbərlik məqamı aradan qalxar. Özü də, peyğəmbərlərin rəhbərlik məqamı başqalarının rəhbərlik məqamından fərqlənir. Çünki bütün insanlar əqidə və məsləklərini onun dediyi sözlərə əsasən tənzimləyir. Məhz buna görə, müfəssirlər (təfsirçilər) «Allaha, peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin» ayəsinə yetişdikdə deyirlər ki, qeyd-şərtsiz itaət əmri həm peyğəmbərlər, həm də ixtiyar sahiblərinin məsum olduqlarına sübutdur. (İxtiyar sahibləri dedikdə isə imamlar başa düşülür). Əgər onlar (peyğəmbərlər və ixtiyar sahibləri) məsum olmasaydılar, Allah açıq şəkildə onların ardınca getməyi və itaət etməyi əmr etməzdi.
Peyğəmbərlərin məsum olduqlarını sübut edən başqa bir yol peyğəmbərlərdə günahın səbəbinin olmamasıdır. (yəni, elə bir səbəb yoxdur ki, onlar bu səbəbdən günaha əl atsınlar.)
İzah: Biz özümüzə nəzər saldıqda görürük ki, bəzi günah və ya pis işlərə münasibətdə demək olar ki, məsumuq.
Aşağıdakı nümunələrə diqqət edin:
Ağıllı bir şəxsin od, kül və çirkin şeyləri yemək fikrinə düşdüyünü görmüsünüzmü? Əlbəttə ki, xeyr. Əgər görsək, bir nəfər bu cür hərəkətlər edir, dərhal onun dəli olduğunu zənn edəcəyik. Çünki ağıllı şəxsin bu hərəkətləri etməsi mümkün deyil və bunu heç cür ağlımıza sığışdıra bilmərik. Bu kimi işlərin pis və bəyənilməz olduğunu təhlil etdikdə görürük ki, bu işlər o qədər pisdir ki, heç bir düşüncəli insan bunlara əl atmaz. Qısaca deyə bilərik ki, düşüncəsi olan hər bir insan bu cür iş və hərəkətlərdən yana məsumdur (günahsız və təqsirsizdir).
Bəhsimizin dairəsini bir az da genişləndirib deyirik ki, insanların bir qismi bəzi günahlar və pis işlərə nisbətən məsumdur, lakin başqa bir hissə həmin günahlara düçar olmuşdur. Məsələn, mahir bir həkim mikroblu və bulanlıq suyu içməz. Amma savadsız bir əkinçi o suyu içir. Çünki o, suda olan mikrobları tanımır və onun zərərindən xəbərsizdir.
Deməli, belə çıxır ki, insanın bir mövzu barədə elmi, məlumatı nə qədər çox olsa, bir o qədər pis işlərdən çəkinər və günahlardan uzaq olar. Bu hesabla, əgər bir nəfərin imanı, biliyi həddən artıq yuxarı səviyyədə olsa və Allaha, onun ədalət məhkəməsinə sanki bunların hamısını gözləri qarşısında görürmüş kimi etiqad bəsləsə, bütün günahlardan uzaq olar. Onun pis əməllərə, günahlara olan münasibəti, bizim küçədə anadangəlmə çılpaq hərəkət etməyə olan nisbətimiz kimidir. Haram malı yemək onun nəzərində ağıza od aparmaq kimi bir şeydir. Biz odu ağzımıza almadığımız kimi, o da haram malı ağzına almaz.
Deyilənlərdən belə nəticəyə gəlirik ki, peyğəmbərlərin yüksək dərəcədə olan elmi, imanı onları günah etməkdən çəkindirir. Günah onların hətta fikrlərinə belə gəlmir. Buna görə deyirik ki, peyğəmbərlər məsumdurlar.
İsmət (günahsızlıq) məqamı necə iftixar ola bilər?
İsmətin və məsum olmanın mənasını yaxşı anlamayan bəzi şəxslər deyirlər ki, əgər Allah bir nəfəri məsum edibsə və günahı onun hətta fikrinə belə gətirmirsə, bunun harası fəxrdir? Bu məcburi məsumluqdur. Məcburi məsumluğun da heç bir şərafət və dəyəri yoxdur. Yuxarıda verilmiş izahatda bu məsələnin cavabı tamamilə aydındır. Peyğəmbərlərin günahlardan məsum olmaları heç də məcburi deyildir. Əksinə, onlar bu rütbəyə, bu dərəcəyə öz güclü iman, elm, yəqinlikləri sayəsində nail olmuşlar. Bu da onlar üçün ən böyük şərəfdir. Əgər təcrübəli bir həkim özünü xəstəliklərdən qoruyursa, bu onun məcbur olduğunumu göstərir? Bu cür bir həkim bütün təmizliklərə riayət edirsə, bu onun üçün şərəf hesab olunmurmu? Hüquqşünas təhlükəli bir cinayətin hansı pis nəticələr verəcəyini bilir və həmin cinayətdən özünü gözləyirsə, bu onun üçün şərəf deyilmi?
Deməli, peyğəmbərlərin nail olduğu məsumluq rütbəsini onlar öz ixtiyarları ilə qazanmışlar və bu onlar üçün böyük bir iftixardır.
Peyğəmbərləri tanımağın ən gözəl yolu
Hər peyğəmbərlik iddiası edən şəxsin iddiasını qəbul etmək, yəqin ki, məntiqsiz və ağıldan kənar bir işdir. Allah tərəfindən peyğəmbərlik iddiası edən ola bilər, düz desin, ehtimal da var ki, yalan desin, özünə məqam əldə etmək üçün belə iddiyaya əl ataraq özünü peyğəmbər adlandırsın. Buna görə də peyğəmbərlərin iddiasının doğru olub-olmadığını bilmək üçün bir sıra yol və qaydalar olmalıdır. Bu qaydalar vasitəsilə biz iddianın doğru olub- olmadığını anlaya bilərik. Buna nail olmaq üçün bir neçə yol var. Bu yollardan ikisi daha çox əhəmiyyət daşıyır.
1.Peyğəmbərlik iddiası edən şəxsin iddiasını lazımi surətdə araşdırmalı, əsər və nişanələrini aydınlaşdırmalıyıq.
2.Möcüzə və bəşər qüdrətindən xaric olan işlər.
İstərdik, əvvəl möcüzə haqqında bir az söhbət edək.
Bəzi insanlar, möcüzə sözünə təəccüblənir, onu əfsanə və ilə eyni səviyyədə tuturlar. Ancaq möcüzə sözünün mənasına elmi nöqteyi-nəzərdən diqqət etdikdə bu təsəvvürlərin yanlış olduğu açıq-aşkar görünür. Möcüzə qeyri –mümkün və heç bir səbəbi olmayan iş deyil. Möcüzə elə bir işdir ki, onun həyata keçməsi adi insanların qüdrətindən kənardır və onu ancaq təbiətdən üstün olan bir qüvvəyə arxalanaraq həyata keçirmək olar.
Beləliklə, möcüzə aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
A)Möcüzə mümkün və məqbul bir iş olmalıdır.
B)Adi insanlar, hətta qeyri-adi istedada malik olanlar belə onu həyata keçirməkdən aciz olmalıdırlar.
V)Möcüzə göstərən şəxs başqalarını mübarizəyə dəvət etməlidir. Buna görə də, özünə son dərəcə arxayın olmalıdır.
Q)Heç kim onun kimi bir iş həyata keçirə bilməməlidir. Möcüzənin adından məlum olduğu kimi, bütün insanlar onu həyata keçirməkdən aciz olmalıdırlar.
D)Möcüzə həmişə nübüvvət, yaxud imamət iddiası ilə yanaşı olmalıdır. (Deməli, bəzi qeyri-peyğəmbər və imamların etdiyi və bəşər qüdrətindən xaric olan işlər möcüzə deyil. Bu cür işlər «kəramət» adlanır. Öldükdən sonra bir daha həyata qayıtmağın mümkün olmadığı barədə insan övladı indiyədək elmi və əqli bir sübutu əldə edibmi? Yaxud həkimlərin indiyədək əlac tapa bilmədikləri xərçəng xəstəliyinin əlacsız olmasına dair elmi və əqli bir nəzəriyyə irəli sürülübmü?
Şübhəsiz ki, insan hazırda əlində olduğu qüvvə ilə ölünü diritməyə və ya xərçəng kimi bəzi xəstəlikləri sağaltmağa qadir deyil. Dünyanın bütün həkimləri yığılıb gəlsə də, yenə bunlara əlac tapa bilməz. Ancaq kimsə ilahi qüvvə ilə və Allahın sonsuz elmindən bəhrələnərək ölmüş bir şəxsin ruhunu bədəninə qaytarırsa və çarəsiz xəstələrə şəfa edirsə, bunda nə eyib var?
Elm deyir: Mən bilmirəm, bacarmıram. Elm demir ki, hər hansı bir iş heç vaxt bu iş mümkün deyil, baş tutmaz, ola bilməz.
Başqa bir misal:
Kosmik gəmidən istifadə etmədən ay səthinə enmək mümkün deyil. Ancaq bizim qüdrətimizdən qat-qat üstün olan bir qüdrətin köməyi ilə, heç bir fəza gəmisindən istifadə etmədən bir nəfər ay səthinə enirsə, yaxud başqa planetlərə səfər edirsə, burada nə eyib var?
Əgər bir şəxs həqiqətən bu cür işlər görürsə, eyni zamanda peyğəmbərlik iddiası edərək başqalarını möcüzələri qarşısında mübarizəyə dəvət edirsə, insanlar da onun bu işləri qarşısında aciz qalırsa, onda bilirik ki, doğrudan da, o, Allah tərəfindən göndərilmiş bir peyğəmbərdir. Ola bilməz ki, Allah bu cür işləri yalançı bir şəxsin ixtiyarın verərək camaatı yoldan azdırsın. (Diqqət edin).
Möcüzələri mövhumat və xurafatla qarışdırmaq olmaz
İfrat və təfritlər həmişə həqiqətlərin üzə çıxmasına mane olmuşlar. Möcüzə barədə də bu sözü demək olar. Özlərini ziyalı adlandıran bəzi şəxslər ümumiyyətlə möcüzəni inkar edir, bəziləri isə hər kiçik işi möcüzə adlandırırlar. Peyğəmbərlərin göstərdikləri elmi və həqiqi möcüzələri ağlasığmaz əfsanələrlə qarışdırırlar. Möcüzələr bu cür mövhumatlardan fərqlənməyincə onların əsl siması aşkar olmayacaq. Məhz buna görə də islamın böyük alimləri möcüzə barədə söylənilmiş hədisləri bu cür mövhumatlardan, saxtakarlıqlardan qoruyub saxlamağa cəhd etmiş və buna nail olmuşlar. Bu səbəbdən də «Rical» elmi ortaya çıxmışdır. Beləliklə, səhih və düzgün hədislərlə yalan və zəif hədislər, həqiqətlə mövhumatlar bir-birindən fərqlənmişdir.