İslamda ədalət

İslamda ədalət

Rəhman və Rəhim olan Allahın adı ilə

Ədalət nədir?

Nə üçün Allahın sifətləri arasında təkcə «ədalət» üsuliddinə daxil edilmişdir?
«Ədalət» lə «musavat»ın fərqi nədir?
1.Nə üçün Allahın sifətləri arsından təkcə «ədalət» üsuliddinə daxil edilmişdir?
Allahın ədaləti barədə bəhsə başlamazdan qabaq, gərək, bilək ki, Allahın bu qədər sifətləri arasından nə üçün məhz ədalət sifəti böyük alimlər (şiə alimləri) tərəfindən üsuliddin daxil edilmişdir.
Allah Alim, Qadir, Adil, Həkim, Rəhman, Rəhim, Əbədi, Xaliq, Raziq (ruzi verən) və s. dir. Nə üçün təkcə ədalət sifəti üsuliddinə daxil edilmişdir?
Bu sualın cavabını öyrənmək üçün aşağıdakı məsələlərə diqqət olunmalıdır.1)Allahın sifətləri arasında ədalət sifəti böyük əhəmiyyət və xüsusiyətə malikdir. Bu xüsusiyyət odur ki, Allahın bir çox sifətləri ədalət sifətinə aiddir. Çünki ədalət sözünün leksik mənası hər şeyi öz yerində və lazım olduğu kimi etməkdir. Məsələn, Allah insanları yaradıb, deməli, onların ruzusunu da yetirməlidir. Ədalət bunu tələb edir ki, yaradan yaratdığına ruzi versin.
Deməli, Allahın sifətlərindən biri olan «Raziq» (ruzi verən) ədalət əsasındadır. Eləcə də Rəhman, Rəhim, Həkim və bir çox başqa sifətlər.
2)Məad (qayıdış) məsələsi də Allahın ədalətinə əsasən icra olunacaq. Eləcə də peyğəmbərlik, imamlıq ədalətlə əlaqədardır.
3)İslamın ilkin dövrlərində Allahın ədaləti barədə müsəlmanlar arasında ixtilaf yarandı.
Müsəlmanların sünni məzhəbindən olan və «Əşairə» adlanan bir qrup ümumiyyətlə Allahın ədalətini inkar edirlər. Onlar deyirlər ki, Allahın ədalət və zülmünün fərqi yoxdur. Bütün dünya onun mülküdür, ona məxsusdur. O, istədiyi işi görə bilər. Onlar hətta ağıl cəhətdən xeyir və ziyanı da inkar edirlər. Yəni, deyirlər ki, insanın ağıl və düşüncəsi o səviyyədə deyildir ki, öz xeyr və ziyanını anlasın. Hətta, ehsan verməyin yaxşı və zülmün pis iş olduğunu da anlaya bilmərik. (Onlarda bu kimi səhv fikirlər həddən artıq coxdur).
Bu dəstənin müqabilində isə Allahın ədalətinə inanan iki məzhəb vardır. Sünni məzhəbinin Mötəzilə dəstəsi və bütün şiə məzhəbi bu əqidədədirlər.

Birinci dəstə ilə ikinci dəstə arasında fərq olsun deyə, ikinci dəstəni «Ədliyyə» (yəni, Allahın ədalətinə inanan), birinci dəstəni isə «Qeyri-ədliyyə» (yəni, Allah barədə ədalət etiqadında olmayan) adlandırmışlar. Şiələr ikinci dəstədəndir.
Şiə məzhəbi başqa «Ədliyyə» tərəfdarlarından fərqli olaraq (dəlillər əsasında) «İmamət»i də üsuliddin daxil etmişdir. Deməli, harada Ədalət və İmamət dən söhbət gedirsə, həmin söhbət şiələr barəsindədir.
4)Füruddinin üsuliddindən bir nişanə olduğunu və Allah ədalətinin cəmiyyətdə həddən artıq təsirli olduğunu, ictimai ədalətin bəşər həyatında böyük rol oynadığını nəzərə almaqla, ədaləti üsuliddinin bir rolu, bir bəndi kimi qəbul etmək insanlar arasında ədalətin icra olunduğuna və zülmlə mübarizəyə bir nişanədir. 
Peyğəmbərlər və imamların rəhbərliyi də cəmiyyətdə həqiqi rəhbər və başçının olması məsələsinə ilham verir. Deməli, bütün dünyaya hökmranlıq edən Allahın ədaləti bəşər həyatının hər sahəsində ədalətin lazım olduğuna bir nişanədir. Bu böyüklükdə aləm ədalətlə yaşayır və cəmiyyət də ədalətsiz bir gün qala bilməz.

2.Ədalət nədir?

Ədalətin iki müxtəlif mənası var.
A)Bu sözün leksik mənası «Hər şeyin öz yerində olması» deməkdir.
Ədalətin bu mənası bütün dünyada, qalaktikamızda, atomlarda, insanın vücudunda, bitkilər və sair canlılar aləmində hökmranlıq edir.
Bu mənanı peyğəmbərin buyurduğu (yəni yer və göy ədalət əsasında qurulmuşdur) hədisində də görmək olar.
Məsələn, əgər yer kürəsi öz cazibə və dəfetmə qüvvələrini əldən versə öz tarazlığını itirmiş olar. Yaxud əgər bu iki qüvvədən biri digərindən çox olsa, ya günəş yer kürəsini özünə tərəf cəzb edərək və nəticədə yer kürəsi yanıb külə dönər, ya da yer kürəsi öz oxundan çıxaraq məhv olar.
Şair ədalətin bu mənasını şerə çəkərək aşağıdakı məzmunda bir şer demişdir:

Ədalət nədir? Ədalət hər şeyi öz yerinə qoymaqdır.
Zülm nədir? Zülm hər şeyi lazım olmadığı yerə qoymaqdır.
Ədalət nədir? Ədalət ağacları sulamaq deməkdir
Zülm nədir? Zülm tikanları sulamaq deməkdir.

Məlumdur ki, əgər suyu gül kolunun, yaxud meyvə ağaclarının dibinə töksələr, bu, yerli- yerində həyata keçirilmiş bir iş və ədalət olar. Yox, əgər suyu tikan koluna töksələr, bu, yerli- yerində həyata keçirilmiş iş və ədalət olmayacaq. Bu da zülm deməkdir.
B)Ədalətin digər mənası «camaatın haqqına riayət»dir. Bunun müqabilində isə, zülm və başqalarının haqqına riayət etməmək durur.
Ədalətin birinci mənası ikinci mənasından genişdir. (Çünki ikinci məna yalnız insanlara, birinci məna isə, istər insan, istərsə də qeyri-insan olsun, bütün məxluqata, aiddir.)
Allah üçün ədalətin hər iki mənası uyğun gəlir. Lakin ən çox ikinci məna nəzərdə tutulur.
Allahın ədalətinin mənası budur ki, o, nə birinin haqqını tapdalayır, nə birinin haqqını başqasına verir, nə də insanlar arasında ayrıseçkilik salır. O, hər cəhətdən adildir. Onun ədalətini gələn dərslərdə sübuta yetirəcəyik.
İstər birinin haqqını tapdalamaq, yaxud birinin haqqını başqasına vermək olsun, istərsə də insanlar arasında ayrıseçkilik salmaq olsun, Allahın qatında zülmün heç bir mənası yoxdur. O, heç vaxt yaxşı insanı cəzalandırmaz, pis insanı mükafatla təltif etməz, birini başqasının yerinə cəzalandırıb, yaxud mükafatlandırmaz, yaşı qurunun oduna yandırmaz. Hətta, əgər cəmiyyətdə bir nəfərdən başqa hamısı günahkar və pis adam olsa belə, Allah həmin bir nəfərin hesabını cəmiyyətdən ayrı çəkəcəkdir. Onu günahkarlarla eyni səviyyədə tutmayacaqdır.
Əşariə firqəsinin «əgər Allah bütün peyğəmbərləri cəhənəmə və bütün günahkarları cənnətə aparsa belə, yenə də ədalətə riayət etmişdir» kimi dedikləri ifadə isə əsası olmayan bir sözdür. Sağlam və mövhümatla kirlənmiş ağıla malik insanlar bu ifadənin səhv və əsassız olduğunu dərhal anlayır.

3.Musavatla ədalətin fərqi nədir?

Diqqəti cəlb edən başqa bir məsələ bəzən ədalətlə musavat arasında anlaşılmazlığın olması və bu iki məfhumun bir-biri ilə qarışmasıdır. Belə güman etmək olar ki, ədalət müsavata riayət etmək deməkdir. Əslində isə, belə deyildir.
Ədalətdə müsavata riayət etmək şərt deyil. Əksinə, burada ləyaqətlər və dəyərlər nəzərdə tutulur. Məsələn, bir sinfin şagirdləri arasında ədalətə riayət etmək o demək deyildir ki, onların hamısına eyni qiymət verilsin. Yaxud iki fəhlə arasında ədalətə riayət etmək onların ikisinə də eyni məbləğdə maaş vermək deyildir. Əksinə , ədalətə riayət etmək budur ki, hər şagirdin bilik, savad və ləyaqətinə və hər fəhlənin zəhmət və işinə görə qiymət, yaxud maaş verilsin.
Təbiətdə də ədalət (geniş və birinci mənasına əsasən) bu mənadadır. 
Məsələn, balinanın bir tona yaxın ürəyi ilə bir qram ağırlığı olan sərçə ürəyi bərabər olsaydı, bu, ədalət olmazdı. Yaxud böyük və nəhəng bir ağacın kökü ilə kiçik və gənc ağacın kökü bərəbər olmaz. Əgər bərabər olsa, bu, zülm olar.
Təbiət də ədalətin mənası budur ki, hər bir məxluqa öz dəyəri və ləyaqəti qədər pay verilir.
Allahın ədalətinə dair sübutlar
1.Ağıl nəzərindən yaxşılıq və pislik
Bilməliyik ki, insan ağlı bir həddə qədər yaxşılıq və pisliyi dərk edir. (Bu bəhsin adını alimlər «ağıl nəzərindən yaxşılıq və pislik» adlandırmışlar).
Məsələn, bilirik ki, ədalət, ehsan vermək yaxşı, zülm, paxıllıq isə pis işdir. Hətta, bunu din və məzhəb ortaya çıxmazdan qabaq da bilirdik. Düzdür, bir sıra işlər var ki, insanın ağıl və düşüncəsi onu anlamaqda acizdir və bu işdə gərək, peyğəmbər (və imamlar) onlara kömək etsin.
Deməli, müsəlmanlardan «əşariə» adlanan bir qrup hətta ədalət və zülm kimi işlərin «ağıl» nəzərindən yaxşılıq və pisliyini inkar edirsə və yaxşılıq və pisliyi təyin etməyi Allahın öhdəsinə qoyursa, açıq-aşkar səhvə yol verir.
Əgər insanın ağlı yaxşılıqla pisliyi təyin edə bilmirsə, bəs onda « Allah möcüzəni yalançı şəxslərə verməz» məsələsini necə anlaya bilərik? Lakin yalan danışmağın pis iş olduğunu və Allahın belə bir iş görmədiyini bildikdə anlayırıq ki, Allahın verdiyi bütün vədlər haqq, (peyğəmbərlərmin vasitəsi ilə) dediyi bütün sözlər həqiqətdir. O, heç vaxt yalançıya (özünü yalandan peyğəmbər adlandıran şəxsə) kömək etməz və ona möcüzə göndərməz. Bununla da şəriət və dinə etimad etmək olar.
Deməli, belə nəticəyə gəlirik ki, ağıl nəzərindən yaxşılıq və pislik məsələsi dinin əsas bəhslərindən biridir. (Diqqət.)
İndi isə Allahın ədalətinin sübutlarına qayıdırıq. Bu həqiqəti (Allahın Adil olduğunu) anlatmaq üçün gərək, bilək ki:
2.Zülmün mənbəyi və səbəbi aşağıdakı işlərdən biridir
A)Cəhl və nadanlıq
Zülm edən şəxs bəzən nə etdiyini bilmir. Başqasının haqqını tapdaladığını bilmir və öz işindən xəbərsizdir.
B)Ehtiyac
Bəzən başqalarının əlində olan şey insanı məcbur edir ki, bu şeytani işə (zülmə) əl atsın. Ancaq əgər insanın həmin şeyə ehtiyacı olmasaydı, bu işə əl atmazdı.
V)Acizlik
Bəzən insan başqasının haqqını kəsmək istəmir, lakin buna imkan və qüdrəti çatmır və istər-istəməz zülm edir.
Q)Xudbinlik, qəzəb, intiqam və kin-kudurət
Bəzən ola bilsin ki, yuxarıda deyilən səbəblərdən heç biri ortada olmasın. Lakin xudbinlik və özünüsevmə insanın zülmə əl atmasına, yaxud intiqam, qəzəb və ya qəlbində olan kin-kudurət üzündən zülm etməsinə bais olur.
Yuxarıda deyilən səbəblərin heç birinin Allahda olmadığını nəzərə almaqla belə nəticəyə gəlmək olar ki, Allah heç vaxt zülm etməz. Çünki o, hər şeyi bilir (deməli, zülmün birinci səbəbi olan cəhl onun vücudunda yoxdur), heç kimə ehtiyacı yoxdur (deməli, zülmün ikinci səbəbi olan ehtiyac da onda yoxdur) və o, hər bir insana mehribandır (və zülmün heç bir səbəbi onda yoxdur. Deməli, o zalım deyildir). O, sonsuz bir varlıqdır və onun kamalının həddi-hüdudu yoxdur. Belə bir varlıqdan ədalət və xeyrdən başqa bir iş baş verməz. Zalım və kafirləri cəzalandırarsa, bu onun zülmünə dəlalət etmir. Əksinə, kafirlərin öz əməllərinin nəticəsidir. İndi də gördükləri işlərin nəticəsinə yetişirlər. Elə bil, narkotik maddələr və spirtli içkilər içməklə bir nəfər özünü sağalmaz və məhvedici xəstəliklərə düçar edir.
Quran bu məsələni belə açıqlayır: «Bu, yalnız (dünyada gördüyünüz pis) əmələrin nəticəsidir. (Sizə artıq və əlavə heç bir şey edilmir.)» (Nəml, 90).
3.Quran və Allahın ədaləti
Diqqəti cəlb edən məsələ budur ki, Quranda da Allahın ədaləti barədə çoxlu ayələr gəlmiş və bu məsələ çox gözəl surətdə bəyan olunmuşdur.
Bir ayə belə buyurur: «Doğrudan da, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər.» (Yunis, 44). Başqa bir ayədə oxuyuruq: «Doğrudan da, Allah (heç kəsə) zərrə qədər belə zülm etməz (Nisa,40). Qiyamətdə sorğu-sualın da ədalətlə keçirələcəyi barədə deyilir: «Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq və zülm edilməz» (Ənbiya, 47). (Xatırladaq ki, sonuncu ayədə deyilən tərəzi insanın yaxşı və pis əməllərini ölçən tərəzidir və bu dünyanın tərəziləri kimi adi tərəzi deyildir.)
4.Ədalətə dəvət
Bundan öncə dedik ki, insan gərək, Allahın sifətlərini özünə nümunə və örnək etsin. Bununla da Allahın sifətləri cəmiyyətdə icra olunsun. Buna əsasən, Quran Allahın ədalətinə işarə etdiyi qədər cəmiyyətdə və insanların hər bir fərdi tərəfindən də ədalətin icra olunmasına böyük əhəmiyyət verir. Quran bir çox ayədə insanların və keçmiş nəsillərin azğınlığının əsas səbəbini zülm olaraq göstərmişdir və onları ən acınacaqlı əzaba düçar olmuş insanlar hesab etmişdir.
Qurani-Kərim keçmiş nəsillərin başına gələnləri bəyan etməklə zülm və fəsadın nəticəsində keçmiş nəsilləri Allah əzabına düçar olduğunu deyir və insanları xəbərdar edir-qorxun ki, siz də zülmün nəticəsində belə bir əzaba düçar olasınız.
Quran açıq-aşkar və ümumi bir qayda-qanun kimi buyurur: «Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara haqqını verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) tövsiyə, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir.» (Nəhl,90).
Təəccüblü budur ki, zülm etmək pis və bəyənilməz iş olduğu kimi, zülmü qəbul etmək də İslam və Quran nəzərindən pis və bəyənilməz bir iş hesab olunur. Bunu Bəqərə surəsinin 279-cu ayəsi də bəyan edir: «Nə zülm edərsiniz, nə də sizə zülm olunar. (Nə zülm edin, nə də zülmü qəbul etməyin.)»
Qısa sözlə desək, zülmü qəbul edib zalıma boyun əymək zalımı daha da həvəsləndirir, nəticədə həddən artıq çox zülm olunur. Bu iş (zülmə tabe olmaq) özü də bir növ zülm hesab olunur.
Pisliklər və ziyanların fəlsəfəsi
Qədim zamanlardan başlamış indiyədək Allahın ədalətinə şəkk edən bir sıra insanlar bəzi səhv düşüncə və əqidələrə düçar olmuşlar. Onların zənnincə, bəzi işlər vardır ki, Allahın ədalətinə uyğun gəlmir. Bu işlər təkcə Allahın ədalətli olmamasının qəbulu ilə yox, bəzən hətta, Allahın inkar ilə nəticələnir. Məsələn, gözlənilməz və qeyri-adi hadisə-tufan, sel, zəlzələ və s. kimi təbii fəlakətləri göstərmək olar. (Onların zənnincə). Həmçinin, insanlar arasında olan fərqləri də (biri çolaq, biri kor, biri kar, bir dəstə isə sağlam) misal göstərmək olar. Eləcə də ziyanlar və xəsarətlər.
Bəzən bu bəhs Allahın tanıma bəhsində, bəzən isə materialistlərdə Allahın ədaləti haqqında müzakirə zamanı irəli sürülür. Biz isə bu haqda Allahın ədaləti bəhsində danışırıq.
Bu söz-söhbətin, gümanların səhv və batil olduğunu isbat etmək üçün geniş müzakirə açılmalı və aşağıdakı məsələlərə diqqət olunmalıdır.
1)Nisbi mühakimə və məhdud məlumatlar
Adətən, insanlar əşyalarla təmasda olduqları üçün öz mühakimələrində əşyalara istinad edirlər. Məsələn, deyilir ki, filan əşya uzaqdadır. Yəni, bizə nisbətən uzaqdadır. Yaxud filankəs güclü və ya zəifdir. Müsibətlər və ziyanlar barədə də insanlar bu cür mühakimə yürüdürlər.
Məsələn, bir məntəqəyə yağış yağır. Məntəqənin şəraitini nəzərə alaraq yağışın müsbət təsiri olarsa, onu nemət, mənfi təsiri olarsa, onu bəla adlandırırıq.
Yaxud köhnə bir binanı uçurub, yerində təzə bir bina tikmək istəyirlər. Sökülən zaman oradan ötən bir nəfər toz-torpağı gördükdə narahat olub deyingənlik edir. Lakin fikirləşmir ki, orada xəstəxana tikiləcək, gələcəkdə həmin binadan yüzlərlə insan istifadə edəcəkdir.
İlk baxışdan ilanın zəhərini şər, bəla adlandırırq. Lakin bilmirik ki, həmin zəhərlə ilan özünü müdafiə edir. Yaxud bilmirik ki, həmin ilan zəhərindən bir çox xəstələrə şəfa verən dərmanlar hazırlanır.
Bu cür səhvlərin qarşısını almaq üçün yeganə yol yalnız fərdi məlumatlara arxalanmamaqdır. Əksinə, bütün cəhətləri nəzərə alaraq hökm etmək lazımdır.
Ümumiyyətlə, dünyada baş verən bütün hadisələr zəncir halqaları kimi bir-biri ilə bağlı və əlaqədardır. Bir şəhərdə əsən güclü külək, yağan leysan, hamısı bu zəncir silsiləsinin bir hissəsidir. Bu hadisələr digər şəhərlərdə də baş verən hadisələrə əlaqədardır. Eyni zamanda, keçmişdə baş verəcək hadisələrlə də əlaqədardırlar.
Yuxarıda deyilənlərdən belə nəticəyə gəlirik ki, dunya hadisələrinin əksəriyyətini kənara qoyub, onların kiçik bir hissəsi barədə hökm vermək səhv və məntiqsiz bir işdir. Dünyada elə bir şey yoxdur ki, tamamilə şər və ziyandan ibarət olsun.
Düzdür, bəzi şeylər var ki, onların ziyanı var, lakin onda olan fayda və xeyir ziyanından daha coxdur. Məsələn, bir xəstə üçün cərrahiyyə əməliyyatının ziyanı var. Çünki xəstə ondan əziyyət çəkir. Lakin həmin cərrahiyə əməliyyatının faydası ziyanından qat-qat çoxdur. (Onun nəticəsində xəstə şəfa tapır).
Məsələnin daha aydın olması üçün nümunə kimi zəlzələni götürək. Düzdür, zəlzələ baş verən məntəqəyə çoxlu zərər dəyir. Bu da bizim nəzərimizdə şər və ziyan olan bir işdir. Ancaq həmin zəlzələnin dünyanın digər hadisələri ilə əlaqədar olduğu nəzərə alındıqda ola bilsin ki, bizim fikrimiz dəyişsin.
Zəlzələnin təkcə yerin altında olan hərarət və buxarların və ya quru, dəyişməyən ayın daima yer kürəsini özünə cəlb etməsinin, yaxud da deyilənlərin hər ikisinin səbəbindən baş verməsi barədə alimlər müxtəlif nəzəriyyələr yürüdürlər. Bu nəzəriyyələrdən hər hansını qəbul etsək, yenə də gərək, zəlzələnin digər cəhətlərini nəzərə alaq. Yəni, bilməliyik ki, yerin altında əmələ gəlmiş hərarətin indiki zamanda dünyada böyük rol oynayan neft mənbəyini, eləcə də daş kömür hövzəsinin aşkar edilməsində nə qədər rolu var. Bunları nəzərə aldıqda zəlzələnin xeyirli olduğunu da anlayarıq.
Həmçinin dənizlərdə, çaylarda, okeanlarda ayın cazibəsi nəticəsində su səthinin qabarması və çəkilməsi dəniz sularının, eləcə də dənizdəki canlı, və cansız varlıqların salamat qalmasında, bəzən də qurumuş sahillərin suvarılmasında böyük rol oynayır. Deməli, bu da xeyirdir.
Belə məsələlərə nəzər saldıqda anlayırıq ki, bizim məhdud elmimizin nəticəsində bəzi işlər şər və bəzi işlər xeyir adlandırılmışdır. Hadisələrə nə qədər cox diqqət yetirsək, bir o qədər onların həqiqətinə yetişərik.
Qurani-Məcid insanlara buyurur ki, «sizə yalnız cüzi bir elm və bilik verilmişdir.» (İsra, 85.)
Bu cür az və cüzi elmlə dünyanın hadisələri barədə hökm verməyə tələsmək olmaz.
2)Xoşa gəlməz hadisələr və xəbərdarlıqlar
Bir çox insan nemətin içində olduğu halda qürur, təkəbbür və özünüsevərlik onu basır. Bu zaman çox mühüm məsələlər və vəzifələri onun yadından çıxır. Həmçinin, insanın güzaranı yaxşı , rahat keçdikdə qəflət yuxusu onu yaxalayır. Əgər bu hal axıradək davam etsə, insanın bədbəxtçiliyi (mənəvi bədbəxtçiliyi) ilə nəticələnər.
Şübhəsiz ki, insan həyatında baş verən bir çox xoşa gəlməz hadisə insanı bu cür qəflət yuxusundan ayıltmaqdan ötəridir.
Yəqin ki, eşitmisiniz, təcrübəli sürücülər həmişə düz, eniş-yoxuşu və döngəsi olmayan şosselərdən şikayət edir, bu yolların xətərli olduğunu bildirirlər. Çünki yolun bu şəkildə olması sürücünü yuxu və ya mürgü vəziyyətinə salır. Bəzi ölkələrdə təhlükənin qarşısını almaq üçün bu cür şoselərdə süni eniş-yoxuş düzəldirlər.
İnsan həyatı da eynilə bu cürdür. Əgər insan öz həyatında xoşa gəlməz hadisələrlə, çətinliklərlə üzləşməsə, qəflət yuxusu insanı yaxalayar, Allah, bütün vəzifə və məsuliyyətlər insanın yadından çıxar.

Top