Hər bir insan özünəməxsus fərdi xüsusiyyətləri ilə digərlərindən seçilir. Belə ki, ayrı-ayrı insanlar müəyyən elmi öyrənməyə qeyri-bərabər münasibət nümayiş etdirir, ayrı-ayrı peşələrə yiyələnir, mühit şəraitinə müxtəlif cür uyğunlaşırlar. İnsanın ali sinir fəaliyyətinin müvafiq tiplərinə uyğun gələn əsas şəxsi keyfiyyətləri bilməklə onun həyatda davranışını daha yaxşı müəyyən etmək olur. İnsanın fərdi xüsusiyyətləri barədə təlim temperamentlə bağlıdır.
Temperament (lat. “temperamentum” – hissələrin müəyyən nisbəti) insanın psixi fəaliyyətinin dinamik xüsusiyyətlərini xarakterizə edir. Temperamentin əsas komponenti fərdin ümumi fəallığı, onun hərəki aktivliyi və emosionallığıdır.
Temperament haqqında təlimin banisi qədim yunan həkimi Hippokrat hesab olunur. Sonralar məşhur həkim Klavdi Qalen temperamentin ilk təsnifatını işləyib hazırlamışdır. Onun tərəfindən irəli sürülən 4 tip – sanqvinik, fleqmatik, xolerik və melanxolik hazırda psixologiyada geniş istifadə edilir.
Ali sinir fəaliyyətinin əsas tipləri qrafik təsvirlərdə :Yad şəxs tərəfindən şlyapasının əzilməsinə qarşı müxtəlif temperamentə malik insanların tipik reaksiyası (Danimarka rəssamı Herluf Bidstrupun karikaturası). İnsanın temperamentini elmi cəhətdən əsaslandıran İ.P.Pavlov olmuşdur. İ.P.Pavlov oyanma və tormozlanmanın fərdi xüsusiyyətlərini öyrənməklə müəyyən etmişdir ki, insan və heyvanların sinir sistemi sinir proseslərinin oyanıqlığı və tarazlığı ilə bir-birindən fərqlənir.
- Sanqvinik (yun. “sanquis” – qan, həyat qüvvəsi) tipli sinir sisteminə malik insanlar hər şeyi bilmək istəyən, geniş maraq dairəsinə malik, enerjili, soyuqqanlı və təmkinli xarakterə malik olur.
- Fleqmatik (yun. “fleqma” – şirə, selik) tipli sinir sisteminə malik insanlar emosional, təmkinli, sakit, inadkar, daim müəyyən vərdişlərə meyilliliyə malik olurlar.
- Xolerik (yun. “chole” – öd) tipli sinir sisteminə malik insanlar enerjili, inadkar, qətiyyətli hərəkət edən, lakin öz hərəkətlərinə fikir verməyən olur. Onlarda müsbət emosiyalar üstünlük təşkil edir.
- Melanxolik (yun. “melainachole” – qara öd) tipli sinir sisteminə malik insanlar passiv, tez küsən, depressiyaya meyilli, qətiyyətsiz olur. Onlarda, əsasən, mənfi emosiyalar üstünlük təşkil edir.
İnsanların bir çoxunda bütün tiplərə məxsus cəhətlər olur. Lakin bunlardan biri üstünlük təşkil edir. Sinir sisteminin tipləri anadangəlmə olur və insanın psixi fəaliyyətinin, onun temperamentinin əsasını təşkil edir. O həmçinin bu və ya digər xarakterik cəhətlərin formalaşması sürətinə müəyyən təsir edir. Lakin sinir sisteminin tipləri fərdi inkişaf prosesində xarici mühitin təsiri ilə kəskin surətdə dəyişə bilir. Daha çox təsir edən amillərdən biri sosial mühitdir. Bu səbəbdən tərbiyə sinir sisteminin tipinin formalaşması üçün vacib əhəmiyyətə malik olur. Fiziki hərəkətlər və idmanla məşğul olmaq təkcə sağlamlığın möhkəmləndirilməsinə deyil, həmçinin ali sinir fəaliyyətinin güclü, səbirli və hərəkətli tipinin formalaşmasına səbəb olur.
Müəllif: Yaşar Seyidli, Nailə Əliyeva, Xumar Əhmədbəyli
Mənbə: Biologiya 9 Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün Biologiya fənni Dərslik