Təbiət elmlərinin tarixi

Təbiət elmlərinin tarixi

Qədim natur-fəlsəfədə təbiət haqqında fikirlərə rast gəlinir. Onlar təbiət elmlərinin bünövrəsi olmuşdur. Təbiət elmləri əvvəllər təbiəti seyr etməklə, yəni müşahidə metodu ilə öyrənilirdi. Təbiəti öyrənməyin müasir metodları yarandıqdan sonra təbiət elmləri, o cümlədən biologiya elmi sürətlə inkişafa başladı.
N.Kopernikin dünyanın heliosentrik sistemi haqqında ilk təlimi təbiət elmlərinin inkişafında inqilab yaratdı. XVI - XVIII əsrlərdə təbiətin sirlərinin öyrənilməsi ilə bağlı çoxlu faktik materiallar toplandı. XIX əsrdə enerjinin saxlanması və itməməsi qanunu, canlı   orqanizmlərin   hüceyrə   quruluşu   nəzəriyyəsi,
Ç.Darvinin təkamül təlimi təbiət elmlərinin inkişafında əsaslı dönüş yaratdı. Bütün bunlar biologiya elminin inkişafına müsbət təsir göstərdi.elm inkişaf edir
Kimya elmində A.M. Butlerovun üzvi maddələrin quruluşu nəzəriyyəsi və İ.P. Pavlovun, İ.M. Seçenovun fiziologiya elminə gətirdikləri yeniliklər də biologiyanın inkişafına təkan verdi.
ХХ əsrdə atomun quruluşunun öyrənilməsi, atom enerjisinin tətbiqi, kibernetikanın meydana gəlməsi, lazer şüalarının kəşfi, insanın kosmosa çıxması təbiət elmlərinin möhtəşəm nailiyyətləri oldu.
ХХ əsrin ortalarına qədər təbiət elmlərinin aparıcı sahəsi fizika idisə, sonralar biologiyanın inkişafı daha da sürətləndi və hətta o, biologiya əsri adlandırıldı. Təbiət elmləri biri-biri ilə sıx qarşılıqlı əlaqədə olduğundan birinin inkişafı digərinin də inkişafına kömək edirdi.
Üzvi aləmin təkamülü nəticəsində canlı orqanizmlər yer üzərində həyat adlı təbəqə yaratdı. Həmin təbəqə biosfer adlandırıldı. Biosfer Yer atmosferinin alt hissəsini, bütün hidrosferi və litosferin üst hissəsini əhatə etdi. Təkamül prosesi nəticəsində canlı orqanizmlərin müxtəlifliyi daha da genişləndi. Bunun nəticəsində Yer üzərində 500 minə qədər bitki və 2 milyondan çox heyvan növünün mövcudluğu qeydə alındı. Bu qədər bitki və heyvan növlərini öyrənmək işi çətinləşdiyindən onları təsnifləşdirməyə başladılar. İlk dəfə qədim yunan alimi Teofrast bitkiləri təsnifləşdirməyə cəhd etdi. O, (eramızdan əvvəl 371 286) bitkiləri təsnifləşdirərkən onları ağac, kol, yarımkol və otlara bölmüşdür. Roma alimi Pliniy isə eramızın birinci əsrində 1000-dən çox bitkinin təsvirini verdi. Qədim yunan filosofu Aristotel (eramızdan əvvəl 394 - 382-ci illərdə) ilk dəfə heyvanlar aləmini qruplaşdırmışdır. O, heyvanları iki qrupa bölmüşdür. 1. Qanlılar (indiki təsnifata görə onurğalılar). 2. Qansızlar (onurğasızlar).
Andrey Çezalpin isə 1583-cü ildə bitkiləri 15 sinfə böldü. XVII əsrdə D.Rey və Tumefor bitkilərin süni sistemini yaratdılar, bitkiləri birləpəli və ikiləpəlilərə ayırdılar. Beləliklə, sistematika adlı yeni elm sahəsi yarandı. 1736-cı ildə İsveç alimi Karl Linney «Bitkilərin sinifləri» adlı əsərində 10 minə qədər bitkini təsvir etdi və onları 24 sinifdə qruplaşdırdı. Çiçəkli bitkiləri 23 sinifdə, digərlərinin hamısını (yosunlar, göbələklər və mamırlar) bir sinifdə birləşdirdi. O, təsnifatını bitkinin çiçəklərindəki erkəkciklərin və ləçəklərin sayına görə qurduğu üçün süni alınmışdı.
1683-cü ildə ingilis bioloqu C.Rey növ terminini elmə gətirdi. K.Linney ilk dəfə heyvanlar aləmini təsnif etmiş, «Təbiətin sistemi» (1758) adlı əsərində sistematika elminə növ, cins, dəstə və sinif kateqoriyalarını daxil etmişdi. O, 4200-ə qədər heyvan növünün təsnifatını verə bilmişdi. Heyvanlar aləmini 6 sinfə ayırmışdır: məməlilər, quşlar, sürünənlər, balıqlar, həşəratlar və qurdlar.
K.Linney təsnifatında «binar» (ikiadlılıq) nomenklaturadan istifadə etmişdir. Onun bitkiyə verdiyi adda cinsi və növü müəyyən edilirdi.
İlk təbii sistematika fransız alimi Adanson (1727 1806) tərəfindən verilmişdi. O, bitkiləri 58 fəsilə üzrə təsnif etmişdi.
Sistematikanın yaranmasında J.B. Lamark, J.Küvye, V.Dogel və başqa alimlərin də xidmətləri olmuşdur. Lamark 1809-cu ildə heyvanların təsnifatını verərkən onları iki yerə: onurğasızlar və onurğalılara bölmüşdür.
Müasir sistematikada isə bitkilər, «bitki aləmi-şöbə - sinif - sıra - fəsilə - cins - növ» kateqoriyaları üzrə təsnif edilir.
Bitki sistematikası sahəsində bir çox alimlər, o cümlədən N.İ. Kuznetsov, A.A. Qrosheym, Azərbaycanda M. Qasımov, H. Qədirov və başqaları çalışmışlar.

Bioloji elmlərin metodologiyası

XX əsrin ortalarına qədər təbiət elmlərinin aparıcı elm sahəsi fizika hesab olunurdusa, sonralar biologiya elmi (genetika, molekulyar biologiya, hüceyrə və gen mühəndisliyi) aparıcı rol oynadığından XX əsri biologiya əsri adlandırdılar.
Biologiya elminin bir sıra özünəməxsus ümumi tədqiqat metodları vardır. Bunlara aşağıdakıları misal göstərmək olar:

  • Ümumi metodlar: 1) Müşahidə, 2) Eksperiment, 3) Tarixilik.
  • Spesifik metodlar: A) Təcrübi (empirik) metodlar: 1) Bioloji obyekt və hadisələrin müşahidəsi; 2) Orqan və orqanoidlərin ölçülməsi; 3) Orqanizmə
    müxtəlif amillərin təsiri; 4) Orqanizmi öyrənməyin fiziki və kimyəvi analizi, 5) Orqanizmləri təsnifləşdirmə.
  • Nəzəri metodlar: 1) Tarixilik, 2) Statistik, 3) Modelləşdirmə, 4) Sistemli metod.

Bu metodların vasitəsi ilə canlılar aləmi və onlarda gedən fizioloji, biokimyəvi proseslər, onların qarşılıqlı əlaqəsi, qanunauyğunluqları öyrənilir. Bütün təbiət elmləri bir-biri ilə qarşılıqlı əlaqədədir. Fizika və biologiyanın qarşılıqlı əlaqəsindən biofizika, kimya elminin biologiyaya tətbiqi nəticəsində biokimyəvi, texnikanın biologiyaya tətbiqi ilə biotexnika elmi yarandı. Biologiya elmi öz inkişafında bir sıra sahələrə bölündü. həmin sahələr inkişaf edərək müstəqil elm kimi formalaşdı. Biologiyanın tarixi inkişafının həmin elm sahələri üzrə verilməsi məqsədəuyğundur.
Biologiya elmi öz inkişafında bir sıra sahələrə bölündü. Həmin sahələrdə inkişaf edərək müstəqil elm kimi formalaşdı. Biologiyanın əsas sahələrinin inkişafı müəyyən prinsiplərə uyğun əks olunmuşdur.

Mənbə: Biоlоgiyanın inkişaf tariхi və mеtоdоlоgiyası
Müəlliflər: H.M. HACIYЕVA, Ə.M. MƏHƏRRƏMОV, Q.K. İSMAYILОV, İ.V. QAFARОVA

Top