İnsanlar arasında sehr, cadu, fal, gözdəymə, ofsun kimi bəd əməllərə inananlar da var, inanmayanlar da. Bəzən kiminsə sehrin, cadunun, gözdəymə və ya ofsunun təsirinə məruz qaldığını iddia etməsinin şahidi oluruq. Onların bu cür düşünmələri özlərində daxili gərginliyə və ağır psixoloji duruma düçar olmaları ilə nəticələnir.
Cadugərlik Afrikada yaranıbTarixi qaynaqlara görə, sehrbazlıq, cadugərlik Afrikada yaranıb və tədricən dünyanın digər ölkələrinə yayılıb. Sehrbazlar və ya cadugərlər gördükləri işin əsl mahiyətini gizlədib özlərini fövqəltəbii güclərə malik olan şəxslər kimi göstərir, bu yolla insanları öz maraqları üçün təsir altında saxlamağa çalışırlar. Müqəddəs kitablarda bu cür hərəkətlər haram və günah sayılır. Bəd əməllərdən biri də gözdəymədir.
Onun əsil səbəbi xəbislikdən doğan paxıllıqdır. Deyilənə görə, xəbis və paxıl insanlar olan bədxahların gözlərinin şüası bəzi hallarda qarşılarındakı adamın biosahəsinə mənfi təsir göstərə bilir. Nəticədə biosahəsi mənfi təsirə məruz qalan adamların fiziki durumunda dəyişiklik baş verir, onlarda halsızlıq, yorğunluq, iştahasızlıq, baş gicəllənməsi, ürək döyüntüsü yaranır. Bu, xalq arasında deyildiyi kimi gözdəymədir.
Bədnəzər həm insanlara, həm də cinlərə aid xüsusiyyətdir
Qeyd etdiyimiz kimi, insanların bədnəzər, cadu və s. kimi inanclarla bağlı qorxuları çox qədim zamanlara gedib çıxır. İslamdan qabaq belə vəziyyətlərdən qorunmaq üçün şamanlar və müxtəlif cadugərlər adamların köməyinə gəlib. Maraqlıdı ki, İslam elmi də bu məsələlərdən kənarda qalmayıb. Müsəlmanların müqəddəs kitabı «Qurani-Kərim»də, həmçinin peyğəmbər (s) hədislərində cadu və bədnəzərə aid kifayət qədər məlumat var. İslam dininə görə, bu işlərin əsas səbəbi insanların çirkli niyyətləri və başqalarına paxıllığıdı. Yəni İslam dini bədnəzəri tam reallıq kimi qəbul edir. Bədnəzər nəinki insanlara, həm də cinlərə aid xüsusiyyət kimi göstərilir.
Tanınmış astroloq Firudin Qurbansoy həqiqətən də cadunun olduşunu bildirir. Onun sözlərinə görə, cadunun mahiyyətini və mexanizmini də bilir: "Şər qüvvələr şərlə məşğul olan adam tapırlar və həmin adam onları qəbul edirsə, öz işlərini ona da öyrədirlər. Həmin şəxs də istənilən adama pislik edə bilər. Amma bir şərtlə ki, obyekt olacaq adamın hasarlı müdafiəsi olmasın. Məsələn, imanlı adamların hasarını şeytanlar keçə bilməz. Yəni onlara cadu o qədər də təsir edə bilmir".
F.Qurbansoyun sözlərinə görə, cadu edənlər həm də onu aça da bilirlər.
Bədnəzərdən necə qorunmalı?
İslam dininə görə, bədnəzərdən gözmuncuğu, mollanın yazdığı dua və s. vasitələrlə qorunmaq mümkün deyil. Bədnəzərdən qorunmaq üçün «Əl-Fəlaq» və «Ən-Nas» surələrini oxunmaq məsləhətdi. Bədnəzər cismani deyil, nəfsi xəstəlik sayıldığından onun müalicəsi də yalnız duanın köməyi ilə ola bilər. İnsanların müasir təsəvvürləri bədnəzər məsələsinə bir qədər aydınlıq gətirir. İnsan olduqca mürəkkəb quruluşa malik kosmik varlıqdı. O nəinki ətdən-qandan, həm də çox qəliz enerji sistemindən ibarətdi. Damarlardan axan qandan başqa insan bədənində həm də enerji axını var. Yoqlar bu enerji kanallarına prana deyirlər. Pranalarda və insanı əhatə edən aurada əmələ gələn hər hansı nasazlıq bədəndə xəstəlik yaradır. Alimlər energetik zərbələrin mövcudluğunu inkar etmirlər. Bu da bədnəzərin mahiyyətinin açılmasına qismən aydınlıq gətirir. Deyək ki, mənfi enerjisi çox olan insan başqasının aurasına enegetik zərbə endirsə, bu, enerji axınının gedişinə təsir edə bilər və insan mütləq xəstələnər. Bəzən gözdəyməyə qarşı üzərlik və ya sarımsaq kökü yandırıb bədxahların ünvanına xüsusi dua oxuyurlar ki, mənəfi təsir sınsın. Bir çox hallarda əqiq qaşlı üzük, göz bəbəyinə bənzəyən müxtəlif süni daşlardan (gözmuncuğular) istifadə olunur. Bəziləri belə hesab edir ki, gündəlik istifadəmizdə olan ən adi əşyalar da gözdəyməyə qarşı qoruyucu ola bilər. Bu cür düşünənlərin arqumentlərinə diqqət yetirək: guya, qol saatları isanları təsadüfi bəd nəzərdən saxlayır. Xalçalar bəd enerjini ya udur, ya da kənara istiqamətləndirib təsirini azaldır. Gül formalı naxışlar gözdəymənin qənimidir. Çilçıraq cavan, güclü bədxahın pis enerjisini dağıdır. Yaşlı adamların bəd nəzərləri ilə mübarizə üçün yaxşı vasitə az işıqlı, abajurlu çilçıraqlardır.
Qadın baxışlarını rəngbərəng, kişi nəzərlərini bir rəngli çilçıraqlar qaytarır. Siqaret çəkməyənlər belə, alışqan gəzdirsə yaxşıdır. Gözdəymə halı hiss edəndə onu çıqqıltı ilə alışdırsınlar. Güzgülər keçmişlərdə fal aləti kimi istifadə olunurdu. Onun köməyilə gözdəymə və cadudan da qorunmaq mümkündür. Guya, yağış çətiri təkcə islanmaqdan yox, bəd gözdən də qoruyur...
Gözmuncuğu, qara sap, tikan, at nalı, kəllə sümüyü...
Yəqin ki, çoxları müşahidə edib, Azərbaycanda bəd nəzərlərdən qorunmaq üçün gözmuncuğu, qola bağlanan qara sap, üzərlik, müxtəlif bitkilərin tikanları, at nalı, heyvanların kəllə sümüyündən daha çox istifadə olunur. Amma dinşünas alimlər sadalanan əşyaların bəd nəzərdən qorunma vasitələr kimi istifadəsini yanlış hesab edirlər. Onlar deyirlər ki, bu cür əşyalar özlərini qoruya bilməyəcək qədər acizdirlər. Müəyyən olunub ki, gözmuncuğunu ərəblər İslamdan öncə uşaqların boynuna taxırmışlar. Onlar güman edirdilərər ki, bu muncuqlar uşaqları bəd nəzərdən qoruyur. Bəzi loğmanlar isə hesab edir ki, gözmuncuğu gözündə mənfi enerji olan insanların təhlükəli baxışlarını yayındırmaq üçün ən yaxşı vasitədir.
Üzərliyə bağlı inanclar
Azərbaycanda bədnəzərə qarşı ən çox istifadə olunan üzərlik ölkəmizin hər qarışında bitir. Maraqlıdır ki, üzərliyin ən çox yetişdiyi yerlərdən biri qəbiristanlıqlar olur. Azərbaycanda üzərliyə olan mistik münasibət və inanclar, ola bilsin, elə bu bitkinin qəbiristanlıqda yetişməsi ilə əlaqədardı. Azərbaycan mifologiyasında, inanclarında və elə indiki məişətində üzərlik daha çox bir xüsusiyyətinə görə seçilir. Bu da onun insanı bədnəzərdən qorumasına inamla bağlıdı. Ona görə üzərliyə demək olar ki, hər evdə rast gəlmək mümkündü. Qara qüvvələri qovmaq və evdəki insanları bəd nəzərdən qorumaq məqsədilə çox vaxt belə bir üsul tətbiq edilir: üzərliyin yumru (toxum olan) hissələri qırılır, bir qədər sarımsaq və ya soğan qabığı, duz götürülür. Daha sonra onları birlikdə yandırıb tüstülədirlər. Bu ritualı həyata keçirlərkən tüstü bədnəzərdən qorunmalı olan şəxslərin başı üzərində hərlədilir və müxtəlif ifadələr söylənəlir. Azərbaycan inanclarında və mifologiyasında üzərlik haqqında və onun köməyilə gözdəyməni qaytarmağın yolları barədə çoxlu məlumat var. Məsələn, körpə uşağı birinə göstərəndə həmin adamın paltarından bir sap qoparıb üzərliklə birgə yandırırlar. Gözə gəldiyi güman edilən uşağın canından bədnəzəri çıxarmaq üçün qürub çağı üzərliyi uşağa gözü dəyən adamın paltarının bir elementi ilə birlikdə yandırırlar.
Üzərliyi evlərin qapılarından, dükanların girəcəyindən asırlar ki, burda da məqsəd yenə bədnəzərdən qorunmaqdır. İndi üzərliyə hətta müasir ofislərdə də rast gəlmək olur. Toy məclislərində üzərliyi yandırıb məclis iştirakçılarının arası ilə gəzdirirlər.
Mənbə: modern.az
Həmçinin bax:
Cadugərlik
Cadudan necə qorunmalı