Səyahət etmək hər fəsildə gözəldir. Dünyanın fərqli ölkələrində olmaq, yerli xalqların mədəniyyəti, adət-ənənəsi ilə tanış olmaq çoxlarının marağındadır. Elə bu maraqla Yer kürəsinin hər iki qütbünə, Afrikanın və Asiyanın səhralarına, Cənubi Amerikanın tropik meşələrinə səfər etmiş, Budda rahibləri və Afrika qəbilələrindən hindulara qədər müxtəlif xalqların adət-ənənələri ilə tanış olmuş səyyah soydaşımız Mehrac Mahmudovla müsahibəni təqdim edirik.
— Elə insanlar var ki, onlar üçün səyahət etmək, fərqli mədəniyyətləri kəşf etmək sanki bir həyat tərzinə çevrilir. Siz də elə insanlardan birisiniz. Bunun kökündə nə dayanır?
— Bilmirəm, bəlkə də bu, uşaqlıqda oxuduğumuz kitabların təsiridir və ya, bəzi mütəxəssislərin hesab etdiyi kimi, sırf psixoloji amillərlə bağlıdır. Bəlkə də bu özünü inkişaf etdirmək, yeni şəhərlər, ölkələr görmək, gündəlik həyatın monotonluğundan xilas olmaq, fərqli emosiyalar yaşamaq istəyidir. Səyahətdə olduğum 2-3 həftə mənə işləmək, yeni layihələrə başlamaq, maraqlı təşəbbüslərə qoşulmaq üçün lazım olan enerjini verir. Bunun adına çox vaxt adrenalin almaq arzusu deyirlər. Amma mən bununla tam razı deyiləm, bu, dünyanı kəşf etmək istəyidir. Amma səbəbindən asılı olmayaraq, mən özümü səyahətsiz təsəvvür etmirəm. Bəzən məndən soruşurlar ki, səyyah olmaq nədir? Məni dünyanı gəzməyə, 25 ilə 175 ölkədə olmağa nə təşviq edib? Olduğum ölkələrin, şəhərlərin adını çəkəndə belə sualların sayı daha da artır. Çünki olduğum yerlərin siyahısında bizim bildiyimiz ənənəvi turizm məkanları, “gəzməyə gedirəm”, “istirahətdəyəm” sözlərini özündə ehtiva edən komfortlu şəhərlərin və kurortların sayı çox azdır.
— Yəqin ki, getdiyiniz yerlərdən ən çox haranı bəyənirsiniz tipli suallar da verirlər...
— Bu, çox çətin və cavabı olmayan bir sualdır. Çünki hər bir yer özünə görə fərqlidir, təkrarolunmazdır. Sadəcə bəzi yerlər var ki, orada gördüklərim məndə unudulmaz təəssürat yaradıb. Səyyahları özünə cəlb edən qitələrdən biri Afrikadır. Bu qitəyə səfərlər maraqlı olduğu qədər də təhlükəlidir. Burada müxtəlif yoluxucu xəstəliklərlə də rastlaşmaq olar, ciddi təhlükələrlə də. Amma bu təhlükələrin heç biri Afrikanın gözəlliyinə kölgə salmır. Çünki Afrika öz vəhşi təbiəti, gözəllikləri, xalqlarının maraqlı adət-ənənələri, ucsuz-bucaqsız səhraları ilə insanı özünə cəlb edir. Afrikanın bir sıra ölkələrində hər şey min il bundan əvvəlki kimi qalıb. Təbiət qorunub saxlanılıb, vəhşi heyvanların yaşayışına insan müdaxiləsi yoxdur, insanlar isə sivilizasiyanın nailiyyətlərindən uzaqdırlar. Bu qitə həm də bəşəriyyətin beşiyi sayılır. İnsanlığın əvvəlcə buradan, Namib səhrasından çıxdığı ehtimal olunur. Namib narıncı qumları, daşlaşmış meşələri, akasiyaları, asta-asta qumun altına gedən Kolmanskop şəhəri ilə insanı valeh edir. Bu səhrada xüsusən ulduzlu gecələrdə insanın necə balaca, bəşəriyyətin isə necə böyük olduğunu hiss edirsən. Yerli sakinlərin fikrincə, adi turist bu səhrada bir saatdan çox qala bilməz. Mən səhrada yağışı da gördüm. Qəribə mənzərədir — səma tərtəmizdir, göydən sanki alov yağır və qəfil peyda olan buludlardan kiçik bir sahəyə leysan yağmağa başlayır. Güclü yağış çox qısa davam edir, ətrafı su basır, yarım saat sonra yenidən gün çıxır.
— Dünyanın hər iki qütbündə olmusunuz. Yer kürəsinin ən ucqar nöqtələrində olmaq necə bir hisdir?
— Əlbəttə, isti Afrika təbiətindən fərqli, sərt iqlimi görmək istəyənlər qütblərə səyahət etməlidirlər. Planetin “damına”, 90 dərəcə şimal enliyinə çatmaq, əbədi buzları görmək bir çoxlarının arzusudur. Burada ağ rəng hökmranlıq edir. Ayaqların altında isə hərəkətli buz və onun altındakı bir neçə kilometr dərinlikli kristal təmiz və soyuq okeandır. Mövcud ənənəyə görə, şimal qütbünə gəlmiş insanlar planetin “damı” ətrafında dövrə vururlar, sanki Yer kürəsini fırlanırlar.
Mən
Arktikaya elmi ekspedisiyanın tərkibində səfər etmişəm. Bu səyahət mənə dünyanın ən böyük atom buzqıran gəmisini — “Qələbənin 50 ili” buzqıranını görməyə imkan verdi. Kapitanın bizə dediyinə görə, buzqıran gəmi qalınlığı 3 metrdən çox olan qocaman arktik buzları yararaq keçmək iqtidarındadır. Bu gəmi ilk növbədə işçi buzqırandır və onun əsas funksiyası Şimal dəniz yolu akvatoriyasında yük və elmi ekspedisiya məqsədli gəmilərin hərəkətini təmin etməkdir.
Şimal qütbünə səfər zamanı biz Frans-İosif torpağı arxipelaqına və Vrangel adasına çıxa bildik. Arxipelaqa 196 ada daxildir. Onlar 80 dərəcə şimal enliyində yerləşir. Vrangel adası çoxlu sayda ağ ayıların yaşaması ilə məşhurdur. Ayılar adada sərbəst dolaşırlar və adamlardan demək olar ki, qorxmurlar. Mən hiss etdim ki, bu qorxunun olmamasının sirri əslində sadədir. Bu ada ayılarındır, insanlar isə bu buzlu diyarda hələ də qonaq statusundadırlar.
Bizim ekspedisiya şimal qütbünə yayın əvvəlində yola düşmüşdü. Həmin vaxt havanın temperaturu mənfi 15 dərəcəyə yaxın idi. Yayın ən isti vaxtında Arktikada havanın temperaturu 0 dərəcəyə qədər qızır. Yayda Şimal buzlu okeanda suyun hərarəti mənfi 2 dərəcədən yuxarı qalxmır. Okean buzlaqlar üçün termik tənzimləyici rolunu oynayır. Yazda suyun temperaturu mənfi 10 dərəcəyə, qışda isə mənfi 25-45 dərəcəyə çatır. Lakin qış mövsümündə Arktika yalnız qütbçü tədqiqatçılar üçün açıqdır.
Mən çox yerdə olmuşam, təkcə şimal qütbündə insanın ram edə bilmədiyi təbiətin gücünü hiss etmək olur. Əbədi buzların monoton landşaftı, üfüqdən o yana uzanan qarlı səhralar və ətrafda 700 kilometr məsafədə insan məskəninin olmaması adamı düşünməyə məcbur edir. Bu buzlu səhrada təbiətin möhtəşəmliyini və insanın kiçikliyini anlayırsan. Oxşar hislər cənub qütbündə — Antarktidada da yaşanır. Antarktidanın buzlaqlarında və donmuş səhralarında təbiətin möhtəşəmliyini dərk edirsən. Ümumiyyətlə, Antarktida həmişə mənə sirli, planetin digər yerlərindən fərqli bir məkan kimi gəlib. Qitə və onun ətrafındakı adalar tədqiqat üçün azad zonadır və heç bir dövlətə aid deyil. Yayda buraya pinqvinlərin, dəniz pişikləri və dəniz fillərinin həyatını öyrənən alimlər və Antarktidanın gözəlliklərini görmək istəyən turistlər gəlir. Mən də Antarktidada yay mövsümündə oldum. Qış mövsümündə isə qitə səyyahlar üçün bağlıdır.
— Azərbaycandan minlərlə kilometr uzaqda olanda vətən haqda düşüncələriniz maraqlı olar...
— Mən əbədi buzlar qitəsinin ən yüksək nöqtəsində öz ölkəmin bayrağını qaldırdım, Azərbaycanın adını qeyd etdim və onu Antarktidadan ayıran məsafəni göstərdim. Bu işarə Antarktidada daim qalır, hansı ölkələrdən qitəyə səyyahların gəldiyini göstərir və bir növ həmin ölkədən xatirə simvolu olur.
Amma sonda onu demək istəyirəm ki, səyahətlərin ən gözəl məqamı evə qayıdışdır. Azərbaycana dönəndə başa düşürsən ki, harada olursansa ol, nə görürsənsə gör, insan üçün ən gözəl yer onun vətənidir.
Mənbə: Mədəniyyət və Turizm Nazirliyinin «Mədəniyyət» qəzeti
Müəllif: Fariz Hüseynov