ABŞ Enerji Nazirliyinə bağlı Enerji İnformasiya İdarəsinin (EIA) və İngilis neft şirkəti BP-nin məlumatlarına görə dünyada təsdiq edilmiş neft ehtiyatları 1 trilyon 333 milyard barel təşkil edir. Bu ehtiyatların yüzdə 56,6-sı (754.2 milyard barel) Yaxın Şərqin, yüzdə 14,9-u (198.9 milyard barel) Cənubi və Mərkəzi Amerikanın, yüzdə 10,3-ü (136.9 milyard barel) Avropa və Avrasiyanın, yüzdə 9,6-sı (127.7 milyard barel) Afrikanın, yüzdə 5,5-i (73,3 milyard barel) Şimali Amerikanın və yüzdə 3,2-si (42,2 milyard barel) Asiya-Sakit okean bölgəsinin payına düşür.
Təsdiq edilmiş neft ehtiyatlarına görə ilk sırada 266,7 milyard ( yüzdə 19,8) barellə Səudiyyə Ərəbistanı dayanır. Bu ölkəni 178,1 milyard barellə Kanada, 136,2 milyard barellə İran, 115 milyard barellə İraq və 104 milyard barellə Küveyt təqib edir. Dünyanın ən böyük iqtisadiyyatı ABŞ 19,1 milyard barel təsdiq edilmiş neft rezerv ilə bu göstəriciyə görə 12-ci, ikinci böyük iqtisadiyyatı Çin isə 16 milyard barellə 13-cü sırada yer alır.
Neft istehsalında Rusiya gündəlik 11 milyon barellə ilk sırada olarkən, Rusiyanı 9,9 milyon barellə Səudiyyə Ərəbistanı və 8,5 milyon barellə ABŞ izləyir. Bu ölkələrdən sonra gündəlik 4,1 milyonlu istehsal ilə Çin, gündəlik 3,8 milyon barellə Kanada və gündəlik 3,6 milyon barel istehsal ilə İran gəlir. Azərbaycan 0,9 milyon barellə 22-ci yerdə dayanır.
Dünyanın ən çox neft istehlak edən ölkəsi sıralamasında dünyanın ən böyük iqtisadiyyatı ABŞ gündəlik 18,8 milyon barellə ilk sırada yer alır. ABŞ-dan sonra Çin gündəlik 8,3 milyon barel neft və Yaponiya isə gündəlik 4,4 milyon barel neft istehlak edir. Səudiyyə Ərəbistanı gündəlik 6,4 milyon barellə dünyanın ən çox neft ixrac edən ölkəsi olarkən, Rusiya gündəlik 5,4 milyon barellə və İran gündəlik 2,2 milyon barellə Səudiyyə Ərəbistanını təqib edir.
Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.