Hindistan çox qədim və əsrarəngiz məkan sayılır. Hələ qədim dövrlərdən gələn hind fəlsəfəsi insanları çox düşündürüb. Hindistan turizm imkanları ilə də seçilir. Aydındır ki, qış aylarında nədənsə insan tropik bir ölkəyə getmək, soyuqdan donmuş bədənini isitmək arzusundadır. Bu arzunu reallaşdırmağın tək yolu açıq səma altında zəngin muzeyə bənzəyən möcüzələr diyarı - Hindistana getməkdir. Hindistan deyəndə çoxlarının təsəvvüründə bir mənzərə canlanır - insanlar fil üzərində gəzir, ölüləri Qanq çayına atır, ayaqyalın, cırıq paltar geyinmiş kişilər küçələrdə gəzişir. Bu təsəvvür bir az reallığa yaxındır. Amma Hindistan o qədər də qorxulu bir ölkə deyil. Ekzotik ölkənin paytaxtı Dehli şəhəridir.
Gəzinti hava limanından başlayır. Ətrafda saqqallı, qaradərili kişilər və sariyə bürünmüş qadınlar gəzişir, havadan ədviyyat iyi gəlir. Deyilənə görə, bu, Hindistanın xüsusi iyidir. Avtobus turistləri Meyn-Bazar küçəsindəki Şelton otelinə aparır. Oteldə bütün otaqlara sterilizə olunmuş su qoyulur. Ölkənin havasını müəyyən etmək qeyri-mümkündür. Hindistana gəlmək istəyirsənsə, oktyabrdan marta kimi olan ərəfəni seç. Bu müddətdə hava nə çox isti, nə də yağışlı olmur.
Hindistanda qadınlar açıq-saçıq, bahalı brendlərdən geyinmirlər. Xristian ölkələrindən gələn turistlər müsəlman qadınlarına vurğundurlar. Dediklərinə görə, onları Hindistanda qadınların qapalı geyinməsi cəlb edir. Hətta onlar hind qadınlarını «tapmaca» adlandırırlar. İnsanların emosiyaları, mehribançılığı, gülüşü, mülayim simaları adamı heyran edir. Hər kəsdən müsbət enerji alırsan. Səyahət zamanı turistlərə «qızıl üçbucaq» gəzintisini təklif olunur. Bura Hindistanın ən möhtəşəm şəhərləri Dehli, Aqra və Caypuru gəzmək daxildir.
Səyahətin ilk günü Dehliyə gəzinti ilə başlayır. Hər tərəfdən gül-çiçək və darçın iyi gəlir. Dehli Hindistanın ən böyük və ən qədim şəhərlərindəndir. Türistləri aparan avtobusda heç kim biletdə yazılan yerində oturmur. Pəncərələr açıq olur. Naməlum insanlar istədikləri vaxt avtobusun içinə girir, onlara lazım olan yerdə elə pəncərədəncə düşürlər. Turistlər sürücüyə şikayət etsələr də o əhəmiyyət vermir. Dehlidə görməli yerlər o qədər çoxdur ki... Lotos məbədi, Hindistan divarları, Cama məscidi, Jantar-Mantar astronomik rəsədxanası, Qırmızı Fort... bütün bunları gəzməyə üç-dörd gün kifayət etməz. Şəhərin mərkəzində turistlərin diqqətini cəlb etmək üçün müxtəlif şoular göstərilir: ilanla oynayanların, kəndirbazların şousunu heyrətlə izləyib, cadugərlərin taleyinlə bağlı dediklərini eşitmək gəzintinin ən maraqlı hissəsi olacaq. Qırmızı Fordu görəndə heyrətlənməmək mümkün deyil. Bura qırmızı mərmərdən və qumdan tikilib. İçərisi isə qızıl, gümüş və bahalı daşlarla bəzədilib. Gəzintinin sonunda Lotos məbədini görmək qalır. Amma elə yorğun olursan ki, turistlər imtina etməyə başlayır. Bura ayaqqabı ilə girmək olmaz. Məbədin qəribə aurası var. Ölü kimi yorğun olsan da bu məbəddən çıxanda özünü çox rahat və enerjili hiss edəcəksən.
Pələnglərin bağırtısı - Caypur
Qorxmaq lazım deyil. Caypurun adı qorxulu olsa da, pələnglər yalnız zooparkdadır. Qədim dövrlərdəki kimi burada pələngini çiyninə alıb, ona öldürdüyü insanın ətini yedizdirən Maharaca yoxdur. Caypuru «çəhrayı şəhər» adlandırırlar. Əslində bura «terrakoda şəhəri» desələr, daha yaxşı olardı. Möhtəşəm görüntüsü olan bu şəhərdə bütün evlər çəhrayı qumla qarışdırılmış gildən tikilib. Bu ənənə illərdir qorunur və başqa rəngli daşdan ev tikməyə icazə verilmir. Caypurda əsl qaraçı magiyası var. Şəhər vəhşi heyvanların heykəlləri olan divarla əhatə olunub.
Arzuların reallaşdığı şəhər - Aqra
Bura insanlar arzularını reallaşdırmaq üçün gəlirlər. Deyilənə görə, Aqrada, imperator Əkbərin qəbri üstündə dua edən sonsuzlara Allah övlad bəxş edir. Hamının görmək arzusunda olduğu məşhur Tac Mahal da bu şəhərdə yerləşir. Bura gələndə bir məsələni öyrənirsən. Sən demə, Hindistanda balaca uşaqlara dilənçilik etməyə icazə verilmir. Tac Mahal ətrafında balaca uşaqlar əllərində aksesuarlar satırlar. Pul vermək istəsən, götürməzlər. Gərək nəsə alasan. Onları dilənçi hesab etsən, «No, I sell, you buy» deyib, gedirlər.
Cənnət diyar
Qoa Hindistanın cənnət diyarı sayılır. Qoada elit təbəqənin nümayəndələri yaşayır. Qoa gəzintisi zamanı səni safaridə fillər üstündə gəzinti və timsahlar zooparkına səyahət gözləyir. Gəzintinin ən maraqlı hissəsi Dudsaqar şəlaləsidir. Burada həm çimə, həm vəhşi cəngəllikləri görə, həm də keçirilən oyunlarda qalib olub, dəyərli hədiyyələr qazana bilərsən. Axşam saat 10-dan küçədə canlı orkestrin ifa etdiyi mahnılar bütün yorğunluğunu atmağa kömək edəcək. Qoa gəzintisi 35 dollara başa gəlir.
«Yüz min ada» - Lakşadvip
Hindistana gedərkən turistlərə «Lakşadvip» adasına gəzinti təklif edirlər. Bunun üçün əlavə viza almalısan. Bir gün üçün 20 dollar xərcləyirsən. Bura gəzinti zamanı yolüstü yüz min adadan biri olan Aqattiyə də baş çəkirsən. Bura «Cəngəlliklər kitabı» deyilir. Əmin ol ki, Aqattidə dünyanın heç bir yerində görməyəcəyin vəhşi heyvanlar, nəhəng həşəratlar, ən bahalı zoomağazalarda belə rast gəlmədiyin rəngli balıqlar, ekzotik bitkilər görəcəksən. Buranın suyu büllur kimi təmizdir. Adada insan azdır. Bu gəzinti «meşəyə insan gəlib» cizgi filmini xatırladır. Adamlar turistləri görəndə qaçırlar.
Vəhşi filləri, akulaları, meymunları, maralları, ekzotik heyvanları görmək istəyirsənsə, Keralla ştatındakı Periyar qoruğuna getmək məsləhətdir. Əhali sivilizasiyadan kənar yaşayır. Burada efir yağları ilə edilən masaja dünyanın heç bir yerində rast gəlməyəcəyinə əmin ol.
Mətbəx:
Hindistan mətbəxi ərəb yeməklərinə yaxındır. Burada yeməklər çox istiotlu olur. Elə buna görə də yeməkdən sonra ağzındakı yanğını söndürmək üçün bütün masalara anis yarpağı qoyulur. Hindistan mətbəxində üç dad birləşir - şirin, turş və acı. İsti yeməklərin əksəriyyətinə yoqurt tökülür. Bütün yeməklərin tərkibində darçın olur. Amma, bu ənənəvi darçından çox fərqlənir. Onun tərkibinə yüz cür ədviyyat qatılır. Hindistanda əhalinin əksəriyyəti vegeterianlardır. Vegeterianlar üçün buranın mətbəxi əsl tapıntıdır. Ən dadlı və bahalı xörəklər qoyun və keçi ətindən hazırlanır. Hindistan əhalisi balıq və xərçəng xoşlamır. Amma buna baxmayaraq, restoranların menyusunda onlara rast gəlmək olur.
Qəribədir ki, bu ölkədə meyvənin bol olmasına baxmayaraq, meyvəli desert heç yoxdur. Ən sevimli desert krem-şantidən hazırlanaraq, dondurmanı xatırladır. Küçədə çirkli masaların üstündə hazırlanan yemək belə iştah açır. Yeməklərə o qədər ətirli ədəvalar vururlar ki, qoxusu adamı heyran edir. Bu qədər istiot və ədviyyat vurmalarına baxmayaraq yeməklər heç vaxt mədəyə ağırlıq etmir. Hindistan həm də souslarla məşhurdur. Ən sevimli souslar «umman» və «koddi»dir.
Alış-veriş:
Ən çox alış-veriş Qoa ərazisindədir. Burada bütün satıcılar rus dilində bilir. Onlarla istədiyin kimi söhbət edib, aldığın malın qiymətini aşağı endirə bilərsən. Bütün suvenirlər əl işləridir. Balıqqulaqlarından düzəldilən suvenirlərin isə görünüşünə heyran qalacaqsınız. Hindistanda geyim üçün əlbəttə ki, gözəl sarilərdən başqa heç nə yoxdur. Aqra ən böyük bazarları olan bölgədir. Burada dəridən, dəyərli daşlardan düzəldilən aksesuarlar, dünyanın heç bir yanında dadmayacağın şirniyyatlar tapacaqsan.
Qaydalar:
Hindistanda kiməsə nəsə verəndə və alanda sağ əldən istifadə edilməlidir. Yeməyi də mütləq sağ əlinlə yeməlisən. Hindistanda tualet kağızından istifadə etmək qadağandır. Bütün ayaqyollarında bol su olur. Hətta mağazalarda da kağız satılmır.
Gigiyenik qaydalara mütləq riayət etməlisən. Dişlərini qaynanmış suyla fırçalamalısan. İçmək üçün ancaq qazlı sudan istifadə etməlisən. Meyvələri yeməzdən əvvəl mütləq isti su ilə yumalısan. Hətta özünlə spirt götürüb, restoranda oturanda çəngəl-qaşığı və boşqabı silməlisən.
Hansısa bir məbəddə şəkil çəkdirmək arzusundasansa, mütləq oranın nəzarətçisindən icazə almalısan. Ölkədən hind pulu çıxartmağa icazə verilmir. Küçələrdə valyutadəyişmə mərkəzləri yoxdur. Bunun üçün banka getməli, blanklar doldurmalı, sertifikat almalısan. Ölkəyə tərkibində donuz əti olan qidalar gətirmək, sürünən heyvan dərisindən düzəldilən əşyalar, külçə qızıl və gümüş, antik əşyalar çıxartmaq qadağandır.
Sevgililər küçədə, insanlar arasında əl-ələ tuta bilməzlər.Saçlarını açıq qoyub, gəzən qadınlara pis baxırlar. Hindistana gedərkən özünlə 5000 dollardan çox pul götürmə. Çünki buna icazə verilmir. Hindistanda olmaq üçün bunlardan xəbəri olmaq lazımdır:
1. Tac mahal
2. Qırmızı Ford
3. Lotos məbədi
4. Lakkadiv adası
5. Qədim Hindistan
6. Meyn bazar
7. Ləzzətli Hindistan mətbəxi
8. Qədim Qoa
Hindistandan bəzi şəkillər.
Həmçinin bax:
Vyetnam