Bütün bunlara baxmayaraq, şəhər sürətlə inkişaf edir. Dünyaca məşhur otellər, göydələnlər Qahirəni get-gedə müasir meqapolisə çevirir. Qahirənin əhalisinin sayı 20 milyondan çoxdur. Bu rəqəm burada nəqliyyat sisteminin nə qədər önəmli olduğundan xəbər verir. Qahirənin nəqliyyat sistemi olduqca qarışıqdır, desək yanılmarıq. Misir 1 milyon kvadrat kilometrdən çox ərazisi ilə dünyanın böyük ölkələrindən sayılsa da, bu ölkədə yaşayış və əkin üçün əlverişli olan torpaqlar ərazinin cəmi 4 faizini təşkil edir. Ərazinin qalan hissəsi səhra və çöllərin payına düşür.
Nilə mənbəyini Cənnətdən alan çay deyirlər. Çünki çox kiçik bir mənbədən aldığı su o qədər nəhəng səhralardan keçib getməsinə baxmayaraq, qurumur. Keçdiyi ölkələrdə səhralara can verən Nil çayı tarixdə neçə-neçə mədəniyyətin qurulmasına şahid olub. Missuri və Missisipi çaylarının birləşməsindən kiçik olsa da , dünyanın ən uzun çayı statusunu daşıyır əfsanəvi Nil çayı. Misiri Nilsiz təsəvvür eləmək olmur, həqiqətən. Bu çayı görəndə istər-istəməz , “Nilsiz nə əfsanəvi Misir dövləti olardı, nə də ki Misir mədəniyyəti” , - deyə düşünürsən …
İnsanlara zülm edən Firona qarşı mübarizə aparan Həzrəti Musa Peyğəmbər də anası tərəfindən məhz Nil çayının sularına atılmışdı. Nil Hz. Musanın peyğəmbərliyə, ordan da Firon istibdadını süquta uğratmağa doğru gedən müqəddəs yolunun ilk mənzili olmuşdur. Gecələr Nilin libası bir başqa olur. Par-par parıldayan qayıqlar bu əfsanəvi çayın gözəlliyinə yeni naxışlar vurur.
Misirin dünyada bu qədər tanınmasının ən böyük səbəbkarı... 5 min ilə yaxın tarixi ilə dünyanın ən böyük 7 möcüzəsindən biri... Hər il minlərlə turistin Misirə gəlib ziyarət etdikləri nəhəng qəbir daşları...
Misirin tarixini kitablardan öyrəndiyimiz zaman qarşımıza çıxan piramidaları canlı görmək bir başqa duyğudur.
Piramidalar insanda sanki şəhərdən xeyli uzaqlıqda səhranın ortasında ucaldılmış qəbir daşları təəssüratını yaratsa da , əslində bu belə deyil. Piramidalar elə Qahirənin giriş hissəsindədir. Ən böyük piramida hesab olunan Xeops tikilərkən 147 metr yüksəkliyində olub. Aradan keçən min illər ərzində bu hündürlük 10 metrə qədər azalıb. Hazırda Xeops piramidası 137 metrdir. Digər piramida isə Kefrendir. Onun boyu da tikildiyi zaman 143 metr olub. Piramidaların ən kiçiyi isə Mikerinosdur. Mikerinosun hündürlüyü 66 metrə çatır. Piramidalara misirlilər ehram deyirlər. Bu ehramlar Misiri işğal edən hökmdarlar tərəfindən talan edildiyinə görə içindəki otaqlar bomboşdur.
Xeops piramidası çox güman ki, insan əli ilə qurulan ən böyük tikilidir. 3 milyona yaxın daşın istifadə edildiyi bu nəhəng tikilinin ağırlığı 6,5 milyon tondur. Mükəmməl bir piramida şəklində qurulan ehramlar hələ də özündə bəzı sırlərı mühafizə edir. Məsələn, ən kiçiyi 2-3 ton olan bu nəhəng daşların buraya necə gətirildiyi maraq doğurur. Digər bir maraqlı cəhət odur ki, Fironların mumiyalarının olduğu otağa ildə 2 dəfə günəş işığı düşür. Bundan əlavə, ehramlarda radioaktiv maddələr yüksək olduğundan onları ilk kəşf edən 12 elm adamı daha sonra xərçəng xəstəliyindən ölüb. Piramidaların içində radar kimi cihazlar işləmir. Kirli bir su piramidanın içində 1-2 gün saxladıqdan sonra təmizlənir. Süd bir neçə gün piramidanın içində xarab olmadan qalır və daha sonra qatığa çevrilir. Bitkilər ehramların içərisində daha sürətlə inkişaf edir. Ehramların içərisində 5 həftə saxlanılan su daha sonra üz lasyonuna çevrilir. Bir qabın içinə tökülmüş yemək artıqları piramidaların içərisində ətrafa heç bir qoxu yaymadan qısa müddətə mumiyalaşır. Kəsik, yarıq kimi yaralar piramidaların içərisində daha tez sağalır. Qısacası, piramidaların bu sirləri hələ də açılmayıb.
Sfinks heykəlinin pəncələrinin arasında bir məbəd var. Şir qədim Misirdə müqəddəs heyvan sayıldığına görə sfinks heykəlinin də başının şir başı olduğu bildirilir. Bundan əlavə, şirlər həm də gücü təmsil etdiyindən, bir növ sfinks heykəli piramidaları qorumaq vəzifəsini də daşıyırmış qədim misirlilərə görə.
Misir bir peyğəmbərlər ölkəsidi. Adı həm “Tövrat”da, həm də “Qurani-Kərim”də keçən 4 ən böyük peyğəmbərlərdən sayılan Həzrəti Musa və onun qardaşı Həzrətu Harun misirli peyğəmbərlərdəndir.
Qahirədə bir çox tarixi və turistik yerlər mövcuddur. Tahrir meydanındakı Qahirə muzeyi hər il minlərlə turist tərəfindən ziyarət olunur. Piramidalardan çıxarılan fironların mumyaları, qızıl maskalar və o dövrə aid digər zinət əşyaları görülməyə dəyər. Burada ən çox diqqət çəkən Firon Tutanxamunun mumiyasının qızıldan olan maskasıdır. 9 yaşında taxta çıxan Tutanxamun 18 yaşında başına dəyən bır zərbə ilə ölüb. Onu bu qədər önəmli edən isə mumiyasının zədə almadan çıxarılması olub. 5 minə yaxın yaşı olan və bir mədəniyyəti əks etdirən bu əşyaları görmək üçün isə Misirə gəlməyə dəyər. Şəhərin ən mərkəzi yerlərindən sayılan Ramzes meydanının ortasında yaxın zamanlara qədər Firon Ramzesin heykəli ucalırmış. Ancaq alınan bir qərarla heykəl sökülüb və muzeyə aparılıb.
Meydanın olduğu yerdə şəhərin ən böyük qatar stansiyası var. Buradan İskəndəriyyə, Luksor başda olmaqla digər şəhərlərə qatarla getmək mümkündür. Elə ona görə də meydan hər zaman insanlarla dolu olur.
Qahirə-Tover adlanan qüllə isə şəhərin ən hündür yeridir. Nil çayının yanında ucaldılan Qahirə-Toverin hündürlüyü 180 metrdir. Qəribə bir memarlıq üslubunda tikilən qüllənin başında fırlanan 2 mərtəbəli restoran var.
“Ölülər şəhəri” deyilən yer Misirin ən görməli məkanlarından biridir. Burada hətta yeni doğulan uşaqların ünvanını məzar evlər olaraq da göstərirlər. Ölümlə həyatın görüşdüyü bu qəribə yer, həqiqətən, insanda fərqli duyğular yaradır.
Misirlilər islamı Həzrəti Ömər zamanında qəbul ediblər. Misir 2500 illik bir mədəniyyətə sahib olsa da, islamiyyəti seçdikdən sonra hər şeyindən imtina edib. İslam dini misirlilərin könlündə elə bir taxt qurub ki, onun uğrunda min illərdir davam etdirdikləri həyat tərzlərindən imtina ediblər. Ərəb olmamalarına baxmayaraq, özlərini ərəb adlandırırlar. Ölkənin rəsmi adının Misir Ərəb Respublikası olması bunun ən bariz nümunəsidir.
Ölkədə ilk qurulan məscid bu ölkəni fəth edən sərkərdə Həzrəti Əmr bin Asın adını daşıyır. 642-ci ildə gözəl memarlıq üslubu ilə tikilən birmərtəbəli məsciddir Əmr bin As məscidi.
Peyğəmbərimizin nəvələrindən olan Həzrəti Hüseynin adını daşıyan məscid də Qahirənin ən məşhur və ən çox ziyarət edilən məbədlərindəndir. Əl Əzhər, Seyidi Zeynəb, Hz. Nəfisə məscidləri də Qahirədə axın-axın ziyarət edilən məscidlərdəndir.
Misirin fəxri tarixi Əl-Əzhər Universiteti də Qahirədədir. Dünyanın sayılıb-seçilən universitetlərindən olan Əl Əzhərin tarixi də olduqca qədimdir. 975-ci ildə qurulan universitet İslamın fiqh elminə böyük töhfələr vermişdir.Tarixə çox önəmli İslam alimləri qazandıran Əl-Əzhər Universitetində 380 minə yaxın tələbə təhsil alır. Bu universitetdə hazırda 10-dan çox azərbaycanlı təhsil alır.
P.S. Səfərimiz Misirdə baş verən son hakimiyyət dəyişikliyindən əvvəl olub. Bu səbəbdən hazırkı vəziyyət barədə məlumat verə bilmədik.
Hazırladı: Vüqar Zülfüqar
Həmçinin bax:
Qədim Misir
Qədim Misirin mədəniyyəti