Bizim hamımız güclü, qoçaq olmaq istəyirik. Səhərlər idman edir, soyuq su ilə bədənimizi möhkəmləndirir, bəzən özümüzü filmlərdəki qəhrəmanlara oxşadır, onlar kimi davranmağa çalışırıq. Hətta bizdən böyükləri o qəhrəmanlardan birinə oxşadır, dostlarımıza isə həmin qəhrəman kimi davranmağı tövsiyə edirik.
Görəsən, bizdən çox-çox əvvəl yaşayan insanlar da belə olub? Sənə danışacağım əsatirdən biləcəksən ki, lap qədimlərdə, heç bir texnikanın olmadığı zamanlarda insanlar qarşılaşdıqları çətinlikləri dəf etmək üçün necə qəhrəman obrazlar yaradıblar. Belə qəhrəmanlardan biri qədim yunanların Heraklıdır. Onun haqqında olan rəvayətlərdən ən məşhuru “Heraklın on iki qəhrəmanlığı” hekayəsidir. Yunan mifologiyasına görə, bu qəhrəman dünyanın sahibi Zevsin adi qadından — Alkmenadan olan oğludur.
Qədim yunan əsatirinə görə, heç kim ona qalib gələ bilmir. Əbəs yerə deyil ki, ona doğulanda “Herakl”, yəni “Şöhrətlənmiş qəhrəman” adı verilib. Gənc güclü və zirək böyüdü, ox atmaqda, qılınc oynatmaqda, mizraq atmaqda, cəng arabasını sürməkdə heç kim ona çata bilməzdi.
Vaxt gəldi ki, şöhrətlənmiş qəhrəman allahların buyruğu ilə çar Yevrisfeyin yanına 12 illik xidmətə getdi. Çar Yevrisfey Heraklın özündən güclü olduğunu görüb, rəqibindən yaxa qurtarmaq qərarına gələrək onu çətin sınaqlara göndərdi. Yevrisfeyin buyruğu ilə Herakl Nemey şəhərinin əhalisini bu yerin meşələrində məskən salmış yırtıcı şirdən xilas etməli idi. Şirin qalın dərisini heç bir silah deşmir və heç bir döyüşçü indiyədək ona qalib gələ bilməmişdi. Herakl qorxulu yırtıcını əlləri ilə boğdu, onun sehrli dərisini çiyninə saldı və düşmənləri üçün basılmaz oldu. Bu, Heraklın birinci igidliyi idi.
Onun ikinci igidliyi havanı və suyu zəhərləyən doqquzbaşlı ilan – Lerney əjdahasını məhv etməsi oldu. Herakl Hermesin ona bağışladığı qılıncla bu əcaibin bütün başlarını vurub saldı.
Sonra çar Yevrisfey ondan gümüş dırnaqlı və qızıl buynuzlu Keriney maralını diri gətirməsini tələb etdi. Herakl bir il maralı izlədi. Sıx meşələrdən keçərək, hündür otlu cığırları tapdalayaraq, qar uçqunlarını rəf edərək itiayaqlı gözəli — maralı tutdu.
Yevrisfey Heraklı hər dəfə uzaqlara göndərir, sınaqlar getdikcə çətinləşirdi. O, amazonların başçısı İppolitin sehrli kəmərini əldə etdi. Çayın axınını dəyişib, birbaşa Yevrisfeyin dostu çar Aviqiyin mal-qara və at ilxıları olan yerə istiqamətləndirərək tövləni təmizlədi. Ox-lələkləri ilə adamları öldürən Stimfal quşlarını qovdu. Qəzəbli Krit öküzünü ram etdi. Qırmızı adadan qırmızı öküz naxırını qovub Yevrisfeyin sarayına gətirdi. Yer üzünü Erimanf qabanından xilas etdi. Diomedin atlarını əldə etdi.
Yevrisfeyin on birinci tapşırığı isə Heraklın dünyanın o biri başına gedib Hesperidlərin almalarını gətirməsi idi. Bu qızıl almalar adama əbədi cavanlıq bəxş edirdi. Herakl dünyanın o biri başına çatdı, nəhənglərlə vuruşdu, çiyinlərində səma qübbəsini saxladı və tapşırığı yerinə yetirdi.
Heraklın sonuncu igidlik yolu çox təhlükəli idi. O, Ölülər səltənətinə gedib ilan quyruqlu, üçbaşlı iti sarayına gətirməli idi. Bu əcaib məxluqu görən Yevrisfey dəhşətdən əlləri ilə gözlərini bağlamış, Herakl isə yazığı gəldiyi iti Ölülər səltənətinə buraxmışdı.
Bununla da Heraklın çar Yevrisfeyin yanında xidməti başa çatdı. Əlbəttə ki, bu gün bizlərdən belə igidlik tələb edilməsə də, evdə, məktəbdə bizə verilən tapşırıqları yerinə yetirməli, fiziki sağlamlığımızın qayğısına qalmalı, sözün düzünü deməli, özümüzdən balacaların və gücsüzlərin incidilməsinə yol verməməliyik.
azertag.az