Kaizen | “5S” prinsipi

Kaizen | “5S” prinsipi

Yaponlar həmişə adət-ənənələrə sadiq olub və olacaqlar. Mən “Jiro Dreams of Sushi” adlı sənədli filmə baxanda çox təsirlənmişdim. Xüsusilə, Jiro Ononun hər hansı bir işi sona qədər çatdırmanın onlar üçün nə qədər əhəmiyyətli olması haqqında dedikləri məndə dərin iz buraxmışdı. Hətta süpürgəçi  olsan belə taleyindən gileylənməyə dəyməz, əvəzində işini mükəmməl səviyədə görməlisən. Yaponlar ideal iş axtarışında bir müəssisədən digərinə qaçmırlar, onlar istənilən işi xəyallarının işinə çevirirlər. Məsələ yanaşma tərzindədir.

Niyə də yenə yaponlardan öyrənməyək? Nəyə görə onların menecment sahəsində istifadə etdikləri idarəçilik metodlarını biz də tətbiq etməyək?

Kaizen metodunun əsasını “5S” prinsipi təşkil edir:

Seiri — dəqiqlik
Seiton — səliqə-səhman
Seiso — təmizlik
Seiketsu — standartlaşdırma
Shitsuke — intizam

İkinci Dünya Müharibəsindən sonra məhz bu sistem nəticəsində bir çox yapon şirkəti, o cümlədən də “Toyota” tez bir zamanda dirçələ və gücünə güc qata bilmişdir.

Əgər siz Kaizen sisteminin 5 prinsipini tətbiq etmək qərarına gəlmisinizsə, onda bu 5 müddəa  burnunuzun dibində olmalıdır.

1. Müəyyənləşdirmə. Siz ilk növbədə nələri dəyişmək istədiyinizi və effektiv işləmənizə nələrin mane olduğunu müəyyənləşdirməlisiniz. Bu prinsipin əsas mahiyyəti işçilərin əlavə heç bir şeylə məşğul olmamasından ibarətdir. İşinizə çox az dəxli olan öhtəlikləri minimuma endirin, onları ixtisasına uyğun insanlara ötürün.

Bir sözlə, artıq olan hər şeyi müəyyənləşdirin və ondan yaxanızı qurtarın.

2. Səliqə yaradın. Artıq olan hər bir şeyi aradan qaldırdıqdan və iş prosesində lazımi səliqəni yaratdıqdan sonra işinizi sürətləndirə bilərsiniz. Bir neçə həftə qeydlər apardığınız işçi gündəliyi tutsanız daha yaxşı olar. Bu, sizin daha çox məhsuldar olduğunuz vaxtları təyin etməyə kömək edə bilər. Çətinliklə həll etdiyiniz işləri ən məhsuldar vaxtlarınıza salın.

3. Yır-yığış, yoxsa cilalama? İş gününün sonunda otağınızı səhmana salmağı unutmayın. Səliqəni yalnız otaqda yox, eləcə də beyninizdə yaratmalısınız. Bunun üçün gündəliyinizə nəzər salın, qeydlər aparın və günün yekununu vurun.

4.Standartlaşdırılma. Əlavə işlərdən canınızı qurtardıqdan sonra, yəni, tək iş otağınızda yox, beyninizdə də səliqə yaratdıqdan sonra bütün bunları sistemə salmaq lazımdır. Siz hər səhər bunları sistemli şəkildə yerinə yetirməlisiniz. Sistemə əməl etməklə özünüz nəticələrin şahidi olacaqsınız.

5. Təcrübə. İlk dörd müddəanı yerinə yetirdikdən sonra bunların sizin üçün yeni iş təcrübəsi olduğunu görəcəksiniz. Hər gün bu  sistemi yerinə yetirməklə kamilliyə bir addım daha yaxınlaşacaqsınız. Kaizen-bu daimi uğurdur!

Top