Ölçüsündən asılı olmayaraq, demək olar ki, hər bir şirkət fəaliyyətinin müxtəlif istiqamətlərində ən primitiv şəkildə olsa belə, proqnozlardan istifadə edir. Büdcə-maliyyə proqnozları, satışla bağlı proqnozlar, kadr ehtiyacı proqnozları və s. Şirkətin ölçüləri böyüdükcə, idarəetmə sistemi təkmilləşdikcə proqnozlara olan ehtiyac və onların strateji qərarların verilməsində oynadığı rol da əhəmiyyətli dərəcədə artmış olur.
Daha böyük şirkətlər, xüsusilə də banklar, maliyyə-investisiya şirkətləri iri həcmli vəsaitləri idarə etdiyindən, yaxın və uzaq gələcəklə bağlı daha dəqiq informasiya sahibi olmaq, doğru zamanda doğru qərar vermək onlar üçün həyati əhəmiyyət daşıyır. Bunun üçün yuxarı menecment üçün şirkətdaxili proqnozlar qədər ölkə iqtisadiyyatındakı gedişatın izlənməsi və gələcəklə bağlı makroiqtisadi proqnozlar da vacibdir. Çünki məhz bu tip iri maliyyə institutlarının balansı ilə makroiqtisadi göstəricilər arasında daha yüksək korrelyasiya mövcud olur. Bir tərəfdən, hər hansı bir səbəbdən iqtisadiyyatda baş verən konyunktur və ya tsiklik dalğalanmaların impulslarını ilk hiss edən biznes qurumları arasında bank və maliyyə şirkətləri ön sıralarda dayanır. Digər tərəfdən isə, xüsusən kiçik iqtisadiyyata malik ölkələrdə bir və ya bir neçə bankın iflası maliyyə sektorunda, daha sonrakı mərhələdə isə real sektorda stress vəziyyəti yaradır ki, bu da sonda makroiqtisadi göstəricilərdə öz əksini tapır. Makroprudensial indikatorlarla şirkətin fəaliyyət göstəriciləri arasındakı əlaqələrin aşkara çıxarılması və həmin indikatorlarla bağlı proqnozların strateji planlaşdırma və risklərin idarə olunması istiqamətində “input” informasiya kimi istifadəsi effektiv nəticələrin alınması ehtimalını yüksəldir.
Belə olan halda iqtisadi tendensiyanı daha diqqətli şəkildə izləyən və strateji idaəretmə qərarlarının qəbulu prosesində masasında şirkətlə bağlı məlumatlarla yanaşı daha əhatəli və dəqiq makroiqtisadi proqnozlar olan top menecerin rəhbərlik etdiyi maliyyə qurumu bazarda rəqiblərinə görə müqayisəli bir üstünlüyə malik olmuş olur.
Təbii ki, makroiqtisadi proqnozların əldə edilməsi nə qədər vacibdirsə, onların düzgün oxunması və istifadə edilməsi də bir o qədər əhəmiyyətlidir. Məsələn, dövri mətbuatda, tənzimləyici dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının və proqnoz mərkəzlərinin hesabatlarında “iqtisadi artım tempi 11%-dən 5%-ə düşəcək”, “milli valyutanın avroya qarşı məzənnəsi 10% ucuzlaşacaq”, “qiymətlərin və faiz dərəcələrinin volatilliyi yüksələcək”, “tədiyyə balansının cari hesab kəsrinin ÜDM-ə nisbəti 2.5%-dən 10%-ə qədər artacaq”, “Mərkəzi Bankın valyuta rezervləri yaxın 3 ayda 20% azalacaq” və s. kimi ifadələrə rast gəlinir. Bəs, bu tip ifadələr bir maliyyə institutu üçün nə ifadə edir? Bu proqnozlar harada və necə istifadə oluna bilər?
Bunlardan bir neçəsini nəzərdən keçirək:
İqtisadi artım proqnozları. İqtisadiyyatın real artım tempinin aşağı düşməsi ölkə daxilində borcalanların borca xidmət potensialını aşağı salır, sonuncu isə kredit risklərinin yüksəlməsinə səbəb olur. Aqreqat artım tempilə yanaşı, iqtisadiyyatın sektorlar üzrə artım proqnozları da bankların diqqət mərkəzində saxlamalı olduğu əhəmiyyətli indikatordur. Bankın kredit və investisiya portfelinin yönəlmiş olduğu sektorlarda artım tempinin aşağı düşəcəyi və ya daralmanın yaşanacağı ilə bağlı proqnozlar kredit portfelinin keyfiyyətinin pisləşməsi, mənfəətliliyin aşağı düşməsi, nağd axınlarının və ehtiyatların azalması ehtimallarının yüksələcəyini işarə edir. Sektoral proqnozlar bankın kredit portfelinin sektorlar üzrə optimal paylanmasında, kreditlərin sektoral cəmləşmə risklərinin ölçülməsində, kredit defolt ehtimallarının hesablanmasında istifadə edilə biləcək dəyərli informasiyadır.
İnflyasiya proqnozları. İnflyasiya tempi kəskin yüksəldiyi halda bank kredit və investisiya qərarlarının qəbul edilməsində bir sıra problemlərlə üzləşir. Eyni zamanda qiymətlərdəki kəskin enmələr bankın nominal gəlirlərinin və nağd axınlarının azalmasına səbəb ola bilir ki, nəticədə bankın likvid ehtiyatları azalır, ödəmə qabiliyyəti aşağı düşür. Bu baxımdan inflyasiya proqnozları bankın portfel risklərinin ölçülməsi, likvidliyin idarə olunması, planlaşdırma, investisiya və kredit qiymətləndirmələri üçün əhəmiyyətli informasiya bazasıdır. Qiymətlərin volatilliyinin yüksələcəyilə bağlı proqnoz bankı üzləşə biləcəyi çətinliklərlə bağlı əvvəlcədən xəbərdar etməklə adekvat tədbirlərin hazırlanması üçün vaxt qazandırmış olur.
İşsizlik səviyyəsilə bağlı proqnozlar. İşsizlik səviyyəsi iqtisadiyyatın gedişatının qiymətləndirilməsi üçün ən vacib göstəricilərdən biri sayılır. Faktiki işsizliyin təbii işsizlik səviyyəsindən yüksək olması və ya artacağı ilə bağlı proqnozlar iqtisadiyyatda daralmanın yaşanacağını və bankın həm biznes, həm də istehlak krediti portfelləri üzrə risklərinin yüksələcəyindən xəbər verir.
Tədiyyə Balansı Proqnozları. Tədiyyə balansı göstəricilərinin izlənməsi xarici şokların maliyyə sisteminə təsirlərinin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Cari hesab kəsrinin ÜDM-ə nisbətinin böyüməsi ilə bağlı proqnozlar mümkün valyuta böhranı ehtimallarının artması və banklar üçün xarici valyuta risklərinin yüksəlməsi mənasına gəlir. Sonuncu isə ölkədən qısamüddətli xarici investisiyaların axınına səbəb ola bilir ki, nəticədə bankların likvidlik riskləri yüksəlir.
Digər vacib göstərici kimi ölkənin sahib olduğu beynəlxalq valyuta ehtiyatlarının xarici valyutada qısamüddətli öhdəliklərə nisbətinin aşağı düşməsi investorlar tərəfindən maliyyə sisteminin zəiflik göstəricisi kimi qiymətləndirilir. Rəsmi valyuta ehtiyatlarının idxalı qarşılama gücü də sistem üçün vacib göstəricilərdəndir.
Kapital hərəkətləri və onun tərkib xüsusiyyətləri (portfel investisiyaların birbaşa xarici investisiyalara nisbəti, xarici dövlət investisiyalarının xarici özəl investisiyalara nisbəti və s.) də sistem risklərinin qiymətləndirilməsi məqsədilə tədiyyə balansının diqqət mərkəzində saxlanmalı olan məqamlarıdır.
Faiz dərəcələri üzrə proqnozlar. Faiz dərəcələrinin volatilliyinin yüksələcəyilə bağlı gözləntilər daha yüksək faiz dərəcəsi riski deməkdir. Faiz dərəcələri eyni zamanda maliyyə sisteminin fəaliyyətilə bağlı keyfiyyətli məlumat verə bilən fundamental indikatordur. Bu baxımdan real faiz dərəcələri xüsusi əhəmiyyət kəsb edir. Real faiz dərəcələrinin yüksəlməsi yerinə yetirilməyən borcları artırmaqla maliyyə sistemində qeyri-stabillik mənbəyinə çevrilə bilir.
Kredit faizlərinin depozit faizlərinə nisbəti də maliyyə stabilliyi baxımından izlənməsi vacib olan erkən xəbərdarlıq indikatorudur. Dünya ölkələrinin yaşadığı böhran təcrübələri göstərir ki, bir çox hallarda maliyyə böhranından əvvəl kredit faizlərilə depozit faizləri arasındakı fərq kredit faizlərinin xeyrinə dəyişməyə başlayır, yəni kredit faizləri depozit faizlərindən daha sürətlə artır.
Daxili faiz dərəcələrilə beynəlxalq faiz dərəcələri arasındakı spred də bir çox hallarda bank menecerləri üçün dəyərli informasiya kimi istifadə edilə bilər. Bu spredin beynəlxalq faiz dərəcələrinin xeyrinə dəyişəcəyilə ağlı gözləntilər ölkədən xaricə kapital axınının sürətlənəcəyi, milli valyutanın ucuzlaşacağı və bankın (əgər xarici bazarlardan cəlb etdiyi vəsait varsa) likvidlik riskinin yüksələcəyi ilə bağlı ehtimalları artırır.
Valyuta məzənnələri üzrə proqnozlar. Valyuta məzənnələrinin volatilliyinin yüksələcəyilə bağlı proqnozlar bankın xarici valyuta riskinin artmasını işarə edir. Valyuta məzənnələrinin proqnoz qiymətləri bankın risk menecerlərinə bu proqnozlar da daxil olmaqla baş vermə ehtimalı yüksək olan müxtəlif ssenarilər əsasında bazar risklərinin ölçülməsinə imkan yaradır.
Valyuta məzənnələrinin proqnozları kredit risklərinin qiymətləndirilməsi üçün də xüsusi əhəmiyyət daşıyır. Belə ki, əgər milli valyutanın əsas xarici valyutalara qarşı möhkəmlənəcəyi proqnozlaşdırılırsa, bu ticari sektora (ixraca yönələn sektorlar) verilən kreditlər üzrə risklərin də artacağı deməkdir. Əksinə, milli valyutanın ucuzlaşacağı proqnozlaşdırılırsa, bu zaman qeyri-ticari sektorlar üzrə kredit riskləri yüksələcək deməkdir.
Pul indikatorları üzrə proqnozlar. Pul aqreqatlarının dinamikasının izlənməsi və pul təklifi ilə bağlı proqnozlar inflyasiya gözləmələri üçün əhəmiyyətli olduğu qədər bankların nəğd axınlarına və likvid ehtiyatlarına təsiri baxımından da vacib faktor hesab edilir. Geniş pul kütləsinin pul bazasına nisbəti kimi müəyyən olunan və bank sisteminin pul yaratmaq qabiliyyətini xarakterizə edən pul multiplikatoru da sistem risklərinin müəyyən olunması üçün əhəmiyyətli indikatordur. Pul multiplikatorunun davamlı olaraq yüksək sürətli artımı bir çox hallarda kredit şərtlərinin yumşaldılması göstəricisidir ki, bu da kredit risklərinin yüksəlməsindən xəbər verir.
Kreditlər və Depozitlər üzrə proqnozlar. Kredit qoyuluşlarının ÜDM-ə nisbəti, depozitlərin həcminin pul kütləsinə nisbəti, kreditlərin depozitlərə nisbəti kimi indikatorlar sistem risklərinin müəyyən olunması üçün əhəmiyyətli hesab edilir. Kredit qoyuluşları/ÜDM nisbətinin sürətli artımı kredit bumu adlandırılır ki, bum eyni zamanda yüksələn kredit risklərini də bərabərində gətirir. Depozitlər/ Pul kütləsi nisbətindəki enmə bank sisteminə olan inamın azalması kimi qiymətləndirilir. Kredit qoyuluşları/Depozitlər nisbətinin artması isə sistemdə likvidlik riskinin artması kimi izah edilir. Depozit və kreditlər üzrə proqnozlar yuxarıda sadalanan indikatorların da proqnoz qiymətlərini hesablamağa imkan verir ki, bu da sistem risklərinin öncədən müəyyən olunmasında əhəmiyyətli rol oynayır.
Əhalinin gəlirləri üzrə proqnozlar. Əhalinin gəlirləri proqnozları həm istehlak kreditləri portfeli üzrə risklərin ölçülməsində, həm də likvidlik risklərinin qiymətləndirilməsində banklar tərəfindən “input” informasiya kimi istifadə edilə bilər. Belə ki, gəlirlərin azalması əhalinin ödəmə qabiliyyətinin aşağı düşməsinə, sonuncu isə istehlak kreditlərinin ödənməmə riskinin yüksəlməsinə səbəb olur. Digər tərəfdən, gəlirlərin azalması zamanı qənaətə meyllilik də aşağı düşmüş olur, bu isə depozitlərin həcminə təsir etməklə likvidlik riskini artırır.
Maliyyə Stabilliyi İndeksləri. Maliyyə siteminin fəaliyyətinin analizində maliyyə institutlarının istifadə edə biləcəyi bir sıra kompozit indekslər hesablanır ki, onlar bu indekslər vasitəsilə valyuta bazarlarındakı vəziyyəti və bank sektoru üzrə risklərin səviyyəsini təhlil etməklə öz mövqelərini müəyyənləşdirə bilər. Bu indekslərdən ən geniş istifadə olunanları Valyuta Bazarına Təzyiq İndeksi (Spekulyativ Təzyiq İndeksi), Valyuta Bazarı Turbulens İndeksi, Bank Sektoru Risk İndeksi kimi indekslərdir. Bu indekslərin müəyyən olunmuş kritik xəttə yaxınlaşması valyuta, faiz, kredit və likvidlik risklərinin yüksəlməsilə bağlı erkən siqnallar verə bilir.
Yuxarıda sadalanan iqtisadi indikatorları maliyyə institutu tərəfindən istifadə təyinatına görə şərti olaraq iki qrupa bölmək olar. Birinci qrup indikatorlar həmin indikatorlardır ki, onlardan birbaşa olaraq bazar, kredit və likvidlik risklərinin ölçülməsi üçün qurulan modellərdə təsiredici (sərbəst) dəyişən kimi, stress testlərinin keçirilməsində stress faktorları kimi istifadə edilə bilər. Həmin indikatorların proqnoz qiymətləri isə baş vermə ehtimalı yüksək olan müxtəlif ssenarilər vasitəsilə simulyasiyaların edilməsi üçün dəyərli informasiya ola bilər. Bu qrupa aqreqat və sektoral artım templəri, valyuta məzənnələri, orta faiz dərəcələri, inflyasiya, pul indikatorları, əhali gəlirləri kimi göstəricilər daxil edilə bilər. İkinci qrup göstəricilər isə maliyyə institutunun özünün də bir hissəsi olduğu makro-maliyyə sisteminin risklərinin qiymətləndirilməsi və vəziyyətdən düzgün nəticələrin çıxarılması üçün əhəmiyyətlidir. Bu qrupa maliyyə stabilliyi indekslərini, tədiyyə balansı indikatorlarını, xarici valyuta ehtiyatlarını, işsizlik səviyyəsini, cəmi depozit və kreditlərin nisbətini və s. aid etmək olar.
Bir çox hallarda dünya təcrübəsində maliyyə institutlarının strateji idarəetmə departamentlərinin içərisində və ya ayrıca olaraq araşdırmalar bölməsi fəaliyyət göstərir ki, makroiqtisadi vəziyyətin izlənməsi, makro-maliyyə risklərinin qiymətləndirilməsi və proqnozların hazırlanması məhz bu bölmənin mütəxəssisləri tərəfindən həyata keçirilir. Ancaq Azərbaycan kimi kiçik iqtisadiyyatlı ölkələrdə bankların daxilində belə bir araşdırma bölməsinin yaradılması, onun saxlanması bank üçün baha başa gəldiyindən əsasən kənar mənbələrə – tənzimləyici dövlət qurumlarının icmal və gözləntilərlə bağlı hesabatlarına, araşdırma və proqnozlaşdırma ilə məşğul olan ixtisaslaşmış şirkətlərin xidmətlərinə müraciət edilir. Doğrudur, ölkəmizdə ixtisaslaşmış araşdırmalar bazarı hələ formalaşmasa da, xüsusilə, son bir-iki ildə dünya iqtisadiyyatında baş verən hadisələr və onların Azərbaycan iqtisadiyyatına, xüsusilə, maliyyə-bank sisteminə təsirləri banklarda makroiqtisadiyyatla bağlı analitik materiallara və proqnozlara ehtiyacı əhəmiyyətli dərəcədə yüksəltmişdir.
Keyfiyyətli iqtisadi proqnozun hazırlanması bir çox faktorlardan asılıdır. Əvvəlcə, “keyfiyyətli” ifadəsini bir az aydınlaşdıraq. Keyfiyyətli proqnoz o proqnoz deyil ki, onun kənarlaşması olmasın. İstənilən halda bütün proqnozlarda az, ya çox dərəcədə kənarlaşmalar olur. Keyfiyyətli proqnoz məhz kənarlaşması ən az olan proqnozdur ki, bunu da müəyyən etməyin xüsusi riyazi-statistik üsulları var.
Hazırlanan proqnozun keyfiyyəti əsasən bir neçə faktorla bağlı olur:
Maliyyə institutlarında strateji idarəetmə və risklərin idarə olunması sahələrində keyfiyyətli makroiqtisadi proqnozlardan düzgün istifadə son nəticədə effektivliyin və gəlirlərin artmasına xidmət edəcək.
“Banklar və Biznes” Jurnalında dərc edilmişdir