İSO

İSO

Bazar iqtisadiyyatı şəraitində rəqabətə davamsız məhsul buraxan müəssisə iflasa məhkumdur. Məhsulun keyfiyyətinin artırlması üsullarından biri Keyfiyyətin Menecmenti Sistemidir (KMS).
9000 seriyasından İSO standartları, KMS-in beynəlxalq standartlara uyğunluq sertifikatı. Sizə bu sözlər nə deyir? KMS-in öz müəssisənizdə tətbiq etmək zərurəti haqda düşünmüsünüzmü? Lazım olan sertifikatı necə almaq olar?

Keyfiyyət postulatları

İSO mənzil-qərargahı Cenevrədə olan standartlaşdırma üzrə beynəlxalq təşkilatdır. O, 1946-cı ildə yaradılıb və 150 ölkə onun üzvüdür. Təşkilatın məqsədi ən müxtəlif sahələr üçün beynəlxalq standartlar hazırlamaqdır. Bir çox standart növləri mövcuddur. Bunlar həm sənayenin müəyyən sahələri üçün olan xüsusiləşmiş (kimya, qida, tikinti və s.), həm də istənilən profilə aid şirkət üçün uyğun olan standartlardır. Sonuncuya İSO-9000 seriyasına aid olan keyfiyyəti idarə sisteminin sertifikatları aiddir. İSO-9000 sertifikatı almayan şirkət xüsusiləşmiş sertifikat da əldə edə bilməz.

İSO-9000 standartlarından danışarkən onu demək olar ki, onlar məhsulun özünün kefiyyətinə nəzarət üçün yaradılmayıb. Onların məqsədi istehlakçıların tələblərini nəzərə alaraq Keyfiyyətin Menecmenti Sisteminin fəaliyyət və özünü tənzimləmə üsullarını müəyyən etməkdir. Bu da öz növbəsində xidmət və məhsulların yüksək səviyyəsini təmin edir.
İSO standartları üzrə sertifikatlaşdırma məsələlərilə məşğul olan Global Group şirkətinin baş auditoru Fərhad Əliyev bildirir ki, keyfiyyətin idarə edilməsi sistemi standartlarının əsasında keyfiyyət menecmentinin 8 prinsipi durur. «Bu, istehlakçıya istiqamətlənmə, rəhbərin liderliyi, işçilərin cəlb edilməsi, menecmentə proses və sistemli yanaşma, daimi olaraq yaxşılaşma, faktlar əsasında qərarların qəbulu, tədarükçülərlə qarşılıqlı şəkildə sərfəli olan münasibətlərdir», - deyə o qeyd edir.

İSO-9000 standartları arasında ən əsası İSO-9001:2008 standartıdır. Bu standart keyfiyyət menecmenti sisteminə olan tələbləri müəyyən edir. Bu o vaxt lazım olur ki, şirkət istehlakçıların tələblərinə və qoyulan zəruri tələblərə cavab verən məhsulu buraxmaq bacarığını nümayiş etdirmək istəyir.
«İSO-9001 standartları üzrə sertifikatlaşdırma istehsalçılar üçün heç də zəruri deyil. Amma şirkətin könüllü şəkildə İSO-9001:2008 sertifikatını alması onu sanballı, öz məhsullarına və ya xidmətlərinə zəmanət verən təşkilat kimi önə çəkir. Bu sertifikat bir çox bazarlarda uğurun rəhnidir və şirkətin sivil işgüzar aləmə aid olduğunu göstərir», - deyə F.Əliyev qeyd etdi. Bundan əlavə, bütün şirkətlər tenderdə iştirak edə bilsə də İSO-9001 sertifikatı almış müəssisələr əlavə üstünlüklərə malik olurlar.

Sözdən işə

İSO-9000:2008 sertifikatını almaq üçün prosedura başlamaq üçün Azərbaycan Dövlət Standartlaşdırma, Metrologiya və Patent Komitəsinə və ya xarici məsul struktur tərəfindən akkreditasiya olunmuş sertifikatlaşdırma şirkətlərindən birinə müraciət etmək lazımdır. Azərbaycanda belə şirkətlərin sayı 9-a çatır: SGS, American Bureau of Shipping, Mep-Cert (Global GROUP Bakı), Bureau Veritas Azeri, İntersertifika-TÜV THÜRİNGEN, Det Norske Veritas, Russkiy Reqistr-Azerbaydjan, MOODY İnternational və Türkiyənin Standartlaşdırma İnstitutunun nümayəndəliyi.

İSO-9001 sertifikatının alınması bir neçə mərhələdə həyata keçirilir. İlk növbədə şirkətdə keyfiyyətin menecmenti sistemi qurulur. Əgər şirkət artıq belə sistemə malikdirsə, belə halda onun təhlili və lazım olduqda əlavə işlənməsi aparılır. Əgər müəssisədə keyfiyyətin mövcud menecmenti sistemi işləkdirsə, onun sertifikatlaşdırılması həyata keçirilir. Sertifikatlaşdırmaya qədər keyfiyyətin menecmenti sisteminin İSO standartlarına uyğunluğunun tam auditi aparılmalıdır. Lazım olduqda işçilərin təlimi də təşkil olunur.
Sertifikatın rəsmiləşdirilməsi proseduru adətən 1-2 ay çəkir, amma 5-6 aya qədər də uzana bilər. Bu müddət ərzində şirkət tələblərə uyğun işləməyə başlamalıdır.
Əgər müəssisədə keyfiyyətin menecmenti sistemi tətbiq olunmayıbsa, onun təşkili üçün bu sahədə ixtisaslaşan konsaltinq şirkətlərinin xidmətlərinə müraciət etmək olar. Onlar arasında Quality Veritas, Zaygan, Sidus Group, Expcol və s. qeyd etmək olar.

Xidmətin qiyməti

Qeyd etmək lazımdır ki, uyğunluq sertifikatı həmişəlik deyil, üç il müddətinə verilir və sonradan artırılır. Sertifikatın qüvvədə olduğu müddətdə sertifikatlaşdırma orqanı hər il müfəttiş yoxlamaları aparır, sistemin standartın tələblərinə uyğunluğunu yoxlayır. Pozuntu halları aşkar edildikdə həmin orqan sertifikatı ləğv edə bilər. Odur ki, sertifikata malik olan şirkətlər arxayınlaşmamalıdır.

Hələ bir müddət əvvəl İSO-9000 sertifikatını böyük müəssisələr və şirkətlər ala bilirdilər. Hazırda isə sertifikatlaşdırma orqanları arasında rəqabətin yaranması ilə əlaqədar və sonucda xidmətlərin ucuzlaşması nəticəsində İSO-9000 sertifikatları İSO Keyfiyyətin Menecmenti Sisteminin qoyduğu qaydalara uyğun işləmək istəyənlərin hamısı üçün əlçatan olub.
«İSO sertifikatının alınması qiyməti bir çox parametrlərdən asılıdır və müəssisələr üçün müxtəlif ola bilər. Bir qayda olaraq bu, təşkilatdakı işçilərin sayından, şirkətin istehsalat həcmindən, müəssisədə keyfiyyətin menecmenti sisteminin olub-olmamasından və onun nə vəziyyətdə olmasından, həmçinin bir çox digər amillərdən asılıdır. Kobud desək, 50 nəfər işçiyə malik olan şirkət üçün sertifikat almaq 5-6 min manata başa gələ bilər», - deyə SGS şirkətinin sertifikatlaşdırma və sistemləşdirmə şöbəsinin satış meneceri Arif Rəhimov bildirir.

Menecment sistemini tətbiq edən şirkətlərin xidmətlərinin dəyərinə gəldikdə isə bu da bir çox şərtlərdən asılıdır. Belə ki, Quality Veritas konsaltinq şirkətinin baş meneceri Şahin İmanovun sözlərinə görə, 150 nəfər işçisi olan şirkətdə menecment sisteminin tətbiqinin təqribi qiyməti təxminən 8 min manat və daha artıqdır.
Təcrübə göstərir ki, adətən sertifikatı fəaliyyət sahəsi inşa, tikinti obyektlərinin layihələşdirilməsi və mühəndis işlərilə bağlı olan şirkətlər almağa çalışır. Bundan əlavə, İSO-9001 sertifikatı elmi-tədqiqat, özəl və istismar təşkilatları üçün də vacib və aktualdır.

İSO sertifikatı ilə maraqlanan şirkətlərin sayı artmaqdadır, bu da sifarişçinin bunda maraqlı olması ilə izah olunur: deməli, o artıq alınan məhsul və ya xidmətin keyfiyyətinə fikir verir.

Mənbə:
İSO – keyfiyyət sinonimi
Top