Keyfiyyətli işçi sorağında

Keyfiyyətli işçi sorağında

İşi keyfiyyətlə yerinə yetirmək üçün həmin iş barədə lazımi məlumata malik olmaq lazımdır. Bununla yanaşı, uğur qazanmağın əsas amillərindən olan  ruh yüksəkliyi də yaddan çıxarılmamalıdır. Bu iki şərtdən biri təmin edilmədikdə keyfiyyət şkalasını maksimuma çatdırmaq, demək olar, mümkün olmayacaqdır.
Görüləcək işlə bağlı bütün texniki informasiyaya yiyələnən, yenilikləri daim təqib edərək məlumat bazasını genişləndirən və hərtərəfli inkişafını ruh yüksəkliyi ilə dəstəkləyən bir insanı uğurla çox qısa bir məsafə ayırır.
Daim inkişaf xətti üzrə hərəkət edən birisi uğursuzluq baş versə belə, işini davam etdirməlidir. Nəticəyə yox, işin özünə əhəmiyyət verməli, bilik və bacarığını, təcrübəsini həmişə artırmalı, özünə yeni-yeni dostlar qazanmalı, daha yaxşını və mükəmməli əldə etmək üçün bütün potensialını səfərbər etməlidir.
Peşəkarlarla çalışmaq onun ətrafındakı işçilərə də əlavə zövq, enerji və ruh yüksəkliyi verir. İşinin ustası olan şəxs yalnız özü üçün yox, çalışdığı şirkət və iş yoldaşları üçün də müsbət enerji qaynağıdır. “Bizdən nə kənd olar, nə də qəsəbə” şəklindəki səhv düşüncənin yerini “Bizdən kənd də olar, qəsəbə də, hətta gözəl şəhər də” fikri tutmalıdır.
Məhz o zaman hündür zirvələri, sıldırım qayaları olan dağın arxasında olduğunu zənn etdiyimiz uğurlar xülyadan həqiqətə çevriləcəkdir. Unutmayın ki, işlərini vaxtlı-vaxtında, yerli-yerində görən, şirkətin mənfəətlərini öz mənfəətindən üstün tutan insanlar həyatda daha yüksək uğurlar əldə edirlər. İşini daha yaxşı bilən insanın özünə olan inamı başqalarına da müsbət təsir edir və onların çalışdıqları müəssisəyə maksimum faydalı olmalarını təmin edir.
Birisi alimə sualla müraciət etdikdə elm yolunda saçlarını ağartmış şəxs “bilmirəm” cavabını verir. Sual verən isə kobudcasına: “Heç utanmırsan, dövlətdən bu qədər maaş alırsan, amma sualımın cavabını bilmirsən”, – deyə giley edir. Alim isə ona çox ibrətli cavab verir: “Dövlət bildiyim şeylərin qarşılığı olaraq mənə məvacib verir. Əgər hər şeyi bilsəydim dövlət mənə maaş verə bilməzdi”. Bu misalı ona görə çəkdik ki, indiki insanların çoxu bilmədiklərini gizləyərək özlərini elə göstərmək istəyirlər ki, guya hər şeydən xəbərdardırlar. Əgər məvacibimiz bilmədiklərimizə görə müəyyən edilsəydi, görəsən, vəziyyətimiz necə olardı?
Bilmədiyini bilmək ağıla, bilmədiyini etiraf etmək isə mərdliyə, kamilliyə işarədir. “Bilmirəm” sözündən çox asanlıqla istifadə edən insan bununla özünə inamını və inkişafa meylli bir ruha sahib olduğunu nümayiş etdirir. Bilmədiklərini gizlətməyə çalışan birisinin maskası tamaşanın bir yerində mütləq düşəcəkdir.
İş bilən insanın yanında qısa vaxt ərzində qazanılmış təcrübə sağlam, müsbət və sərfəli olacaqdır. İş bilməyən və bunu bilmədiyini də bilməyən insanın yanında necə təcrübə qazanmaq olar ki?.. Olsa belə bunun insan həyatında heç bir faydası olmaz. Çünki elm, savad sağlam təməl üzərində qurulmalıdır.
Türkiyənin ən uğurlu və ən zəngin sahibkarlarından olan Vehbi Koç təcrübəli mütəxəssislərə böyük üstünlük vermişdir. O, ixtisaslı insanların qiymətini bu sözləri ilə təsdiq edir: “Hər hansı bir şirkəti uzağı beş ilə istənilən səviyyəyə çatdırmaq mümkündür. Ancaq bu şirkəti idarə edəcək və burada mütəxəssis kimi çalışacaq insanı yetişdirmək üçün isə 10-15 il lazımdır”. Ona görə də müasir dünyanın düşüncə tərzinə görə ixtisaslı işçi bir neçə şirkətə bərabər hesab edilir.
“Bilənlərlə bilməyənləri heç bir-birilərinə bərabər tutmaq olarmı?!”

Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR

Top