İnnovasiya menecmentinin öyrənilməsinə hər şeydən əvvəl onun bir sıra ümumi cəhətlərini nəzərdən keçirməkdən başlamaq lazımdır. Dünya iqtisadi ədəbiyyatında «innovasiya» potensial elmi-texniki tərəqqinin yeni məhsul və texnologiyalarda öz əksini tapması kimi şərh olunur. Müxtəlif alimlər «innovasiya» anlayışını öz tədqiqat obyekti və predmetlərindən asılı olaraq təhlil edirlər.
İnnovasiyanın dərk edilməsinə müxtəlif yanaşmaların təhlili belə bir qənaətə gəlməyə imkan verir ki, innovasiyanın məxsusi məzmunu dəyişikliklərdən ibarətdir və innovasiya fəaliyyətinin və innovasiya menecmentinin əsas funksiyası isə dəyişiklikləri optimal idarə etməkdir.
Müvafiq olaraq, innovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər sahəsində və digər novator fəaliyyətindəki əsaslı dəyişiklikləri»n elmi idarəedilməsi bacarığı kimi başa düşürük.
Y.Şumpeter bu cür dəyişikliklərin beş tipini fərqləndirirdi.
1) yeni texnika yeni texnoloji proseslərdən və ya istehsalın yeni bazar təminatından istifadə edilməsini;
2) yeni xassələrə malik məhsulun tətbiqini;
3) yeni xammaldan istifadə edilməsini;
4) istehsalın təşkilində və onun material-texniki təminatında dəyişikliklər edilməsini;
5) Yeni satış bazarının meydana çıxmasını.
Elmi-texniki innovasiya aşağıdakıları təmin etməyə borcludur:
- yeniliyə malik olmağa;
- bazar tələbini ödəməyə;
- istehsalçıya mənfəət gətirməyə;
Müasir dövrdə innovasiya sahibkarlığı yeni idarəetmə düşüncəsi ilə, səmərəli təsərrüfatçılıq haqqında ənənəvi təsəvvürləri aşılamaqla və böyük bazar orientasiyası ilə bağlıdır. Məhz yeniləşdirmə bacarığı hesabına dünyanın ən yaxşı şirkətləri uğura nail olurlar və «öz sahələrinin digər şirkətlərinə əziyyət verən böhranlara üstün gələrək hər dəfə güclü olurlar»
Yeniliyin yaradılması prosesi daima bərpa olunandır və qeyri-sabit xüsusiyyətlərə malik bazara istiqamətlənir. Bu birincisi, yeni elmi ideyaların və perespektivli məhsulların işlənib hazırlanması axtarışının daima dəstəklənməsini, və ikincisi isə inteqrasiya əlaqələrini saxlamaqla idarəetmə səlahiyyətlərinin maksimum qeyri-mərkəzləşdirilməsinin səmərəli və çevik şəkildə idarə edilməsini özündə ifadə edir.
Firmanın təşkilatı strukturunun layihələşdirilməsi zamanı mueyyənedici rol qeyri-mərkəzləşdirməyə məxsus olmalıdır. Konkret yeniliyin yaradılması prosesinin rəhbəri lazimi səlahiyyətlər və uyğun məsuliyyətlə təmin olunur. Uzun illər ərzində belə hesab edilib ki, elmin və texnikanın inkişafının dəqiq planlaşdırılması proqnozlaşdırılan nəticələrin alınması ehtimalını əhəmiyyətli dərəcədə artırır. Buna əsaslanan mütəxəssislər innovasiya proseslərinin idarə edilməsinin təşkilati sistemini formalaşdırmışlar.
Bu gün menecmentin nəzəriyyəçiləri və praktikləri belə qənaətə gəlirlər ki, bazarda yeni məhsulların çeşidinin və sayının çoxaldılması, həmçinin onların artırılması üçün onların həyat tsiklini ixtisarı ilə əlaqədar olaraq firmada novator ideyaların yüksək sıxlığı vacibdir. İdarəetmənin innovasiya üslubunun tərəfdarları hesab edirlər ki, yaxşı yenilikçilik mühitinin yaradılması üçün həll edici rola firmaların müxtəlif bölmələrində qabaqcıl təcrübənin həvəsləndirilməsi, entuziastlara onların ideyalarının reallaşdırılması imkanlarının yaradılması zəruridir. Bununla yanaşı qeyd etmək lazımdır ki, innovasiyaların yayılması elə bir prosesdir ki onun forması və surəti komunikasiya kanallarının güclü olmasından, informasiyanın təsərrüfat subyektləri tərəfindən qavranılması xüsusiyyətlərindən və s-dən asılıdır. İnnovasiyanın nüfuz etməsi isə yeniliyin kommunikasiya kanalları ilə müəyyən zaman çərçivəsində sosial sistemin üzvləri arasında ötürülməsi prosesidir. Ötürülmənin və diffuziyanın (nüfuzetmənin) vəzifəsi isə informasiya menecmenti kimi hər hansı bir elm sahəsi hüdudlarından nəzərdən keçirilə bilər.
Mənbə: Məmməd Məmmədov Əməliyyatlar menecmenti kitabından