Məhvedici kokteyl və keyfiyyətli benzinin kəşfi

Məhvedici kokteyl və keyfiyyətli benzinin kəşfi

1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel danışıqsız təslim aktını imzalayıb, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatıb. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak edən digər dövlətlərdə qeyd olunur.
Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstəriblər. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb,  30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunublar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazıblar. İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılıb. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərərək cəbhəni və sənayeni yanacaqla təmin ediblər.
Məhvedici kokteyl və keyfiyyətli benzinin kəşfi
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri sayılır. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.
DOSYE: Akademiyanın ikinci prezidenti, bir çox elmi ilklərə imza atmış Yusif Məmmədəliyev 1905-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilən alim müharibə zamanı kimya sənayesi sahəsində etdiyi kəşflərinə görə, birbaşa elmlər doktoru, professor adını almış nadir şəxslərdəndir. II Dünya Müharibəsi zamanı düşmən qırıcılarını məhv edən təcrübəli təyyarəçi zabitlərlə bərabər bu uğuru 3 kimyaçının ayağına yazırdılar ki, onlardan biri də həmyerlimiz idi.
Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı yaradanlardan biri olub. İlk prezidentin Mirəsədulla Mirqasımov olmasına baxmayaraq, Azərbaycanda Elmlər Akademiyasının yaradılması Y.Məmmədəliyevin adı ilə bağlıdır. Belə ki, o zaman Azərbaycanda Elmlər Akademiyasını yaratmaq üçün buradakı elm xadimlərinin siyahısı tərtib olunub onların səmərəliliyi yoxlanılmalı idi. O zaman SSRİ Elmlər Akademiyasının prezidenti maraqlı bir fikir deyir: “Əgər Azərbaycanda heç bir alim olmasa belə, biz tək Yusif Məmmədəliyevə görə bu akademiyanı yaratmağa borcluyuq”.
Respublikada elmin inkişafının bütöv bir dövrü bu alimin  adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan SSR EA-nın akademiki, Rəyasət Heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilib. M.Mirqasımov, M.Topçubaşov, Səməd Vurğun, Şirokoqorov, Yesman, Mikayıl Hüseynov, Mirzə İbrahimovla  bərabər akademiyanın təsisçisi və Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri idi. 1951-54 -cü illərdə Azerbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik-katibi, 1954-58-ci illərdə S.M.Kirov adına ADU-nun rektoru kimi fəaliyyət göstərib.
Məmmədəliyev İLKLƏRİ
O, Azərbaycanda neft kimyasının əsasını qoyub;
— Yüksək oktanlı benzin və “Molotov kokteyli”ni ixtira edib.
— Benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlayıb, bu da II Dünya Müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək edib.
— Tank əleyhinə qarışığın kəşfi – (o vaxt, müharibə dövründə, lap elə müharibədən sonra da çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici “kokteylin” müəllifi Yusuf Məmmədəliyevdir. Deyilənə görə, Azərbaycan KP MK I katibi M.C.Bağırov nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşaraq mayedən bir qədər buxarıya sıçradır. Bu zaman hündür alov qalxır, buxarının oda davamlı kərpicini əridir, metal boruları dağıdır)
— Naftalan neftinin gizli, müalicəvi  məziyyətlərini üzə çıxarır.
— 1950-ci ildə strateji raketlər üçün duru yanacaq yaradır.
Əldən çıxan Nobel
Faşist Almaniyası üzərində SSRİ-nin qələbəsini təmin edən amillər haqqında müharibədən sonrakı illərdə belə danışırdılar: “Müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udmaq mümkün oldu. Akademikin dünya elminə daha bir misilsiz töhfəsi strateji raketlər üçün 1950-ci ildə yaratdığı duru yanacaq idi. Yerin ilk peyki, Qaqarinin uçuşu — bütün bunlar Baki nefti, Azərbaycanın neft kimyası məktəbinin yaradıcısı olan Y.H.Məmmədəliyevin elmdə qəhrəmanlığı və onun həmfikirlərinin fədakar əməyi sayəsində baş tutub.
Amma bütün bunlara baxmayaraq, Yusif Məmmədəliyev XX əsrdə alim üçün uğurun ən yüksək həddi olan Nobel mükafatına layiq ola bilmədi. O, əslində mükafatın astanasında idi. Yalnız yenə erməni məkrliyi Azərbaycan elminin bəlkə də tarixi boyunca əldə edəcəyi ən böyük uğurun üstündən xətt çəkdi.
1942-ci il dekabr ayının 31-də Məmmədəliyevin 37 yaşı tamam olur. Bu məqamda hamı gənc azərbaycanlı alimin elmdə ən yüksək mükafat olan Nobeli qazanacağını düşünürdü. Çünki o, benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlayaraq aviasiyanın yüksək oktanlı yanacaqla təmin edilməsinə nail olmuşdu və məhz bu kəşfin sayəsində 1943-cü ilin qışından II Dünya Müharibəsinin sonunadək İL-2 və La-5 sovet qırıcı təyyarələri havada üstünlüyü ələ keçirmişdilər. Bununla bağlı “Vışka” qəzeti yazırdı:
“Sovet aviasiyasının məşhur qəhrəmanı Pokrışkindən, general Dzusovun igid təyyarələrindən və ya general Osipenkonun qırıcılarından soruşun, havada ağalıq etməkdə sizə kim kömək etdi? Yakovlev, Mikulin və Məmmədəliyev – onlar bir iş gördülər: sovet təyyarəçilərinə hamıdan yüksəkdə, hamıdan uzağa uçmaqda kömək etdilər”.
Bu kəşfdən sonra Məmmədəliyev Stalinin təşəkkürünü alıb, “Lenin” orderi ilə təltif olunub və birbaşa kimya elmləri doktoru alimlik dərəcəsi və professor elmi adı alıb.
1954-cü il noyabr ayının 19-da Yusif Məmmədəliyev digər bir böyük ixtirası ilə dünya elminə yeni töhfə verib. Onun icad etdiyi bərk raket yanacağının köməyi ilə sovet kosmik raketləri atmosferi yarıb orbitə çıxa bilir və ballistik raketlər quyulara endirilib qərb istiqamətinə tuşlanır, dünyada ilk dəfə 1957-ci ilin oktyabr ayının 27-də məhz sovet süni peyki çəkisizlik şəraitinə qalxır.
Bütün bu yüksək nailiyyətlərin yekununda da mütləq Nobel mükafatı gəlməli idi.  Moskva, Leninqrad, Novosibirsk və Bakı elmi dairələri Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyini təklif edirlər. Əslində, Nobel Komitəsinin tövsiyəsinə görə alimlər öz təkliflərini açıqlamamalı, heç bir yerdə müzakirə etməməlidirlər. Hətta namizədin özünün belə bundan xəbəri olmamalıdır. Lakin sovet rejimində bu qaydaya riayət etmək mümkün deyildi. Odur ki, həmin məsələ 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasına müzakirəyə çıxarılır. Baş katib Nikita Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəlirlər. Bu zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxır. MK katibliyinin təqdim etdiyi məktubda sovet ordusunun arxa təchizat idarəsinin rəisi marşal Baqramyan, tank qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu kəşfə dair məlumatın Stokholma göndərilməsini məsləhət görmürlər. Dövlət Təhlükəsizlik Komitəsinin sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, A.Mikoyan çıxış edərək məktubun müəlliflərinə haqq qazandırır və onları dəstəkləyir.
Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmadı.
Akademiyanı belə yaratdı
Akademik Yusif Məmmədəliyev haqqında çoxsaylı elmi və ictimai xadim alimin özünə yaraşan fikirlər deyiblər. Araşdırmanın sonunda elə Məmmədəliyev yolunu davam etdirən bir akademikin onun haqqında dediklərini çatdıracağıq. Amma araşdırma apararkən diqqətçəkən və Y. Məmmədəliyevin şəxsiyyətini, həyat yolunu özündə çox gözəl əks etdirən qısa bir mülahizəyə rast gəldik. Mülahizənin müəllifi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sabiq rəisi Tağı Əhmədovdur. Onun səsləndirdiyi və Məmmədəliyevi lazımınca dəyərləndirən həmin fikrini təqdim edirik:
“1945-ci ildə SSRİ Elmlər Akademiyanın Bakıda filialını yaradanda Moskvadan tökülüşüb gəlirlər ki, görək burada akademiklərdən kim var? İndiki kimi test imtahanı keçirilir. SSRİ Elmlər Akademiyasının prezidenti deyir ki, “əgər burada bircə nəfər akademik olmasa belə, təkcə Yusif Məmmədəliyevə görə burda akademiyanın filialını açmaq lazımdır”. Bax, bu, fəxrdir. O mənada fəxrdir ki, bu sənin millətinin oğludur. Yusif Məmmədəliyevə Nobel mükafatı düşürdü, ixtiralarına görə, oktan benzini yaratdığına görə verməliydilər. Xudpəsənd erməni ömür boyu bizim üçün düşmən olub, düşmən olacaq da. Erməni gəlir deyir ki, “biz o Nobel mükafatını versək, gərək bu elmi kəşfi açıqlayaq, açıqlasaq isə biz uduzuruq”. Aydın məsələydi ki, o vaxtkı SSRİ başbilənləri, Stalin, Mikoyan, Geordadze yığılır bir yerə, konkret olaraq deyirlər ki, “yox, ona mükafat vermək olmaz”. Bu gün ən acınacaqlı şey budur ki, Nobel qardaşlarının Bakı neftindən əldə etdiyi pullar kimlərəsə milyon-milyon paylanır, Azərbaycandan bir nəfər belə, bu mükafata layiq görülməyib”.
Əlindən alınan kəşf — “Molotov kokteyli”
Partlayıcı “Molotov kokteyli” adlanan maddə Vyaçeslav Molotovun adına olsa da, o maddənin əsas tərkibi, belə desək, mahiyyəti Y.Məmmədəliyevin adı ilə bağlıdır.
“Molotov kokteyli”nin içərisinə tökülən qarışıq toluol maddəsini məhz o kəşf edib.
Müharibə zamanı Yusif Məmmədəliyevin fəaliyyəti çoxşaxəli idi. Belə ki, o, təkcə yüksək oktanlı benzin deyil, həmçinin düşməni sıradan çıxarmaq üçün bəzi partlayıcı maddələr də ixtira edib ki, bu ixtiralar da müharibədə SSRİ qoşunları üçün çox gərəkli olub.
Faşist ordusu üzərində Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın – “Molotov kokteyli”nin yaradılmasının da böyük əhəmiyyəti olub. Onun tərkibi Y.Məmmədəliyev tərəfindən toluolun – partlayıcı maddələr üçün xammalın – əldə edilməsi əsasında işlənib-hazırlanmışdı.
Soruşa bilərsiniz ki, bəs bu Molotov kim olub ki, alimin kəşfi onun adını daşıyıb. O zaman SSRİ-nin xarici işlər naziri olan Vyeçeslav Molotovun demək olar ki, bu kəşfdən heç xəbəri də olmayıb. Sadəcə, 1941-ci ildə İngiltərənin baş naziri U.Çörçillə görüşərkən partlayıcı maddə haqqında məlumat verib, onun məziyyətlərindən söz açıb. Elə həmin görüşdəcə Çörçill SSRİ xarici işlər nazirinə deyib ki, bu partlayıcı vasitənin adını sənin şərəfinə “Molotov kokteyli” qoyuram”.
Akademiyanın indiki “Yusif Məmmədəliyev”i
Yusif Məmmədəliyev iki dəfə ayrı-ayrı vaxtlarda akademiyanın prezidenti seçilıən yeganə alimdir. O, birinci dəfə 1947-51, ikinci dəfə 1958-61-ci illərdə Azərbaycan SSR EA-na rəhbərlik edib. Akademiyada prezident kimi fəaliyyət göstərdiyi zamanlar yüksək təşkilati qabiliyyəti ilə seçilib. Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzinin əsasını qoyub.
Bütün bunlarla yanaşı, Məmmədəliyevin akademiyada gördüyü ən əsaslı iş 3 institutu birləşdirərək onların əsasında Neft və Kimya Prosesləri İnstitunun əsasını qoyması olur. Bu institutun yaranması ilə əslində Azərbaycanda neft-kimya sənayesinin formalaşmasına start verilir. Məmmədəliyev kimya ilə sənayenin sintezini yaradaraq nəzəriyyə ilə praktikanın birliyində xeyli uğurların müjdəçisi olub. Hazırda həmin institut onun adını daşıyır. Akademiyanın ən qədim müəssisələrindən olan Neft və Kimya Prosesləri İnsititu bu gün də həm elmi, həm də sənayə istiqamətində bir çox nailiyyətlər əldə etməkdədir. İnstitutun direktoru akademik Vaqif Abbasov da  AzEdu.az-a Yusif Məmmədəliyevi dəyərləndirərkən bunları deyib:
“Yusif Məmmədəliyev dünyanın qəbul etdiyi ən böyük alimlərdən biridir. Azərbaycanda kimya elminin və sənayesinin banisidir. Elm təşkilatçılığı sahəsində bənzəri olmayan bir alimdir. Gənc alimlərə diqqət yetirmək mənasında fenomenal bir insandır. Neft kimyasının Azərbaycanda əsasını qoyub. Kimya sənayesində təşkilatlanma işini çox böyük ustalıqla yerinə yetirib. Üç kimya institutunun əsasında Neft Kimya İnstitutunu yaratmaqla çox yüksək səviyyədə elmin sənaye ilə əlaqəsini təşkil edib. Neft Kimya İnstitutunun bütün uğurları həmin o birləşmə ilə bağlıdır. Dünya onun kəşflərini qəbul edirdi. İkinci Dünya Müharibəsində qələbənin qazanılmasında onun kəşflərinin rolu xüsusilə böyükdür”.
Akademik Vaqif Abbasov fikirlərini belə yekunlaşdırıb: “Əslində deyirlər ki, müharibəni Bakı neftinin hesabına qazandılar. Elə deyil. Müharibəni Bakı neftini səmərəli tətbiq edən Yusif Məmməsəliyevin hesabına qazandılar”.
 
 
Mənbə: azedu.az
Top