M.Ə.Rəsulzadə dünyanın məşhur filosofları haqqında

M.Ə.Rəsulzadə dünyanın məşhur filosofları haqqında

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin irsi çox zəngin və hərtərəflidir. Əsərlərindən məlum olur ki, görkəmli siyasətçi həm də dünya filosoflarını ciddi mütaliə etmiş və maraqlı fikirlər söyləmişdir.Bu məqsədlə onun 1928-ci ildə nəşr etdiyi “İxtilalçı sosializmin iflası və demokrtaiyanın gələcəyi” əsərindən bəzi hissələri oxuculara təqdim edirik.
“Dünya cənnəti” məfkurəsi M.Ə.Rəsulzadə
“18-ci əsrin sonlarında və 19-cu əsrin ibtidalarında zühur edən, bir tərəfdən Russo, Kant və Hegel, digər tərəfdən də Kont, Spenser və Marks kibi filosoflar bəşəriyyətə yeni ümidlər nəfx etdilər. Müxtəlif nəzəriyyələr, çox kərə mütəzad sistemlər müdafiə edən bu filosoflar müasirləri üzərində icra etdikləri dərin təsirlərlə fikirlərdə “dünya cənnəti”nə aid bir qənaət doğurdular. Professor Novqorodtsevin təsnifinə görə bunlar əvvələn qane idilər ki: mümtaz bir qismi şəklində olsa belə, insaniyyət kəndi mövcudiyyətinin məsud və mövud dövrəsinə yaklaşıyor və saniyən: insaniyyəti tarixin bu son səadətli mərhələsinə yetirəcək ecazkar sözlə, xilaskar sistem kəndilərinə məlumdur.
Russo bəşəriyyətin daha məsud günlərə irəcəyini sərahətlə söyləməmiş isə də, onun nəşriyyatı böylə bir etiqada səbəb olmuşdur. Russonun peyğəmbəranə dəvətləri bəşəriyyəti əsarət və yalan zəncirlərindən qurtaracaq yeni bir kitab təşkil ediyordu. Məlum olduğu üzrə Russo, insanın əvvəlcə daha hürr və təbii bir həyat yaşadığına qane idi. Əvvəlcə mövcud olan bu təbii halı yenidən qanuniləşdirmək mümkünmüdür? sualına o, “bən bu məsələyi həll edə bilir ümidindəyim!” deyə cavab veriyordu. Filosofun bu cəsur cavabı yeni siyasət kitabının mütədəyyinlərinə can və iman veriyordu. “Xalq hakimiyyəti” nəzəriyyəsi bu dinin sərih və parlaq bir ifadəsi idi.
Kanta görə “əbədi sülh boş bir fikir deyildir”. Filosof bəşəriyyəti bu məqsədə götürən amillərin getdikcə məqsədə yaklaşdıqlarını iddia ediyor.
Bəşəriyyətin yanaşacağı nicat sahili Kanta görə daha çox uzaqda isə də, Hegelə görə bu, ən yaxın bir zamanda hüsul bulacaq bir nemətdir. Dövlət, Hegelcə insan qüvvətlərinin ən böyük təəzzüvüdür. Məqsədə irmək üçün əql ilə xüsusi mənfəətlər və ehtiraslar arasında şiddətli bir mücadilə vardır. Fəqət bu mücadilə – filosofca – nəhayətə irmiş, arada etilaf hasil olmuş, “dövlət, əqlin bir ifadə və şəniyyəti halına gəlmişdir”. “Bizim aləm” ilə “günlərimiz” “tarixin son mərhələsidir”. Hegelcə, bəşəriyyət həddi-büluğuna irmişdir. Allahlıqla insanlığın, afaqiliklə ənfəsiliyin etilafı bu büluğun fəlsəfi ifadəsidir. Bunun əməli müməssili isə müasir hökumətdir. O hökumət ki, “fərdə şəxsi təkamülünü təmin etməklə bərabər cəmiyyətin vəhdətini də təmin ediyor”. Fərd ilə cəmiyyət etilaf ediyorlar.
Başqa əsaslar və ifadələrlə olsa da, Kont dəxi bəşəriyyətin istiqbalını eyni qətiyyət və nikbinliklə təbşir eləmişdir. Müsbət fəlsəfənin müəssisi “bəşəriyyətin mümtaz qismi təbiətə ən ziyadə uyan ictimai intizam dövrünün hüluluna yanaşmaq üzrə bulunuyor” deyə müntəzirləri təsəlli etməkdədir. Bunun üçün filosof hər şeydən əvvəl, fikir və mühakimələrin fünuni-müsbətə əsası üzərinə tövhidini tələb ediyor; fikir və mühakimələrdəki anarşiyi bərtərəf etməyə lüzum görüyordu. Konta görə bəşəriyyət Russo, Kant və Hegeldə olduğu kibi hüququn mütəkamil şəkillərini tətbiq etməklə deyil, elm və fənnin sözgötürməz həqiqətlərinə tabe olmaqla nicat bulacaqdır.
Təkamül nəzəriyyəsinin müməssili olan Spenser belə əsrinin hakim fikri bulunan ictimai nikbinliyə həqq vermişdir. Spensercə də “tərəqqi bəşərin bütün ehtiyaclarını təmin edəcək bir dərəcəyi bulacaqdır. Filosofa görə xudkamlıqla digər kamlıq arasındakı mücadilə göründüyü kibi daimi deyildir. Cəmiyyətdəki tərəqqi sayəsində bir gün gəlir, bu mücadilə tamamı ilə zail olur. Ən uzaq bir zamanda olsa da bəşəriyyət ahəng və intizam dünyasına girə bilmək imkanı ilə məsuddur.
Təbii inkişafın eyni ahəng və intizamla nəticəpəzir olacağı fikri Marks nəzəriyyəsinin də əsasını təşkil edir. Təkamül nəzəriyyəsi Spenser kibi Marksı da günün birində zərurət dünyasının hürriyyət aləminə təbəddül edəcəyi etiqadına gətirmişdir. Ona görə bir gün gəlir ki, “qəsblər qəsbə uğrarlar”. Bu qəsb kapitalizmdə mövcud təbii qanunların inkişafı ilə, kəndi-kəndinə hasil olur. İstehsal məhdud əllərdə birikir; bir sərmayədar bir çoxlarını əzir, meydandan çıxarır. Sərmayədarların azalmasilə səfalət çoxalır; istismar müdhiş bir şəkil alır; digər tərəfdən əmələnin canı acır, müqaviməti artar. Nəhayət, sərmayənin bir mərkəzdə birikməsi cəmiyyətin əksəriyyətlə əmələ halına keçməsi təzadı son dərəcəsinə gətirir. Siyasi məhfəzə iqtisadi təzyiqə davam gətirəməz. Kapitalizmin son dəmi gəlir, “qasiblər qəsbə uğrarlar”. Bu inqilab vüqu bulduqdan sonra dünya dəyişir. İnsanlar “zərurət dünyasından hürriyyət səltənətinə” keçərlər. “Hürriyyət dünyasında” isə insanlar maddi zərurətlərini rəf üçün deyil, mənəvi arzu və zövqlərini tətmin üçün çalışırlar; cəmiyyət, istehsal alatına sahib olmaqla, əvvəlcə məhkum bulunduğu şərait və mühitə şimdi hakim olur. Fərd ilə cəmiyyət yekdigərinə qovuşur; mücadilə və təzad meydandan qalxar. Hürr, ahəngdar, mövzun və zərurətsiz bir dünya vücuda gəlir. Sosializm təhəqqüq edir, bir kəlmə ilə dünya cənnət olur.
Lassaliyanizm
Lassala görə əsaslı qanunlar cəmiyyət içindəki ictimai siniflərin bilfel haiz olduqları qüvvət və iqtidarın həqiqi təvazinini təsbit edən vəsiqələrdir. Bu düşünüşü ilə o, Russonun “ictimai müqavilə”sindən mülhəm olduğu kibi, əmələyə xitabən söylədiyi bir nitqində Hegelin dövlət həqqində bəslədiyi idealistik görüşlərə də tərcüman oluyor, Bernşteynin  bir ifadəsinə görə adəta Fixtenin ağzı ilə söylüyordu; o diyordu:
“Tarix, əfəndilər, insanın təbiətlə mücadiləsindən ibarətdir. Təbiət denilən şey ehtiyac, fəqr, zərurət, cəhalət, zəf və sairədən ibarətdir. İnsan tarixə ilk girdiyi sıralarda təbiətə qarşı çox zəif idi. Bu zəfin getdikcə azalmasına mətuf olan hərəkət hürriyyətin inkişaf və tərəqqisi deməkdir ki, tarixin ifadəsi də odur. Bizlərdən hər hankımız kəndi başına hərəkət etmiş olsaydı, bu mücadilədə qətiyyən müvəffəq olmazdı; nitəkim şimdi də olmuyor və iləridə də olamaz. Hürriyyəti inkişaf etdirmək, növi-bəşəri hürriyyət yoluna sövq etmək işi dövlətə düşər bir vəzifədir. Dövlət fərdlərin mənəvi vəhdətdə birikmiş bir məcmuidir, öylə bir vəhdət ki, fərdin qüvvətini milyonlar dəfə artırır; fərdin kəndi başına çıxaracağı müəyyən qüvvəti milyonlar dəfə artdırır. Dövlətin vəzifəsi yalnız fərd ilə mülkiyyəti müdafiə etmək deyildir. Onun vəzifəsi biləks, fərdin təkbaşına hasil edəmiyəcəyi şeyi fərdlərin birləşdirilməsi ilə hüsula gətirməkdir. Dövlətin vəzifəsi insanın təbiətindəki müsbət xassələri tərəqqi etdirməkdir. Digər təbirlə, insanın şəni həyatdakı vəzifəsini təhəqqüq etdirməkdir. Dövlətin vəzifəsi növi-bəşəri hürriyyətə alışdırmaq, onu bu yolda tərbiyə etməkdir”.
 

Müəllif: Nəsiman Yaqublu, professor “Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri
Mənbə:azedu.az
Top