Cümhuriyyət parlamenti müəllimləri əsgərlikdən niyə azad etmişdi?

Cümhuriyyət parlamenti müəllimləri əsgərlikdən niyə azad etmişdi?

İndi təqdim edəcəyimiz yazıda isə müzakirə obyekti yenə də müəllimlərdir. Müzakirə 1919-cu ilin 17 aprelində, parlamentin sayca 30-cu iclasında aparılır. Orada müəllimlərlə bağlı deyilən bir neçə maraqlı təklifləri diqqətinizə çatdırırıq.
Qeyd edək ki, materialda natiqlərin dil və üslubu qorunub. İşlətdikləri bəzi ərəb-fars mənşəli sözlər orijinala xələl gəlməsin deyə saxlanılıb. Materialda Azərbaycan Cümhuriyyəti Parlamentinin stenoqramları (I və II cild), Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası və enter.news saytının materiallarından istifadə edilib: Rəis — Həsən bəy Ağayev. Katib — Mehdi bəy Hacınski.
İclas saat 12.15 dəqiqədə açılır. Bugünkü Ruznameyi-müzakirat divanirəyasət tərəfindən böylə tərtib olunmuşdur.
1.Daxil olan ovraq: o cümlədən:
a-Daxiliyyə nəzarəti tərəfindən təqdim olunmuş Salyan qışlamaları təmiri üçün istida olunan məbləğ xüsusunda layiheyi-qanuniyyənin eyni nəzarətə təshih və müəyyən eləmək üçün ədası; b-Ləvazimat komissiyonunun parlaman üzvləri məaşının təzyidi haqqında layihəsi; p-Ziraət və əmlak nəzarəti tərəfindən gələn layihədir; Nuxa şəhərində Nuxa-Yevlax şose yolunu (Kiş) çayının daşcığından mühafizə etməkdən ötəri mövcud olan daş və çivirdən mürəkkəb səddin təmiri üçün lazım olacaq məbləğ haqqında layiheyi-qanuniyyə; t-sabiq parlaman üzvü Bağır Rzabəyovun istidası; s — "Əhrar" fraksiyonunun bəyannaməsi.
2) Mükələfiyyəti — əksəriyyətdən məarif, yaxud sənət cəhətilə azad olunması haqqında imtiyazat qanun təvassön xüsusundakı layiheyi-qanuniyyənin üçüncü qəraəti.
3) Şimali Cəbəlyun hökumətinə 30 milyon qərz buraxılması layihəsi;
4) Kür nəhri sahillərində səddlərin inşası üçün müəyyən məbləğin buraxılması haqqında layiheyi-qanuniyyə.
Buna əlavə etmək istəyirəm ki, ziraət nəzarətindən gələn layihə, maliyyə və büdcə komissiyonuna göndərilir. Ləvazimat komissiyonundan təqdim olunan layihədə gedir eyni komisyona. Bunu da ərz edirəm ki, gələn pəncşənbə günü parlaman qurucularının məvaciblərinin təzyidi xüsusunda başqa bir layihə gələcəkdir. İcazə versəniz, parlamana gəlmədən bir baş maliyyə və büdcə komissiyonuna göndərəm ki, ikisi də bir yerdə müzakirə olunsun. Rza Bağırovdan gələn kağız bu məzmundadır. (Katibə). Oxuyun.
Cümhuriyyət parlamenti
Katib oxuyur.
“Azərbaycan Məclisi-Məbusanı rəyasəti-alisinə". Sabiq Məclisi-Məbusan əzası Bağır Rzayev tərəfindən.
Möhtərəm əfəndim Həzrətləri! Acizləri Məclisi-Məbusan açıldığından yanvar ayının 21-nə qədər keçmiş seym əzası olduğum kimi Məclisi-Məbusan əzalığında da qalaraq Türklər Qafqazyadan çəkildikdən sonra İrəvandan Naxçıvana çəkilməyə məcbur oldum. Ermənilər ilə Naxçıvan Şərur islamları arasında dəvam etməkdə olan hərb qarışıqlığına məruz olubda, böyük bir müşkilat qarşısında qaldım. Və heç bir vəsilə ilə Bakıya Məclisi-Məbusana gəlməyə müvəffəq olamadım.
Hətta Məclisi-Məbusanın açılmasına dair də heç bir məlumata da dəstrəs olmadım. Bunun üçün naqabil şu səbəblərdən naşi gələmədiyimi nəzərə alaraq hüquqi şəxsiyyəmin müdafiə edilib də sabiq əzalıq yerimin təkrar kəndimə verilməsini Məclis əzayi-möhtərəməsindən rica və istirham eylərəm.
Bağır Rzayev
Rəis — Divani-rəyasət təklif edir ki, bu istida mandat komissiyonuna verilsin. Etiraz yoxdurmu?
Səslər — Etiraz yoxdur.
Rəis – “Əhrar” fraksiyonunun bəyannaməsini oxuyun.
Katib — Oxuyur:
El fraksiyası “Əhrar” tərəfindən Azərbaycan parlamanına məruzədir. İşbu insanın 14-dəki parlaman iclasında yeni kabinə təşkili haqqında “Əhrar” fraksiyası özündən asılı olmayan səbəblərdən naşı öz nöqteyi-nəzərini söyləyəmədiyindən hökumətə etimad məsələsi səsə qoyulduqda bitərəf qalmağa məcbur olmuşdu.
Vətənin hər yerində hökumət mexanizmasının hər şöbəsində pozğunluq, nizamsızlıq, başsızlıq və rüşvətxorluq tabe hal hökm-fərman olduğundan, yollarımızın təmiratına layiqincə iqdam edilmədiyindən, torpaq məsələsinin həlli üçün heç bir tədbir görülmədiyindən, ədliyyə işlərimiz nizam altına alınmadığından, məktəblərimiz, mədrəsələrimiz fəna hallar keçirdiyindən; maliyyə, ərzaq, poçta-teleqraf işlərimiz təmamilə yoluna qoyulmadığından aşkardır ki, sabiq hökumətin verdiyi vədlər əncampəzir olmamışdır. Yeni hökumətin verdiyi vədlər sabiqki kimi kağız üzərində qalmayıb qövldən-felə köçəcəyinə ümid edərək ona məzahirat edəcəyimizi vəd edirik.
Siyasətimizin əhəmiyyətini və incəliyini dərk edən fraksiyamız kabinə təşkilini təzirə uğratmamaq üçün iştirakindən vəz keçmiş idisə də biləxərə rəisivükəla cənablarının rəy və cənabi üzərinə kabinəyə dəvət olunan Qardaşov cənablarının iştirakinə də fraksiyamız mane deyildir.
Sədr: Ə. Əfəndizadə
Katib — Ruscaya tərcümə edir.
Rəsulzadə M. Ə. (yerindən) — Tərcümə nə lazım.
Katib oxuyur.
«Azərbaycan Məclisi-Məbusan rəyasəti alisinə 1919 sənəsi aprelin 14 tarixli “Əhrar” fraksiyasının qətnaməsi surəti. Məclisi-Məbusan rəyasətinə bəyan olunur ki:
1-ci maddə: Məclisi-Məbusanda söylənən rusca nitqlər türkcəyə bahəmeynhal tərcümə edilməlidir.
2-ci maddə: Məclisi-Məbusan nizamnaməsi təshihi ilə təb etdirilib, sərihən fraksiyalara verilsin.
3-cü maddə: Məclisi-Məbusan müzakirələrində rusca müzakirə davam etdiyi müddətcə fraksiyalarımız nümayəndələri komisiyonlarda iştirak etməyəcəkdir. Sədr Ə. Əfəndizadə.”
Rəis - Bu xüsusda divani-rəyasiyyənin rəyi belədir. Əvvəlimincisi nakaza aiddir ki, rusca danışılmış nitqlər türkcəyə tərcümə edilsin. Nakazda dil xüsusunda bir şey yazılmamışdır. Ona görə də nakazın təğyiri-təbdilinə aid olduğu üçün komissiyona verilməlidir. Keçən dəfə məlumunuzdur ki, elan olundu ki, nakaz komisyonu işlərini bitirdiyindən ləğv olunur. İndi təzədən ayrı bir komisyon seçilməsi lazımdır ki, əlavə maddələrə baxıb işləsinlər.
İki son maddələr xüsusunda divani-rəyasət bir şey söyləməz. Bunu nəzərdə tutun və özünüz etilafə gəlin. Növbəti məsələyə keçmədən rica edirəm ləğv olunmuş fəhlə komisyonu əvəzinə təzədən komisyon seçəsiniz. Çünki fəhlə komisyonu üzvləri üç dəfə iclasa gəlməmişlər və nakaza görə də bir komisyon üzvləri üç dəfə iclasa gəlməsələr 23-cü maddəyə görə o komisyon ləğv olunur. İclasın axırında qapalı olaraq yeni komisyon seçək.
Növbədəki məsələ mükələfiyyatı-əsgəriyyə qanun layihəsinin 3-cü qəraətidir. Məruzəçi Musa bəy Rəfiyevdir.
Katib — Üçüncü qiraətə iqdam olunur. (Birinci maddəni türkcə, rusca oxuyur).
Rəis — Əvvəlinci maddə xüsusunda kim danışmaq istəyir. Söz istəyən yoxdur. (Rusca). Hər kəs əvvəlinci maddəni qəbul edir, əlini qaldırsın. (Əllər qalxır). Sayın! Rica edirəm əllərinizi aşağı salmayasınız. Lehinə 34. Əvvəlinci maddə əksəriyyət ilə qəbul olunur. İkinci maddəni oxuyun!
Katib — İkinci maddəni türkcə, rusca oxuyur.
Rəis — İkinci maddə xüsusunda kim danışmaq istəyir. Yoxdursa səsə qoyuram. Hər kəs 2-ci maddəni qəbul edirsə, əlini qaldırsın. (Əllər qalxır).
Əksəriyyət ilə qəbul olunur. Üçüncü maddəni oxuyun!
Katib — Üçüncü maddəni türkcə, rusca oxuyur.
Rəis — Qurtardınız!
Katib — Bəli.
Rəis — Üçüncü maddəni kim qəbul edir, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). 3-cü maddə əksəriyyət ilə qəbul olunur. 4-cü maddəni oxuyun!
Katib — 4-cü maddəni türkcə, rusca oxuyur.
Rəis — 4-cü maddəni səsə qoyuram. Kim 4-cü maddəni qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). 4-cü maddə əksəriyyət rəylə qəbul olunur. 5-ci maddəni oxuyun!
Katib — 5-ci maddəni türkcə, rusca oxuyur.
Rəis — 5-ci maddəni qeydi ilə səsə qoyuram. Kim 5-ci maddəni qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). 5-ci maddə qeydi ilə qəbul olunur. Dalını oxuyun!
Katib — Daha yoxdur.
Rəis — Qurtardı?
Katib — Bəli!
Rəis — Layiheyi-qanuniyyəni tamamən səsə qoyuram. Hər kəs layiheyiqanuniyyə təmamən qəbul edir isə əlin qaldırsın. (Əllər qalxır) Layiheyi-qanuniyyə təmamən qəbul olunur. Bu layihə təshihiyyə komissiyonuna veriləcəkdir.
Növbədəki məsələ cəbaliyyun hökumətinə 30 milyon faizsiz qərz verilməsi layihəsidir. Məruzəçi Musa bəy Rəfiyev — Şimali Kavkaz hökuməti bizə müraciət edib...
Muxtar Əfəndizadə (yerindən) — Bir şey bilmək istədim...
Rəis (məruzəçiyə) — Müsaidə buyurunuz. (Muxtar Əfəndizadəyə nə buyurursunuz).
Muxtar Əfəndizadə (yerindən) — Bilmədim müəllimlər məsələsi nə cür oldu...
Rəis — Qanun keçdi.
Muxtar Əfəndizadə (yerindən) — Bilmədim müəllimlər əvvəlinci qanun üzrə qalır...
Rəis — Onlar əsgərlikdən azaddırlar. (Məruzəçiyə) buyurunuz.
Rəfiyev — Şimali Qafqaziya hökuməti Azərbaycan hökumətinə müraciət edib 30 milyon faizsiz qərz istəyir. Bu barədə varid olan layihəni büdcə-maliyyə komisyonu müzakirə edib və Dağıstan hökumətinə müavinət lazım olduğunu nəzərə alıb dəyişiksiz qəbulunu rica edirəm. Layihə üç maddədən ibarətdir: (Oxuyur)
  • 1-1919 sənəsinin fövqəladə smetasına salınaraq Şimali Qafqaziya İttihadi-Cəbaliyyun cumhuriyyəti hökumətinə otuz milyon rüblə faizsiz qərz vermək üçün maliyyə nazirinə izn verilsin.
  • 2 — İttihadi Cəbaliyyun cumhuriyyəti hökuməti Azərbaycan hökuməti ilə birlikdə para çıxarmaq haqqında saziş əmələ gələrsə, məzkur qərz, birlikdə para buraxıldıqdan sonra ödəniləcəkdir.Birlikdə ümumi para buraxılmaq haqqında xüsusi saziş olmazsa ittihadicəbaliyyun cumhuriyyəti kəndisinə verilmiş borcu iki il müddətində aşağıdakı qayda üzrə üç növbədə verilməlidir.1 — On milyon qərz, verildiyi gündən bir il sonraya qədər. 2 — On milyon, bir il altı ay sonraya qədər. Baqisi iki il sonraya qədər ödənməlidir.
  • 3 — İttihadi Cəbaliyyun cumhuriyyəti hökumətinin vəkilinə qərz verilənə kimi onun ödənilməsi haqqında işbu layiheyi-qanuniyyənin 2-ci maddəsində göstərilən şərtlər ilə müqavilə bağlamaq maliyyə nazirinə tapşırılsın». Maliyyə büdcə komissiyonu bu layihəni bu surətdə qəbulunu parlamandan rica edir.
Rəis — Kim danışmaq istəyir: vərəqə ilə bildirsin.
Rəsulzadə M. Ə. (yerindən) — Bu barədə danışmaqdamı lazımdır?
Rəis — Söz istəyən yoxmu?
Səslər — Yoxdur, səsə qoyun.
Rəis — Onda səsə qoyuram. Layihəni maddəbəmaddə səsə qoyuram.
Katib — Birinci maddəni oxuyur.
Rəis — Birinci maddəni qoyuram səsə. Hər kəs birinci maddəni qəbul edirsə, əlini qaldırsın. (Əllər qalxır). Birinci maddə əksəriyyət səs ilə qəbul olunur.
(Katibə) İkinci maddəni oxuyun!
Katib — İkinci maddəni oxuyur.
Rəis — İkinci maddəni səsə qoyuram. Hər kəs ikinci maddəni qəbul edirsə, əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət səs ilə qəbul olunur. (Katibə) Üçüncü maddəni oxuyun!
Katib — Üçüncü maddəni oxuyur.
Rəis — Üçüncü maddəni səsə qoyuram. Hər kəs üçüncü maddəni qəbul edirsə, əlini qaldırsın. (Əllər qalxır). 3-cü maddə əksəriyyət səs ilə qəbul olunur.
Layihəni tamamən səsə qoyuram. Hər kəs layihəni komisyon qəbul elədiyi kimi qəbul edirsə əlini qaldırsın. (Əllər qalxır). Layihə təmamən qəbul olunur. Keçirəm növbədəki məsələyə. Növbədəki məsələ Kür nəhri sahillərində səddlər inşası üçün məbləğ buraxılması haqqında layiheyi-qanuniyyədir.
Məruzəçi Əbuzər bəy Rzayev.
Rzayev — Möhtərəm məbuslar! Özünüzə məlumdur ki, seylab vaxtı Kür çayı daşıb çox zərərlər verir. Cəmaətin əkinini və malını məhv eləyir. Əlbəttə, hökumətin borcudur buna bir çarə etsin, məsələn mühəndislər göndərsin. Proje hazırlasın. Milyonlar ilə pul buraxıb bu fəlakətin önünü alsın. Fəqət, hələlik bunların həpsini etmək mümkün deyildir. 90-cı ildə Kür nəhri daşıb xalqa nəhayət dərəcə böyük zərər yetirmişdir. O vaxt Rus hökuməti tələsik bir layihə qayıraraq cəmaətin zəhmətindən istifadə edərək çay boyu torpaq tökdürməyə başladı. Haman layihəyə görə 90 min sajın torpaq tökülüb sədd qayrılmalı idi. Fəqət, iş qurtarmamış iğtişaş düşüb 70 min sajin torpaq töküldükdən sonra cəmaət dağıldı.
Və iş yarımçıq qaldı. İcarədar işdən əl çəkdi. Amma o vaxt bir neçə xatalı yerlər sədsiz qaldı. Ona görə də sonradan hökumət öz xərcilə oraları düzətməyə başladı. Fəqət, yenə başa vurulmadı. Belə ki, cümlətanı 324 sajin torpaq töküldükdən sonra iş yenə yarımçıq qaldı. İndi iki ildir ki, haman işlərə bilmərrə qulaq asan olmur. Yağış yağır, sədlər xarab edilir. Böyləliklə, təzəsi qayrılmadığı halda, qayrılmış olanı da sökülüb dağılır. Şimdi bu səddləri təmir etmək lazımdır. Yenidən təmir ediləcək olan yer təqribən 7 verstə qədərdir ki, burada cümlətana 362 sajin torpaq tökülməlidir. Təxminən hər sajinə bir fəhlə lazımdır. Fəhlənin gün muzdu 20 manatdan hesab edildikdə cümlətana 500 min manat lazım olur. Bundan əlavə texniçeski nadzor dəxi lazımdır ki, bunun xərci təqribən 3 faiz götürülüb, onun da məsarifi hesab edildikdə cümlətan yekun 641 min manat lazım olur. Nəzarət bu xüsusda Məclisi-Məbusana tələsik bir qanun layihəsi təqdim etmişdir. Maliyyə komisyası məzkur layihəyə baxıb heç bir irad tapmayaraq təmamilə qəbul etmişdir.
Qanun layihəsidə budur. (Oxuyur)
Maliyyə büdcə komissiyası bu layihənin qəbulunu və ziraət naziri binagüzarlığına 641 min manat buraxılmasını təklif edir.
Rəis — Bu barədə kim danışmaq istəyir. Söz Sultan Məcid Qənizadənindir.
Qənizadə Sultan Məcid — Əlbəttə, Kürün daşmasından çox böyük zərər hasil olur. Şübhəsiz bu xüsusda təşəbbüs edib sədd çəkmək lazımdır. Çünki əhalinin mənfəəti gərək gözlənilsin. Amma əsl mətləb buradadır ki, gərək daşğının vaxtı keçibdir. Həmişə daşğın təqribən aprel ayının əvvəllərində olurdu. Bəzi illər əbəda daşmaz idi. Şimdi bu vaxtadək daşmayıb və bu yazın olacağında gözlənilmir.
Daşğının vaxtı keçibdir. Ona görə də sədd üçün 400 min manat buraxmaq nahaqdır. Çünki pul hədər gedər. Binaən-ileyh, mən bu layihənin qəbulunu lazım bilmirəm.
Rəis — Söz Mustafa Mahmudovundur.
Mahmudov Mustafa — Məruzəçinin dediyi kimi Kür sahilindəki səddlər neçə ildən bəridir ki, qayrılmır. Fəqət, axır vaxtlar şuluxluq olduğuna görə oraya heç fikir verilməyib, qulaq asılmayıb. Mən zənn edirəm ki, bu barədə heç danışmaq olmayacaq. Amma bizə indi deyirlər ki, lazım deyil, çünki vaxt keçibdir. Fəqət, bu doğru deyil. Çünki çayın daşmağı hələ bundan sonradır. Kür hələ daşğın halına gəlməyibdir və biləns bu il daha yaman daşğın gözlənilir. Bir də hökumət qabaqcadan bu barədə sərəncamda bulunmuşdur. Hətta səddin təmirinə 200 min manat buraxmışdır.
Bu ümid ilə ki, bu layihə qəbul edildikdən sonra haman kreditdən o 200 min manat dövlət xəzinəsinə qaytarılacaqdır. İş çoxdan başlanıbdır. Mən təklif edirəm, başlanmış iş yarımçıq qoyulmasın.
Və layihə qəbul edilib istənilən pul buraxılsın.
Söz Sultan Məcid Qənizadənindir.
Qənizadə Sultan Məcid — Görünür ki, iş başlanıbdır. Əgər belə isə əlbəttə, lazımdır pul buraxılsın. Ancaq mən iltimas edirəm. Layihə oxunanda ətraflı məlumat verilsin. Tainki natiq işə yaxşı bələd olsun. Şimdi mən deyirəm ki, pul buraxmaq lazımdır.
Rəis — Söz Hacı Hüseyn Əfəndizadənindir.
Əfəndizadə — Kür sahilinə əlbəttə, sədd çəkmək lazımdır. Bunun üçün 641 min manatın buraxılması fərzdir. Fəqət, mən təklif edirəm ki, bu pul buraxılanda kəndlərə təqsim olunsun. Çünki pul buraxılır, əmma dəsyatnik və sairələri öylə adamlardan olur ki, cəmaəti pulsuz iməci işlədirlər. Pul da qalır bəzi adamların cibində.
Rəis — Bu barədə daha kim danışmaq istəyir, yoxdursa, səsə qoyuram. Hər kəs layihənin komissiya təklif etdiyi kimi qəbuluna tərəfdardırsa, əlini qaldırsın.
(Əllər qalxır). Deməli layihə əksəriyyətlə qəbul alunur.
Ruznaməyi-müzakirət bitmiş olduğundan iclası qapayıram.
İclas saat 1-də qapanır.
 
 
Mənbə: azedu.az
Top