“Onun çöhrəsi indiki kimi gözümün qabağındadır. Ah, necə gözəl, necə alicənab, necə namuslu, necə halal adam idi Yusif… Heyif Yusifdən,çox heyif! Necə istiqanlı, necə mehriban, necə zəkalı oğlan idi...Yusif o qədər nurlu, o qədər şən adam idi ki, qapıdan girəndə elə bil evimizin işığı artırdı”. Professor Şövkət Məmmədova.
Gənc ictimaiyyətimiz Y.V.Çəmənzəminlini daha çox istedadlı yazıçı kimi tanıyır, o isə həm də bacarıqlı siyasi xadim, mahir diplomat, qabiliyyətli publisist, bir sözlə, fəal vətəndaş olub. Təxəllüsü atasının doğma kəndi olan Çəmənzəminin (Cənubi Azərbaycan) adı ilə bağlıdır. ( Başqa və daha dəqiq hesab olunan versiyaya görə, təxəllüs Çəmənzəmin kəndindən Şuşaya gəlmiş 3 qardaşın şərəfinə qəbul olunub).
Qardaşlar Cənubi Azərbaycanın Çəmənzəmin kəndindən aclıq
əlindən baş götürüb Şuşaya gəlmişdilər. Məşədi Mirbaba onlara əl tutmuş, öz həyətində sığınacaq verib himayəsinə almışdı. Onlar ailədə 3 qardaş olublar. Amma heç birinin məzarı yoxdur. Özü sürgündə-Nijni Novqorod həbs düşərgəsində vəfat etdiyi üçün harda dəfn olunduğu bilinmir. Qardaşlarının biri Parisdə, digəri Şuşada basdırıldı. Yəni,bizim üçün heç birinin məzarı yoxdur.
Çəmənzəminlinin son məktubu: “Əli və Nino”nu necə qorumaq istəyirdi?
Yusif Vəzir Çəmənzəminli Sibirə sürgün ediləndən sonra Bakıda qalan ailəsi çox əziyyət çəkir. Məcburiyyət qarşısında qalıb bir neçə dəfə yaşadıqları evi dəyişməli olurlar. Bakıda ilk açdıqları qapı isə Yusif bəyin xanımı Bilqeyisin anası Kiçikxanımın yaşadığı ev olur. Kiçikxanım Yusif Vəzirin əlyazmalarını özünün sandığında gizləyir. Yusif Vəzir məktublarını “sizin Əli” imzası ilə yazırdı.Yazıçının oğlu Orxan Vəzirov atası ilə bağlı yazdığı xatirələrində Yusif Vəzirin bu imza ilə məşhur “Əli və Nino” əsərinə işarə etdiyini bildirib. “Əli və Nino”nun müəllifliyi isə artıq yetmiş ildən çoxdur ki, həll olunmamış qalır. Amerikalı B.Bleyer əsəri Y.V.Çəmənzəminliyə aid etmək üçün 101 ehtimal irəli sürür.
Cümhuriyyət və Yusif Vəzir Çəmənzəminli...
AXC hökumətinin Yusif Vəzirə, həmçinin yazıçının da gənc dövlətə münasibəti hər zaman yaxşı olub. O, ilk növbədə F.X.Xoyskinin rəğbətini qazanmışdı. Bu səbəbdən Xoyski tərəfindən ona vacib missiya tapşırılır. O, Ukrayna ilə Azərbaycan arasında münasibətləri bərpa etmək və Azərbaycan tarixini, ədəbiyyat və mədəniyyətini orada təbliğ etməli idi. O, Ukraynada səfir olmasına baxmayaraq, məvacib almırdı.Hökumət diplomatik nümayəndə kimi ona maaş təyin etməmişdi. Kirayə qaldığı evin pulu güclə ödəyirdi. Bu vaxt Yusif bəyin cəmi 32 yaşı vardı. Yusif Vəzir Bakıya çox çətinliklə qayıdır. O, Nəsib bəyin qəbulunda olarkən İstanbulda Azərbaycan səfirliyi açılması təklifini səsləndirir. Bu təklif etirazla qarşılanmır. Beləliklə, 1919-cu ildə səfirlik fəaliyyətə başlayır. 1921-ci ilin əvvəllərinədək bu vəzifədə çalışıb, sonra Fransaya gedərək 4 il orada yaşayıb. O zaman vərəmdən əziyyət çəkən qardaşının(Mirinin) xilası üçün Parisdə fəhləlik edib.
Çəmənzəminli Mir Cəfər Bağırovun qara siyahısının əvvəlində gələn 4 ziyalıdan biri idi. Buna görə də ittifaqdan onun payına düşəcək evi yazıçıya vermədilər. Onun həbs edilməsində o vaxtın əsas reytinqli orqanı olan Azərbaycan Yazıçılar İttifaqının rolu çox oldu. Yazıçılar İttifaqı Y.Vəzirin illərlə gözlədiyi 3 otaqlı mənzili tikilib hazır olduğu ərəfədə “öz qruplarında” olan şəxsə verirlər.
“Hər bir məmləkətin yaxşı və pisliyi onun qanunu ilə bilinir”
Yusif Vəzir Çəmənzəminli 8 illik həbs cəzasının üçüncü ilində-1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edir. 1956-cı ildə Yusif Vəzirə bəraət verildi. Sürgündən heç bir əşyası doğmalarına gəlib çatmadı. Onun keçdiyi həyat yolunun səhifələrini vərəqləyəndə, əmin olursan ki, ədib məşələ dönmüş bir ömür yaşayıb. O məşəlin işığını isə həmişə çox sevdiyi xalqının maarifi,müstəqilliyi,azadlığı yolunda yandırmışdır.
Mənbə: Firayə ALLAHVERDİYEVA