Örüş sivasəti. Monqolların Azərbaycana üç yürüşü Vətənimizə böyük iqtisadi dağıntılar gətirdi və kütləvi insan qırğınları ilə nəticələndi. Köçəri həyat tərzi keçirən və bütpərəstliyə ibadət edən monqol əyanları və döyüşçülərini tutduqları ölkələrin oturaq əkinçilik təsərrüfatı, sənətkarlığı və şəhər həyatı, xüsusilə dinc əhalisi qətiyyən maraqlandırmırdı. Tutulan torpaqların monqollar üçün yalnız örüş yeri-yaylaq və qışlaq kimi əhəmiyyəti var idi. Tarixdə monqolların həyata keçirdiyi belə günəmuzd siyasət “örüş siyasəti” adlanır. Monqol işğalı altında olan ərazilərin, o cümlədən Azərbaycanın iqtisadi inkişaf səviyyəsi monqol cəmiyyətinə nisbətən qat-qat yüksəkdə dururdu. Azərbaycanın nə dinc əhalisinin, nə də məhsuldar qüvvələrinin və təsərrüfatının qorunub saxlanılması köçəri monqol hakimlərini qətiyyən düşündürmürdü. Ölkəmizin iqtisadi gücünə xəzinənin gələcək gəlir qaynağı kimi yanaşmayan monqolları daha çox gündəlik qazanc maraqlandırırdı və əhalini qırmaqla ölkəmizin və xalqımızın müqavimət gücünü yox etməyə çalışırdılar.
Dövrün qaynaqlarında monqolların törətdiyi kütləvi insan qırğınları haqqında heyrətamiz məlumatlara rast gəlinir. Bu qırğınları gözləri ilə görmüş tarixçi İbn əl Əsir dəhşət içində yazırdı: “Kaş, anam məni doğmamış olaydı, yaxud mən bu hadisədən əvvəl ölmüş və unudulmuş olaydım. Bütün xalqların, xüsusilə müsəlmanların düçar olduğu bu müsibət elə bir müsibətdir ki, gecələr və gündüzlər onun mislini doğmamışdır. Əgər bir adam “Allah-təala dünyanı yaratdığı andan indiyədək dünya belə bir bəlaya düçar olmamışdır”-söyləyərsə, o doğru demiş olar”.
Maraqlıdır ki, monqol hökmdarlarına rəğbətlə yanaşan Cüveyni belə, heyrət içində yazırdı ki, monqol basqınları nəticəsində “Harada yüz min adam vardı, heç yüz adam da qalmamışdır”. Monqol basqınIan nəticəsində Azərbaycanın xüsusilə Xəzərboyu bölgələri tamamilə boşalmışdı. Azərbaycanın görkəmli dövlət xadimi Fəzlullah Rəşidəddin yazırdı ki, “Çoxlu əhalisi olan Marağa, Ərdəbil, Gəncə, Bərdə və başqa şəhərlərdə monqollar tərəfindən elə qırğın törədilmişdi ki, tək-tük adam sağ qalmışdı… Dərbənd və Şirvan bölgələrində əhali tamamilə qırılmış, yaxud qaçıb dağılmış, əkinlər isə başlı -başına buraxılmışdı”. Monqolların “örüş siyasəti” dünyanın ən ali varlığı olan insam tamamilə gərəksiz və dəyərsiz varlığa çevirmişdi. Vətənimizin ayrı-ayrı bölgələri “demoqrafik boşluq” təhlükəsi ilə üzləşmişdi. Bu siyasət nəticəsində oturaq əkinçilik təsərrüfatına və süni suvarma sisteminə böyük ziyan dəymişdi. Monqol hakimləri üçün torpaq yalnız otlaq kimi əhəmiyyətli olduğundan dövlət suvarma işlərinə vəsait ayırmırdı. Nəticədə varlı və bərəkətli torpaqlarınıız otlaqlara və boş səhralara çevrilmişdi. Azərbaycan iqtisadiyyatının böyük dağıntıya uğraması dövlət gəlirlərinin kəskin şəkildə azalmasına gətirib çıxarmışdı.
Monqol basqınlarından qabaq (XII əsrdə) Azərbaycan dövlət gəlirlərinin ölçüsünə görə Şərqin iqtisadi baxımdan iki ən böyük ölkəsi olan İraqi-Əcəm və İraqi-Ərəb ilə eyni səviyyədə dururdu. Bu üç böyük ölkənin iqtisadi yüksəlişinin əsasını oturaq əkinçilik, yüksək sənətkarlıq və inkişaf etmiş şəhər həyatı təşkil edirdi. Cədvəldən göründüyü kimi, monqol yürüşləri və Hülakü ağalığı nəticəsində ən böyük iqtisadi ziyan da bu üç ölkəyə dəymiş, onların gəlirləri min faiz (on dəfə) azalmışdı. Həmdullah Qəzvininin “Nüzhət-ül-qülub” (“Ürəklərin əyləncəsi”) əsərində verilən məlumatlara əsasən, 1220-ci və 1340-cı illər arasındakı dövrdə Cənubi Azərbaycandan (Naxçıvan bölgəsi daxil olmaqla) dövlət xəzinəsinə daxil olan gəlir 20 milyon dinardan 2 milyon 160 min dinara. Arandan və Muğandan yığılan dövlət gəliri 3 milyon dinardan 303 minə, Şirvandan götürülən gəlir isə 1 milyondan 113 min dinara düşmüşdü. Beləliklə, Azərbaycanın dövlət gəliri 1220-ci ildə 25 milyon dinardan XIV əsrin 40-cı illərində 2 milyon 694 min dinara enərək, on dəfəyədək azalmışdı. Bu rəqəmlər monqol ağalığının çox ağır iqtisadi nəticələrini əyani şəkildə sübut edir.
Torpaq və vergİ siyasəti Monqolların Azərbaycanda həyata keçirtdikləri torpaq və vergi siyasətinin əsas məqsədi ölkənin sərvətlərini talan edib aparmaqdan, yerli əyanların iqtisadi və siyasi gücünü sarsıtmaqdan ibarət idi. Yerli hakimlərə və əyanlara məxsus torpaqlar müsadirə edilirdi. Monqollar müsəlman olmadıqlarından vəqf torpaqları da müsadirə olunurdu.
1258-ci ildə Azərbaycan monqolların beşinci ulusuna-Hülakü dövlətinin tərkibinə daxil edilmişdi. Hülakülər dövründə sülalə torpaqları incu, hökmdarın özünə məxsus torpaqlar isə xass-incu adlanırdı. Geniş müsadirələr hesabına dövlətə məxsus divan və sülalə-incu torpaqlan xeyli çoxalmışdı. XIII əsrin 90-cı illərində divan torpaqlarının ayrı-ayrı məmurlara və əyanlara iqta kimi bağışlanması geniş şəkil almışdı. Bu dövrdə yerli əyanlara məxsus mülk və dini idarələrə məxsus vəqf torpaqlarının azalması Hülakü hökmdarı Qazan xan İslamı dövlət dini kimi qəbul edənədək davam etmişdi. Bundan sonra müsadirə olunmuş torpaqların vəqflərə qaytarılmasına başlanılmışdı. Kənd icmalarının ixtiyarında olan camaat torpaqları dövlət xəzinəsinin mülkiyyəti sayılırdı.
Monqol ağalığı dövründə əhali üzərinə qoyulan vergi və mükəlləfiyyətlərin sayı 40-a çatmışdı. XIII əsrin 30-40-cı illərində əsas vergi xərac olub, məhsulun 70%-ni təşkil edirdi. 1254-cü ildə Münkə xaqanın əmri ilə keçirilən siyahıyaalma əsasında 10 yaşından 60 yaşına kimi bütün kişilər vergi dəftərlərinə salınmışdı. Bu zaman vergi verənin torpağının və ya təsərrüfatının olub-olmaması nəzərə alınmırdı. Vergi ödəyə bilməyəni ailəliklə qul edib aparırdılar. Monqol ordusunun saxlanılması üçün tağar (40 kq buğda) adlanan hərbi vergi yığılırdı. Sənətkarlar və tacirlər bazara çıxanlan məhsula görə tamğa vergisi və başqa vilayətlərə apardıqları mala görə isə bac adlı gömrük haqqı ödəyirdilər. 1340-cı il məlumatına görə, Təbriz şəhərindən toplanan tamğa vergisinin miqdarı 1 milyon 150 min dinara çatmışdı. O vaxtkı rəsmi kursla (1 dinar = 13,8 qr gümüş) hesablansa, bu məbləğ 3,5 milyon Fransa frankına bərabər idi. 1311-ci ildə Fransanın bütün dövlət büdcəsi 3 milyon frankdan çox deyildi.
Monqollar dövründə meyvə bağları üzərinə bağşümari vergisi (natural və pul) qoyulmuşdu. Saray xidmətçilərinin saxlanması xərclərini ödəmək üçün əhalidən ixracat və rüsum toplanırdı.
Bu dövrdə əhali üzərinə bir sıra ağır mükəlləfiyyətlər də qoyulmuşdu. Ən ağır mükəlləfiyyətlərdən biri tərx idi. Belə ki, monqol qoşunu üçün zəruri olan taxıl məhsullan əhalidən icbari qaydada bazar qiymətindən qat-qat aşağı satın alınır və xəzinə təsərrüfatlarından toplanan, ancaq dövlətin ehtiyac duymadığı məhsullar (xurma, düyü və s.) bazar məzənnəsindən çox baha qiymətə əhaliyə zorla satılırdı.
Saraylar, qalalar tikmək, yol və körpülər salmaq üçün kəndli və sənətkarlar məcburi qaydada biyar mükəlləfiyyətinə cəlb olunurdular.
Monqol ağalığı dövründə vergi yığılmasını baskaklar həyata keçirirdilər. Bu zaman heç bir qayda-qanun gözlənilmirdi. Vergi və gəlirlərin toplanması bir çox hallarda ayrı-ayrı şəxslərə iltizama (icarəyə) verilirdi. Xəzinəyə verginin dəyərini qabaqcadan ödəyən iltizamçı hərbi dəstənin köməyi ilə kəndliləri soyub talamaqla əlavə böyük gəlir əldə edirdi.
Hərbçi monqol əyanlarının yeritdiyi iqtisadi siyasət Azərbaycanda kənd təsərrüfatı, sənətkarlıq və ticarətin tamamilə tənəzzülə uğramasına və dövlət gəlirlərinin azalmasına gətirib çıxarmışdı. Dövlət xəzinəsinin boşalması şəraitində XllI yüzilliyin sonlarında, hətta dövlətin əsas dayağı olan ordunu saxlamaq belə mümkün deyildi.
Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri), “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova