XI əsrin ortalarında Yaxın və Orta Şərqin siyasi xəritəsində və Cənubi Qafqazın sosial-iqtisadi və siyasi həyatında böyük dəyişiklik dövrü başladı. Bu dövr Azərbaycan türklərinin də mənsub olduğu Oğuz boylarından biri olan Səlcuqların adı ilə bağlıdır. Məşhur türk sərkərdəsi Səlcuq oğuz boylarından olan qınıq tayfasının başçısı olmuşdur. Oğuz-Səlcuq türkləri Mərkəzi Asiyada Sırdərya çayı ətrafındakı torpaqlarda yaşayırdılar və Oğuz dövlətində hərbi rəis vəzifəsini daşıyan Səlcuqla bağlı boylar X əsrdə islam dinini qəbul etmişdilər. Səlcuqun nəvəsi Toğrul bəy qardaşı Çağrı bəyi 1021-ci ildə müsəlman və türk dünyası üçün əsas təhlükə olan Bizans üzərinə yürüşə göndərmişdi. Bu yürüş zamanı Səlcuqlar Azərbaycanın Naxçıvan və Van ətrafı torpaqlarını öz nəzarətləri altına keçirmişdilər. Səlcuqlar Qəznəvilərin hakimiyyəti altında olan Xorasanda məskən saldıqdan sonra 1038-ci ildə burada Toğrul bəyin başçılığı altında Nişapur şəhəri paytaxt olmaqla yeni bir dövlətin əsasını qoydular. Toğrul bəy (1038-1063) 1040-cı ildə sultan elan olundu. Elə həmin ildə baş verən (1040-cı il) Dəndənəkan vuruşmasında Qəznəvi dövlətinin hərbi qüvvələrini darmadağın edən Səlcuqlar Mərv şəhərində keçirilən qurultayda Şərqdə və Qərbdə yeni işğallara başlamaq haqqında qərar qəbul etdilər. 1043-cü ildə paytaxt Nişapurdan Reyə köçürüldü.
XI əsrin 40-cı illərində Azərbaycanın həm şimalında (Arranda), həm də cənubunda möhkəmlənən Səlcuqlar Azərbaycan türkləri ilə birləşərək dəfələrlə Bizansın başçılıq etdiyi xristian blokunu məğlubiyyətə uğratmışdılar. Şərqi Anadoluda yürüşə çıxan Səlcuq-Azərbaycan qoşunları 1048-ci ildə Bizans, erməni və gürcü qoşunlarını darmadağın etmişdilər. 1055-ci ildə Sultan Toğrulun qoşunları Bağdada daxil olub, bütün İraqı ələ keçirərək Abbasilər Xilafətini Səlcuqlardan asılı vəziyyətə saldılar. Sultan Toğrul Abbasi xəlifəsini bütün müsəlman dünyasının dini başçısı kimi tanıdı. Xəlifə isə onu bütün “Şərqin və Qərbin hökmdarı” elan etdi. Sultan Alp Arslanın (1063-1072) və Məlikşahın (1072-1092) hakimiyyətləri dövründə Oğuz-Səlcuq türkləri daha böyük və geniş ərazilərə yiyələnmişdilər. Böyük Səlcuq imperatorluğu Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə, İran körfəzindən Dərbənd keçidinədək olan çox böyük əraziləri əhatə edirdi. Azərbaycan torpaqlarını işğal etmək üçün hərəkətə keçən Bizans imperiyasının çoxsaylı ordusunu 26 avqust 1071-ci ildə məşhur Malazgird döyüşündə darmadağın edən və imperator Diogeni əsir alan Sultan Alp Arslan Azərbaycanı və Kiçik Asiyanı Bizansın hücum təhlükəsindən xilas etmişdi.
Səlcuq yürüşləri dövründə bütün Azərbaycan torpaqları bir vahid mərkəzdən idarə olunmurdu. Araz çayından cənubdakı torpaqlarınıız Rəvvadilərin, şimal-şərq torpaqlarınıız Şirvanşahların nəzarəti altında idi. Şimali Azərbaycanın digər hissəsi və Şərqi Anadolunun bəzi əraziləri Şəddadilər tərəfindən idarə edilirdi. Hər üç sülalə Səlcuq yürüşlərinin əsas siyasi nəticəsi olaraq hakimiyyətdən salınmışdı. 1066-cı ildə Şirvanşahlıq da ələ keçiriləndən sonra bütün Azərbaycan torpaqlan Böyük Səlcuq imperatorluğunun tərkibinə daxil olmuşdu.
Azərbaycan türkləri Oğuz-Səlcuq türklərinin soydaşları olduqlarından bütün Cənubi Qafqazın müsəlman türk əhalisi Səlcuqlara Bizans-gürcü və erməni təcavüzünə qarşı mübarizədə özlərinin əsas dayağı və müttəfiqi kimi baxırdılar. Heç də təsadüfi deyil ki, Şəddadi hökmdarı Şavur Təbrizdən sonra Gəncəyə hücum etmiş Sultan Toğrula tabe olmaqla. Bizansa və onun əlaltılarına qarşı birlikdə hərəkət edəcəklərinə dair saziş bağlamışdı. Səlcuq dövrü qonşu ölkələrdən fərqli olaraq Azərbaycan xalqının tarixi taleyində əvəzsiz rol oynamışdı. Böyük Səlcuq imperatorluğunun tərkibinə keçməklə Azərbaycan böyük anlamda türklüyün başlıca etno-siyasi dayaqlarından birinə və Bizans başda olmaqla xristian güclərinə qarşı mübarizənin əsas meydanına çevrilmişdi. Oğuz türkləri bütün Cənubi Qafqazda və Ön Asiyada əsas etno-siyasi qüvvə kimi çıxış edirdi. Qərbi Avropa dövlətlərinin müsəlman və Şərq ölkələrini işğal etmək üçün XI əsrin sonlarında başlatdıqları xaç yürüşlərinin qarşısının alınmasında da səlcuqlar mühüm rol oynadılar. Səlibçilərə sarsıdıcı zərbələr vuran Oğuz-Səlcuqlar Yaxın və Orta Şərqin siyasi xəritəsinin Qərbi Avropanın xeyrinə dəyişməsinə imkan vermədilər və Bizansın Cənubi Qafqazla, o cümlədən Azərbaycanla bağlı qəsbkarlıq planını puça çıxardılar. Nəticədə türk etnosunun və islam dininin Cənubi Qafqazda mövqeyi qəti şəkildə möhkəmləndi. Ancaq Böyük Səlcuq imperatorluğunun tərkibinə daxil olan torpaqlar və xalqlar daha çox silah gücünə tabe edildiyindən bütün bu ərazilərin vahid mərkəzdə uzun müddət ərzində birləşməsi və imperatorluğun mərkəzləşmiş dövlətə çevrilməsi mümkün olmadı. Sultan Məlikşahın mərkəzi hakimiyyəti möhkəmləndirmək cəhdləri nəticəsiz qaldı. Böyük Sultan Səncərin (1118-1157) hakimiyyəti dövründə imperatorluq artıq ayrı-ayrı müstəqil dövlətlərə parçalanmışdı. Həmin dövlətlər “hökmdar” mənasında işlənən Atabəylər tərəfindən idarə olunurdu. Belə dövlətlərdən biri də Atabəy Eldənizin idarə etdiyi qüdrətli Azərbaycan dövləti oldu.
Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri), “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova