Azərbaycan 9-11-ci əsrlərdə

Azərbaycan 9-11-ci əsrlərdə

Abbasilər xilafətinin dağılmasının gedişində Azərbaycanda ilk yaranan dövlət Şirvanşahlar oldu. Dövlətin ərazisini Dərbənddən Kür çaymadək olan Azərbaycan torpaqları təşkil edirdi. Şirvana hakimlik edən Məzyədilər sülaləsinin nümayəndəsi Heysam ibn Xalid xəlifə əl-Mütəfəkkilin öldürülməsi və türklərin fəaliyyəti ilə bağlı Bağdadda baş verən qarışıqlıqdan istifadə edərək mənbələrə görə 861-ci ildə “Şirvan işlərində müstəqilləşdi”. Heysamın mənsub olduğu Məzyədilər kökcə Rəbiə adlanan ərəb tayfasından olub, IX əsrdə Arranda paytaxtı Bərdə olan yarımmüstəqil əmirliyi idarə edirdilər. Heysam ibn Xalid Məzyədilərin Şirvanşah titulunu qəbul etmiş ük nümayəndəsi oldu. Məzyədilər sülaləsi Şirvanşahlığı 861-ci ildən 1027-ci ilədək idarə etmişlər. Heysamın nəvəsi II Heysam Məhəmməd oğlu dövlətin sərhədlərini möhkəmləndirdi, paytaxt Şirvan şəhərində məhsulun saxlanması üçün anbarlar tikdirdi, Dərbənddə yerləşən və dinsizlərə qarşı mübarizə aparan döyüşçülərin ərzaqla təminatını yaxşılaşdırdı. O, əhaliyə münasibətdə ədalətli siyasət yeritməyə çalışırdı. 915-ci ildə hakimiyyətə gəlmiş Əbu Tahir Şirvanın sərhədlərini cənubda Kür çayına, şimalda Dərbəndədək genişləndirdi. 917-ci ildə Lahicanşahlığı dövlətinə birləşdirdi, 918-ci ildə hərbi-strateji baxımdan çox əlverişli mövqedə yerləşən qədim Şamaxını bərpa etdirərək paytaxtı bura köçürtdü. Əbu Tahir və onun varislərinin hakimiyyəti dövründə Şirvanşahlığın ərazisi xeyli genişlənmişdi. Azərbaycanın şimalındakı bir sıra mülklər bir-birinin ardınca Şirvanşahlığa birləşdirilmişdi.

Şirvanşah Məhəmmədin qoşunları 981-982-ci illərdə Qəbələni, 982-983-cü illərdə Bərdəni, 983-984-cü illərdə Şabranı ələ keçirtmişdi. Şirvanşah qədim Şabran şəhərinin yenidən qurulması üçün inşaat işlərinə başlamış, qala divarlarını yenidən tikdirmişdi. Xilafətin tənəzzülü şəraitində Azərbaycanın çox mühüm strateji bölgəsində Qafqaz dağları ilə Xəzər dənizi arasındakı keçiddə yaranmış və ərəb köklü Haşimilərin idarə etdiyi Dərbənd əmirliyinin 988-ci ildə Şirvanşahlığa birləşdirilməsi çox böyük hadisə idi. Qədim türk yurdu olan və mənbələrdə “Dəmir qapı” adlandırılan Dərbənddə Şirvanşahlar böyük quruculuq işlərinə başladılar. Dərbənd səddi və şəhərin qala divarları təmir edilərək möhkəmləndirildi. Dərbənddən sonra Xursan və Tabasaran torpaqları da Şirvanşahlığa birləşdirilmiş, Şəki və Sənariyyə hakimləri isə Şirvanşahlıqdan asılı vəziyyətə salınmışdı.

Azərbaycanın şimal-şərq torpaqlarında Şirvanşahlığın yaranması və möhkəmlənməsi tariximizin o dövrü üçün çox böyük siyasi hadisə hesab olunur. Vətənimizin bir hissəsində VIII əsrin əvvəllərində ərəblər tərəfindən məhv edilmiş dövlətçiliyimiz Şirvanşahlığın yaranması ilə bərpa olunmuşdu. Şirvanşahların ölkəmizin şimal sərhədlərinin qorunması üçün atdığı addımlar rus, alan və şərirlərin basqınlarının qarşısının alınmasını xeyli asanlaşdırmışdı.

1027-ci ildə Mənüçöhr Şirvan taxtına çıxdıqdan sonra Məzyədi sülaləsi üzvləri ərəb köklü adlarından imtina edərək Sasani hökmdarlarına məxsus adları daşımağa başladılar. Nəticədə bu tarixdən Şirvanşahlar özlərini Kəsranilər kimi tanıtmağa çalışırdılar. Azərbaycanın şimalında ərəblər tərəfindən Arran, sonrakı dövrlərdə isə Şirvan adlandırılan bölgənin ən qədim şəhərlərindən biri Şamaxı idi. Bizim eranın II əsrində yaşamış antik müəllif Klavdi Ptolomey bu qədim şəhər haqqında danışarkən onu Şamexiya (və yaxud Kamexiya) adlandırmışdı. Şamaxı Şirvanşahların ikinci paytaxtı idi. İlk paytaxt olan Şirvan şəhəri isə yer üzündən silinmişdi. Şirvan şəhəri qədim Şabranla Şamaxı arasında yerləşirdi. Ərəb müəllifi əl-Müqəddəsi yazırdı ki, Şirvan düzənlikdə yerləşən böyük şəhər olub, tikililəri daşdandır, bazar meydanında Baş (Cümə) məscid yerləşir və ortasından çay keçir. X əsrdə Şirvanşahlığın Dərbənd, Bakı, Şamaxı və Şabran şəhərləri çox mühüm ticarət mərkəzlərinə çevrilmişdi. Əl-Müqəddəsi 985-ci ildə yazırdı ki, Bakı bu bölgənin yeganə dəniz limanıdır. IX-XI əsrlərdə Bakıda çoxlu neft çıxarılırdı ki, bu da bir sıra Şərq ölkələrində hərbi işdə istifadə olunurdu. Neftdən təsərrüfatda, məişətdə və müalicə işində də geniş istifadə edilirdi.

Azərbaycan dövləti Sacilər (Sacoğulları) sülaləsinin hakimiyyəti dövründə

Sacilər Azərbaycan torpağında hakimiyyət sürmüş ilk müsəlman türk sülaləsi hesab olunur. Sülalə öz adını Mərkəzi Asiya köklü türk sərkərdəsi Əbu Sacdan götürmüşdür. Əbu Sac Xilafəti lərzəyə salan Babək hərəkatını yatırmaq üçün göndərilən ordunun baş komandanı, məşhur türk sərkərdəsi Afşinin ən yaxın silahdaşlarından biri olmuşdur. Əbu Sac Divdad Babəki və qardaşlarını ələ keçirməklə və Xilafətə qarşı Məzyərin başçılığı ilə baş vermiş üsyanı yatırmaqla xeyli məşhurlaşmışdı. Xəlifə 856-857-ci illərdə onu İraq-Məkkə yolunun rəisi təyin etmişdi. Bu çox böyük vəzifə idi və belə məsuliyyətli iş ancaq Xəlifə sarayına çox yaxın olan adamlara tapşırılırdı. 879-cu ildə Sivasdan Bağdada dönərkən vəfat etmiş Əbu Sacın yerində Məhəmməd və Yusif adlı iki oğlu qalmışdı. Məhəmməd əvvəlcə Məkkə yollarının rəisi təyin edilmiş, Xəlifə sarayında bir neçə vəzifə daşıdıqdan sonra 889-cu ildə Azərbaycana vali təyin edilmişdi. Sacoğluların Azərbaycanda hakimiyyəti və dövlət quruculuğu məhz həmin tarixdən başlayır. Bu dövrdə hələ Xilafətlə bağlı olan Azərbaycan valiliyinin mərkəzi şəhəri Marağaya gələn Sacoğlu Məhəmməd 898-ci ildə Azərbaycanla birlikdə Ərməniyyə (indiki Türkiyənin ərazisində yerləşirdi -Red.) və digər dağlıq ölkələrin idarə hüququnu Xəlifədən aldı. Azərbaycan hakimlərini özünə tabe etdikdən sonra Ərməniyyəni idarə edən Baqrat nəslinin üzərinə yürüdü. Məhəmməd hələ 896-cı ildə Ərməniyyə hakimi I Sumbatı məğlubiyyətə uğradaraq onun Qarsdakı bütün ailə üzvlərini əsir etmişdi və Sumbat onun bütün şərtlərini qəbul edərək təslim olmuşdu. Ərməniyyədən sonra Tiflisi də ələ keçirən Məhəmməd geri qayıtmışdı. 901-ci ildə Azərbaycanda dəhşətli vəba xəstəliyi yayılmış və o qədər çox adam qırılmışdı ki, kəfən çatmadığından ölüləri paltarlı şəkildə basdırırdılar. Vəbaya yoluxan Sacoğlu Məhəmməd Bərdə şəhərində vəfat etdi.

Məhəmmədin ölümündən sonra I Sumbat Ərməniyyədən yığılan vergilərin Sacoğlulara deyil, birbaşa Xilafət xəzinəsinə ödənilməsi ilə bağlı razılıq almışdı. Abbasi xəlifələri Sacoğluların güclənməsindən ehtiyatlanır və xilafətin şimal ərazilərini tam şəkildə itirəcəklərindən qorxurdular. 901-ci ildə Azərbaycan taxtında qardaşını əvəz edən Sacoğlu Yusifin dövrü (901-928) Azərbaycan dövlətçiliyinin yüksəliş dövrü hesab olunur. Sacoğlu Yusifin xəlifənin fərmanı olmadan taxt-taca yiyələnməsi və bunun heç bir etirazla qarşılanmaması artıq Xilafətdə mərkəzi hakimiyyətin tamamilə zəiflədiyini və Sacoğluların Azərbaycanı müstəqil şəkildə idarə etdiyini göstərir. Artıq bundan sonra xəlifələr Xilafətdən ayrılmaqda olan dövlətlərdə öz ali hakimiyyətlərinin nominal, sözdə, simvolik olması ilə hesablaşmaq məcburiyyətində qalmışdılar. Sacoğlular da bu siyasi gerçəkliklə barışan xəlifələrin sözdə siyasi, reallıqda isə dini liderliyini qəbul edirdilər.

Məhəmməd Sacoğlunun dövründə dövlətimizin paytaxtı Marağa idisə. Yusifin dövründə Ərdəbilə köçürülmüşdü. 902-ci ildə Yusif Ərdəbildə adına gümüş pul (dirhəm) kəsdirmişdi. O, 907-ci ildə xəyanətkar I Sumbata qarşı yürüşlərə başlamış, Şirakı, Dvini ələ keçirmiş, Tiflis şəhərini Cəfərlilərdən almış və Kaxetiyanı özünə tabe etmişdi. O, 914-cü ildə I Sumbatı Dvində ələ keçirib edam etdirmiş, Ərməniyyəni Azərbaycanın tərkibinə alaraq burada öz hakimiyyətini möhkəmləndirmişdi. Yusif Xəzərboyu bölgələrə quldur basqınları edən rusların Ərdəbil ətrafına hücumlarının qarşısını almışdı. Sacoğlu Yusif 915-ci ildə Azərbaycan dövlətini öz yüksəlişinin zirvəsinə çatdırmışdı. Bu zaman dövlətimizin sərhədləri şimalda Dərbənddən, cənubda Zəncanadək, qərbdə Ani və Dvindən, şərqdə Xəzər dənizinədək böyük bir ərazini əhatə edirdi. Sacoğlu Yusif 12 il ərzində Xəlifə sarayına hər il 120 min dinar xərac versə də, 912/913-cü ildən Bağdada xərac göndərməyi dayandırmışdı. Artıq tam müstəqilləşən Azərbaycan hökmdarı Rey, Qəzvin, Əhər və Zəncanın da idarə olunmasına iddiasını irəli sürmüşdü. Bundan bərk qorxuya düşən Xəlifənin göndərdiyi 20 minlik qoşun Yusifin 7 minlik hərbi qüvvəsi tərəfindən darmadağın edildikdən sonra o, Reyə daxil olmuşdu. Yusif Xəlifənin göndərdiyi daha bir ordunu məğlubiyyətə uğratsa da, 919-cu ildə Ərdəbil yaxınlığındakı döyüşdə yenilərək əsir düşmüş və Bağdadda zindana atılmışdı. Yusifin türk köklü qulamı Sebuk ordu toplayıb Xəlifənin ordusunu məğlubiyyətə uğratmış və Azərbaycanı müstəqil idarə etməyə başlamışdı. O, Xəlifənin 220 min dinar xərac tələbini yerinə yetirməyərək üstəlik Yusifin sərbəst buraxılmasını xəlifədən tələb etmişdi. Xəlifə Yusifi azad edərək Azərbaycanın hakimi kimi tanımış, əvəzində 500 min dinar xərac istəmişdi. Azad olmuş Yusif Ərdəbil şəhərinə çatanda sədaqətli qulamı Sebukun ölüm xəbərini almışdı. Yusifin Azərbaycandakı ikinci hakimiyyəti Karmatilərlə döyüşdə yaralanıb öldürüldüyü 928-ci ilədək davam etmişdi. Hakimiyyətinin son illərində Xəlifənin əmr və göstərişlərini heçə sayaraq əməl etməmiş və çevrəsində olan hakimləri öz hökmü altında saxlamağa çalışmışdır. 65 il ömür sürmüş bu görkəmli dövlət xadimi ömrünün 27 ilini rəsmən, 23 ilini felən (faktiki olaraq) Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına sərf etmişdir. Sacoğlu Yusifin siyasi fəaliyyətinin ən önəmli cəhətini bütün Azərbaycan torpaqlarını (həm Şimal, həm də Cənub) birləşdirməsi təşkil edir. Tarixi torpaqlarınıız olmuş indiki Ermənistan və Şərqi Gürcüstan əraziləri də bu dövlətin sərhədləri daxilində idi. Azərbaycan formal olaraq Xilafət sərhədləri daxilində qalsa da, Sacoğlular daxili və xarici siyasətlərində tam müstəqil hərəkət edirdilər. Yusifin ölümündən sonra dövləti altı aylıq sürədə qardaşı oğlu, sonralar isə qulamları və sərkərdələri idarə etmişdilər. Onlardan Mufli və Deysəmin adına Bərdə və Ərdəbildə pul kəsilmişdir. Mənbələrdə X əsrin 30-cu illərində Azərbaycanın böyük qoşunla Bizans-erməni qüvvələrinə qarşı çıxması haqqında məlumatlara rast gəlinir. Sacoğluların hakimiyyətinin ilk vaxtlarında paytaxt Marağa, Yusifin dövründə isə Ərdəbil olmuşdur. Azərbaycan Ərdəbildən başqa Marağa, Zəncan, Qəzvin, Muğan, Dvin, Təbriz, Bərdə, Dərbənd və Tiflis kimi çox önəmli şəhərlərə malik idi. Tarixi bilgilərdə adı keçən Muğan şəhəri Kür ilə Araz çayı arasında yerləşirdi. Buradan Bərdəyə karvanla səkkiz günə gedirdilər. Burada yaşayan əhalinin öz dövlətinə çox sədaqətli və mərhəmətli insanlar olduğu xüsusi qeyd edilir.

Sacoğluların hakimiyyəti dövründə Azərbaycan beş əsas vilayətə (Ərdəbil, Mərənd, Cebrevan, Varsaq və Bərdə) bölünürdü və ölkənin ümumi gəliri 4,5 milyon dirhəmə çatmışdı. Sacoğluların Azərbaycan sərhədlərini kafir düşmənlərdən qoruması və ölkə daxilində asayişin hökm sürməsi iqtisadiyyatın, ilk növbədə ticarətin inkişafına təkan vermişdi. Sacoğlulara qədər Azərbaycan, Arran (Albaniya), Ərməniyyə və Kartli-Kaxetiya fərqli siyasi qüvvələr tərəfindən idarə olunurdusa, Saci hökmdarları bütün bu torpaqları bir siyasi mərkəzdə birləşdirmişdi. Nəticədə bundan sonra Azərbaycan və Arran ayrı deyil, vahid siyasi və coğrafi məna daşımağa başlamışdı. Maraqlıdır ki, belə bir coğrafi, siyasi xətti sonralar bölgədə hakimiyyət sürmüş digər sülalələr də davam etdirmişlər. Azərbaycanda Sacoğlular sülaləsinin hakimiyyətinə Salaroğlular tərəfindən son qoyulmuşdur.

Azərbaycanda Salarilər (Salaroğulları) sülaləsinin hakimiyyətə gəlməsi

941-ci ildə Azərbaycanda Sacoğluların sonuncu hökmdarı Deysəm taxtdan salınmış və Salaroğulları (Salar türkcə “yurd tutan” deməkdir) adlanan sülalə hakimiyyətə gəlmişdi. Kəngərli türk soyundan olan Salar nəsli Azərbaycanla Mazandaran sərhəddində olan Deyləm vilayətini idarə edirdi. Sülalənin ilk nümayəndəsi Mərzban ibn Məhəmməd (941-957) əvvəlcə Azərbaycanın cənubunu, sonra qısa müddətdə bütün ərazisini öz hakimiyyəti altında birləşdirə bilmişdi. Tarixi qaynaqlara görə Azərbaycanın bütün minbərlərində onun adına xütbələr oxunurdu. Şirvanşah Əhməd, Şəki hakimi Əbdülmalik, Bərdə hakimi İbn Savad, Əhər hakimi Əbülhica Rəvvadi, Sünik, Hayzan hakimləri ona tabe olub, xəzinəsinə vergi ödəyirdilər. Mərzbanın dövründə Azərbaycan dövlətinin xəzinəsinə daxil olan illik verginin miqdarı 500 min dinara çatırdı.

Salarilər dönəmində də Azərbaycan dövlətinin paytaxtı Ərdəbil şəhəri olaraq qalırdı. Mərzban ibn Məhəmməd Azərbaycanın şimal-qərb torpaqlarını, o cümlədən Şirvanşahlığın ərazisini özünə tabe edib, Dərbənd şəhərinə də yiyələnmişdi. Ərməniyyə və Şərqi Gürcüstan (Kartli-Kaxetiya) dövlətimizin sərhədlərinə qaytarılmışdı. Salarilər dönəmində Azərbaycan dövlətinin ərazisi daha da böyümüşdü: şimalda Dərbənd keçidindən başlayaraq cənubda Dəclə və Fərat çaylarının yuxarı axarlarınadək, şərqdə Gilan da daxil olmaqla. Xəzər sahilindən qərbdə Kartli-Kaxetiya, Dvin, Van ətrafı torpaqlar da daxil olmaqla çox böyük ərazi Azərbaycanın nəzarəti altında idi. Bu o anlama gəlir ki, Salarilər dövründə də bütün Azərbaycan torpaqları bir vahid mərkəzdən idarə olunurdu. Salarilər dövründə Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başlamışdı.

X əsrin əvvəllərində Azərbaycanın şimalında Xəzər xaqanlığının getdikcə zəifləməsi şəraitində bölgədə gəmiçiliklə məşğul olan, xəz dərilərini “isti ölkələrin” tacirlərinə satan, İdil çayını asanlıqla keçib Xəzər dənizi sahillərində quldurluq edən, əhalini soyub-talayan ruslar ərazilərimizdə görünməyə başladılar. Rusların 909-910-cu illər, 914-cü il quldur basqınları Xəzər sahilindəki şəhər və kəndlərimizə böyük fəlakətlər gətirmişdi. 944-cü ildə ruslar tərəfindən Bərdə şəhərinin tutulması və 20 min insanın öldürülməsi nəinki Azərbaycanda, hətta bütün İslam dünyasında böyük həyəcanla qarşılanmışdı. Çünki Bərdə Xilafət dönəmində bölgənin ən böyük şəhəri idi və hər il yüzlərlə ticarət karvanının gəlib-getdiyi bir mərkəz rolunu oynayırdı. Mərzban ibn Məhəmməd doğma şəhərini ruslardan xilas etmək üçün dərhal qoşunla hərəkətə keçib Bərdəni mühasirəyə aldı. Şəhərin içində əhali ilə, şəhər ətrafında isə Mərzbanın qoşunu ilə savaşda ağır itkilər verən ruslar Bərdəni tərk edib geri qayıtmağa məcbur oldular. Ancaq kafir rusların Bərdəyə bu basqını qədim şəhərimizə böyük fəlakətlər gətirdi. Şəhər öz əvvəlki əhəmiyyətini itirdi. “Bərdə faciəsi” XII əsr Azərbaycan ədəbiyyatının ən böyük nümayəndəsi Nizami Gəncəvinin əsərində də təsvir olunmuşdur.

Mərzban Mosul hakimlərinin Azərbaycana yürüşlərini dəf etdikdən sonra Azərbaycanın güneyində Rey uğrunda türk xanədanı Buveyhilərlə toqquşmuş, ancaq 948-949-cu ildə Qəzvin döyüşündə məğlubiyyətə uğramışdı.

Tarixi qaynaqlarda Mərzban ağıllı, bacarıqlı və adil bir hökmdar kimi qiymətləndirilir. O, ölkə daxilində çəkişmələrə son qoyaraq asayişi təmin etmişdi. Onun dövründə tabe edilmiş ərazilərlə birlikdə dövlətimizin illik gəliri 1 milyon dinara çatmışdı. O, Azərbaycanın cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə qızını Buveyhi hökmdarı Rüknüddövləyə ərə verərək onunla dostluq və qohumluq münasibəti yaratmışdı. 957-ci ildə Mərzban vəfat etmiş və hakimiyyətə qardaşı Vəhsudan gəlmişdi. Mərzban ibn Məhəmmədin oğulları varisliklə bağlı atalarının vəsiyyətinə əməl etmədiyindən 966-cı ilədək Azərbaycanda Vəhsudanla Mərzbanın oğlu ibrahim arasında hakimiyyət uğrunda qanlı savaş getmişdi. 966-cı ildən ölkəni təkbaşına idarə edən İbrahimin hakimiyyətinə isə 981-ci ildə Rəvvadi nəsli tərəfindən son qoyulmuşdu. Lakin Rəvvadilər sülaləsi Azərbaycanın yalnız Araz çayından cənubdakı torpaqlarına nəzarət etməklə kifayətlənmişdilər.

Azərbaycan Rəvvadilər sülaləsinin hakimiyyəti dövründə (981-1071)

Ərəb köklü Rəvvadi nəsli 775-ci ildən Təbriz və onun çevrəsində hakimlik edirdi. Rəvvad əl-Əzdi və oğulları quruculuq işləri apararaq Təbrizi kiçik bir kənddən böyük bir şəhərə çevirmişdilər. Tarixi qaynaqlara görə, məşhur qəhrəmanımız Babək iki il Məhəmməd ibn Rəvvadın yanında qulluq etmişdi. Rəvvadilər bir əsr ərzində Təbriz, Marağa, Qaradağ və Əhər vilayətlərində hakimiyyət sürmüş, bu zaman bəzən xəlifədən asılı, bəzən də müstəqil olmuşdular. Bu nəslin nümayəndələrindən olan Əbülhicanın adı Salaroğlu Mərzbana tabe olaraq, ona xərac verən (955/956) əmirlər sırasında əlindən hakimiyyəti alaraq Azərbaycan taxtına oturmuşdu. Rəvvadilərin dövründə Azərbaycan dövlətinin paytaxtı Təbriz şəhəri oldu. Rəvvadilər Azərbaycanın cənub torpaqlarını qəti olaraq öz idarəsi altına aldıqdan sonra Muğan hakimliyini də asılı vəziyyətə sala bilmişdilər. 988-ci ilədək hakimiyyətdə olmuş Əbülhicanı əvəz etmiş oğlu Məmlan 30 ilə yaxın Azərbaycan taxtında oturmuşdu. Məmlandan sonra taxta çıxan Vəhsudanın hakimiyyəti dövründə (1020-1059) oğuzların Azərbaycana axınları başlamışdı. Qəznəvilərə qarşı üsyan qaldırmış və 1028-ci ildə Azərbaycanda sığınacaq tapmış 2000 oğuz ailəsini (10000 nəfərdən çox əhali) dostcasına qarşılamış, onlara yerləşmək üçün torpaq vermişdi. Azərbaycanın görkəmli hökmdarı Vəhsudan müsəlman və türklərin düşməni, o zaman xristian dünyasının önündə gedən Bizans imperiyasına qarşı müharibədə oğuzların gücündən istifadə etmək istəyirdi. Azərbaycan torpaqlarına XI əsrin 40-cı illərinin əvvəllərindən başlayan Səlcuq yürüşlərinin qarşısını almaqda çətinlik çəkən Rəvvadilər bir tərəfdən də Azərbaycanın qərb torpaqlarına (Dvin, Ani, Van gölü ətrafı) Bizansın müdaxiləsinin qarşısını almağa çalışırdılar. Ölkəsinin xarici siyasi vəziyyətinin mürəkkəbliyi şəraitində Vəhsudan XI əsrin 30-cu illərinin sonunda Gəncəyə səfər etmiş və Azərbaycanın şimal torpaqlarını nəzarətində saxlayan Şəddadi hökmdarı ilə danışıqlar apararaq onunla ittifaq bağlamışdı. Bu ittifaq nəticəsində Azərbaycanın şimalı və cənubu arasında əlaqələr güclənmişdi.

Rəvvadilərin Muğan hakimliyini ələ keçirmək üçün apardıqları döyüşdə iştirak edən şair Qətran Təbrizi əsərlərində Vəhsudanı görkəmli bir dövlət xadimi kimi vəsf etmişdir. Vəhsudanın dövründə, 1052-ci ildə zəlzələ nəticəsində paytaxt şəhərimiz Təbriz dağılmış və bu zaman 40 min nəfər həyatım itirmişdi. 1054/1055-ci ildə Səlcuq Sultanı Toğrul bəy Azərbaycana yürüş edərək Təbrizə daxil olanda, İbn əl-Əsirin yazdığına görə, Vəhsudan Sultan Toğrula tabe olaraq onun adına xütbə oxutmuş, pul kəsdirmiş, çoxlu hədiyyələr verərək oğlunu da girov göndərmişdi. Vəhsudanın ölümündən sonra Sultan Toğrul onun oğlu Məmlanı Azərbaycanın hakimi kimi tamsa da, digər Səlcuq Sultanı Alp Arslan Azərbaycanda Məmlanın idarəsinə son vermiş və yerinə Səlcuq əmiri təyin etmişdi. Səlcuq Sultanı 1071-ci ildə məşhur Malazgird döyüşündə Bizans üzərində parlaq qələbə qazanıb geri qayıdarkən Məmlanın uşaqlarını da yaxalayaraq özü ilə aparmışdı. Beləliklə, Azərbaycanda Rəvvadilərin hakimiyyətinə felən son qoyulmuşdu.

Azərbaycanın şimal-qərb torpaqları Şəddadilərin hakimiyyəti dövründə

Şəddadi nəslinin ulu babası Gurtaq Dvin və Ani bölgələrində məskunlaşmış türk boyundan olub, Salaroğlularının ordusunda xidmət etmişdir. Qədim qrabarca yazılan qaynaqlarda və Movses Xorenlinin əsərlərində Başlan (Ağn) adlanan həmin bölgələrdə Bulqar, Vanak, Tork (türk) boylarının yaşadığından bəhs edilmişdir. 900-cü illərin əvvəllərində yaşamış Gurtaq oğluna Xəzərlərdə və Bulqarlarda geniş yayılmış Şad adını qoymuşdu. Sülalənin daşıdığı Şəddad adı “Şad”m ərəbcəyə uyğunlaşdırılmış formasıdır. Şəddadın oğlu Məhəmməd 951-ci ildə Dəbili (Dvini) ələ keçirmiş və bu şəhəri əlində saxlamaq üçün Salari Mərzbanla mücadilə etmişdir. Ondan əvvəl gəlib Gəncədə yerləşmiş və əhali içərisində etibar qazanmış Fəzl ibn Məhəmməd 971-ci ildə Gəncənin ilk Şəddadi hakimi oldu. Şəddadilərin mərkəzi hakimiyyətdən ayrılaraq 971-ci ildə Azərbaycanın şimalında müstəqilləşməsinin qarşısını almaq üçün Salari İbrahimin Gəncəyə hücumu uğursuz olmuşdu. Bunun nəticəsində Arranın Bərdə, Şəmkir, Naxçıvan və başqa şəhərləri, habelə Dəbil və ətrafdakı torpaqlar Şəddadilərin hakimiyyəti altına keçmişdi.

Şəddadilər sülaləsinin ilk hökmdarı Ləşkəri (971-978) olmuşdur. Ondan sonra, 978-986-cı illərdə hakimiyyətdə olmuş Mərzubanın bacarıqsızlığı bir çox vilayətlərin, o cümlədən Bərdənin itirilməsi ilə nəticələnsə də, 986-cı ildə Azərbaycan taxtına çıxan Fəzl ibn Məhəmməd (985/986 -1030/1031) uğurlu yürüşlər nəticəsində Bərdə, Beyləqan, Xaçın, Sünik, Gorus, Taşir və Tiflisə qədər olan əraziləri yenidən dövlətimizin sərhədlərinə qaytarmışdı. Fəzl 1026/1027-ci ildə Şəmkir yaxınlığındakı döyüşdə abxaz -gürcü qoşunu üzərində parlaq qələbə qazanımş və 10 min nəfərdən çox gürcü döyüşçüsünü qılıncdan keçirmişdi. 1030-cu ildə isə ölkəmiz üçün şimaldan təhlükə yaradan alanları məğlubiyyətə uğratmışdı. I Fəzl ibn Məhəmmədin hakimiyyəti dövründə Azərbaycanda sənətkarlıq və ticarət inkişaf etmiş, memarlıq-tikinti işləri genişlənmişdi. O, 1027-ci ildə Araz çayı üzərində hərbi və ticarət əhəmiyyəti daşıyan və xalqımızın memarlıq incilərindən biri sayılan Xudafərin körpüsünü saldırmışdı. Fəzldən sonra Azərbaycan taxtına çıxan oğlu Əbülfəth Musanın hakimiyyəti qısa sürmüşdü. O, Bakıya basqın edən ruslarla savaşa girmiş və onları ağır məğlubiyyətə uğratmışdı. II Ləşkəri adı ilə 1034-cü ildə hakimiyyətə gələn Əbülhəsən Əli on beş illik hakimiyyəti dövründə Səlcuqlara, Oğuzlara, gürcü və ermənilərə qarşı uğurlu savaşlar aparmışdı. Anası Şirvanşahın qızı olduğundan Şirvanşahlıqla qohumluq münasibətləri, 1040-cı ildə omm görüşünə gəlmiş, Rəvvadi hökmdarı Vəhsudan və Tiflis əmiri Əbülfəzi Cəfər ilə dostluq əlaqələri saxlayırdı. Qətran Təbrizinin qəsidəsində “Arranşah” adlandırdığı II Ləşkəri Bizans, erməni və gürcü-xristian blokunun hücumlarını uğurla dəf etmiş, 1046-1047-ci illərdə səlcuqların paytaxt şəhərimiz Gəncəyə hücumunun qarşısını almışdı. Mənbələrə görə o, hakimiyyətinin sonlarında Azərbaycanın şimal torpaqlarını tam şəkildə nəzarəti altında saxlaya bilməmiş və nəticədə dövlətimiz xeyli zəifləmişdi. Bu zaman Şəddadilər təkcə Arran və Sünikə nəzarət edə bilirdilər. I Fəzlin digər oğlu Əbüləsvar Şavurun dövründə (1049/1050-1067) Azərbaycan dövləti əvvəlki qüdrətini bərpa etmişdi. Şavur 1022-ci ildən Dəbildə müstəqil idarə etdiyindən onun Azərbaycan taxtına çıxması ilə 1049-cu ildən sonra Dəbil əmirliyi də bir mərkəzdən-Gəncədən idarə olunmağa başladı. Şavur Şirvanşahlan özündən asılı vəziyyətə salmış. Bizansa qarşı savaşlarda uğur qazanmışdı. Səlcuqların bölgədə böyük güc sahibinə çevrilməsini nəzərə alan Şavur Sultan Toğrulun vassalı olmağa razılıq versə də, Sultan Alp Arslanın müttəfiqi olmuşdur. 28 il Dvində (Dəbil), 18 il Gəncədə, üst-üstə 46 il hakimiyyət sürmüş Şavur 1067-ci ildə vəfat etmiş və Gəncə Cümə məscidində dəfn olunmuşdu. Şavurun II Fəzl adı ilə taxta çıxan oğlu (1067-1073) Səlcuqlarla müttəfiqlik münasibətlərinə böyük önəm verirdi. Bunun nəticəsidir ki. Sultan Alp Arslan Tiflisin idarəsini də onun ixtiyarına buraxmışdı. 1075-ci ildə Səlcuq orduları Arrana hücum edəndə, Şəddadi Fəzl onlarla savaşa girmiş, məhz buna görə də Əmir Savtəkin Azərbaycanda Şəddadilərin hakimiyyətinə son qoymuşdu. Ancaq Səlcuqlar Şəddadilərin Anidəki hökmranlıqlarına mane olmadılar.

Sultan Alp Arslan hələ 1065-ci ildə Ani şəhərini Bizansdan alıb Əbüləsvar Şavura vermiş, o da oğlu Mənüçöhrü Aniyə hakim təyin etmişdi. Bu tarixdən başlayaraq Şəddadilərin Anidəki hökmranlığı 130 il davam etmişdi. Ancaq bundan sonra bu müsəlman türk şəhəri gürcülərin əlinə keçmişdi. Şəddadilərin Dəbildəki (Dvin) hakimiyyətinə isə 1130-cu ildə Səlcuqlar tərəfindən son qoyulmuşdu. Şəddadilərin dövründə Azərbaycanda sənətkarlıq, ticarət və şəhərlər inkişaf etmişdi. Şəddadi hökmdarı Şavur Gəncə şəhərinə xüsusi diqqət yetirirdi. Alan, gürcü və digər düşmənlərin hücumlarının qarşısını almaq üçün şəhərin ətrafında xəndəklər qazdırmış, hasarlar çəkdirmiş və möhkəm qala qapıları düzəltdirmişdi. 1063-cü ildə inşa edilmiş məşhur Gəncə qala qapıları böyük sənətkar İbrahim Osmanoğlunun əlindən çıxmışdır. Şəddadilərin sayəsində Gəncə şəhəri Aranın baş şəhərinə çevrilmişdi. Şəddadilər sarayının ən məşhur divan şairi Qətran Təbrizi olmuşdur.

 

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri),  “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova

Top