Xalqımızın etno-tarixi yaddaşı

Xalqımızın etno-tarixi yaddaşı

Kitab-i Dədə Oorqud. Bu adı daşıyan kitab ortaçağ tarixi qaynaqlarında ara-sıra izi görünən böyük epik abidədir. Dədə Qorqud boylarında əski türk törəyişi əfsanələrinin, totemçiliyin güclü izləri qalmışdır. Kitabın baş qəhrəmanı bütün Oğuz elinin ikinci hökmdarı Qazan Alp özünü və deməli, bütün oğuzları əski qurddan törəyiş əfsanəsi ilə bağlayır.

Kitabda olan anaxaqanlıq (matriarxat) qalıntıları elm üçün olduqca dəyərlidir. Qadın Ana boylarında ilahiləşdirilən bir varlıq, «Tanrı haqqının daşıyıcısıdır və toxunulmazdır: «Ana haqqı Tengri haqqı deyilmişsə qara polad üz qılıcum dartdaydım, ğafilicə görklü başınq kəsəydim, alca qannıq yer yüzinə tökəydim.

Kitabda hərbi demokratiya çağına xas olan Ağsaqqallar Şurası, Xalq yığıncağı kimi təsisatlar, «çox demokratik şəkildə«  üç ildə bir kərə aparılan qənimət bölgüsü ənənəsi öz əksini tapmışdır.

Qurddan törəyiş əfsanəsi. Türk xalqlarının törəyiş (geneoloji) əfsanələri içərisində Göktürklərə aid olan əfsanə çox dəyərli sayılır. Əfsanəyə əsasən göytürklər dişi qurddan törəmişlər. Bu törəyiş əfsanəsi artıq VI yüzilin ortalarında Çin qaynaqlarında yazıya alınmışdı. Əfsanə türk xalqları yaşayan bütün torpaqlarda: Böyük Çin səddindən başlayaraq Mərkəzi Avropaya, Qıpçaq çölündən (Dəşti Qıpçaqdan) Aralıq dənizinə kimi yayılmışdı. Orta çağlarda təkcə Çin qaynaqları deyil, ərəb və suryani qaynaqları da bu əfsanə ilə bağlı olaraq türk xalqlarını «Qurd oğulları)) adlandırırdı.

Salur Qazanın evinin yağmalandığı ikinci boyda Qazan xan qurda üz tutub, onunla «xəbərləşir». «Qurd yüzi mübarəkdir» söyləyərək, ona bir ulu varlıq kimi ehtiram bildirir.

Dədə Qorqud boylarında da qurd alpdır, basılmaz döyüşçü, bütün oğuz döyüşçülərinin oxşamaq istədikləri igiddir. Əmən bəyin VII boyda söylədiyi kimi: «Yeddi bayırın qurduna bənzərdi yigidlərim». Qorqud boylarında ana Aslanın da adı çəkilmişdir. Bu baxımdan Aruz Qoca oğlu Basatın soykökü haqqında dastanda belə deyilir: «Atam adın sorar olsan Qaba Ağac, annam adın deyirsən Kağan Aslan, mənim adım sorarsan Aruz oğlu Basatdır».

Boylarda Aslan surəti ilə oxucu bir yerdə deyil, dəfələrlə qarşılaşır. Boyları yaradan xalq üçün Aslan təsadüfi bir personaj deyil, ulu soykökdən biridir. XI boyda öz nəsil ağacının keçmişini öyərək «Azvay qurd ənüqi erkəgində bir köküm var» söyləyən Qazan xan, həm də Ağ qayanın qaplanında, Ağ sazın aslanında və Ağsunqur quşunda «bir köküm var» deyir. Beləliklə, oğuzlar müqəddəs saydıqları dörd varlığı: qurdu, aslanı, qaplanı və ağ sunqur quşunu özlərinə ulu əcdad hesab edirdilər.

Məşhur “Koroğlu” dastanında təkcə Koroğlu deyil, dəliləri də Qazan xan kimi qurd kökündən doğulub yarandıqlarını söyləyib öyünürlər: «Koroğlunun qurd oğluyam», «tülkü nədi pəncə vura aslana, gərək budu qurddan olan qurd olu», «dava günü qurd dəlilər, Ballıcaya səfərim var...»

Oğuz soykökündən olan xalqların, o cümlədən Azərbaycan xalqının yaranış tarixini nə İran, nə Qafqaz-İber dünyası ilə bağlamaq üçün heç bir tutarlı dəlil-sübut yoxdur. Çünki bu xalqların tarixinin «Kitab-i Dədəm Qorqud», «Oğuznamə», Orhun yazıları kimi ana qaynaqlarında Qafqaz mifolojisinin heç bir izinə rast gəlinmir. İran cəngavərlik dastanlarının apancı qəhrəmanları olan divlərin və Simurq quşunun da, Huşəng, Keyumərs, Cəmşid, Feridun kimi əfsanəvi İran şahlarının da adlan belə yoxdur.

Dədəm Qorqud boylarında «Oğuz» anlayışının çox geniş etnosiyasi və etnomədəni çalarda işlənməsi diqqəti özünə çəkir. Burada «Oğuz»-bu adı daşıyan xalqın elidir, yəni dövlətidir; həm bu xalqın özünün, həm də onun yaşadığı ölkənin adıdır.

Dədə Qorqud boylarında Oğuz «Dərbənd Qapılan »ndan «Doqquz tümən Gürcüstan» və güney-batıda Trabzon-Bayburt xəttinə yaxın olan bölgələrdə yerləşən bir ölkədir. Azərbaycan türklərinin etnotarixi keçmişində «Oğuz» anlayışı ilkin doğma boy adı (etnonim) olmuşdur. Bu ad altında kitabda Şimali və ya Cənubi Azərbaycanın, Şirvan və Aranın əyalət müstəqilliyi deyil, «Oğuz xalqı» yaşayan torpağın bütünlüklə mədəni-siyasi birlik-fikri, bu birliyin qorunması fikri irəli sürülür.

Dil, yaranışın qaynağı kimi. Azərbaycan torpağında türk dili qədim çağlardan işlənməkdədir. Dədə Qorqud boylarının dili Göktürk oğuzlarının dilinə çox yaxındır. Hər iki qaynaq ilə tanış olduqda yazılışca və ya semantika baxımından bütünlüklə eyni çalar daşıyan anlayışlar, deyimlər qarşıya çıxır.

Azərbaycan türklərinin əski dili qərbi hun, başlıca olaraq bulqar- qıpçaq özülü üzərində yaranmışdır. Əski türkcənin bu qolu böyük yazı keçmişi olan oğuz türkcəsinə yaxın idi. Azərbaycan dili Altay dillər ailəsinin Türk dil budağının Oğuz qrupuna daxildir.

«Dədəm Qorqud» boylarının dili Orhun yazıları ilə müqayisə edildikdə, sonuncuların sözlüyü daha «təmizdir». Boylarda isə kiçik bir fars-ərəb sözləri qatı vardır. Görünür, bu sözlər Azərbaycan türkcəsinə islam yayılandan sonrakı 300 il ərzində keçmişdir. “Dədə-Qorqud” dastanında ortaq türk-fars, türk -ərəb sözləri (əzizləmək, ədəblənmək və bu kimiləri) sayılmazsa, 136 fars, 350-yə yaxın ərəb sözü işlənmişdir. Dədə Qorqud boylarının sözlüyü 4530 söz tutur, deməli, bu sözlüyün yalnız yüzdə üçü (cəmi üç faizi) farscadan alınmadır. Dədə Qorqud boylarının dilində ərəbcədən alınma sözlər fars sözlərindən çoxdur.
Azərbaycan türkcəsinin XVI-XIX yüzü qaynaqlarında: Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Seyid Əzim Şirvani «Divan» larında isə sözlüyün yarıdan çoxu ərəb, fars sözləridir.

 

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri),  “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova

Top