Azərbaycan 3-8 əsrin əvvəllərində yeni ictimai münasibətlərin yaranması

Azərbaycan 3-8 əsrin əvvəllərində yeni ictimai münasibətlərin yaranması

III əsrdə Azərbaycan sosial-iqtisadi inkişafının yeni bir mərhələsinə daxil oldu. Albaniya və Atropatenada ölkənin başlıca sərvətini təşkil edən torpaqla bağlı feodal münasibətlərinin aparıcı yer tutması bu dövrün əsas əlamətidir. Torpağın sahibi və mülkiyyətçisi olan hakim zümrə (feodal) cəmiyyətin əsas qüvvəsini təşkil edirdi. Var-dövlət, sərvətlə yanaşı, dövlətin idarə edilməsi, siyasət də onun əlində idi. Bu zümrə geniş hüquq və imtiyazlardan istifadə edirdi. Cəmiyyətdə nə varsa-ideologiya, din, mədəniyyət-hər şey onun mənafeyinə xidmət edirdi. Dövləti idarə edən hökmdar ən böyük torpaq sahibi (feodal) sayılırdı. Belə cəmiyyətin maddi nemətlərinin yaradıcısı isə kəndlilər və sənətkarlar idi.

Azərbaycanın Araz çayından şimaldakı torpaqlarında yerləşən və e. ə. II əsrdən Aran nəslindən olan yerli hökmdarlar tərəfindən idarə olunan Albaniyada I əsrin ortalarından Alban Arşakilər sülaləsi möhkəmlənmişdi. Bu sülalənin hakimiyyəti 510-cu ilə qədər davam etmişdir. Arşaki hökmdarları böyük torpaq sahələrinə malik idilər. III-V əsrlərdə Albaniyada dövlət torpaq sahibliyi forması üstünlük təşkil edirdi. Dövlət və onu idarə edənlər etibarlı sosial dayaq yaratmaq üçün hakim zümrənin nümayəndələrinə və qulluq adamlarına xidmətə görə torpaq sahələri bağışlayırdılar. Nəticədə xüsusi torpaq sahibliyinin çəkisi getdikcə artırdı. Albaniyada IV-V əsrlərdə torpaq sahələrinin vassallara (azatlar və nahararlar) paylanması nəticəsində dövlət torpaq fondu tədricən azalır və onun böyük hissəsi feodal ailələrinin (patronimiya-ağa, sahibkar ailəsi) əlində cəmləşirdi. Feodallaşmanın dərinləşməsi ilə hakim zümrə bir neçə kateqoriyaya bölünürdü. Bunlardan ən böyükləri ayrı-ayrı vilayətlərdə hakimlik edirdilər. IV-VII əsrlərdə Albaniyada bir sıra siyasi-inzibati vahidlər -nahararlıqlar (senyoriya) meydana çıxmışdı. Həmin inzibati vahidin (vilayətin) başçısı get-gedə torpaq üzərində mülkiyyətçilik hüququ olan əsl feodala (knyaza) çevrilirdi. VI əsrdə onlar işxan (hakim, ağa) adlanırdı.

Albaniyada hökmdar-çar qanunverici və ali məhkəmə hüququna malik olub, kilsə məclislərini də o çağırırdı və ölkənin hərbi qüvvələrinin baş komandanı idi. Albaniyada feodalizm cəmiyyətinə xas olan ierarxiya sistemi hökm sürürdü. Hər bir feodal patronimiyası öz gücünə görə xüsusi «Dərəcələr haqqında cədvəl»də növbəlilik gözlənilməklə qeyd olunurdu. İlk on yeri tutan əyanlar böyük, qalanları isə kiçik patronimiya hesab olunurdu. Əyanların belə düzülüş qaydası ierarxiya, yəni feodal nərdivanı adlanırdı. Bu sistem onların iqtisadi gücü, siyasi nüfuzu və çıxara bildiyi qoşunun sayı ilə müəyyən olunurdu. Albaniyada azatlar alban və sasani hökmdarlarının vassallan olub, tələb olunanda hərbi qüvvə çıxartmalı, öz sosial rütbəsinə uyğun olaraq sarayda müəyyən xidmət göstərməli və müxtəlif inzibati funksiyalan yerinə yetirməli idilər. Əyanlar və ruhanilər can vergisi ödəməkdən azad idilər.

Albaniyada torpaq mülkiyyətinin dövlət və xüsusi formaları təşəkkül tapmışdı. III-VI əsrlərdə burada torpaq üzərində dövlət mülkiyyəti forması üstünlük təşkil etmişdi. Ali zümrəyə məxsus olan torpaq mülkiyyətinin iki forması vardı: 1) şərtsiz və irsi torpaq sahibliyi sayılan dastakert (pəhləvi dilində-mülk deməkdir). Bu torpaq sahibliyi (allod) icma torpaq sahibliyinin dağılması və dövlət tərəfindən torpaqların malikanə (votçina) hüququ ilə hakim zümrənin nümayəndələrinə paylanması yolu ilə yaranmışdı; 2) Şərti torpaq sahibliyi sayılan xostak (pəhləvi dilində-«bağışlanan» mənasını verir). Xostak dövlət tərəfindən torpağın vassal xidməti göstərən hakim zümrənin nümayəndələrinə müvəqqəti olaraq bağışlanması nəticəsində yaranmışdı. Şərti xostak torpaqlarının şərtsiz dastakertə çevrilməsi hallarına da təsadüf edilir.

İri torpaq sahibləri patriklər, xırda və orta torpaq sahibləri isə azatlar adlanırdı. Dastakert daha çox iri əyanların, xostak isə daha çox nisbətən kiçik hərbi əyanların, məmur və kilsə xadimlərinin əlində cəmləşmişdi.

Təhkimçilik hüququ münasibətlərinin bərqərar olduğu Avropada feodalların mülklərində yerləşən böyük təsərrüfatlar kəndlilər tərəfindən biyar işlərinə (əvəzi ödənilməyən mükəlləfiyyət) cəlb edilməklə becərilirdi. İlin böyük hissəsini ağır biyar işlərində keçirən kəndlilərin bir yerdən başqa yerə qaçmasının qarşısını almaq üçün dövlət onları torpağa təhkim edirdi. Şərq ölkələrində, o cümlədən Azərbaycanda mülkədarlar şəxsi təsərrüfat qurmurdular və ya onların belə təsərrüfatı kiçik ölçülü olduğundan kəndlilərin kütləvi şəkildə biyara cəlb edilməsinə və torpağa təhkim edilməsinə ehtiyac yox idi. Burada torpaq sahibləri çox zaman təsərrüfat işlərinə qarışmır, kəndlilərdən məhsul və ya pul vergisi almaqla kifayətlənirdilər. Azərbaycanda feodal kəndlini tam hüquqsuz bir qula və ya əşyaya, alqı-satqı obyektinə çevirə, Avropadan fərqli olaraq kəndlinin şəxsi həyatı ilə bağlı məsələlərə qanşa bilməzdi.

Albaniyada kəndlilər şinakan adlanırdı, onlar dünyəvi və dini feodalların xeyrinə çoxsaylı natural vergilər ödəyirdilər. Moisey Kalankatlının məlumatına görə, Albaniyada kəndli zümrəsi üç qrupa bölünürdü: 1) kifayət qədər əmlakı olanlar; 2) yoxsullar; 3) əkini, üzümlüyü olmayanlar. 488-ci il Aluen kilsə yığıncağının qəbul etdiyi qanunlarla Albaniyada dünyəvi və dini feodallara məxsus kəndlilərin, xüsusilə kilsə torpaqlarında yaşayan sakinlərin ödəməli olduqlan vergilər və mükəlləfiyyətlər hüquqi baxımdan tənzim edilmişdi. Aluen yığıncağı qanunlarında deyilirdi: «xalq tərəfindən keşişə torpağın bəhrəsi aşağıdakı qaydada verilməlidir: varlı adam 4 cərib (1 cərib-22, 8 kq) buğda, 6 cərib arpa, kasıb isə bunların yarısı qədər: kimin ki, bağı və əkin yeri yoxduı-, ondan heç bir şey ahnmasın». Mənbələrə görə dünyəvi əyanlara məxsus kəndlilər də vergiləri həmin qaydada ödəyirdilər. İcmaçı kəndlilər can vergisi olan gezitlə yanaşı, məhsulun 1/5-dən ibarət torpaq vergisi-xaraq, sənətkarlar və tacirlər isə gömrük haqqı olaraq bac ödəyirdilər. Albaniyada bütün xristian əhalidən kilsənin xeyrinə onda bir vergisi yığılırdı. Bu vergi kənd təsərrüfatı məhsullan ilə ödənilirdi.

Sasani imperiyasının mühüm əyalətlərindən birinə çevrilmiş Atropatenada III əsrdən etibarən feodal münasibətləri yaranmağa başladı. Bu münasibətlər haqqında mənbələrdə az məlumat verilmişdir. Sasani dövrünün qanunları ilə torpaq mülkiyyəti və hakim zümrənin toxunulmazlığı hüquqi baxımdan qorunurdu. Torpaq sahibləri yerli və mərkəzi hakimiyyətə tabe olmalı, dövlət xəzinəsinin xeyrinə vergilər toplamalı və hərbi xidmət göstərməli idilər.

Sasanilər dövründə əhali dörd sosial təbəqəyə bölünürdü:

1) kahinlər; 2) döyüşçülər; 3) mirzələr (əyanlar); 4) vergiverənlər. «Hacıabad kitabəsi»nə görə ölkədə ali zümrəyə hakimlər, əsilzadələr və azatlar daxil idi.

Albaniyada olduğu kimi. Atropatenada da əhalinin əsas hissəsini kəndlilər təşkil edirdi. Kəndlilər, sənətkarlar və tacirlər vergiverən zümrəyə daxil idilər. Kəndlilər gezit adlanan can vergisi və xaraq adlı torpaq vergisi verir, müxtəlif əmək mükəlləfiyyətləri yerinə yetirirdilər.

VI əsrdə Atropatenada torpaq münasibətləri xeyli inkişaf etmişdi. İcma torpaqlarının böyük hissəsini əyanlar ələ keçirmiş və kəndliləri asılı vəziyyətə salmışdılar. Azatlar xidmətləri müqabilində şərti torpaq bəxşişləri alaraq mövqelərini gücləndirirdilər. Dini idarələrə məxsus torpaq mülkiyyəti də xeyli artmışdı. Qazakadakı baş od məbədgahmm ixtiyarında çoxlu torpaq və kəndli var idi.

Feodallaşma prosesinin gücləndiyi şəraitdə Sasani hökmdarı I Qubad tərəfindən həyata keçirilməsinə başlanan vergi islahatı I Xosrovun dövründə (531-579) başa çatdırılmışdı. İslahatın əsas məqsədi köhnə vergi sistemini dəyişdirməkdən ibarət idi. Bütün imperiya ərazisində, o cümlədən Atropatenada torpaqların miqdarı, vergi ödəyəcək adamların sayı müəyyən edilmiş, vergilərin ümumi miqdarı hesablanmışdı. Vergilər bar verən ağacların sayına, torpağın məhsuldarlığına və əhalinin sayına uyğun olaraq mahallar və məntəqələr üzrə bölünmüşdü. Buğda, arpa, düyü əkinlərindən torpaq vergisi məhsulla ödənilməli idi. Məhsulun həcmindən asılı olmayaraq torpaq sahələri üzərinə daimi pul vergisinin qoyulması geriyə doğru addım olub, kəndlilərin vəziyyətini pisləşdirirdi. Əhali əmlak vəziyyətindən asılı olaraq 4-12 dirhəm (1 dirhəm 4 qram ağırlığında gümüş pul) miqdarında can vergisi ödəməli idi. Ali zümrəyə daxil olan əyanlar, kahinlər, məmurlar və mirzələr bu vergini ödəməkdən azad idilər. Vergi islahatına görə müharibələr zamanı qoşunların saxlanması üçün kəndlilərdən azuqə və ot tələb oluna bilərdi.

I Xosrovun islahatı ilə vergilərin yığılması və dövlət xəzinəsinə təhvil verilməsi üzərinə ciddi nəzarət qoyulsa da, məmurların özbaşmalıqlarının qarşısını almaq mümkün deyildi.

Vergi islahatının həyata keçirilməsi ilə Atropatenada 20 yaşından 50 yaşına qədər bütün kişilər can və torpaq vergisi ödəyirdilər. Əhalidən şəhərlərin müdafiə divarlarının tikilməsi və təmiri, suvarma kanallarının çəkilməsi üçün də vergi yığılırdı.

Təsərrüfat həyatı III-VII əsrlərdə Albaniyada iqtisadiyyatın əkinçilik, maldarlıq və sənətkarlıq sahələri inkişaf edirdi. Kür çayının hər iki sahilində. Mil-Muğan düzündə və Naxçıvanda əhali başlıca olaraq əkinçiliklə məşğul olur, taxıl, pambıq, üzüm, bağ-bostan bitkiləri yetişdirirdi. Geniş yayılnuş şumlama əkinçiliyində dəmir kotan, xış, oraq və sair alətlərdən istifadə olunurdu. Kür sahillərinin əlverişli torpaq və iqlim şəraitinə uyğun olaraq qiymətli pambıq növləri yetişdirilməsi haqda alban tarixçisi Moisey Kalankatlı məlumat vermişdir. Ərəb mənbələrinə görə, Dərbənddən Tiflisədək bütün Aran ərazisində boyaq bitkisi olan marena (qızıl boya) yetişdirilirdi. Əldə edilən bol üzüm məhsulu şərabçılığın inkişafı üçün əlverişli zəmin yaratmışdı.

Albaniyanın maldarlıq təsərrüfatı yüksək səviyyədə idi. Burada iri və xırda buynuzlu mal, dəvə və at saxlanılırdı.

Məhsuldar qüvvələrin inkişafı və iqtisadiyyatda şəhərlərin rolunun artması əkinçiliklə əlaqəsini tamamilə kəsmiş azad sənətkarların meydana çıxmasına və yerli xammal bazasında sənətkarlıq istehsalının genişlənməsinə səbəb olmuşdu. Yerli xammal (yun, kətan, ipək, pambıq və s.) əsasında inkişaf etmiş toxuculuq istehsalı sənətkarlığın mühüm sahələrindən birinə çevrilmişdi. Albaniyada ipək, yun, kətan parçalar və yüksək keyfiyyətli xalçalar toxunurdu. Mingəçevir və Beyləqan ərazisindən arxeoloji qazıntılar nəticəsində parça və xalça toxuyan dəzgahlar tapılmışdır.

Erkən orta əsrlərdə Albaniyada təsərrüfatın metallurgiya sahəsi yüksək inkişaf səviyyəsinə çatmışdı. Şirvan, Qarabağ, Gədəbəy, Şəki-Zaqatala və başqa bölgələr metal məhsulları istehsalı üzrə mərkəz rolunu oynayırdı. Bu dövrdə ən çox inkişaf etmiş sənət sahələrindən biri də dulusçuluq idi. Bundan başqa ağac emalı, daşyonma, gön-dəri, şüşə istehsalı və sair sahələr də inkişaf edirdi.

Bu dövrdə Albaniyada köhnə qədim şəhərlərin-Qəbələ, Naxçıvan, Dərbənd inkişafı ilə yanaşı, yeni şəhərlərin-Bərdə, Beyləqan və s. yaranması və şəhər həyatının canlanması prosesi gedirdi. Şəhər əhalisinin tacir və sənətkarlardan ibarət olan yuxarı dairəsi əlverişli iqtisadi və sabit ticarət fəaliyyətini təmin edə biləcək mərkəzi dövlət hakimiyyətinin olmasında maraqlı idilər. Albaniyada və Atropatenada şəhərlər iqtisadi əhəmiyyətinə və roluna görə üç tipə bölünürdü:
1) beynəlxalq ticarət yolları üzərində meydana çıxmış şəhərlər. Bu tipə aid edilən Bərdə, Dərbənd, Qəbələ, Çola, Beyləqan şəhərləri iri inzibati və ticarət-sənətkarlıq mərkəzləri idilər. Mənbələrdə bu şəhərlər «böyük» və «məşhur» şəhərlər adlandırılmışdır.
2) Ticarət yollarından kənarda, qapalı ərazilərdə yerləşən, sənətkarlıq və ticarət mərkəzi kimi tanınan şəhərlər, bu tip şəhərlərin sırasına Şəki, Şəmkir, Girdman, Naxçıvan və başqaları daxildir.
3) Kənd tipli şəhərlər və yaxud əkinçilik xarakterli şəhərlər; bunlar sosial-iqtisadi mənada şəhər olmayıb, əslində vilayətlərin inzibati mərkəzləri idi. Bu tipli şəhərlərə Torpaqqala (Qax), Mingəçevir və başqaları daxil idi.
Albaniyanın paytaxtı Bərdə şəhəri Yaxın və Orta Şərqin ən böyük ticarət mərkəzlərindən biri olub, İran körfəzi, Orta Asiya, Atropatena (Cənubi Azərbaycan), Gürcüstan, Ərəb ölkələri. Bizans və Şimali Qafqazı birləşdirən karvan yollarının üzərində yerləşirdi.

Albaniyanın ərazisi və inzibati bölsüsii Alban dövləti erkən orta çağda geniş bir ərazini əhatə edirdi. Antik dövrdə olduğu kimi, Albaniyaya şimalda Qafqaz dağlarından, cənubda Araz çayına. Qərbdə İberiyadan (Alazan və İori çaylarının hal-hazırda Gürcüstan Respubikasmm ərazisinə düşən yuxarı axarlarından) Şərqdə Xəzər dənizinə qədər olan torpaqlar daxil idi. Kürün sol sahilindəki Alban torpaqlarında Çola, Lpina, Kambisena və başqa vilayətlər yerləşirdi. Çola vilayəti Dərbənddən Beşbarmaq dağına qədər Xəzər sahilini əhatə edirdi və bu vilayətin Çola və Dərbənd kimi iki şəhəri var idi. Çola ilə Şəki arasında Lpina vilayəti yerləşirdi. Kürdən cənubda Paytakaran, Arsax, Uti və Sünik vilayətləri yerləşmişdi. İndiki Yuxarı Qarabağ və Mil düzünün bir hissəsi Arsax vilayəti adlanırdı.

 

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri),  “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova

Top