E. ə. III — II minilliklərdə Azərbaycanın cənubunda və şimalında ilkin tayfa birlikləri mövcud idi. Azərbaycanın cənubunda yaşayan etno — siyasi birliklərdən kutilər, lullubilər, su və turukkilər haqqında qədim Şumer — Akkad mixi yazılarında kifayət qədər məlumatlara rast gəlinir. E. ə. III minilliyin II yarısında Azərbaycanın cənubunda Lullubi və Kutilərin erkən dövlətləri yaranmışdır.
Kuti dövləti. Azərbaycanın Urmiya gölü bölgəsində hələ e. ə. XXIV -XXIII əsrlərdə Kuti tayfa birləşməsi yaşayırdı. Mənbələrdə kutilərin məskunlaşdığı ərazi dağlıq Kutium ölkəsi kimi xatırlanmışdır. Kutilər maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olur, Mesopotamiyada yaşayan əhali, xüsusilə şumerlərlə iqtisadi-siyasi əlaqələr saxlayırdılar. E. ə. XXIII əsrdə daha da güclənmiş Akkad hökmdarlarının aramsız hücumlarının qarşısını almaq üçün kutilər qonşuluqda yaşayan digər etno-siyasi toplumlarla hərbi ittifaqa girmiş və müttəfiqlər üç dəfə Akkad ordularını məğlubiyyətə uğratmışdılar.
E. ə. XXIII əsrin sonlarında Kuti dövləti xeyli güclənmişdi. Döyüşkənliyi ilə seçilən və çoxsaylı əhaliyə malik olan Kuti dövləti Mesopotamiyaya hərbi yürüşlərə başlayaraq Akkad qoşunlarını darmadağın etmişdi. Kuti hökmdarı Enridavazir bu qələbə şərəfinə ucaltdığı abidədə özünü «Kutiumun və dünyanın dörd tərəfinin hökmdarı» adlandırmışdır.
E. ə. XXII əsrin əvvəllərində Mesopotamiyanın cənubunu işğal edən və Akkad dövlətini süquta uğradan Kutilər burada böyük xilaskarlıq missiyasını yerinə yetirdilər. Akkadlar daima Şumer şəhərlərinin əhalisini kütləvi şəkildə məhv edirdilər. Şumerlərin müqəddəs Nippur şəhərini viran qoyan akkadlar, hətta onların Ekur məbədini belə dağıtmışdılar. Bu hadisə şumerlərin səbr kasasını doldurmuş və onlar yardım üçün Akkadm əsas düşməni olan güclü Kuti dövlətinə üz tutmuşdular. Kutilər şumerlər üzərində Akkad ağalığına birdəfəlik son qoymuşdular.
Qədim Azərbaycanın çox qüdrətli etnosu olan kutilər 91 il (e. ə. 2195 -2104) Dəclə və Fərat çayları arasında öz siyasi hökmranlığını sürdürə bilmişdir. Bu zaman inzibati vəzifələri daşıya biləcək çoxlu adamları olmadığından işğal olunmuş əraziləri yerli Şumer və Akkad əyanlarından təyin etdikləri canişinlər vasitəsilə idarə edirdilər. Kuti hökmdarı, həm də Akkad çan titulunu daşıyır və hakimiyyətə seçki yolu ilə gəlirdi. Şəhərləri en və ya ensi rütbəli hakimlər idarə edirdilər. Kutilər şumerlərin dağıdılmış məbədlərini bərpa etmiş və yenilərini tikdirmişdilər.
Mesopotamiyanın cənubundakı əhalidən kutilər sənətkarlıq, ərzaq məhsulları və qiymətli metallar şəklində vergilər toplayırdılar.
Kuti ağalığı dövründə Mesopotamiya ərazisi xarici basqınlardan daha yaxşı qorunmuş, ticarət yollarında tam təhlükəsizlik təmin olunmuşdu.
Kuti hökmdarlarına aid yazılarda onların İştar və Sin tanrıları haqqında məlumatlar vardır. Kutilər Mesopotamiyada yerli tanrılara sitayişi saxlamaqla, öz dini ayinlərini tətbiq etməyə çalışırdılar. Dini ibadətdə yeniliklər yerli kahinlərin ciddi müqaviməti ilə qarşılanırdı.
E. ə. XXII əsrin sonlarında Mesopotamiyanın cənubunda başda Şumer Uruk şəhərinin hakimi Utiheqal olmaqla kutilərə qarşı müqavimət başladı. Utiheqal öz kitabəsində kutiləri «zəhərli dağ ilanları, tanrıların düşməni. Şumer dövlətçiliyini dağlara aparan. Şumeri ədavətlə dolduran, arvadı ərindən, uşaqları valideynlərindən ayıran, ölkədə düşmənçilik və nifaq salan» bir toplum adlandırırdı. Bu cür düşmən münasibət əslində Kuti hakimiyətini gözdən salmağa, işğalçı kutilərlə mübarizənin zəruriliyini əsaslandırmağa və əhalini ayağa qaldırmağa yönəlmişdi. E. ə. 2109-cu ildə kutilərlə Uruk şəhəri arasında baş verən döyüşdə şumerlər qalib gəldilər. İkiçayarasmda ağalıq edən sonuncu kuti hökmdarı Tirikan oldu. O, cəmi 40 gün hakimiyyətdə qala bilmişdi. E. ə. 2104-cü ildə həm onun, həm də İkiçayarasmda Kuti hakimiyyətinə son qoyuldu. Bundan sonra kutilər öz doğma torpaqlarına qayıtdılar. Onlar burada lullubi tayfaları tərəfindən sıxışdırılaraq torpaqlarının bir hissəsini itirərək bir qədər şimal-şərq səmtinə çəkilməli oldular. Şumer mixi yazılarında İkiçayarasmda hökmranlıq edən 21 Kuti çarının adı çəkilmişdir.
Lullubi dövləti
E. ə. III minilliyin II yarısında Azərbaycan ərazisində mövcud olan etno-siyasi birliklərdən biri də lullubilər tərəfindən yaradılmışdır. Lullubilər haqqında ilk məlumat Akkad mənbələrində verilmişdir. Akkad kitabələrində «Lullubum dağlılarını öz hakimiyyəti altında birləşdirmiş hökmdar Sidurru» haqqında danışılır. Lullubi siyasi birliyi Urmiya gölü hövzəsində meydana çıxmışdı. Lullubilər Diyala çayının yuxan axarından Urmiya gölünədək olan torpaqlarda kutilərdən cənubda və şərqdə yaşayırdılar. Lullubilərin təsərrüfatında maldarlıq üstün yer tutmuşdur. Onlar Mesopotomiyadakı şəhərlərlə ticarət əlaqələri saxlayır, qaramalı taxıla dəyişirdilər. Qonşu hurri və hetlər lullubiləri öz dövlət idarələrində işə cəlb edir və döyüşkən lullubiləri muzdla hərbi xidmətə çağmrdılar.
Lullubi hökmdarı Anubanininin e. ə. XXII əsrə aid kitabəsində Akkad dilində yazılmışdır: «Anubanini, qüdrətli çar, Lullubum çarı öz təsvirini və İştar ilahəsinin təsvirini Batir dağında həkk etdirdi». Bu yazı əsasında müəyyən olunmuşdur ki, Lullubi hökmdarı Anubaniniyə tabe olan torpaqlar Urmiya gölündən Diyala çayının orta axannadək uzanırdı. Yazıda «Yuxarı Dəniz» və «Aşağı Dəniz» in qeyd olunması göstərir ki, hökmdar Anubanini Urmiya gölündən İran körfəzinə qədər olan əreızilərə iddia ilə çıxış edirdi. Vaxtilə kutilərə məxsus olan torpaqların böyük hissəsi indi Lullubi hökmdarının əlinə keçmişdi.
E. ə. XXI əsrdə şumerlər lullubilər üzərinə tez — tez talanedici yürüşlər edirdilər. Lullubilər də kutilərlə birlikdə İkiçayarasmda yaşayan xalqlar üzərinə işğalçı yürüşlərə çıxırdılar. Lullubilər təxminən 1500 il ərzində Azərbaycan və qonşu ərazilərin tarixində mühüm rol oynadılar. Lullubi tayfalan Ön Asiyada öz qoçaqlığı və döyüşkənliyi ilə seçilirdilər və adları bir sıra qonşu xalqlar arasında vahimə ilə çəkilirdi. Təsadüfi deyil ki, hurrilər və urartulular lullu etnonimini daha çox «yadelli», «düşmən» mənasında işlədirdilər. E. ə. II minilliyin əvvəllərində lullu sülaləsi, hətta Aşşur taxt-tacım ələ keçirmişdi.
E. ə. XIV — XIII əsrlərdə Assuriya və Yeni Babil hökmdarlarının kitabələrində Lullume ölkəsi və onlarla apanlan savaşlar haqqında məlumatlar verilir. Lullubi torpaqları e. ə. I minilliyin başlanğıcında Zamua ölkəsi kimi tanınırdı. Manna dövlətinin tərkibinə daxil olan İç Zamuanın şimal hissəsi yazılı mətnlərdə bəzən Lullume adlandırılır.
Kuti və Lullubi dövlətləri e. ə. III minilliyin sonlarında süquta uğramışdı.
Turukki etno — sivasi birliyi
Azərbaycanın cənubunda yaşayan əhalinin tərkibinə turukki (dünyada türk etnik adının ilk forması hesab edilir) adlı etnik birlik də daxil idi. Turukki tayfa birliyi tarix səhnəsinə kutilər və lullubilərlə eyni vaxtda çıxmışdılar. E. ə. III minilliyin II yarısında turukkilərin kutilər və lullubilərlə bir müttəfiq kimi xatırlanması onların bir — biri ilə qonşuluqda yaşadığını göstərir. E. ə. XXIV əsrə aid yazılarda akkadlı Sarqonun dövründə onun dövlətinin ərazisində yaşayanlar içərisində turukki tayfa adı da çəkilmişdir. Akkad hökmdarı Naram=Suenə qarşı kutilərin və digər tayfaların birləşdiyi hərbi ittifaqa turukkilər də qoşulmuşdular. E. ə. XVIII — XIII əsrlərə aid Assur yazılarında turukkilərin adma tez-tez rast gəlinir. Bir Assur mətnində onlar «Turukku ölkəsinin adamları» kimi verilmişlər və bu ərazidə kutilərin də yaşadığı göstərilmişdir. Lullubi kimi turukkilər də Zaqros dağlarından Raniyə düzənliyinə keçərək hurrilərlə əlaqə saxlayır və Mesopotomiya hüdudlarına daxil olurdular.
Assur hölondarı I Şamşi-Adadın (e. ə. 1813-1783) yürüşlərinə qədər turukkilər qərb qonşuları ilə dinc əlaqələr saxlayır və Aşşurun ticarət əlaqələrində vasitəçi kimi iştirak edirdilər. Turukkilər e. ə. XVIII əsrdə assurlarla dəfələrlə müharibə aparmışdılar. Mari məktublarında turukki hökmdarı Lidayanın adı assurlara qarşı vuruşan turukkilərin başçısı kimi xatırlanmışdır. Turukkilər assurların Dəclədən şərqdəki əraziləri ələ keçirmək cəhdinə qarşı duran ciddi bir qüvvə kimi çıxış edirdilər. Lidayanın başçılığı ilə turukkilər Assur hökmdarı İşme Daqana (e. ə. 1797-1757) qarşı uğurlu hərbi əməliyyat keçirərək Şuşarra ölkəsini assurlardan azad etmişdilər. Assur mənbələrindən birində yazılmışdır: «Turukku Lidaya və Şuşaradakı turukkular bizə düşmənçilik etdilər və iki şəhəri viran qoydular». Turukkilər Dəclədən şərqdə öz vətənlərindən uzaqlarda Assurun nəzarəti altında olan torpaqlarda kifayət qədər sərbəst hərəkət edir və elə bir ciddi müqavimətlə üzləşmirdilər.
Qədim yazılı mənbələri araşdıran istedadlı alimimiz Mirheydər Mirzəyevin fikrinə görə Babil hökmdarı Hammurapinin dövründə (e. ə. 1792 -1750) turukkilər bölgədə kifayət qədər güclü toplum kimi tanınırdılar və Assurla mübarizənin gedişində vahid hakimiyyət altında birləşmişdilər. Hətta güclü Babil şahı Hammurapi öz rəqiblərinə qarşı müharibəyə hazırlaşarkən Turukki hökmdarı Zaziyaya müraciət etmişdi. Zaziya öz qoşunu ilə yardıma gələcəyini bildirsə də, xeyli müddət keçməsinə baxmayaraq vədinə əməl etməmişdi. Görünür, Zaziya ikili siyasət yeridirdi. Hammurapiyə qarşı Elam, qonşu Kuti və digər ölkələrdən təşkil olunmuş ilk iki koalisiyada iştirak etməməklə yanaşı, o, Hammurapiyə də kömək etməyə tələsmirdi. Bunun nəticəsidir ki. Babil şahı Hammurapi hakimiyyətinin 35-ci ilində Marini darmadağın etdikdən sonra əsas diqqətini turukkilərin də daxil olduğu koalisiyaya yönəltmiş, hakimiyyətinin 37-ci ilində turukki ordusu üzərində qələbə qazanmışdı. Döyüş şübhəsiz ki, Turukki ölkəsindən kənarda baş verdiyindən Hammurapi Turukkumu zəbt edə bilməmişdi.
E. ə. XIX əsrin sonu — XVIII əsrin I yarısında döyüşkən turukkilər mütəşəkkil hərbi-siyasi qüvvə kimi çıxış etmiş, yarım əsr ərzində Assur hökmdarları ilə savaşlara girmiş, Assurun Şərqə doğru hərbi təcavüzünü dayandıraraq tarixi Azərbaycan torpaqlarını işğal təhlükəsindən qurtarmışdılar.
E. ə. XIV — XIII əsrlərdə kuti, lullubi, su tayfaları ilə birlikdə turukkilər də assurların tez-tez baş verən yürüşlərinə qarşı birlikdə mübarizə aparırdılar. Bu tayfalar Azərbaycanın qədim tarixində mühüm rol oynamışlar. E. ə. I minilliyin başlanğıcında Azərbaycanda öz dövlətlərini yaradan mannalılar həmin tayfaların varisləri hesab olunurlar. Kuti-lullubi dillərində sözlər qalmadığından və dil materialı yalnız şəxs adlarından ibarət olduğundan onların dil mənsubiyyəti indiyədək dəqiq müəyyən edilməmişdir. Tarixşünaslıqda kuti-lullubi tayfalarının türkdilli olması haqqında müəyyən ehtimallar vardır.
Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan — XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri), “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova