Qarabağın tarixini onun maddi və mənəvi mədəniyyəti zənginləşdirir. Qarabağda orta əsrlərə və yeni dövrə aid çoxlu sayda maddi mədəniyyət abidələri qeydə alınmışdır. Bu baxımdan Şuşa-Pənahabad daha zəngin idi. Şəhərdə bənzərsiz memarlıq abidələri ilə yanaşı, dahi sənətkarların, görkəmli ictimai-siyasi və dövlət xadimlərinin, alimlərin abidələri yaradılmışdı. Təəssüf ki, Şuşanın nadir memarlıq inciləri — məscidlər, dahi sənətkarların abidələri və qədim məzarlar erməni vandalları tərəfindən dağıdıldı.
Qarabağda memarlıq məktəbi yaratmış Kərbəlayi Səfixan Qarabaği tərəfindən Bərdə şəhərində tikilmiş qoşa minarəli "İmamzadə" məscidinin davamı olan Ağdam Cümə məscidinin, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidlərinin və digər məscid və türbələrin taleyi məlum deyil. Gördüyünüz bu qoşa minarəli əzəmətli məscidlər Azərbaycanın, eyni zamanda müsəlman şərqinin nadir inciləri idi.
19-cu yüzillikdə Qarabağda mənəvi mədəniyyətin inkişafında mühüm rolu olan mütəfəkkirlər meydana çıxmışdır. Xan qızı adı ilə tanınan şairə Xurşidbanu Natəvan [1830-1897) 1872-ci ildə «Məclisi-Üns” (»Dostluq məclisi") adlı ədəbi məclis yaratmışdır. O, məşhur şeirlər müəllifi kimi tanınmışdır. Şuşaya su kəmərini də 1873-cü ildə Natəvan çəkdirmişdir.
Qarabağlı Mir Möhsün Nəvab (1833-1918) öz dövrünün qabaqcıl, elmi və ədəbi-bədii yaradıcılığının müxtəlif sahələrində geniş fəaliyyət göstərən ziyalılarından olmuşdur. O, şair və ədəbiyyatçı, rəssam və xəttat, dövrünün görkəmli maarifçisi, alimi və sənətkarı idi. O, «Məclisi Fəramuşan» («Unudulmuşların məclisi», 1872-ci il) şairlər məclisinin təşkilatçısı və rəhbəri olmuş, Qarabağ şairlərinə həsr etdiyi «Təzkireyi-Nəvvab», klassik Şərq musiqisi haqqında «Vüzuhul-ərqam», astronomiya elminə aid «Kifayətül-Ətfal» və s. elmi və ədəbi-bədii əsərlər yazmışdır.
"Şükürnameyi-Şahənşah" və «Təzkireyi-Məhəmmədşah» əsərlərinin müəllifi Bəhmən Mirzə Qacar ömrünün son dövrlərində Qarabağda (Bərdə və Şuşada) yaşayıb yaratmışdır.
Şuşanın 19-cu yüzilliyin sonlarında
Qasım bəy Zakir, 20-ci yüzilliyin əvvəllərində Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli, Haşım bəy Vəzirov, Səfərəli bəy Vəlibəyov, Əhməd bəy Ağayev, Həmidə xanım Cavanşir, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli kimi görkəmli şəxsiyyətləri olmuşdur.
Qasım bəy Zakir Azərbaycan ədəbiyyatında satiranın banisidir.
Azərbaycanda ilk dünyəvi məktəb 1830-cu ildə Şuşada açılmışdır. Şuşa şəhəri Azərbaycan təhsilinin, musiqisinin beşiyi, həmçinin saz- söz sənətinin ocaqlarından biri olmuşdur. Şuşa şəhəri «Azərbaycanın konservatoriyası» adlandırılmışdır.
Qarabağda aşıq-şairlər — Valeh, Haqverdi, Məmmədağa, Şamil, Qəmbər, Nəcəfqulu, Abbasqulu, həmçinin hikmətli söz ustası, hazırcavablığı ilə tanınmış Abdal Qasım kimi yaradıcı şəxslər olmuşdur. Məşhur xanəndələr-Hacı Hüsü, Kərbəlayi Hüsü, Abdulbaği Zülalov, Ələsgər Fərzəliyev, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Malıbəyli Həmid Qarabağın, həmçinin Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri vardır. Qarabağda 19-cu yüzillikdə muğam və mahnıların Zabul Qasım, Segah İslam kimi məşhur ifaçıları olmuşdur.
Müəllif: Qasım Hacıyev, Əyyub Əbdüləzimov
Mənbə: QARABAĞ TARİXİ 7-ci sinif