I Dünya Müharibəsi (1914-1918) — dünyanı yenidən bölüşdürmək, nüfuz dairəsi, xammal mənbələri və satış bazarları uğrunda böyük dövlətlərin iki koalisiyası arasında imperialist müharibəsi idi.
Cənubi Qafqazda Osmanlı və Rusiya orduları arasında döyüşlərin başlanması ilə Qafqaz cəbhəsi yaranmışdı. Qafqaz cəbhəsi Qara dənizdən Cənubi Azərbaycandakı Urmiya gölünə qədər uzanırdı. Bu cəbhədə Rusiyanın yaratdığı və silahlandırdığı erməni quldur dəstələri Anadolunun və Azərbaycanın dinc türk-müsəlman əhalisinə qarşı soyqırımı törətdilər. Bu soyqırım Şərqi Anadolunu, Şimali və Cənubi Azərbaycanı əhatə edirdi.
Birinci Dünya müharibəsi dövründə Türkiyə və İran ərazilərində aparılan əməliyyatlar nəticəsində həmin ölkələrdə yaşayan yüz minlərlə erməni rusların himayəsi altında qədim Azərbaycan torpağı olan İrəvan, Gəncə (Yelizavetpol) və Bakı quberniyaları ərazisinə köçürüldü.
I Dünya müharibəsinin davam etdiyi bir zamanda Azərbaycanın Yelizavetpol və digər qəza şəhərlərində ictimai təşkilatlar və onların icraiyyə komitələri yaradıldı. Bu zaman Yelizavetpol quberniyasında 4 şəhər (Gorus, Şuşa, Yelizavetpol, Nuxa (Şəki) və 8 qəza (Zəngəzur, Şuşa, Cavanşir, Qaryagin (Füzuli), Yelizavetpol, Nuxa, Ərəş, Qazax) var idi. Quberniya və onun qəzalarına müvəqqəti hökumət komissarlar təyin etdi. Yelizavetpolda Fəhlə və Əsgər Deputatları Soveti də yarandı. Eyni zamanda, qəza şəhərlərində (Şuşa, Nuxa (Şəki), Qaryagin (Füzuli) və digər yerlərdə) sovetlər təşkil edildi. Bunlarla bərabər, Yelizavetpol quberniyası Azərbaycan milli azadlıq hərəkatında mühüm yer tuturdu.
1905-ci ildən başlayan milli-siyasi təşkilatlanma genişlənirdi. Milli azadlıq hərəkatının görkəmli xadimləri Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Xudadat bəy Rəfibəyli, Həsən bəy Ağayev və s. mühüm fəaliyyət göstərirdilər. Nəsib bəy Yusifbəyli 1917-ci ilin martında «Türk ədəmi-mərkəziyyət» partiyasının əsasını qoydu. Bu zaman erməni- daşnak, bolşevik siyasi partiya və təşkilatları birləşərək, milli azadlıq hərəkatına qarşı mübarizə aparırdılar.
Birinci Dünya müharibəsinin gedişində Rusiyada çarizmin devrilməsi nəticəsində Cənubi Qafqazda müstəqil Azərbaycan, Gürcüstan və Ararat respublikaları yarandı. Lakin çox keçmədən, bolşevik Rusiyası Cənubi Qafqaz respublikalarını işğal etdi.
Həmin dövrdə Yuxarı (Dağlıq) Qarabağ inzibati vahid deyildi. Ona görə də həmin dövrdə Rusiyanın rəsmi hesabatlarında Yuxarı (Dağlıq) Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında heç bir məlumat verilmir.
«Qafqaz təqvimi» məcmuəsinə görə, 1917-ci ildə Qarabağda, yəni Yelizavetpol quberniyasının Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında cəmi 339 min nəfər əhali yaşayırdı.
Müəllif: Qasım Hacıyev, Əyyub Əbdüləzimov
Mənbə: QARABAĞ TARİXİ 7-ci sinif