20-ci yüzilliyin əvvəllərində Şimali Azərbaycanın Qarabağ regionu Yelizavetpol quberniyasının tərkibində idi (Çar Rusiyası dövründə Gəncənin adı dəyişdirilib Rus çarı I Aleksandrın arvadının şərəfinə Yelizavetpol adlandırılmışdır]. Çarizm Qarabağ bölgəsində gəlmə ermənilərin möhkəmləndirilməsi üçün Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətini həyata keçirməyə başladı.
Bu məqsədlə ermənilərin Azərbaycanda fəaliyyət göstərən terror təşkilatları 1905-ci ildə Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə kütləvi qırğınlar törətdilər. 1905-ci ilin fevralında Bakıda başlayan qırğınlar Azərbaycanın müxtəlif bölgələrində 1906-cı ilə qədər davam etdi.Bu zaman 50 mindən artıq azərbaycanlı qətlə yetirildi, yüzlərlə yaşayış məntəqəsi dağıdıldı. Kəndlərin çoxu uzun illər boyu dağılmış vəziyyətdə qaldı.
Rusiyanın geosiyasi maraqlarına uyğun olan bu proseslər ermənilər üçün də çox məqsədəuyğun idi. Bu qanlı aksiyalarda məqsəd yerli əhalini — azərbaycanlıları Yuxarı Qarabağ ərazisini tərk etməyə məcbur etmək idi. Lakin ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi belə, demoqrafik vəziyyəti dəyişə bilmədi.
20-ci əsrin əvvəllərində Yuxarı Qarabağda ermənilərlə azərbaycanlıların nisbəti müvafiq surətdə 1/4 təşkil edirdi. Başqa sözlə, bölgədə, azərbaycanlılar 72.6 % təşkil edirdilər. Bunu rus alimi Skibitskinin tədqiqatları və xəritəsi də təsdiq edir.
Beləliklə, ermənilər Qarabağın siyasi və iqtisadi həyatında ciddi problemə çevrildilər. Onlar sonrakı dövrlərdə də mühüm məqamlarda Azərbaycan dövlətçiliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatlar və açıq separatçılıq əməllərini davam etdirdilər.
Müəllif: Qasım Hacıyev, Əyyub Əbdüləzimov
Mənbə: QARABAĞ TARİXİ 7-ci sinif