Bolşeviklər 1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yarandığını elan etdilər. Şuşa, Xankəndi və Qarabağın digər şəhər və kəndləri rus qoşunlarının, erməni quldur dəstələrinin nəzarəti altına keçdi. Azərbaycanı «müstəqil» Sovet Sosialist Respublikası elan etsələr də, əslində Azərbaycan öz dövlət müstəqilliyini itirmiş oldu.
Çarizmin yerində yaranmış Sovet Rusiyası Qarabağda başlanmış azərbaycansızlaşdırma siyasətini davam etdirdi. 1920-1921-ci illərdə Ermənistandan Azərbaycana 850 erməni ailəsi köçürüldü. Bunlardan 765 ailə Yuxarı Qarabağda yerləşdirildi. Onların məskunlaşdırılması və yaşaması üçün hər cür şərait yaradıldı.
Qırmızı Ordu hissələrinin işğal niyyəti, kütləvi qarətləri, əhalinin milli adət-ənənəsinə, dininə qarşı təhqiramiz tədbirlər Qarabağda xalq üsyanına səbəb oldu. Lakin erməni-rus birləşmiş ordusu 1920-ci il iyunun 15-də Qarabağda xalq üsyanını yatırdı.
Sovet Rusiyası Qarabağ regionunun dağlıq hissəsini inzibati ərazi vahidinə çevirdi. Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaratdı. 1923-cü il 7 iyulda Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi DQMV-nin yaradılması haqqında dekret verdi. Dekretdə Vilayətin mərkəzi Xankəndi göstərildi.
DQMV-nin yaradılması Azərbaycanın ərazi bütövlüyünə qəsd idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu barədə fikri olduqca maraqlıdır: "… xəritələrdə bütün adlar əzəli adları ilə göstərilib. Stepanakert adlı şəhər yoxdur. Orada Xankəndi var. «Stepanakert» sözü bolşevik Stepan Şaumyanm adından götürülüb. O adamın ki, Azərbaycan xalqının, günahsız adamların qanını axıtmışdır, azərbaycanlılara qarşı soyqırımı törətmişdir."
Sovet Rusiyasının köməyi ilə DQMV-nin yaradılması Dağlıq Qarabağın gələcəkdə Ermənistana verilə biləcəyi «uzaqgörənliyi» idi. Həmçinin bu, Rusiya imperiyasının «parçala və hökmranlıq et» siyasətinə xidmət edirdi.
Müəllif: Qasım Hacıyev, Əyyub Əbdüləzimov
Mənbə: QARABAĞ TARİXİ 7-ci sinif