19-cu yüzillikdə ermənilərin Qarabağ ərazisinə köçürülməsi

19-cu yüzillikdə ermənilərin Qarabağ ərazisinə köçürülməsi

Rusiya imperiyası hələ 18-ci yüzillikdən Qafqazı öz təsiri altına keçirməklə öz iqtisadi maraqlarını təmin etmək istəyirdi. Bu məqsədlə geniş hərbi fəaliyyətə başlayan Rusiya 19-cu yüzilliyin birinci yarısında istəyinə nail oldu.
Azərbaycan xanlıqları na qarşı işğalçı hücumlara başlayan Rusiya Car-Balakən camaatlığını (1803-cü il) və Gəncə xanlığını (1804-cü il) işğal etdi.
1806-cı il iyul ayının 2-də İbrahimxəlil xan ailəsi ilə birlikdə rus zabiti Lisaneviç tərəfindən qətlə yetirildi. İbrahimxəlil xanı öldürdükdən sonra mayor Lisaneviçin hərbi rütbəsi artırıldı. 1828-ci ildə ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağ və İrəvana köçürülməsi.
P.Sisianov Qafqazın digər bölgələrindən erməniləri Qarabağa köçürməyə başladı. Burada məqsəd Qarabağda çarizmin mövqeyini möhkəmləndirmək idi.
Qarabağ xanlığı 1822-ci ildə ləğv olundu.Onun yerinə eyniadlı əyalət yarandı. Bundan sonra Qarabağda siyasi, iqtisadi və mənəvi cəhətdən müstəmləkəçilik siyasəti gücləndi.Rusiya ilə Qacarlar arasında bağlanan Gülüstan və Türkmənçay müqaviləsindən sonra Qarabağda erməniləşdirmə prosesi üçün əlverişli şərait yaradıldı. Rusiya dövləti Qarabağa ermənilərin köçürməsinə hər vasitə ilə səy göstərir, hər cür yardım edirdi
Rus hökuməti Qarabağ regionuna çoxlu sayda erməni əhalisi köçürmüşdür. Rus ordusunun köməyi ilə Qarabağın türk-müsəlman kəndləri boşaldılır, həmin kəndlərə erməni ailələri yerləşdirilirdi. Köçürülmüş ermənilərin hesabına Qarabağda demoqrafik quruluş dəyişdirildi. Burada məqsəd süni şəkildə ermənilərin yerli türk-müsəlman əhalisindən sayca üstünlüyünü təmin etmək idi.
İki il ərzində — 1828-1830-cu illərdə 130 min (İrandan 40 min, Türkiyədən isə 90 min) erməni Azərbaycan ərazilərinə köçürüldü. İrandan ermənilərin maneəsiz olaraq Qarabağa köçürülməsi Türkmənçay müqaviləsinin şərtlərinə əsasən həyata keçirilirdi.
Qarabağ, onun mərkəzi olan Şuşa-Pənahabad şəhəri Azərbaycan xalqının ictimai-siyasi və mədəni mərkəzlərindən biri olaraq qalırdı. Çar hökumətinə və onun müstəmləkəçilik siyasətinə xidmət edən ermənilərin bütün maneə və müqavimətinə baxmayaraq, Qarabağ Azərbaycanın bir regionu olaraq tanınırdı.
Rusiya hökuməti tərəfindən ermənilərin Yuxarı (Dağlıq] Qarabağa köçürülməsi xüsusi məqsədlə edilirdi. Gəlmə ermənilərin kompakt şəkildə yaşamasını təmin etməklə strateji niyyət güdülürdü.
Beləliklə, çar Rusiyası bütövlükdə Şimali Azərbaycanda, o cümlədən Qarabağ bölgəsində ermənilər üçün geniş imkanlar yaratdı. Ermənilər çox keçmədən «Böyük Ermənistan” ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Həmin ideyanın tərkib hissələrindən biri də Azərbaycanın Qarabağ, İrəvan, Naxçıvan və digər ərazilərini ələ keçirməkdən ibarət idi.
Burada, ermənilərin köçürülüb məskunlaşdırılması ilə saylarının mexaniki surətdə artırılması təmin edilirdi. Onların iqtisadi cəhətdən möhkəmləndirilməsi paralel surətdə həyata keçirilirdi. Bununla da, ermənilər çarizmin hərtərəfli dəstəyi nəticəsində Qarabağın iqtisadi həyatında da möhkəmlənə bildilər.
Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbaycana keçdi.
Həmin dövrdə Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində 10 minlərlə azərbaycanlı öz doğma yurdlarında yaşayır və əhalinin əksəriyyətini təşkil edirdi.
İndiki Ermənistan ərazisinin Qərbi Azərbaycan torpaqları olması və burada türk-müsəlman əhalinin yaşaması danılmaz tarixi faktdır. Bu, ermənilərin Qafqazda yerləşdirilməsini təmin edən Rusiyanın məmur və canişinləri tərəfindən də təsdiq edilir.

Müəllif: Qasım Hacıyev, Əyyub Əbdüləzimov
Mənbə: QARABAĞ TARİXİ 7-ci sinif
Top