Yazılı mənbələr Qarabağ ərazisinin qədim vilayətlərinin — Uti, Arsak, Paytakaran və Sisakanın yerləşdiyi tarixi-coğrafi ərazi və əhalisinin mənşəyi barədə qısa da olsa məlumat verir.
Roma ensiklopediyaçısı Pliniy Sekund (b.e. 23-79) Albaniyanın bir çox hidronimlərindən, o cümlədən Kür çayı və onun qollarından bəhs edir. Yeni eranın II əsrində yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolemey Albaniyada 29 şəhərin və 5 çayın adını çəkir.
Bərdə şəhəri yaxınlığında yerləşən Kalankat kəndindən olan 7-ci yüzillikdə yaşamış alban tarixçisi Musa Kalankatlı Qarabağ ərazisi haqqında daha geniş, tarixi əhəmiyyətli və maraqlı məlumatlar verir.
Yunan, latın və alban mənbələrində olduğu kimi, ərəb, fars və türk dilli mənbələrdə də Qarabağ ərazisinin təbii xüsusiyyətləri haqqında dəyərli məlumatlar verilmişdir. Həmin mənbələr əsasən coğrafiyaşünasların və səyyahların əsərləridir.
Orta əsr mənbələrində — tarixçi, coğrafiyaşünas, səyyah və şairlərin əsərlərində də Qarabağ ərazisinin tarixinə dair məlumatlar verilmişdir.
Fars dilində yazılmış «Hüdud-əl-aləm» əsərində, ərəb müəllifləri Məsudi, Əbu-Duləf, Əl-Fəqih, İbn Rusta, İstəxri, İbn Hövqəl, Müqəddəsi, İbn-Xordadbeh, Yaqut əl-Həməvi, Əl- İdrisi, Həmdullah Qəzvini və Məcdəddin əl-Hüseynin əsərlərində Qarabağın təbiəti, bitki aləmi, həmçinin iqtisadi və ticarət həyatına dair məlumat vermişlər.
Bunlarla bərabər, Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvinin, Nəsrəddin Tusinin, Seyid Yəhya Bakuvinin və bir sıra səyyah və coğrafiyaşünasların əsərlərində də Qarabağla bağlı məlumatlar öz əksini tapmışdır.
Azərbaycan ədəbiyyatının möhtəşəm abidəsi olan “Kitabi- Dədə Qorqud” dastanında bütün Azərbaycan torpaqlarında, həmçinin Qarabağ ərazisi daxil olmaqla Göyçə gölü hövzəsinə qədər türk-oğuzlarının yayılması barədə məlumat verilmişdir.
Müəllif: Qasım Hacıyev, Əyyub Əbdüləzimov
Mənbə: Qarabağ Tarixi — 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün fakültativ kursun tədris vəsaiti