Azərbaycan Səfəvi dövləti XVI əsrin son rübündə

Azərbaycan Səfəvi dövləti XVI əsrin son rübündə

Şah I İsmayıl tərəfindən başlanmış Azərbaycan torpaqlarının birləşdirilməsi siyasəti onun ölümündən sonra da davam etdirildi. Şah I Təhmasib 1538-ci ildə Şirvanşahlar dövlətinə, 1551-ci ildə isə Şəki hakimliyinə son qoydu. Beləliklə, Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi prosesi başa çatdı.

Eyni soya və dinə mənsub dövlətlər — Səfəvi və Osmanlı arasında sürən müharibələrin birinci mərhələsi XVI əsrin ortalarında başa çatdı. 1555-ci ildə bağlanan Amasya sülh müqaviləsinə görə Şərqi Gürcüstan Səfəvi dövlətinə, Qərbi Gürcüstan isə osmanlılara verildi. Amma sonra osmanlılar Amasya müqaviləsinin şərtlərini pozdular.


Səfəvi dövləti 
Səfəvi taxt-tacı uğrunda mübarizə.

1576-cı ildə Səfəvi şahı I Təhmasibin ölümündən sonra hakimiyyətə II İsmayıl (1576—1577) gəldi. Lakin sui-qəsd nəticəsində II İsmayıl öldürüldü.Hakimiyyət uğrunda mübarizədən sonra Məhəmməd Xudabəndə (1578—1587) hakimiyyətə gəldi.Məhəmməd Xudabəndənin dövründə mərkəzi hakimiyyət zəiflədi. Dövlət xəzinəsi boşaldı. Qızılbaş əmirləri ölkəni istədikləri kimi idarə etməyə başladılar.

Bu dövlət idarəçiliyində vəziyyəti daha da gərginləşdirdi. Qızılbaş tayfaları arasında ziddiyyətlər var idi.

Osmanlı sultanı III Murad (1574—1595) Səfəvi dövlətində yaranmış vəziyyətdən istifadə etmək qərarına gəldi.

1578-ci ildə Osmanlı ordusu Amasya müqaviləsinin şərtlərini pozub Səfəvi sərhədlərini keçdi. Bununla da Osmanlı—Səfəvi müharibələrinin ikinci mərhələsi (1578—1590-cı illər) başladı. İlk döyüşlərdə Səfəvi qoşunu qalib gəldi. Lakin Osmanlı qoşunu əlavə qüvvələrlə gücləndirildi. 1578-ci ilin avqustunda Çıldır gölü yaxınlığındakı döyüşdə Osmanlı ordusu qalib gəldi. Səfəvilərin məğlubiyyətinin əsas səbəbləri qüvvələr nisbətinin Osmanlı qoşununun xeyrinə olması və qızılbaş tayfaları arasında birliyin olmaması idi. Bu qələbə osmanlıların Gürcüstanı işğal etməsinə şərait yaratdı.

Hərbi əməliyyatları davam etdirən Osmanlı qoşunu Şirvanı ələ keçirdi. Səfəvilərə qarşı müharibədə Osmanlı dövlətindən asılı olan Krım xanları da iştirak edirdilər. Qızılbaşların əsas qüvvələri Şirvanı azad etmək üçün hərbi əməliyyatlara başladı. 1578-ci ilin noyabrında Ağsu çayı sahilindəki Mollahəsən adlı yerdə baş verən döyüşdə qızılbaşlar Krım xanının qoşununu məğlub etdi. Krım xanı əsir alındı. Hücumu davam etdirən qızılbaşlar Şirvanı azad etdilər. Lakin Dərbəndi geri almaq mümkün olmadı. Yalnız Səfəvilər dövlətində güclənən daxili çəkişmələr üstünlüyün yenidən Osmanlı qoşununa keçməsinə səbəb oldu. Şirvan yenidən osmanlıların əlinə keçdi. 1583-cü ildə Niyazabad yaxınlığındakı döyüşdə qızılbaşlar qalib gəldilər.

Təbrizin müdafiəsi.

1583-cü ildə osmanlılar yeni qüvvə ilə Çuxursədə hücum etdilər. Qızılbaş tayfaları arasında çəkişmələr, mərkəzi hakimiyyətə qarşı qiyam Səfəvilərin qüvvələrini birləşdirə bilməməsinə səbəb oldu. Bu amil Osmanlı qoşununun işğallarını asanlaşdırdı. 1585-ci ildə Sufiyan döyüşündə qüvvələr bərabər olmadığı üçün qızılbaşlar geri çəkildi.

Bundan sonra Osmanlı ordusu Təbrizə yaxınlaşdı. Amma dəfələrlə şəhərə hücum etsələr də, Təbriz əhalisi onları geri çəkilməyə məcbur etdi. Osmanlı əsgərləri yalnız güclü top atəşlərinin köməyi ilə şəhərə daxil ola bildilər. Hər ev uğrunda şiddətli döyüş baş verirdi. Şəhər əhalisinin osmanlılara qarşı güclü müqavimətindən qəzəblənən Osman paşa yeniçərilərə şəhərin qarət olunması haqqında əmr verdi. Əzəmətli evlər, binalar, məscid və dükanlar qarət olundu, dünyada məşhur olan Qeysəriyyə bazarı yandırıldı. Lakin Təbriz əhalisinin qəhrəmanlığı osmanlıları ruhdan saldı. Osmanlı ordusu bir aydan sonra Təbrizi tərk etdi. Qızılbaşlar Təbriz yaxınlığında iki dəfə Osmanlı qoşununu məğlub etdilər.

Müharibə hər iki tərəf üçün böyük itkilərə səbəb olmuşdu. Ona görə də sülh danışıqları başlandı. Osmanlı sultanı işğal edilmiş torpaqların onlarda qalması şərti ilə sülh təklif etdi. Lakin Səfəvi qoşunlarının baş komandanı, şahın oğlu Həmzə Mirzə Təbrizin Osmanlı dövlətinə verilməsi ilə razılaşmaq istəmirdi. Danışıqlar Həmzə Mirzənin sui-qəsd nəticəsində öldürülməsi ilə nəticəsiz qaldı. Bundan istifadə edən Osmanlı qoşunu 1586—1589-cu illərdə hərbi əməliyyatlar nəticəsində Azərbaycanın böyük bir hissəsini işğal etdi. Ölkənin şərq sərhədlərində də vəziyyət gərginləşmişdi. Səfəvi dövlətinin zəifləməsindən və Osmanlı ilə müharibə aparmasından istifadə edən Şeybanilər Xorasanı işğal etmişdilər. Səfəvilər dövləti iki cəbhədə müharibə aparmağa məcbur idi.
Top