Albaniya tarixi | Kalankatuklu Moisey

Albaniya tarixi | Kalankatuklu Moisey

Azərbaycanın X əsrə qədərki vəziyyəti haqqında fikir söyləməyə imkan verən yeganə yerli mənbə Moisey Kalankatuklunun «Albaniya tarixi» əsəridir.
«Albaniya tarixi»nin adına ilk dəfə erməni katolikosu Ananiyanın (943-967-ci illər) Xaçına gəlməsi ilə əlaqədar rast gəlinir. O, Xaçına Albaniya katolikosu Qaqikin (948-962-ci illər) dəvətilə 958-ci ildə gəlmişdir (X.Datean. Nivter usumnasirutean Aquanits Patmutean. Ararat, 1896, s.22-25; N.Akinean. Movses Dasxurantsi (koçuats Kaqankatuatsi) ev İr Patmutivn Aquanits. Handes Amsorea, Vyana, 1953, s.13-15.). Qaqik xəbər verir ki, «elə əvvəldən olduğu və „Albaniya tarixi“ndə yazıldığı kimi (orpes ev er i skzbane leal ev karqeal i patmutean Aquanits)» o, Albaniya katolikosluğuna müqəddəs Qriqori adından seçilmişdir. Qaqik bu tarix kitabına müraciət etməyi təklif edəndə — o eşitmişdi ki, Albaniya xristianlığı Erməniyyədən qabaq qəbul etmişdi — Ananiya buna icazə vermədi və dedi ki, bu kitab səhih deyil, çünki «Albaniya — baş yepiskopluq, Erməniyyə isə — katolikosluqdur». Bundan sonra «Albaniya tarixi» erməni katolikosunun əlinə düşür və o tələb edir ki, «albanların xristianlığa qəbul olunması haqqında orada yazılıb bizə lazım olan (yəni bizə əlverişli olan), bizim görmək arzusunda olduğumuz məlumatı (zor sireak orum ev sanqordn eak tesutean) həmin „Tarix“dən tapsınlar». Sonra Ananiya bu tarixdən aşağıdakı parçanı oxudu: «Havari Bartolomey və Havari Faddeydən 266 il sonra, erməni çarı Trdatın 17-ci ilində və Albaniya çarı Urnayrın (hakimiyyəti günlərində) Surean Pəhləv Arşakuni nəslindən olan Erməniyyənin maarifçisi müqəddəs Qriqori həmin havarilər tərəfindən taxta çıxarıldı; Erməniyyə və Albaniya çarları olan Trdat və Urnayr isə bu zaman hələ də bütpərəstlikdə qalmaqda davam edirdilər» (Yenə orada, s.25.).
Bildiyimiz kimi, bu, «Albaniya tarixi»ndə yoxdur.
Stepannos Orbelian eyni hadisələri təsvir edərək deyir ki, Ananiyanın məsləhəti ilə «Albaniya tarixi»nə son dərəcə diqqətlə təyin olunmuşdu; onlar (albanlar) 440 il ərzində erməni kürsüsünə müti olublar; Albaniya katolikosları bu dini rütbəyə ermənilərin əli ilə çatırdılar, çünki bu erməni (baş keşişləri) patriarx, onlarınkı (albanlarınkı) isə — arxiyepiskop idi: bu vəziyyət erməni 25 katolikosunun hakimiyyəti ərzində, ta katolikos Avraamadək (davam etmişdir). (Bax: M.F.Brossenin Orbelianın “Sünikin tarixi” əsərinin fransızca tərcüməsinə (I, Peterburq, 1861, s. 161).
Bu parça (əlavə izahatlarla) «Albaniya tarixi»ndə (I, 11 və II, 7) verilmişdir: lakin bütün bunlar «Alaniya tarixi»nə əlavə edilmiş uydurma və qondarmadan başqa bir şey deyildir. Ananiya «tarix»in mətnində heç oxumamışdı ki, «Albaniya xristianlığı ermənilərdən 270 il qabaq qəbul edib» (bax: II, 6, qeyd 21 və 22) və «Albaniyanın (katolikos) taxtı Erməniyyədəkindən qabaq təsis olunub» (qeyd 29). Beləliklə, aydındır ki, əgər ermənilər xristianlığı 327-ci il xristianlıqda idilər və bu tarix eramızın 54-cü ilinə müvafiqdir. Xaçpərəstliyi İsanın şagirdləri Havarilər Faddey, Yelisey və Varfolomeydən qəbul etdiyi üçün Albaniya kilsəsi birinci Havari kilsəsidir (pervo-apostolskaya).
Sonralar «Albaniya tarixi»nin adı Uxtanesin X əsrin sonlarında tərtib edilən «Gürcülərlə ermənilər arasında kilsə əlaqələrinin kəsilməsi tarixi» əsərində çəkilir. (Uxtanes. Partmut'ivn bajanman, II, s. 122; M. Brosse. İki erməni tarixçisi, s.338). Bu əsərdə həqiqətən mətnlər uyğun gəlir. Uxtanes 64-cü fəsildə yazır ki, öz mətnini o, «başqa bir tarixdən (yaylme patmutene)» götürmüşdür, həm də Uxtanesin mətni «Albaniya tarixi»nin II kitabının 6-cı fəsli ilə (Uxtanes. Partmut'ivn bajanman, II, s. 122) kəlmə-kəlmə düz gəlir: burasını da qeyd etmək lazımdır ki, «Albaniya tarixi»ndə Avraamın məktubunun təkcə şərhi verildiyi halda, Uxtanes həmin məktubu daha tam şəkildə iqtibas edir (70-ci fəsil). Bu isə yalnız onu göstərir ki, Uxtanes eyni mənbədən daha tam şəkildə istifadə etmişdir.
Uxtanesin 65-ci fəsildə (Yenə orada; M.Brosse, s.345-346) qeyd etdiyi bəzi təfərrüatlar «Albaniya tarixi»ndən «i patmutene ivreants (daha doğrusu — albanits)», yaxud Albaniya tarixçilərindən (patmaqratsn Albanits) götürülmüşdür. Çox ehtimal ki, bu təfərrüat «Albaniya tarixi»nin II kitabının 7-ci fəslindən deyil, I kitabının 6-cı fəslindən götürülmüşdür. (Uxtanesin bu sözündən görünür ki, “Albaniya tarixi” tək bir müəllif tərəfindən tərtib edilməmişdir. Bu barədə daha dəqiq məlumat üçün bax: Fəridə Məmmədova. “Alban tarixi”. Bakı, 1977). Yenə də aydın olur ki, Uxtanes də, Moisey Kalankatuklu da eyni bir mənbədən istifadə etmişlər.
XIII əsr müəllifi Stepannos Orbelianın əsərinin 25 və 26-cı fəsillərində «Albaniya tarixi»ndən danışması həmin tarixin müvafiq yerlərinin birbaşa öz əsərinə köçürülməsindən başqa bir şey deyildir; onun 25-ci fesli isə tamamilə «Albaniya tarixi»nin «orta (yəni ikinci) kitabını» xatırladır (Albanits Patmuteani i mijin hatori). (M. B r o s s e. Sünik tarixi, s.63.)
«Albaniya tarixi»nin tərtib edildiyi təxmini vaxtı göstərən ilk tarixçi Anili Mxitar olmuşdur. O, «Albaniya tarixi»nin Sebeosla (VII əsr) Gevand (VIII əsr) arasında yazıldığını qeyd edir (Anili Mxitarın «Tarixi»nin K.Patkanovun nəşri, Peterburq, 1879, s. 15.), amma Şapuh Baqratunidən (IX əsr) başlayaraq həmin tarixin Sebeosdan qabaq olduğunu göstərirlər. Lakin «Albaniya tarixi» öz məzmununa görə orta əsr mənbələri sırasında başqa bir mövqe tutmalıdır. Bir qayda olaraq, «Albaniya tarixi»nin müəllifliyi iki Moiseyə — Moisey Kalankatuklu və Moisey Dasxuranlıya isnad edilir. Lakin indiyədək bu məsələ qəti həll edilməmişdir, çünki həmin «Tarix»in müəllifinin, yaxud müəlliflərinin adı barəsində bir söz deyən olmamış, bu haqdakı mülahizələr isə son dərəcə ziddiyyətli olmuşdur. Bu barədə fikirlər əsas etibarilə «Tarix»in öz mətninə əsaslanır. Orada deyilir: «Uti vilayətində yerləşən ana yurdum olan böyük Kalankatuk kəndi» (II, 10). H.Manandyan belə hesab edir ki, müəllifin «Kalankatuklu» təxəllüsü «Tarix»in mətninin yanlış şərh edilməsi nəticəsində sonrakı müəlliflər tərəfindən uydurulmuşdur, odur ki, H.Manandyan müəllifi «Utili Moisey» — deyə adlandırır. (H.Manandyan. Alban tarixinin oçerki, s.22.) Bu ənənəyə riayət edən M.Abeqyan belə güman edir ki, «Tarix»in müəllifi "özünün yazdığı kimi, Uti vilayətindəki Kalankatuk kəndindən olan" (M.Abeqyan. Qədim erməni ədəbiyyatının tarixi, s.521.) Moiseydir.
İlk dəfə Kalankatuklunu (Albanits — Albaniyalı) «Tarix»in müəllifi adlandıran Ayrivanklı Mxitar olmuşdur. (M.Brosse. Mxitar Ayrivanklının xronoloji tarixi, Peterburq, 1869, s.25, 88.) Həm Mxitar, həm də ondan sonra gələn müəlliflər Kalankatuklunu «Tarix»in hər üç kitabının müəllifi hesab edirdilər. Bu cəhətə diqqət yetirən K.Patkanov yazır ki, "əsgər erməni müəlliflərindən biri «Albaniya tarixi»nin iki kitabdan ibarət olduğunu demiş olsaydı, mən onun müəllifinin VII əsr tarixçisi olduğunu qəbul edərdim, çünki «Tarix»in üçüncü kitabı, şübhəsiz, X əsrin əsəridir". (K.Patkanovun «Albaniya tarixi»nə müqəddiməsi, s. VII-IX.)
«Tarix»də şərh edilən VII əsrə aid hadisələr bunların şahidi olan bir şəxsin dilindən nəql edilir ki, bu da İravandakı Mətnidaranın 667 (18550 nömrəli əlyazmasının sonundakı əlavədən aydın görünür: «Bu tarix erməni təqviminin 74-cü ilində (625-ci il), vardapet Moisey Kalankatuklu tərəfindən yazılmış „Albaniya tarixi“ adlanan surətdən köçürülmüşdür». (Bu deyilənlər X əsr hadisələrini şərh edən mətnə də aiddir). Lakin buna baxmayaraq, Z.İ.Yampolski haqlı olaraq göstərdi ki, həmin qeyd «Moisey Kalankatuklu adının səhih məlum olduğu» haqqında şübhəni də əsla qaldırmır. (Z.İ.Yampolski. Qafqaz Albaniyası salnaməsinin öyrənilməsinə dair, s. 150. Təfsilatlar üçün bax: F. Məmmədovanın 1977-ci ildə nəşr olunmuş kitabına).
«Tarix»in ən qədim əlyazması 1279-cu ilə aiddir. (K. Patkanov, Müqəddimə, s. IV). Buna görə də onun müəllifinin — VII əsr hadisələrinin şahidi olan Moisey Kalankatuklunun adının səhihliyi yalnız Ayrivanklı Mxitarın şəhadətinə əsaslanır. Həmin adamın əsl adı isə bizə məlum deyildir. «Tarix»in ikinci müəllifi və Moisey Kalankatuklunun davamçısı olan adamın da adı yenə Moisey olaraq göstərilir. Mxitar Qoşun (Gəncəli Kirakosun müəllimi) şagirdi Vanakan bu ikinci Moiseyin təxəllüsü məsələsini aydınlaşdırır. O, «Albaniya tarixçisi kimdir?» sualına özü cavab verib deyir: «Moiseydir, özü də Dasxuran kəndindəndir (Moisey ev qelji Dasxuran)».
Beləliklə, təsdiq olunur ki, iki Moisey olmuşdur. Mxitar Qoş yazır ki, «Tarix»in müəllifi Dasxuranlı Moiseydir və o, «Alban sülaləsi haqqında mükəmməl (ayrılma mənimdir — Z.B.) hesabat yazmışdır». (Mxitar Qoş. Mətnin ikinci cümləsi; Ç. Dovset. Mxitar Qoşun “Albaniya salnaməsi”, s. 476). Gəncəli Kirakos Moisey Kalankatuklu X əsr müəllifi hesab edir. (Kirakos. Tarix, s.15. Çox qəribədir ki, Vanakanın şagirdi Dasxulının adını çəkmir. O, ümumiyyətlə, ad çəkmir, sadəcə olaraq, «Alban tarixi»ni yazan deyir.) Görünür ki, N.Akinyan son məlumata əsaslanaraq bu nəticəyə gəlmişdir ki, «Tarix»in müəllifi yalnız bir Moisey olmuşdur. O, yazır ki, «XII və XIII əsrlərdə tarix oxucuları bu naməlum müəllifin kim olduğunu bilmək istədikdə, təbii
olaraq, belə bir nəticəyə gəldilər ki, alban tarixçisi yalnız Albaniya katolikosudur. Əgər belədirsə, onda həmin tarixçi sonuncu katolikos „Movses ola bilər“ (»Albaniya tarixi«nin sonuna bax. — Z.B.) (N. Akinyan, s. 30) Ç.Dovset belə hesab edir ki, „Kalankatuklu təxəllüsü Kalankatukdakı Moisey naminə monastırın adından götürülmüşdür. Beləliklə, biz belə bir nəticəyə gələ bilərik ki,
Moisey Kalankatuklu və Moisey Dasxuranlı eyni bir adamdır“. (Ç.Dovset. Yenə orada). Lakin
sonralar Ç.Dovset Dasxuranlı təxəllüsünə üstünlük verir. (Ç.Dovset. „Albaniya tarixi“nə müqəddimə, s. XIX.)
T.İ. Ter-Qriqoryan bu fikirdədir ki, „Tarix“in müəllifi ikidir: „Biri VII əsrə qədər baş vermiş hadisələri təsvir edir, daha doğrusu, “Tarix»in ilk iki kitabının müəllifi olan Moisey Kalankatuklu, biri də ona üçüncü kitabı əlavə edən Moisey Dasxuranlı". (T.İ.Ter-Qriqoryan, vər.91)
Z.İ. Yampolski «Tarix»in N.Akinyan və Ç.Dovsetin hesab etdikləri kimi eyni bir Moisey (Kalankatuklu — Dasxuranlı) tərəfindən tərtib edildiyi yaxud Moisey adlı iki başqa-başqa müəllif olduğu məsələsindən bəhs edərək yazır ki, gətirilən dəlillər həqiqətdən uzaqdır, çünki bu vaxta qədər «Tarix»in tədqiqatçılarından heç biri əsərin əvvəlinə yaxşı diqqət yetirməmişlər. Halbuki əsərin əvvəli onun müəlliflərinin adını dəqiq göstərir. (Z.İ.Yampolski, s. 150-151). Z.İ.Yampolski «Tarix»in VII əsrədək məlumat olan hissəsinə istinad edir və deyir ki, həmin hissədə hadisələrin şahidi olan adamın belə bir qeydi vardır: «Bu sözləri qələmə alan mən, Adrian, dua edirəm ki, mənim oxucularım məni, ən ləyaqətsizi, yad etsinlər» (II, 2). Z.İ.Yampolskinin fikrincə, yazının üzünü köçürən adam «Tarix»in ilk fəsillərindən birinə Adrianın sözlərini heç cürə artıra bilməzdi: deməli, Adrian «Tarix»in ən mötəbər müəlliflərindən biridir. (Yenə orada). Z.İ.Yampolski öz nəticəsini əsaslandırmaq üçün Adrianın özü haqqında danışdığı hissədən yuxarıda gətirdiyimiz ifadəni xatırladır: «Uti vilayətində yerləşən ana yurdum olan böyük Kalankatuk kəndi (İ nmin yUti qavari yorme ev es) və sonra da „Bizim Albaniya ölkəmizdə“. (Yenə orada)
Zənnimcə, Z.İ.Yampolskinin gətirdiyi dəlillərin əlavə sübutlara ehtiyacı vardır, çünki „bu sözləri qələmə alan mən, Adrian“ yalnız əsərin üzünü köçürmüş, daha doğrusu, surətçıxaran olmuşdur. V.Henninq və Ç.Dovset hesab edirlər ki, „Tarix“in müəllifi bir şəxs Dasxuran kəndində anadan olan (Dasxuranlı) və Kalankatuk kəndində yerləşən Moisey naminə monastırda qalan (Kalankatuklu) Moisey idi. (Bax: Ç. Dovset. Mxitar Qoşun „Albaniya salnaməsi“, s.476, qeyd I.) Buna bənzər Mxitar Qoş ana yurduna görə Gəncəli, qaldığı Qetik monastıra görə Qetikli və saqqalsız olduğuna görə Qoş idi. T.İ.Ter-Qriqoryan qeyd edir ki, Moisey Kalankatuklunun əsəri öz əvvəldəki şəklində bizə gəlib çatmamışdır və onun üzünü köçürənlər erməni rahibləri olduqlarına görə əsərin üzünü köçürəndə erməni katolikoslarının göstərişi ilə mətndə qəsdən təhriflərə yol vermişlər. T.İ.Ter-Qriqoryan „Albaniya tarixi“ əlyazmasında erməni kilsə xadimlərinin münasibətini göstərən maraqlı faktlar gətirir. Məsələn Üç Müəzzin katolikosu Simeon əlyazmasının kənarlarında bu sözləri yazmışdır: „Yalnız “Albaniya tarixi»ndə (deyilir ki,) — buna bütün nüsxələrdə deyil, ancaq bəzi nüsxələrdə rast gəlmək olar — guya Yeliseydən sonra (74-cü il) müqəddəs Qriqoriyədək (340-cı il) Albaniya katolikos kürsüsündə başqa albanlar da oturmuşlar; lakin bu yalandır və bunlar sonradan əlavə edilmişdir". Başqa bir yerdə: «Bizim dırnaqla işarə etdiyimiz yerlər — yalandır və sonralar şöhrətpərəstlər tərəfindən öz xeyirlərinə əlavə edilmişdir, çünki digər tarixlərdə (»Albaniya tarixi" əlyazmalarında. — Z.B.) bu əsla yoxdur. Belə güman edirəm ki, bunu katolikos Ananiyadan sonra (958-ci il) Alban rahibləri etmişlər". (Erməni tarixinin arxivi, 1894, s.399. T.İ.Ter-Qriqoryandan sitat gətirilib, vər. 4-5).
İ.P.Petruşevski haqlı olaraq göstərir ki, erməni kilsəsi Albaniyada "ölkəni erməniləşdirmək aləti olmuşdur. Onun bu rolu VIII əsrin başlanğıcından etibarən xüsusilə nəzərə çarpır, yəni o zamandan sonrakı erməni monofizit katolikosu İlya xalkedonçuluq edən Albaniya katolikosu Nersesi (Bakur) ərəb xəlifəsinin köməyi ilə devirmişdi və Albaniyada ruhanilər və knyazların bir hissəsinin, Alban kilsəsinin erməni kilsəsindən müstəqilliyini qorumaq cəhdini əks etdirən xalkedonçuluq (pravoslav) hərəkatı ermənipərəst monofizitlər tərəfindən yatırılmışdır". (İ.P.Petruşevski. Dağlıq Qarabağ kəndlərinin inamları, s.8).
N.Y.Marr da vaxtilə göstərmişdir ki, Albaniya ərəb xəlifələrinin köməyi ilə «Erməniyyənin antixalkedon kilsəsinin əlinə keçmişdir». (N.Y. Marr. Arkaun, s. 7.)
Albaniya katolikoslarının təyinatı hüququ Albaniya kilsəsindən erməni keşişlərinin əlinə keçdi və bundan sonra Albaniyada xalkedonçuluğa rəğbət bəsləyənlər «qılıncla və əsarətlə məhv edilməli» idi. (Bax: M. Kalankatuklu. III, 5-11-ci fəsillər). Erməni tədqiqatçılarının arasında indi geniş yayılan «erməni Albaniyası», «erməni albanları» və s. kimi adlar elə buradan törəmişdi (son zamanlar öz evimizdə bəslənmiş «tarixçilər» üzə çıxıb albanları türk və daha «yaxşı» ayrum olmasının iddiasındadırlar).
Beləliklə, aydındır ki, nə Arsax və nə də əhalisi erməniləşdirilmiş albanlardan, hazırda isə erməni sayılan digər vilayət və rayonlar «heç bir zaman erməni mədəniyyəti mərkəzlərinə mənsub olmamışdır. Erməni kilsəsi heç olmazsa Sünikdə (Zəngəzurda) Orbeli knyazları dövründə və ondan sonra göstərdiyi təsiri Albaniya xalqlarının erməniləşmiş nəsilləri arasında göstərə bilməmişdir». (İ.P.Petruşevski, s. 13. Bax: N.Adons Yustinian dövründə Erməniyyə, s. 223: «Arsaxın kantonları Albaniyaya məxsusdur”. Belə fikir söyləndiyi halda, başa düşmək olmur, nə səbəbə görə A.L.Yakobson iddia edir ki, Arsax (və Xaçın) qədim erməni vilayətləridir (və ya knyazlıqlarıdır), halbuki onun özü Alban Qandzasar məbədindən (monastırından deyil!) bəhs edərkən təsdiq edir ki, bu məbəd „XIX əsrədək Albaniya katolikosunun kürsüsü olmuşdur. Qandzasarın və Amaras-Ağ Oğlanın erməni kilsəsi tərəfindən mənimsəmə niyyətlərinin qabağını almaq üçün Respublika Prezidentinin fərmanı elan edilib.
Erməni kilsəsi “Albaniyanın bütün kilsələrində sülh”ü yalnız yadelli işğalçılarının köməyi ilə bərqərar edirdi, (M. Kalankatuklu. III, 11-ci fəsil), erməni katolikosluğunun mənafeyi hər dəfə tələb etdikdə erməni kilsəsi həmişə yadelli işğalçılarının köməyinə əl atır, „xaç bayrağı ilə öz yolu üzərində tarixi Albaniya və onun bir hissəsi olan Qarabağ (Arsax) xalqlarını“ yox edirdi. (Н.С. Вартапетов. Христианские памятники Карабаха, vər. 9; Yenə orada. К вопросу, vər. I).
N.S.Vartapetovun qeyd etdiyi kimi, erməni kilsəsi „həmişə özü üçün yeni şəraitə bacarıqla uyğunlaşdırdı və siyasi vəziyyətdən asılı olaraq, səfəvilər sonra da rus çarına qulluq göstərdi; necə ki, vaxtilə həmin qaydada hərəkət edib, Bizans imperatorları, İran Sasani şahları ərəb xəlifələri, monqollar və digərləri qarşısında baş əymişdi“.
Top