XIX əsr gəlib çatanda rus imperiyası artıq təkcə Avrasiyaya deyil, bütün dünyaya meydan oxuyan nəhəng bir dövlət idi. Əsrlər boyu sərvətlərinin tükənməzliyi və nəhayət alman mütəxəssislərinin tikdiyi hərbi və sursat zavodlarının istehsalına arxayın olan cütbaşlı qartal XIX əsrin əvvəllərindən qanadlarını silkələyib I Pyotrun vəsiyyətlərini yerinə yetirmək qərarına gəldi. O isə ilk növbədə qədim, gözəl və zəngin Qafqazı işğal etməyi vəsiyyət etmişdi. Qafqazda o dövrdə kimlər vardı? Şimalda həddindən artıq azadlığa alışmış mərd, cəsur xalqlar yaşayırdı ki, oralara girmək və bu «dəli» xalqları əsarətə almaq hələ müşkül və qeyri-real idi.
Qalırdı Cənubi Qafqaz. Oradakı kiçik gürcü knyazlığı Rusiyaya meylli idi. Ora girmək olardı. Əslində çar canişinləri və qoşunları oranı artıq pəncələrinə keçirmişdilər. Qalırdı hara? Bir-biriylə didişən, azadlıqlarının qədrini bilməyən Azərbaycan xanlıqları. Amma burada da gözlənilmədən bir əngəl üzə çıxdı, İran. Həmişə Azərbaycanla bağlı olan din, dil və mədəniyyətcə eyni olan İran… Doğrudur, Türkiyə də vardı. Ancaq osmanlı sultanları daha çox Avropa və Asiya ərazilərini özlərinə doğma hesab edirdilər.
Deməli, Azərbaycana sahib olmaq üçün İranla toqquşma labüd idi. Neçə illərdən bəri rus çarlarının ayağına gedən erməni missionerləri də rusları buna təhrik edir, bu işğal zamanı Azərbaycan torpaqlarına məskun olmalarına ümid edirdilər və qeyd edək ki, erməni məlikləri və ağıllıları düz haqq-hesab etmişdilər. Sonrakı hadisələr bunu bir daha təsdiq etdi. İranda isə artıq qüdrətli şah Nadir yox idi. Çünki böyük ustalıq və məharətlə sui-qəsd edib şərqin bu son və böyük fatehinin meyitini çoxdan quru yerdə qoymuşduq. Qüdrətli şah Ağa Məhəmməd Qacan da eyni namərdliklə yatağında qətlə yetirilmişdi.
İranda hərbi işlərdən başı çıxmayan Fətəli şah Qacar şahlıq edirdi. Lakin gözlənilmədən rusların qabağına böyük bir maneə çıxdı. Bu, vəliəhd və İran taxtına namizəd Azərbaycan valisi Abbas Mirzə idi. O, 1789-cu il avqustun 28-də Şah İsmayıl Xətaidən 300 il sonra dünyaya gəlmişdi. Fətəli şahın oğlanları çoxdu. Lakin Abbas Mirzə onların seçilmişi idi. Ağlı, zəkası, qabiliyyəti və nəhayət hərbi istedadı ilə qardaşlarından qat-qat üstün idi. Bunu hələ onun əmisi Ağa Məhəmməd şah Qacar hiss edib gənc qardaşı oğlunu hədsiz dərəcədə sevirdi.
Rus orduları Şimali Azərbaycan xanlıqlarına soxulanda Abbas Mirzənin hələ heç 20 yaşı yox idi. Amma cəsarəti və qeyrəti vardı. O, bir vali kimi özünə ağıllı köməkçilər seçib Avropa qaydasınca ordu yaratmağa başladı. Çünki İrəvan, Lənkəran, Naxçıvan, Qarabağ, Gəncə uğrunda rus işğalçıları ilə amansız döyüşlər aparmalı olacağını bilirdi. Bilirdi, amma geridə qalan ölkənin firavan və güclü olmasından daha artıq hərəmxanasındakı saysız arvadları barədə düşünən Azərbaycan türkü şah Fətəli hara, gecə-gündüz yeni ölkələr və yeni torpaqlar qəsb etməkdən başqa fikri-zikri olmayan çar I Aleksandr hara?
Abbas Mirzə gecə-gündüz atasına yalvarıb ondan kömək, ilk növbədə ordu saxlamaq üçün maddi kömək istəyirdi. Şah Fətəli hər dəfə əlini yelləyirdi. Beləliklə, heç bir maddi ehtiyatı olmayan 20 yaşlı gənc şahzadə tükənməz qoşunları və hərbi texnikası olan azğın, qart rus generalları ilə üz-üzə dayandı. Və bu qeyri-bərabər mübarizə 20 ildən çox çəkdi, Həmin mübarizənin tarixi həyəcanlı səhifələrlə doludur. Qeyd etmək lazımdır ki, quduz Sisianovu Bakının Şamaxı darvazası önündə gülləbaran edən Hüseynqulu xan məhz Abbas Mirzənin sərkərdələrindən biri idi. İşğalçı generalın başını Hüseynqulu xan ayrı bir adama deyil, məhz Abbas Mirzəyə göndərmişdi. Xüsusilə, İrəvan qalası uğrunda Abbas Mirzə və onun sərkərdəsi Hüseynqulu xanın qəhrəman müqaviməti Qafqazın azadlıq və istiqlaliyyət mübarizəsi tarixinin unudulmaz səhifələridir.
Rus generalları Sisianov, Tormosov, Qudoviç, Aristov və Paskeviçin saysız hücumlarına yalnız Abbas Mirzənin və onun sərkərdələrinin az saylı tüfəngçiləri müqavimət göstərirdilər. Belə ki, ən quduz rus generalı, şəninə Puşkinin nəğmələr yazdığı Kotlyarevski ilə 1810-cu ildə Lənkəran qalası uğrunda mübarizədə yerli igidlərlə bərabər 20 min Azərbaycan türk əsgəri canını qurban verdi. Ruslardan da 2500 nəfəri qırıldı və Kotlyarevskinin özü başından yara alıb ömürlük iflic oldu. Lakin qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq Abbas Mirzə rus ordusu üzərində çaldığı qələbələrlə tarixə düşdü.
Rus çarı I Nikolay təcrübəli və hiyləgər Paskeviçi saysız ordularla İranın üstünə göndərdi və işğalçılar Təbrizə qədər gəlib çıxanda Abbas Mirzənin inadı qırıldı və o, atasının təkidi ilə ilk dəfə sülh danışıqlarına razı oldu. Beləliklə, 1828-ci ildə, Azərbaycan türklərinin neçə minillik tarixlərinin ən qara günündə Türkmənçay müqaviləsini imzalamaqla Abbas Mirzə quzey Azərbaycanını qurban verib güney Azərbaycanını xilas etdi. Deyirlər həmin gün böyük sərkərdə oturub hönkür-hönkür ağlayırmış.
Abbas Mirzə 25 il gecə-gündüz bilmədən Azərbaycanı rus işğalından qorumaq üçün vuruşdu. Azərbaycanın parçalanması, onun yarısının itirilməsi, kafirlərin zülmü və boyunduruğu altına düşməsi İran taxtının vəliəhdi üçün ağır mənəvi zərbə oldu və o, bu hadisədən sonra çox da yaşaya bilmədi. Abbas Mirzə 1833-cü ildə 44 yaşında vəfat etdi. Cənubi Azərbaycan tarixçisi Nasir Nəcmi xarici səyyallıların fikirlərinə əsasən yazırdı ki, vəliəhdin nişan atmaqda, at çapmaqda tayı-bərabəri yox idi. O, at üstə çapa-çapa göydə quş vururdu.
Həm də ədalətli, ağıllı, qətiyyətli hakim Abbas Mirzə Cənubi Azərbaycanın tam müstəqil hökmdarı idi. Amma tarixçilərimiz, xalqımız nədənsə bu böyük oğlunu az tanıyır və layiqincə qiymətləndirməyib.
Müəllif:
ƏLİSA NİCAT