Bakı neft sənayesində erməni sahibkarlarının həyasızlığı son həddini aşmışdı. Onlardan Mirzəyev, Sarkisov, Qukasov, Şakedanov və onlarca başqaları Bakının Balaxana, Sabunçu, Ramana, Zabrat kəndlərində yerli əhalini aldatmaq yolu ilə çoxlu torpaq sahələri ələ keçirmişdilər. Ancaq iştahları bununla da azalmamışdı. Bu kəndlərdə yaşayan əhalini tamamilə köçürmək və kəndlərin bütün torpaqlarına yiyələnmək üçün Qafqaz canişinindən tutmuş imperatoradək ard-arası kəsilmədən ərizələrlə müraciət edirdilər. 1905-ci ilin sentyabr ayında Peterburqda neft sənayeçilərinin Bakı fəhlə nümayəndələri ilə (qeyd edilməlidir ki, Peterburqa gedən fəhlələrin əksəriyyəti menşevik şendirikovçulardan ibarət idi) birlikdə müşavirə çağırılmasına nail olmuşdular. Bu müşavirədə Azərbaycan ziyalılarından Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, İsrafil Hacıyev də iştirak edirdi.
Qəribə orası idi ki, torpaqlarının alınması nəzərdə tutulmuş kənd əhlindən isə bircə nəfər də dəvət edilməmişdi. Erməni neft sənayeçiləri tələb edirdilər ki, Balaxana, Ramana, Sabunçu, Zabrat kəndlərinin əhalisi başqa yerə köçürülsün və onların bütün torpaqları neft istismarı üçün ayrılsın. Azərbaycan ziyalılarının qəti etirazı nəticəsində sənayeçilərin təklif və tələbləri rədd edildi. Bir il sonra, yəni 1906-cı ildə sənayeçilər bu dəfə Qafqaz canişininə müraciət etdilər. Onlar şikayətlənərək, iddia edirdilər ki, mədənlərdə baş vermiş yanğın və təxribat həmin bu kəndlərin əhalisi tərəfindən törədilir. Erməni sahibkarlarının həyasızlığı o dərəcəyə çatmışdı ki, torpaqları əllərindən alınmış kəndliləri mədənlərində işə də qəbul etmirdilər. «Həyat» qəzetinin 1906-cı il tarixli 80 və 81-ci nömrələrində Əliağa Həsənzadənin «Bakı neft mədənləri ətrafında olan kəndlərin köçürülməsi» barədə olan məqaləsində deyilirdi: "...mədən sahiblərinin tamamilə erməni olması və kənd camaatlarının tamamilə müsəlman olması cəhətdən bu məsələyə həddindən artıq əhəmiyyət vermək lazım gəlir. Çünki ixtilaf və iğtişaş hələ sönməmişdir.
Bu cürə xilaf təkliflərlə yaranmış fitnə və fəsadı oyadıb, cəmi Qafqaza od vurub, yandırmaq kimidir".
Həmin ildə Tiflisdə çap olunan «Arç» erməni qəzeti adları yuxarıda çəkilmiş dörd kənd əhalisinin hamısını quldur, soyğunçu, qaniçən kimi qələmə verib, hökümətdən təkidlə tələb edirdi ki, gərək həmin kəndlər köçürülsün.
Bəzi kəndlilər güc-bəla erməni sahibkarlarının mədən və zavodlarında işə düzələ bilsələr də sahibkarlar tərəfindən həmişə sıxışdırılırdılar. Ümumiyyətlə fəhlələrin vəziyyəti ağır idi. Azərbaycanlı fəhlələrin vəziyyəti isə iki qat çətin idi. O illərdə, yəni 1900-cü illərdə Bakı fəhləsinin əsas tərkibini yerli azərbaycanlılar (bunların da əksəriyyəti Bakı kəndlərindən idi), həmşərilər (o zaman Cənubi Azərbaycandan işləməyə gəlmiş adamları belə adlandırırdılar), ləzgilər, ruslar və tatarlar təşkil edirdi. Tatarlar ümumi fəhlələrin cəmi 7 faizini təşkil edirdi. Onlar bir qayda olaraq, açarçı, dartalçı, ocaqçı, əksər hallarda isə mehtər, nökər, arabaçı, suçu və süpürgəçi işləyirdilər. İranlı fəhlələr (həmşərilər) isə Bakıda çox qalmırdılar. Azca miqdarda pul əldə edən kimi İrana öz ailələrinin yanına qayıdırdılar. İşlədikləri yerdə məzuniyyətdən heç cür istifadə edə bilmirdilər. Çünki məzuniyyətdən qayıtdıqları zaman bəzən onları işə qəbul etmirdilər. Ya da əvvəlki vəzifəsindən xeyli aşağı vəzifəyə qəbul olunurdular. Əvvəllər əgər ayda 22-24 manat maaş alırdılarsa, indi 17-19 manat alırdılar. İranlılardan sonra Bakıya işləməyə gələnlər ləzgilər idi. 1897-1899-cu illərdə Bakıda fəhlələrin 13-15 faizini təşkil edirdilər. Əksəriyyəti mədənlərdə keşikçi işləyirdi. Bəzi hallarda isə sahibkarların sadəcə olaraq, silahlı dəstələrinə çevrilirdilər. Bu ancaq onların əksərən savadsız olmaları və həyatda gerilikləri ilə izah olunurdu.
Yaşayış mənzilləri və kazarmalar acınacaqlı vəziyyətdə idi. Bir kazarmada 30-40-ı yatırdı. Gecələr də kazarmalar ancaq hisli çıraqlarla işıqlandırılırdı. Qış aylarında pəncərələrin şüşələri həmişə sınıq olardı. Böyük kazarmalar adətən manqalla isinirdi. Neft firmalarının əksəriyyətində hamam yox idi. Su ya çatışmır, ya da çirkli olurdu. Bibiheybətdə Xetisovun kazarmalarında, Balaxanada Məlikovun, Aşurbəyovun mədənlərində, Rus «Neft» şirkətində, Ramanada «Molot» firmasında, Sabunçuda Mantaşovun firmasında vəziyyət daha ağırdı. O zaman şirkətlərin dükanlarında fəhlə nəqd pulla mal alanda ona nisbətən ucuz başa gəlirdisə, nisyə alanda bahalaşırdı. Məsələn, nəqd alanda ətin girvənkəsi 12 qəpiyə, nisyə alanda isə 15 qəpiyə başa gəlirdi.
Fəhlələrin iş şəraiti də çox ağırdı. XX əsrin əvvəllərinədək iş müddəti 10-12 saat idi. Sənayedəki böhran isə fəhlələrin vəziyyətinə xüsusilə ağır təsir bağışlayırdı. Müəssisələrdə fəhlələr kütləvi surətdə qovulur, işsizlik artır və əmək şəraiti daha dözülməz olurdu.
1901-1903-cü illərdə Bakı fəhlələrinin təxminən 30 faizi işdən qovulmuşdu.
O biri tərəfdən Rusiyanın mərkəzi quberniyalarından iş axtarmaq məqsədilə Bakıya axışıb gələnlər işsizlər ordusunun sayını daha da artırırdı. Böhran dövründə Bakıya axışıb gələnlərin sayı o dərəcəyə çatmışdı ki, şəhər hakim dairələri Həştərxan qubernatorundan tələb etməyə başladılar ki, Bakıya gələnlərin qarşısını almaq üçün ciddi tədbirlər görsünlər.
Həmin illərdə mədən və zavodlarda əmək mühafizəsi də acınacaqlı halda idi. Fəhlələr arasında xəstəliklər artmışdı. Xüsusilə göz və mədə xəstəlikləri geniş yayılmışdı. Şəhərdəki işsizlikdən istifadə edərək, sahibkarlar fəhlələri dəqiqəbaşı işdən qovmaqla hədələyirdilər. Fəhlələrlə kobud rəftar adi bir hal olmuşdu. Mirzəbegyansın tütün fabrikində əgər bir işçi bir neçə gün xəstələnirdisə, dərhal işdən qovulurdu.
Böhran əmək ilə kapital arasında ziddiyyəti daha da dərinləşdirdi. Bu da öz növbəsində şəhərdə inqilabi hərəkatın vüsət tapmasına səbəb oldu. 1901- ci ilin 24 martında Ter-Qriqoryevin tənbəki fabrikində, Sabunçuda «Remont» mexaniki emalatxanasında tətil edən fəhlələrin əsas tələbi əmək haqlarının vaxtında verilməməsi idi. Lakin polislər tətili yatırtdılar və onun bəzi iştirakçılarını həbsə aldılar. 1901-ci ilin 6 iyununda Balaxanada Luberskinin mexaniki emalatxanasında, 18-20 sentyabrda Balaxana yolunda olan Xetisovun mexaniki emalatxanasında da fəhlələr tətilə başladılar. Sonrakı aylarda belə tətillər tez-tez təkrar olunur və fəhlələr artıq siyasi tələblər irəli sürürdülər. Bu cəhətdən 1902-ci ildə Bakıda keçirilmiş siyasi nümayiş xüsusilə diqqətə şayan idi. 21 apreldə Bakının bütün rayonlarından 5 min fəhlə şəhərin Parapet meydançasına toplaşmışdı. Nümayişçilərin əllərində «Məhv olsun mütləqiyyət», «Yaşasın azadlıq» sözləri yazılmış şüarlar vardı. Mürtəce qüvvələr nümayişi dağıda bildilər, ancaq fəhlə kütlələrində yaranmış ruh yüksəkliyini və onların öz qüvvələrinə olan inamı qıra bilmədilər. Tətil ruhu hətta ən geridə qalmış şəhər fanarçılarını da ayağa qaldırmışdı. Onların tətili nəticəsində şəhərin çox hissəsi bir neçə gün qaranlıqda qalmışdı.
Hələ 1900-cü ildə Bakıda inqilabi ədəbiyyatı yaymaq məqsədilə Tiflis sosial-demokrat təşkilatı Lado Ketsxoveli adlı bir inqilabçını Bakıya göndərmişdi. O Bakıda mövcud olan sosial-demokrat dərnəklərinin işini qüvvətləndirməklə yanaşı şəhərdə gizli mətbəə də təşkil etməli idi. Lado Ketsxoveli ilə birlikdə bir neçə nəfər mürəttib də gəlmişdi. Ketsxoveliyə kiçik bir çap maşını da verilmişdi. Ancaq o Bakıya gələndən sonra bu maşınla kifayətlənməyib, yerli mətbəə sahiblərindən ikinci kiçik bir maşın da satın almışdı. Lakin bu maşın o dərəcədə kiçik idi ki, onda ancaq şagird dəftərinin iki vərəqi həcmində qəzet və ya inqilabi vərəqə çap etmək olardı. Beləliklə Bakıda gizli mətbəənin əsası qoyuldu. Bu mətbəə sonralar Bakının tarixində «Nina» mətbəəsi adı ilə şöhrət tapdı.
Mətbəə üçün indiki Füzuli küçəsi ilə Əzizbəyov küçələrinin tinində bina kirayə edilmişdi. Mənzil bir neçə otaqdan ibarət idi. Ketsxoveli ev sahibinə bu binada karton emalatxanası açacağını bildirmişdi. Mətbəədə inqilabi vərəqələr çap edilib, gizli yolla fəhlələr arasında yayılırdı. Sonralar Leninin göstərişi ilə "İskra" qəzetinin matritsaları xaricdən gətirilərək, «Nina»da çap olunurdu. Matritsalar Vyanadan Təbrizə, Təbrizdən isə Bakıya gətirilirdi. Burada çap olunan "İskra" Rusiyanın hər tərəfinə yayılırdı. Polis qəzetin Bakıda çap olunmasından şübhələnərək, onun izinə düşməyə çalışdı. Çar məmurları bərk təşvişə düşmüşdülər. Nə yolla olursa-olsun mətbəənin yerini öyrənmək istəyirdilər. Lakin nə qədər səy edirdilərsə, axtarış heç bir nəticə vermirdi. 1901-ci il dekabrın 31-də baş vermiş hadisə Bakı jandarmasını sanki yuxudan ayıltdı və məlum oldu ki, mətbəə Bakıdadır. Həmin gün Bakı gömrükxanasında yüklər boşaldılarkən gizli gözü olan birqutu sınıb, içindən "İskra«nın oktyabr, noyabr və dekabr nömrələrinin matritsası yerə tökülmüşdü.
Bu hadisədən sonra şəhərdə ciddi axtarış başlanır. Mətbəənin izinə düşmək üçün başqa şəhərlərdən də xəfiyyə və casuslar çağırılır. Aydındır ki, belə şəraitdə mətbəəni əvvəlki yerində saxlamaq olmazdı. Mətbəə üçün Çadrovıda, indiki M. A. Əliyev küçəsində mənzil kirayə edildi və çap avadanlığı buraya daşındı. Həmin aylarda mətbəənin hürufatı Hacıqabul stansiyasında gizlədilmişdi.
Hürufatın Hacıqabul stansiyasından Bakıya daşınması V. Bakradze adlı bir maşinist köməkçisinə tapşırılmışdı. Hürufatın bir hissəsi, təxminən 10 puda qədəri sağ-salamat gətirilib, „Nina“ mətbəəsinə verilmişdi. Yerdə qalan 4 pud 16 kirvənkəsi isə Hacıqabul stansiyasında Bakıya göndərilmək üçün parovoza daşınarkən yeşik yerə düşüb, parçalanmış və hürufat platformaya səpələnmişdi. Maşinist köməkçisi elə oradaca, həbsə alınmışdı. Çox keçmədi ki, polis Lado Ketsxovelini də ələ keçirə bildi. Tiflisin Metex həbsxanasında saxlanan Ketsxoveli həbsxana pəncərəsindən güllə ilə vurulub öldürüldü.
Ketsxovelidən sonra mətbəə şəhərin Təzəpir, indiki M. F. Axundov küçəsindəki 77 nömrəli evə köçürüldü. Polis xəfiyyələri hələ də onun yerini axtarıb tapmaq üçün dəridən çıxırdılar. Buna görə mətbəə yenə də yerini dəyişməli oldu. Bu dəfə 1-ci Paralel küçəsindəki 102 nömrəli evə köçürüldü. Bu küçə indi Salatın Əsgərova küçəsi adlanır. Mətbəənin binası isə muzeyə çevrilmişdir.
Bina bir mərtəbəli idi. Qabağında kiçik bir həyəti də vardı. Dal tərəfdən isə bir tövlə binaya bitişik idi. Burada at, fayton və saman saxlanılırdı. Mətbəə işçiləri
bu tövlənin altını qazıb, bir yer düzəltmişdilər. Sonra isə tövlənin birtərəfi içəridən kərpiclə hörülmüşdü. Bu iş elə ustalıqla edilmişdi ki, tövləyə girənlər onun yuxarı başında kərpiclə hörülmüş otaq olduğunu heç cür güman etməzdilər. Tövlə tərəfdən isə heç bir şey dəyişməmişdi. Yenə də həmin atlar, həmin fayton və həmin samanlıq dururdu.
Yerin altında qazılmış bu mətbəəyə gizli bir yol gedirdi. Bu yol mətbəə işçilərinin tövlə ilə bitişik olan mənzilinin rəfindən açılmışdı. Camaxatanın iki qat qapısı və taxtadan ləmələri vardı. Camaxatanda qab-qacaq və başqa şeylər qoyulmuşdu. Aşağıya, yəni gizli mətbəəyə gedən yolun ağzı taxta ilə bağlanmış və üstünə yorğan-döşək yığılmışdı.
Bu gizli qapı ancaq mətbəə işçilərinə məlumdu. Mətbəənin 8 nəfər işçisindən iki-üç nəfəri rəsmi kirayənişin hesab olunurdu. O birilər isə burada gizli yaşayırdılar.
Mətbəədə iş rejiminə ciddi riayət olunurdu. Hər gün azı on saat işləyirdilər. Onlardan heç birinin küçəyə çıxmağa ixtiyarı yox idi. Ancaq həftədə bir dəfə, o da axşamlar tək-tük bayıra çıxa bilərdilər.
Çap olunan ədəbiyyat o zaman D. Əliyeva küçəsində bir nəfər sosial- demokrat fəhlənin dülgər emalatxanasına daşınır və burada yeşiklərə vurulub, dəniz və ya dəmir yolu vasitəsilə Rusiyaya göndərilirdi.
Mətbəənin belə vüsətli və geniş fəaliyyəti şübhəsiz ki, böyük xərc tələb edirdi. Bakı sosial-demokratlarının maddi köməyindən əlavə görkəmli şəxsiyyətlər də bu işdə öz köməyini əsirgəmirdilər. Maksim Qorki və habelə 1903-cü ildə Bakıda qastrolda olmuş məşhur rus aktrisası Komissarjevskaya mətbəəyə böyük maddi kömək göstərmişdilər.
»Nina" mətbəəsi 1906-cı ilin əvvəllərinədək öz fəaliyyətini davam etdirmişdi.
Bakı fəhlələri içərisində görkəmli inqilabçılarla yanaşı bacarıqlı neft mütəxəssisləri də yetişmişdi. Bunlardan Piri Quliyev, Səməd Rzazadə, Zeynal Zeynalov (sonralar Dövlət Dumasına deputat seçilmişdi), Cənnətəli Əliyev, Hacı Şirəli Şərifov, Əsgər Kərimov, Amanulla Əliyev və başqaları neft istehsalı tarixində böyük şöhrət tapmışdılar.
XX əsrin əvvəllərində Bakı neft sənayesi sahəsində mövcud olan 167 neft sənayesi müəssisələrindən cəmi 49-u milli Azarbaycan kapitalistlərinin əlində idi. Ermənilərin isə 55 firması vardı. Qalan 21 firma rusların, 10 firma əcnəbilərin, 17 firma yəhudi kapitalistlərinin, 6 firma isə gürcü sahibkarlarının əlində idi. Azərbaycan milli kapitalistlərinin ixtiyarında əksərən xırda müəssisələr idi, az miqdarda orta səviyyədə duran müəssisələr də vardı. İnhisarçı kapitalın neft sənayesində hakim kəsildiyi illərdə Azərbaycan milli kapitalının mövqeyi çox zəif idi. Neft istehsalı və neft emalı sahəsində fəaliyyət göstərən yerli milli kapitalistlər əsasən aşağıdakılar idi: H. Z. Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuz Muxtarov, Manafov, Əliyev, Sultanov, Cəbiyev, Əmir-Aslanov qardaşları, Aşurbəyov qardaşları, İ. B. Hacınski, Məmmədov, Hüseyn Məlikov, Mustafayev, Səlimov, Səlimxanov, N. M. Nuriyev, Mir Tağı Babayev, Məlik Ağamirov və başqaları.
Neftin mədənlərarası daşınması, onun vaxtlı-vaxtında emal zavodlarına çatdırılması sənayeçilər üçün çox mühüm və vacib məsələ idi. Nahayət, 1880-ci ildə Bakıda dar dəmir yolu çəkilib, istismara verildi. 45 verst uzunluğunda olan bu yol şəhəri Balaxana-Sabunçu-Suraxana neft mədənləri ilə birləşdirirdi. Dar dəmir yolu birinci növbədə neftin zavodlara daşınmasına xidmət etməli idi. Sonralar neft kəmərləri çoxaldıqca dar dəmir yolu ancaq neftçi sərnişinləri daşımaqla məşğul olurdu. Hər gün orta hesabla 6 sərnişin qatarı şəhərə və habelə şəhərdən mədənlərə neftçi daşıyırdı.
1883-cü ildə Bakı ilə Tiflis arasında da dəmir yolu istismara verildi. Beləliklə İrandan, Orta Asiyadan gəmilərlə daşınan yüklərin Tiflisə və Batuma daşınması üçün böyük şərait yaradıldı. Həştərxandan göndərilən yüklər də dəmir yolu vasitəsilə Gürcüstana daşınırdı. Su yolu ilə quru yollar bir harmoniya təşkil etmişdi. İki ölkə arasında əmtəə mübadiləsi gündən-günə artırdı.
1905 inqilabı ərəfəsində kapital tədriclə iri bankların əlində toplaşmağa başladı. Banklar sənaye müəssisələri ilə əlaqələrini möhkəmlədərək, onların fəaliyyətini idarə etməyə başladılar. Bank kapitalı sənaye kapitalı ilə birləşərək, maliyyə kapitalı yarandı. Şəhərdə tezliklə sənaye banklarının şəbəkəsi genişləndi. Keçmiş Vorontsov, hazırki Əzizbəyov küçəsində Bakı şəhər kredit cəmiyyəti açıldı. Bundan sonra Bakı qarşılıqlı kredit cəmiyyəti yaradıldı. Bu Baratınski, indiki Ə. Əlizadə küçəsi ilə Milyutin, indiki Əliyarbəyov küçəsinin tinində Aşurbəyovun mülkündə yerləşirdi. Daha sonra bir-birinin dalınca aşağıdakı kredit cəmiyyətləri və banklar açıldı:
Volqa-Kama kommersiya bankı. Qorçakov (Tağıyev) küçəsi.
Rus xarici ticarət bankı. Keçmiş Polis (indiki Məmmədəliyev) küçəsi.
Rus ticarət sənaye kommersiya bankı. Milyutin küçəsi (indiki Əliyarbəyov).
Tiflis dvoryan torpaq bankı. Tağıyev küçəsi.
Beynəlxalq kommersiya bankı. İndiki Ə. Əlizadə və Əliyarbəyov küçələri.
Rus-cənub sənaye bankı. N. Rəfibəyli küçəsi.
Şimal bankı. İndiki Tağıyev küçəsi və Azərbaycan prospekti.
İran hesab-borc bankı. İndiki Neftçilər prospekti.
İkinci Bakı qarşılıqlı kredit cəmiyyəti. İndiki Məmməd Əmin Rəsulzadə küçəsi və başqaları.
Bu banklarda hər gün böyük pul maliyyə əməliyyatları aparılırdı.
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7