“Kim Tərtərçay dərəsini seyr etməyibsə, yalnız o adam İsveçrənin gözəlliyinə məftun ola bilər”.
Bu sözləri Qafqaz geologiyasının atası hesab edilən V. Avix Kəlbəcər haqqında deyib.
Bakıdan təxminən 450 km qərbdə, Bərdə — İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər (çay) çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşən bu şəhərin yalnız təbiəti insanları heyran etmirdi.
Mübaliğəsiz deyə bilərik ki, hər qarış torpağı qızıl qiymətində olan bu rayon haqqında ən azı sakinləri qədər bilgiyə sahib olanlar Kəlbəcəri işğal etməklə bizi bu əsrarəngiz sərvətdən məhrum etdilər.
Kəlbəcərdə nəyimiz qaldı?
1993-cü il aprelin 2-də ermənilər tərəfindən işğal olunarkən rayonun 54 mindən artıq əhalisi məcburi köçkün, 321 nəfər əsir düşüb və ya girov götürülüb, 511 nəfər vəhşicəsinə qətlə yetirilib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika və s. talan edilib və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.
Bunlar gözlə gördüyümüz, statistikasını apara biləcəyimiz itkilərdi. İtkinin ən böyüyü elə Kəlbəcərin özü, torpağıdır ki, onun dəyərini heç bir maddi vəsait ödəyə bilməz. Biz həmin torpağın altındakı sərvətlərin dəyərini hesablayacağıq.
Bu dəfəki yazımızda Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində büdcəmizin Kəlbəcər kəsirini araşdıracağıq.
Sahəsi 3054 km2 olan Kəlbəcərin təbii sərvətlərindən alınan gəlir respublikamızın heç bir rayonu ilə müqayisə edilə bilməz. Sənaye məhsulu üzrə Kəlbəcər ancaq Abşeron iqtisadi rayonu ilə müqayisə edilə bilər.
Qiymətli balıq hövzəsinin olduğu çayların ətrafında yerləşən qoruq meşələri – 13471 hektar, ətraf mühitin mühafizəsi üçün əhəmiyyətli meşələr – 15531 hektar, şəhər və kənd məntəqələrinin ətrafındakı yaşıllıqlar – 274 hektar, meşə park zonası – 80 hektar idi. İndi onların əksəriyyəti ermənilər tərəfindən məhv edilib.
İstisu mənbələrindən hər il 3 milyard 963 mln litr su çıxır
Kəlbəcərin meşələrindən sonra ən böyük sərvəti təbii suları idi. Tərtər çayının hövzəsində 412-ə qədər mineral su yataqları var.
“Qarabağ Yaddaş” kitabında göstərilib ki, İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamacında yerləşir, dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. Burada suyun istiliyi 58.8 C-dir. Cəmi mineralların sayı 6.7 qrama çatan 1 litr suyun tərkibində, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur.
1951-ci ildə Yuxarı İstisuda vannalar və kurort xəstəxanası, mehmanxana tikilib. Kəlbəcər istisuyu yerin səthinə qaynar halda çıxır. Üzə çıxan suyun temperaturu 62 dərəcədən 75 dərəcəyə qədər, bəzi quyularda isə daha yüksək istilikdə olur. İstisuya “ocaq yeri” kimi də baxırlar. Qədimdən bəri xəstə, əlil olan insanların buraya gəlib şəfa tapması ilə bağlı bu inanclar yaranıb. Mineral sularla bərabər, yerin üstünə külli miqdarda karbon qazı çıxır. Bu qazdan suların qablaşdırılması prosesində istifadə olunur. Karbon qazının külli miqdarda olması onun ixracına imkan verir.
İstisu mənbələrindən hər il 3 milyard 963 mln litr su çıxır. Sudolduran sexlər bundan 22 mln litrdən istifadə edilirdi. İstisu mineral bulaqları 1138-cu ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Bulağın suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları istifadə edilən 12 bulaqdan ibarətdir. Sovet dövründə ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyalarında ildə 50 min nəfər müalicə edilirdi. Təbii bulaq olan İstisunun illik axımı 600 milyon litrə bərabərdir. Müalicəvi əhəmiyyətinə görə, Çexiyanın Karlovu Vari suyundan üstün tutulur. Sovet dövründə Ermənistanda ümumittifaq əhəmiyyətli sanatoriya kimi qeydiyyatdan keçmək üçün İstisunun suyundan istifadə ediblər. Belə ki, İstisunun suyunu özlərinin Cermux suyu kimi Moskvaya göndərib, Ümumittifaq Sanatoriyası açmaq imkanı qazanıblar. Geoloqoların araşdırmasına görə, Kəlbəcər rayonu ərazisində 77 növ mineral var. Xalkozin, azurite, yaşma, oniks, lazurit, obsidian kimi qiymətli daşlar zərgərlik üçün əvəzolunmaz xammal hesab edilir.
Son vaxtlar Kəlbəcərdə mərmər və mişar daşlarından istifadə edilirdi. İsti və soyuq havanı buraxmayan, atom radiasiyasının qarşısını alan obsidian qızdıqda həcmini 18 dəfə artırmaq qabiliyyətinə malikdir.
112.5 ton qızıl, 200 tondan çox civə ehtiyatı
Kəlbəcərin ən çox maddi dəyərə malik yeraltı sərvətləri sırasında ilk yeri qızıl yataqları tutur. Rayon ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 — Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları var. Bundan başqa, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpli qum-çınqıl qarışığı yatağı; gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı olub. Olub deyirik, çünki hazırda onların aqibəti barədə əlimizdə dəqiq məlumatlar yoxdur.
Uzun müddət Kəlbəcər rayonunda tədqiqat işləri aparan Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının müdiri Vasif Babazadənin sözlərinə görə, Kəlbəcər civə, xromit, azbes yataqları, qeyri-filiz faydalı qazıntıları ilə zəngin olub. Geoloq Kəlbəcərin Azərbaycanda civə yataqlarının geniş yayıldığı yeganə yer olduğunu deyib:
“İşğaldan əvvəl yalnız civə yataqlarından, xüsusən də Şorbulaqdan istismar edilib. Tutxun yatağı ərazisində bir çox –Qızılitən, Zərqulu sahələri var. Bundan başqa, Ağduzdağ qızıl yatağı da var. Daha bir qızıl yatağı isə Ermənilərlə bizim aramızda hər zaman mübahisəyə səbəb olan Söyüdlü (Zod) yatağıdır. Bu yatağın əsas hissəsi Azərbaycanın ərazisinə düşür, ermənilər hazırda bu yataqdan istifadə edirlər. Təbii suları ilə zəngin olan Kəlbəcərin İstisu bulağı dünya şöhrətlidir. Bu sudan həm müalicə, həm də süfrə suyu kimi istifadə etmək olar. Bir sözlə, Kəlbəcərin hər qarış torpağı təbii ehtiyatlarla zəngindir, orada ya qızıl, digər qiymətli metallar, yaxud da müalicəvi bulaqlar tapmaq olar. Hələ Sovet dövründə təbii ehtiyatların çoxu gizli saxlanılırdı. Çünki onların açıqlanması bəzi ölkələr üçün “maraq” kəsb edə bilərdi. Bu da ölkənin təhlükəsizliyi üçün problem yaradırdı”.
Geoloqun sözlərinə görə, Sovet dövründə bu qiymətli yataqların yalnız bir qismi istifadə edilib.
“Aşkarlanan yataqlardan istifadə edilməsi üçün orada texniki imkan, maddi baza, yatağa gedən yol, elektrik xətləri, texniki, içməli su, yaxşı mütəxəssisələr olmalıdır. Bundan başqa, əldə olunan gəlir, çəkilən xərci çıxarmalı, əlavə gəlir də gətirməlidir. Bizim bütün yataqlar bu şərtlərə cavab verir, istismar üçün yararlı idi. Sovet dövründə metallik filizlərdən yalnız civədən istifadə edilib”.
Onun sözlərinə görə, istismar edilən yataqlardan nə qədər gəlir əldə edilməsi barədə dəqiq rəqəm demək çətindir:
“1953-cü ildə Çinlə əlaqələr pozulduğundan tabe ölkələrin civə yataqlarından istifadə edilməyi qərara aldılar. 1961-ci ildə Azərbaycanda ilk köklü civə yatağı aşkarlandı və istismara başlandı. Lakin əldə edilən gəlir barədə dəqiq rəqəm demək çətindir. Çünki yalnız Kəlbəcər deyil, Sovet İttifaqındakı digər civə yataqlarının istismarı, ayrılan vəsait ümumi idi. Ancaq filizlərin istismarından təxmini şəkildə deyə bilərik ki, milyonlarla manat qazana bilərdik. Üstəlik, burada təbii su ehtiyatları da var. Bu gün İstisu Ermənistan suyu adı altında xaricə satılır”.
10 milyardlıq itki
İqtisadçı ekspert Qubad İbadoğlunun sözlərinə görə, bu ehtiyatlar yalnız gəlir deyil, həm də iqtisadiyyatın diversifikasiyasına da müsbət təsir edərdi. Hazırda iqtisadiyyatımız daha çox qaz və neftdən asılıdır ki, Kəlbəcər yataqları bunu aradan qaldıra bilərdi:
“Kəlbəcər işğal edilməsəydi qızıl, civə və digər mədən sənayesi hasilatından gəlirlərimiz şaxələnə bilərdi. Yataqların istismarı ilə bağlı xarici investisiya cəlb edə bilərdik. Kəlbəcərdə də hasilatın pay bölgüsü müqaviləsi imzalana bilərdi. Digər tərəfdən orada yalnız bir yataqda 112.5 yon, 3 yatağın ümumi ehtiyatı 850 tondur. Bu ehtiyatlar Naxçıvan, Gədəbəy və Daşkəsənlə müqayisədə çoxdur. Yataqların istismarı yerli əhali üçün yeni iş imkanları demək idi. Bu yerli infrasturuktura da müsbət təsir edərdi. Yataqlardan əldə edilən ehtiyatların satışından dövlət büdcəsinə xeyli vəsait daxil olardı”.
Ekspertin sözlərinə görə, 20 ildir təbii ehtiyatlar talan edilir, qızıl yataqlı torpaqlardan tikintidə istifadə edilir. Bunlara baxmayaraq, bölgənin təbii ehtiyatlarından əldə edəcəyimiz gəlirlər milyardlarla ölçülməlidir:
“Bu hesablamada yalnız metalların ehtiyatına əsaslanmaq olmaz, hasilat xərcləri də nəzərə alınmalıdır. Bunları nəzərə alaraq, yalnız qızıl yox, civə, kərpic istehsalı üçün gil, mərmər yataqları və digərlərindən 10 milyard dollarlıq gəlirin itməsi deməkdir”.
Yataqların sayı, ehtiyatlar nə qədər zəngin olsa da, 22 il əvvəlki ehtiyatlar deyil. Bu yataqlar illərdir Ermənistan tərəfindən istismar edilir.
Kəlbəcərdə yerləşən Söyüdlü qızıl mədənin birgə işlədilməsinə və istismar edilməsinə dair Kanadanın “First Dinesty Mines” şirkəti ilə müqaviləli şəkildə işlənməsi heç kimə sirr deyil. Ermənistan bu mədənlərdən ildə 13 ton qızıl çıxarır. Erməni işğalçıları həm də Zəngilan və Kəlbəcərdə yerləşən “Vəcnəli” və “Qızıl bulaq” qızıl mədənlərini də qanunsuz istismar edirlər.
Mənbə: publika.az