Manna dövləti

Manna dövləti

Manna dövləti e.ə. IX əsrdə Urmiya gölü ətrafında meydana gəlmişdir. Mannanın adı ilk dəfə e.ə. 843-cü ildə Assuriya hökmdarı III Salmanasarın kitabəsində çəkilir. Mannanın ən qüdrətli hökmdarı Iranzu olmuşdur. Iranzu:
  • Mərkəzləşmə siyasəti aparırdı;
  • Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı;
  • Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi;
  • Ölkədə canişinlik sistemi yaratdı;
  • Assuriya ilə müttəfiqlik əlaqələri qurdu;
  • Şuandahul və Durdukka şəhərlərinin əhalisinin üsyanını Assuriyanın köməyi ilə yatırdı (e.ə. 719-cu il);
  • Mannanın şimal sərhədlərini Araz çayına qədər genişlən-dirdi;
  • Mana dövlətini Urmiya gölü hövzəsində qüdrətli dövlətə çevirdi;
  • İzirtu şəhəri Mannanın paytaxtına çevirdi;
Azanın dövrü (e.ə. 718 — e.ə. 716)- Azanın hakimiyyəti illərində Mannada daxili çəkişmələr gücləndi. Urartu dövlətindən dəstək alan qüvvələr e.ə. 716-cı ildə Azanı öldürdülər. Hakimiyyətə Ullusunu (e.ə. 716 — e.ə. 680) gəldi və Urartu ilə ittifaqa girdi. Bundan qəzəblənən Assuriya hökmdarı II Sarqon e. ə. 716-cı ildə Mannaya hücum edərək Ullusununu özünə tabe etdi.
Manna dovleti
E. ə. 715-ci ildə II Sarqon tərəfindən qiyamçı Dayaukku və I Rusa məğlub edildi. Bu qələbədən istifadə edən Manna Urartu tərəfindən işğal edilmiş torpaqlarını geri qaytardı. II Sarqon e. ə. 714-cü ildə Manna, Midiya və başqa ərazilərə yürüşə çıxdı. Yürüşün əsas məqsədləri:
  • Mannanı tamamilə Urartu təcavüzündən xilas etmək;
  • Mannada Assuriyanın mövqeyini gücləndirmək;
  • Mannadan Assuriya xəzinəsinə göndərilən xəracın vaxtlı — vaxtında gəlməsini təmin etmək.
Ahşerinin dövrü (e. ə. 675 — e. ə. 650)- Müstəqil xarici siyasət yeridən Ahşerinin Assuriya ilə müttəfiqlik əlaqələri pozuldu. Bundan qəzəblənən Aşşurbanipal Mannaya hücum edərək əhalinin var-dövlətini talan etdi və Izirtu şəhərini dağıtdı. Qəzəblənən əhali qiyam qaldıraraq Ahşerini öldürdülər. Hakimiyyətə gələn Ualli (e.ə. 650 — e.ə. 630) Assuriya ilə ittifaqı yenidən bərpa etdi. Uallidən sonra hakimiyyətə gələn hökmdarlar da Assuriya ilə ittifaqa sadiq qaldılar. E.ə. 616-cı ildə Assuriya Midiya və Yeni Babilistan tərəfindən hücuma məruz qaldığı zaman Manna Assuriya ilə müttəfiqlik əlaqəsinə sadiq qaldı. Assuriyanın varlığına son qoyulmasından sonra Manna da öz müstəqiliyini qoruyub saxlaya bilmədi və e.ə. 590-cı ildə Midiyaya birləşdirildi.

Dövlət idarəçiliyi-Manna dövlətini qeyri-məhdud hakimiyyətə malik olan hökmdar idarə edirdi. Manna mərkəzləşmiş quldar dövlət idi və ölkənin vilayətləri canişinlər tərəfindən idarə olunurdu. Mannada dövlətin idarə olunmasında “ağsaqqallar şurası” da mühüm yer tuturdu. Lakin “ağsaqqallar şurası” hökmdardan asılı idi.
Manna mədəniyyətinə aiddir:
  • Həsənlidə tapılmış “qızıl cam” (camın üzərində günəş, ay və külək-yağış allahları təsvir edilmişdi);
  • Ziviyədə tapılan və üzərində heroqlif yazılar olan gümüş sini;
  • Qrifonlar (qrifon-şir bədənli, qartal qanadlı şir və ya qartal başlı əfsanəvi heyvan);
  • Sfinks (sfinks — şir bədənli, insan başlı əfsanəvi varlıq);
  • Heroqlif yazılardan istifadə;
  • Ritonlar (gümüş qədəh);
  • Yazılı abidə (II Sarqonun şərəfinə qoyulmuş).
Top