1946-60-cı illərdə respublikanın sosial-mədəni həyatı

1946-60-cı illərdə respublikanın sosial-mədəni həyatı

50-60-cı illərdə respublikamızda sosial və mədəni quruculuğun bütün sahələrində xeyli nailiyyətlər əldə edilmiş, yeni sosial və mədəniyyət sahələri yaradılmışdı. Elmdə, təhsildə, incəsənətdə və sosial siyasətdə bir sıra yeniliklər edilmişdi. İqtisadiyyatda baş verən müsbət dəyişikliklər əhalinin sosial tərkibinə, istehlak tələblərinin ödənilməsi səviyyəsinə təsir göstərmişdi. 60-cı illərin sonunda əhalinin sayı artaraq 5 milyonu ötüb keçmişdi. 70-ci illərin əvvəllərində isə bu rəqəm 5.117 mln. nəfər olmuşdu. Elmi nailiyyətlərin istehsalata tətbiqi, savadlı, universal kadrların hazırlanması, iqtisadi strukturların elmi prinsiplər üzrə qurulması və inkişaf etdirilməsi sosial mədəniyyət sahəsində siyasətin başlıca tələbləridir. İnsanların sağlamlığının qorunması, onların həyatının və əməyinin mühafızəsi sosial siyasətin başlıca şərtlərindəndir. Bəhs etdiyimiz dövrdə respublikada təhsil və maarif sahəsində ciddi irəliləyişlər baş vermiş, bu sahənin inkişafı yeni mərhələyə daxil olmuşdu. Təhsilin səmərəli inkişafı gənc nəslin təlim və tərbiyəsi sahəsində başlıca əhəmiyyətə malikdir. Həmin dövrdə dövlət və hökumət orqanları öz fəaliyyətlərində bu sahənin hərtərəfli inkişafına xüsusi diqqət yetirmişdi. Respublikada məktəblərin sayı xeyli artmış, onların tədris, maddi bazası yaxşılaşmışdı. Respublikanın 15 ali məktəbində 92 ixtisas üzrə 34 mindən artıq tələbə oxuyurdu.
Ali məktəblər hər il 5000-ə qədər mütəxəssis buraxırdı. Respublikada 76 elmi-tədqiqat idarəsi, təqribən, 5000 elmi işçi, o cümlədən 162 elmlər doktoru, 1664 elmlər namizədi vardı. Şərqşünaslığı daha da inkişaf etdirmək, şərq xalqlarının tarixini, mədəniyyətini, iqtisadiyyatını öyrənmək üçün Azərbaycan Elmlər Akademiyasının yanında Şərqşünaslıq İnstitutu yaradılmışdı. Neft-kimya, neft emalı, energetika, fızika, riyaziyyat, mexanika və başqa elm sahələrində müsbət nəticələr əldə edilmişdi.
50-ci illərin ikinci yarısında Azərbaycanda çoxlu yeddiillik və onillik musiqi məktəbləri, Dövlət Konservatoriyası və Bəstəkarlar İttifaqı yaradılmışdı. Həmin dövrdə Azərbaycanda (1956-cı ildə) komediya teatrı bərpa edilmiş və 1958-ci ilə qədər 11 tamaşa göstərilmişdi. Azərbaycanın musiqi incəsənətinin xəzinəsi daha bir görkəmli əsərlə - bəstəkar Qara Qarayevin «İldırımlı yollarla» baleti ilə zənginləşmişdi. Fikrət Əmirovun «Sevil» operasını da xüsusi qeyd etmək lazımdır. Bu illərdə mətbuatda milli dəyərlərə uyğun inkişafa diqqət xeyli artmışdı. Respublikada 160 min nüsxə ilə 18 jurnal, 175 min nüsxə ilə 111 respublika, vilayət, şəhər, rayon qəzeti və çoxtirajlı qəzet nəşr edilmişdi. 1958-ci ilin yanvar ayından başlayaraq «Bakı» axşam qəzeti çıxmağa başladı. Həmin qəzetdən sonra «Göyərçin» jurnalı çapdan çıxdı.
Azərbaycan tarixinin tədrisinə ayrılan saatların miq-darı artırılmalı, eyni zamanda, ali məktəblərdə, texnikomlarda və başqa orta ixtisas məktəblərində tədrisin keyfıyyətinin yüksəldilməsinə və bütün tədris-tərbiyə işinin kökündən yaxşılaşdırılmasına nail olunmalı, həm də tələbələrin tədrisistehsalat təcrübəsinin yaxşılaşdırılmasına xüsusi diqqət verilməli və bu sahədə ciddi tədbirlər görülməli idi. Respublikanın ali məktəblərində 2088 nəfər elmi-pedaqoji işçi vardı. Respublikanın elmi-tədqiqat idarələrində və ali məktəblərində 4304 nəfər elmi işçi, o cümlədən 162 nəfər elmlər doktoru, 1476 nəfər elmlər namizədi işləyirdi. Elmlər Akademiyasının 22 nəfər həqiqi üzvü, 13 nəfər müxbir üzvü var idi. Akademiyanın elmi idarələrinin maddi-texniki bazasını möhkəmləndirmək üçün bir sıra tədbirlər görülmüşdü. 1954-cü ildə Akademiya şəhərciyi tikilməyə başlamışdı. Elmlər Akademiyasının institutları bir sıra elmi problemlər işləyib hazırlamış, çoxlu elmi əsərlər və monoqrafıyalar, o cümlədən Geologiya, Torpaq, Azərbaycanın heyvanat aləminə dair əsərlərini nəşr etdirmişdilər. Azərbaycanda hər cür təhsil növü ilə 750 mindən artıq adam əhatə olunmuşdu. Fəhlə və kəndli gənclər, habelə yaşlılar məktəblərə daxil olmaqla ümumtəhsil məktəblərində oxuyanların sayı 1958-1959-cu dərs ilində 1957ci ilə nisbətən 18 min nəfərdən çox artmışdı. Respublikada orta məktəblərin sayı 77 ədəd çoxalmışdı. Ali və orta ixtisas məktəblərində 63 min tələbə oxuyurdu. 1958-ci ilin payızında ali məktəblərin gündüz şöbələrinə qəbul edilmiş tələbələrin 23 faizini orta məktəbi qurtardıqdan sonra əməli iş stajı olan şəxslər təşkil edirdi. 1958-ci ildə Azərbaycanda mədəni-maarif ocaqları şəbəkəsi genişlənmiş, klubların sayı 22 ədəd və yaxud 2 faiz, kütləvi kitabxanaların sayı 88 ədəd, yaxud 10 faiz artmışdı. Respublikada səhiyyənin, əhaliyə tibbi xidmətin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülmüşdü. Səhiyyənin təşkilinin müxtəlif səmərəli formalarından istifadə olunmuşdu. Xəstəxanaların, poliklinikaların, tibb məntəqələrinin işi qaydaya salınmış, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət idarəetmə orqanları daha yaxından kömək göstərmişdi. Respublikada səhiyyə büdcəsi 28,5 faiz artmışdı. Respublikada 479 xəstəxana, 666 ambulatoriya və poliklinika, 305 həkim və feldşer məntəqəsi, 74 sanatoriya və istiharət evi vardı. Kənd yerlərində tibbi xidməti yaxşılaşdırmaq üçün bu dövrdə respublikanın rayonlarına 518 həkim, 3000 nəfər orta tibb işçisi göndərilmişdi. 1500 nəfərə qədər həkim, 19 min nəfərdən çox orta tibb işçisi əhaliyə tibbi xidmət göstərirdi. XX yüzilliyin 5060-cı illərində respublikada tikinti işləri genişləndirilir, yeni konstruksiyalar tətbiq edilir, tikinti prosesləri mexanikləşdirilirdi.

Bu illərdə iqtisadiyyatda nəqliyyat infrastrukturu da inkişaf etdirilirdi. Burada dəmir yolu nəqliyyatı yüklərin daşınmasında başlıca vasitə olaraq qalırdı. 1955-ci ildə Azərbaycanda Dəmir yol İdarəsi yaradıldı. Nəqliyyat infrastrukturunda dəniz və hava nəqliyyatı da önəmli yer tuturdu. Dəniz nəqliyyatı ilə yük göndərilməsi və su yolu ilə respublikaya yük gətirilməsi xeyli artmışdı. Azərbaycanda avtomobil yük nəqliyyatı da sürətlə inkişaf edirdi. 60-cı illərdə avtomobil yollarının yenidən qurulmasında, şosse yollarının çəkilməsində əhəmiyyətli işlər görülürdü. Sərnişindaşıma keyfıyyyətcə yaxşılaşmış, yüklərin daşınması xeyli artmışdı. Dəmir yolu, dəniz, avtomobil nəqliyyatının və Milli Hava Donanmasının işləri nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdı. 1957-ci ildə Azərbaycan dəmir yolunda yükdaşıma 1955-ci ilə nisbətən 22 faiz artmışdı. 1958-ci ildə dəmir yolu ilə hər cür yüklər göndərilməsi 1957-ci ilə nisbətən 8 faiz artmışdı. Neft və neft məhsulları, habelə hər cür fıliz göndərilməsi tapşırığı 102 faiz, mineral tikinti materialları göndərilməsi tapşırığı 117 faiz, qara metal qırıntıları göndərilməsi tapşırıqları 96 faiz yerinə yetirilmişdi. Azərbaycan SSR Avtomobil Nəqliyyatı
Nazirliyinin ümumi istifadədə olan avtomobil nəqliyyatının yük dövriyyəsi planı 111 faiz yerinə yetirilmişdi. 1957-ci ilə nisbətən yük dövriyyəsi 24 faiz, daşınması isə 31 faiz artmışdı, sərnişin daşınması planı 103 faiz və sərnişin dövriyyəsi planı 102 faiz yerinə yetirilmişdi. 1957-ci ilə nisbətən sərnişin daşınması 19 faiz, sərnişin dövriyyəsi 25 faiz artmışdı. Rabitə vasitələri, radiolaşdırma və televiziyanı inkişaf etdirməkdən ötrü 1956 və 1959-cu illər üçün müəyyən edilmiş planlar yerinə yetirilmişdi.
1956-cı il fevradın 14-də Azərbaycan televiziyası fəaliyyətə başlamış, Bakıda və Naxçıvanda televiziya studiyaları istifadəyə verilmişdi. Onlarca radio, telefon xətti çəkilmiş, ötürücü stansiyalar qurulmuşdu. Şəhər və kəndlərdə 185 mindən çox telefon nömrəsindən istifadə olunurdu. Mənzillərin (xüsusən də kənd yerlərində) telefonlaşdırma işi çox ləng gedirdi. Kommunikasiya vasitələrinin texniki səviyyəsi aşağı idi. 1957-ci ildə dövlətin əsaslı xərclərinin həcmi 1955-ci ilə nisbətən 26 faiz, tikinti-qurşadırma işlərinin həcmi isə 20 faiz artmışdı. 1956-1959-cu illərdə çoxlu sənaye, energetika, su təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdi. Təxmini məlumata görə, 1957-ci ildə bütün dövlət idarələri və təşkilatları tərəfındən 240 min m2-dən artıq mənzil sahəsi tikilib istifadəyə verilmişdi.
1955-1957-ci illərdə şəhərlərdə və şəhərtipli qəsəbələrdə 329 min m2 fərdi mənzil sahəsi, o cümlədən Bakı şəhərində 10.35 m2 mənzil sahəsi, Azərbaycan neft zavodları birliyinin müəssisələri tərəfındən 6.217 m2, Xəzər dənizçiliyi idarəsi tərəfındən 1000 m2-dən artıq mənzil sahəsi tikilib istifadəyə verilmişdi. 50-ci illərin ikinci yarısında (1958-ci ildə) mənzil tikintisi xeyli artmışdı.
Ümumiyyətlə, dövlət vəsaiti hesabına 6756 şagird oxuya biləcək 18 məktəb, 169 çarpayısı olan 21 uşaq bağçası və körpələr evi, 2406 tamaşaçı tutan 7 kinoteatr və bir çox başqa mədəni-məişət obyekti tikilib istifadəyə verilmişdi. Kolxozların vəsaiti hesabına və onlann qüvvəsilə 14479 şa-gird oxuya biləcək 90 məktəb, 30361 tamaşaçı tutan 174 klub və mədəniyyət evi və bir çox başqa obyektlər tikilmişdi.
1958-ci ildə dövlətin əsaslı xərcləri hesabına respublika büdcəsi üzrə mənzil tikintisinə 342,6 mln. manat pul buraxılmışdı. Bu, 357 min m2 mənzil sahəsinin istifadəyə verilməsini təmin etməli idi. 1957-ci ilə nisbətən kapital qoyuluşu neft və qaz sənayesində 18 faiz, kimya sənayesində 14 faiz, əlvan metallurgiyada 2,3 dəfə, tikinti materialları sənayesində 16 faiz, tikinti sənayesində 64 faiz, kənd təsərrüfatında 20 faiz, mənzil tikintisində 24 faiz artmışdı. 1958-ci ildə tikinti sənayesi daha da inkişaf etdirilmişdi. Respublikanın podratçı təşkilatları 1958-ci ildə tikintiquraşdırma işləri planını 102 faiz yerinə yetirmişdi. 1957-ci ilə nisbətən planın yerinə yetirilməsi faizi xeyli artmışdı. Respublikanın tikinti təşkilatları 1957-ci ildə tikintiyə sənaye üsulları və tikinti işlərinin kompleks mexanikləşdirilməsini geniş tətbiq etmişdilər. 1958-ci ildə bu cür konstruksiyalar buraxılışı 1957-ci ilə nisbətən 1,2 dəfə çoxalmışdı. Sənayenin və tikintinin idarə olunması yenidən təşkil edilərkən podratçı iri tikinti təşkilatları, Zaqafqaziya sənaye müəssisələri tikinti tresti, Kirovabad (Gəncə) alüminium müəssisələri tikintisi tresti və Mingəçevir su tikintisi idarəsi 1957-ci il noyabr ayında Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasına verilmiş və onun tərkibində sahə tikinti idarəsi yaradılmışdı. Dövlət tikinti təşkilatları tərəfındən, habelə şəhərlərdə, şəhərtipli qəsəbələrdə, sovxozlarda əhalinin öz vəsaiti hesabına dövlət kredit köməyi ilə fərdi mənzil tikintisi yolunda 500 min m2-dən çox ümumi sahəsi olan yeni evlər tikilib istifadəyə verilmişdi.
Dövlət və kooperativ ticarətinin pərakəndə mal dövriyyəsinin ümumi həcmi 1958-ci ildə 8,5 mlrd. manat olmuş və 1957-ci ilə nisbətən 6 faiz artmışdı. Kənddə ticarət 2,4 mlrd. manat olmuşdu və 1952-ci ilə nisbətən 10 faiz artmışdı.
Azərittifaq pərakəndə mal dövriyyəsi planını 103 faiz yerinə yetirmişdi. Azərittifaq komisyon ticarətinin dövriyyəsi 108 min manat olmuşdu və ya 1952-ci ilə nisbətən 13 faiz artmışdı. İllik komisyon ticarəti planı 94 faiz yerinə yetirilmişdi. 1958-ci ildə əhaliyə ən mühüm ərzaq malları və digər mallar satışı 1957-ci ilə nisbətən bu qədər artmışdı: ət və quş satışı 4 faiz, mal-qara yağı satışı 20 faiz, şəkər satışı 10 faiz, qənnadı mallar satışı 11 faiz, tikili mallar satışı 9 faiz, trikotaj mallar satışı 10 faiz, gön ayaqqabı sahəsi 11 faiz .
1958-ci ilə nisbətən 1959-cu ildə büdcənin həcmi 425 mln. 700 min manat və ya 8,7 faiz artmışdı. 1957-ci ildə respublikada dövlət büdcəsi mədaxil üzrə 4 mlrd. 541 mln. 300 min manat məbləğində və ya 103,2 faiz yerinə yetirilmişdi. Məxaric üzrə büdcə 4 mlrd. 298 mln. manat məbləğində və ya 98,2 faiz icra edilmişdi. Büdcənin mədaxil hissəsi bütövlükdə və əsas mənbələr üzrə artıqlaması ilə yerinə yetirilmişdi, bu büdcəyə plandan əlavə 142 mln. 800 min manat daxil olmuşdu. Keçmiş SSRİ-də yaşayan 231.8 milyon əhalinin 107.1 milyon nəfəri, yəni 46 faizi, respublikamızda isə 4660 min nəfər əhalinin 2332 min nəfəri və ya 50 faizi kənd yerlərində yaşayırdı. Əhalinin son siyahıyaalma məlumatlarına görə, kənd təsərrüfatında çalışanların sayı 85 faiz idi. Lakin kənd əhalisi içərisində əmək qabiliyyətlilərin miqdarı şəhərdəkinə nisbətən xeyli az idi. Burada əhalinin bir hissəsini əmək iqtidarına malik olmayanlar, yəni qocalar, əlillər və yeniyetmələr təşkil edirdi.

50-ci illərin əvvəllərində Bakı şəhərində azərbaycanlılar əhalinin az hissəsini təşkil edirdi. Sənayenin sürətlə inkişafı, yeni iş yerlərinin açılması, kəndli gənclərin buraya axını nəticəsində, Bakıda azərbaycanlıların sayı xeyli artdı, demoqrafık şərait dəyişdi. 50-ci illərin sonlarında respublika əhalisinin sayı müharibədən əvvəlki səviyyəyə çatmışdı. 1959cu illərin əvvəllərində Azərbaycanda 3.698 min nəfər yaşadığı halda, 60-cı illərin axırlarında bu rəqəm 5 milyonu ötüb keç- mişdi. Respublika əhalisinin sosial tərkibində də mühüm dəyişikliklər baş vermişdi. Şəhər əhalisinin sayı artmışdı. 70-ci illərin əvvəllərində respublika əhalisinin yarısı şəhərlərdə yaşayırdı. Bu illərdə sənaye müəssisələri və sovxozların inkişafı ilə əlaqədar fəhlələrin sayı çoxalmış, kolxozçu kəndlilərin sayı isə, əksinə, xeyli azalmışdı. 60-cı illərin axırında Azərbaycan SSR-də əmək qabiliyyətli əhalinin 72,5 faizi ictimai müəssisələrdə fəaliyyət göstərirdi. Şəhər yerlərində yaşayan əhalinin 62,1 faizi, kənd əhalisinin isə 53 faizi əmək qabiliyyətli yaşında olan adamlar idi.
Kolxoz və sovxozlarda kifayət qədər işçi qüwəsi çalışırdı. Respublikanın kolxozlarında əmək ehtiyatlarından istifadə edilməsi daha zəif idi. Burada il ərzində hər bir əmək qabiliyyətli kişi 187, qadın 121, yaşı ötmüşlər 72, yeniyetmələr isə 47 adam-gün məşğul olurdu. Respublikanın kənd təsərrüfatında 6.2 min nəfər ali və orta təhsilli aqronom, zootexnik, baytar həkimi, meşəşünas, 5.7 min nəfər isə iqtisadçı-plançı, iqtisadçı-statist vardı. Halbuki inqilabdan əvvəlki dövrdə Azərbaycanda cəmi 10 nəfər aqronom və 15 nəfər baytar həkimi olmuşdur. 60-cı illərdə Azərbaycanda sosial-mədəni quruculuğun sürəti 50-ci illərlə müqayisədə xeyli azalsa da, bu illərdə Akademiya, universitet şəhərcikləri, Bakı Hava Limanı, Akademik Dram Teatrı, Mərkəzi Univermaq və Dövlət Sirkinin binaları tikilib istifadəyə verilmişdi. 1967-ci ildə Bakı metropoliteninin 6 stansiyası işə düşmüşdü. Bu illərdə Azərbaycanda 45 şəhər, 116 şəhərtipli qəsəbə mövcud idi. Bunlarla yanaşı, 60-cı illərdə rayonların kəndlərində məişətkommunal xidmətinə diqqət olduqca zəif olmuşdu. Xüsusilə, dağ rayonlarında mədəni quruculuq işlərinin səviyyəsi həddən artıq aşağı idi. Yüzlərlə kənd boşalmış, əhalisi isə respublikanın şəhərlərinə köç etmişdi. Əhalinin miqrasiyası xeyli sürətlənmişdi. Bu, dağ rayonları əhalisinin sosial-iqtisadi vəziyyətinin dözülməzliyi ilə bağlı idi. Əhaliyə məişət- kommunal xidməti sahəsində tələbatla müqayisədə sosialmədəni qumculuq çox ləng və keyfıyyətsiz idi. Şəhər əhalisinin mənzilə olan ehtiyacı ödənmirdi. Tikilən evlərdə (Xruşşov evləri, dəmir-beton planlı evlər) yararsız idi. Kənd rayonlarında elektrik enerjisinə olan tələbat çox aşağı səviyyədə ödənilirdi. Yüzlərlə kənd enerjidən istifadə imkanından məhrum idi.

Müəllif: professor İ.X.Zeynalov, dosent X.R.Səfərova

Top