Aprel çevrilişindən sonrakı ilk illərdə Sovet Rusiyasının Azərbaycana münasibəti bərabərhüquqlu dövlətlərin münasibəti təsirini bağışlayırdı. Belə ki, 1920-ci ilin sentyabrında Bakıda müstəqil Azərbaycanın paytaxtında Şərq xalqlarının birinci qurultayının keçirilməsi, 1920-ci il sentyabrın 30-da RSFSR ilə Azərbaycan arasında Moskvada hərbi-iqtisadi ittifaq haqqında müqavilənin bağlanması Azərbaycanı müstəqil dövlət kimi səciyyələndirən addımlar idi. Bu addımlarda hansı məqsədlər güdülürdü? Şərq aləmində kommunist ideyalarını yaymaq məqsədi güdən Şərq xalqlarının I qurultayında qarşıya qoyulmuş məqsədin mənasızlığı tez bir zamanda məlum oldu. Şərqdə «dünya inqilabi» ideyalarının yayılması mənasız görünən kimi, Azərbaycanın da müstəqillyi Rusiyanın nəzərində mənasızlaşdı.
2. Gürcüstan, Ermənistan və Azərbaycan Mərkəzi Komitələrinə (Qafqaz Bürosu vasitəsi ilə) təklif edilsin ki, federasiya məsələsini daha geniş surətdə partiyanın, fəhlə və kəndli kütlələrinin müzakirəsinə qoysunlar, federasiya uğrunda ciddi təbliğat aparsınlar və onu hər bir respublikanın sovetlər qurultayları vasitəsilə keçirsinlər». Elə belə də oldu. Müəllif: professor F.F.İbrahimli, Dosent B.O.Əziz
Bəzi yerli kommunistlərin müstəqil davranış meyllərinin qarşısını alan vahid Zaqafqaziya idarəçilik orqanının yaradılmasına sadiq rus canişini Orconikidze rəhbərlik edirdi. Məsələ siyasi cəhətdən elə qoyulurdu ki, guya vahid Zaqafqaziya yaratmaq ideyası yerli kommunistlərin öz arzu və istəyidir. Əslində isə belə bir federasiyanın yaradılmasının layihəsi Moskvada tərtib edilmişdi. V.İ.Lenin 28 noyabr 1921ci ildə «Zaqafqaziya federasiyasının yaradılması haqqında təklifın layihəsi»ni yazmış və həmin sənəddə göstərmişdi ki, «1. Zaqafqaziya respublikalarının federasiyası prinsipcə tamamilə düzgün və hökmən yaradılmalı hesab edilsin; dərhal əməli surətdə yaradıcılıq mənasında isə hələ vaxtı çatmamış hesab edilsin, yəni onun müzakirə və təbliğ edilməsi, habelə aşağıdan sovetlər vasitəsilə keçirilməsi üçün müəyyən müddət tələb olunur;
Bu yeni siyasi addımın xalqın istək və tələbi kimi qələmə verilməsi təsadüfı deyildi. Çünki Gürcüstanda, Azərbaycanda və Ermənistanda məsələnin mahiyyətini dərk edən və milli hissləri daha güclü olan kommunistlər buna qarşı etiraz səslərini qaldırırdılar. Lakin onlar «millətçi» möhürü ilə damğalanır və sosializmin düşmənləri elan olunurdular.
Beləliklə, respublikada saysız-hesabsız yığıncaqlar keçirildi. Qorxu altında keçirilən bu yığıncaqlarda əsas qərarlar birmənalı oldu. Yəni xalq guya federasiya istəyir. Məsələn, 1921-ci il dekabrın 1-də AHİMŞ-nın plenumunun qəbul etdiyi qətnamədə deyilirdi: «Azərbaycan proletariatı Zaqafqaziya respublikalarının birləşdirilməsi ideyasını alqışlayır və inanır ki, Zaqafqaziya federasiyasının təşkili işi bu yaxınlarda başa çatdırılacaq və Zaqafqaziyanın inkişafında yeni və parlaq bir səhifə açacaqdır. Yaşasın vahid Zaqafqaziya! Yaşasın vahid Zaqafqaziya proletariatı».
1921-ci il dekabrın 25-də toplanmış Qazax partiya təşkilatının V Konfransının qəbul etdiyi qətnamədə deyilirdi: «...Yalnız belə bir birləşmə yolu ilə biz qüvvələrimizi birləşdirib Qafqazın dağılmış təsərrüfatını bərpa edə bilərik. ... Yaşasın RSFSR-in Sovet Qafqazı ilə sıx ittifaqı».
Azərbaycan kommunistləri, partiya, sovetlər, komsomol, həmkarlar təşkilatları, bütün kütləvi informasiya vasitələri Zaqafqaziya federasiyasının yaradılmasını canfəşanlıqla təbliğ edir və bu məsələnin xalq kütlələrinin istəyi olduğu bildirilirdi. IV Ümumazərbaycan Sovetlər qurultayında qeyd edildi ki, Azərbaycanda elə bir qəza, elə bir kənd olmamışdır ki, orada bitərəf kütlələr - fəhlə və kəndlilər yığışıb Zaqafqaziya federasiyasının yaradılması lehinə qətnamə qəbul etməsinlər.
Beləliklə, aşağıların istəyi adı altında Zaqafqaziya federasiyasının yaradılması yolunda ilk addım 1921-ci ilin aprelində atıldı. Belə ki, Azərbaycan, Gürcüstan və Ermənistan dəmir yol idarəçiliyinin, iyulda isə Xarici Ticarət orqanlarının birləşdirilməsi haqqında saziş imzalandı.
1921-ci il noyabrın əvvəllərində RK(b)P Qafqaz bürosu Azərbaycan, Gürcüstan və Ermənistan arasında federativ ittifaqın yaradılması təklifıni irəli sürdü, həmin ayın axırında RK(b)P MK-nın Siyasi bürosu Zaqafqaziya federasiyasının yaranması haqqında qətnamə qəbul edildi. AK(b)P-na rəhbərlik edən S.M.Kirov Zaqafqaziya federasiyası ideyasını inadla müdafıə edir və bu ideyanı əzmlə həyata keçirirdi.
1922-ci ilin fevralında Zaqafqaziya partiya təşkilatlarının I qurultayı çağırıldı. Fevralın 23-də Orconikidze Zaqafqaziya ölkə komitəsinin birinci katibi seçildi. Zaqafqaziya ölkə Komitəsinin Rəyasət heyətinə Orconikidze, Kirov, Oraxelaşvili üzv, Myasnikov isə namizəd seçildi. Elə ilk tərkibdən ölkə komitəsinin əsil mahiyyəti özünü büruzə verdi. Zaqafqaziya Ölkə Komitəsinin 1922-ci il aprel plenumu rəyasət heyətinin tərkibinin sayını 5 nəfərə qaldırdı. Myasnikov və Maxaradze rəyasət heyətinin üzvü, Yaqubov isə namizəd seçildi. Yalnız iyun ayında Nərimanov rəyasət heyətinin tərkibinə daxil edildi.
1922-ci il martın 12-də üç respublikanın Mərkəzi Komitələrinin səlahiyyətli konfransı hazırlanmış ittifaq müqaviləsini təsdiq etdi.
1922-ci il aprelin 28-də öz işinə başlamış II Ümumazərbaycan Sovetlər qurultayı Azərbaycan zəhmətkeşləri adından Zaqafqaziya respublikalarının federativ dövlət ittifaqında birləşməsini bəyəndi.
1922-ci il dekabrın 4-13 arasında keçirilmiş I Zaqafqaziya Sovetlər qurultayı - Zaqafqaziya Sovet Federativ Sosialist respublikası təşkil etmək haqqında qərar qəbul etdi. Qurultayda Ali qanunvericilik orqanı - Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi seçildi.
AK(b)P-nın V qumltayında (1923-cü il mart) S.M.Kirov və digər partiya liderləri tərəfındən Zaqafqaziya federasiyasının yaradılmasının əsil bolşevik mahiyyəti açıqlandı: «Bizim siyasi və iqtisadi şəraitimiz elə deyildir ki, biz hər bir millətə imkan verək ki, tam ayrılsın. Bizim milli münasibətlər tarixi sizin yaxşı yadınızdadır. 1917-ci ildə kommunistlər hakimiyyətə gələn zaman çar imperiyası necə oldu - o tam dağıldı. Nəinki hər bir millət ayrıldı və onlar hətta özlərini siyasi cəhətdən dövlət elan etdilər. Bu ilk anlar idi ki, biz elan etmişdik hər bir millət ayrıla bilər. Hamı özünü azad və müstəqil hiss etdi, hər bir icma necə deyərlər özünü dövlət kimi hiss etdi. ... Sosialist respublikaları birləşməlidir. O, bir mərkəzdən idarə olunmalıdır. Ordu, ordunun gücü və rəhbərliyi bir mərkəzdən almalıdır. ... Zaqafqaziya federasiyasının yaranmasını bizim bir illik mövcudluğumuzun ən başlıca siyasi anı hesab etmək olar». Şərhə ehtiyac yoxdur.
Digər sovet respublikalarının münasibətlərini formalaşdırmaq məqsədilə 1922-ci il avqustunda PK(b)P MK tərəfındən İ.Stalinin başçılığı ilə xüsusi komissiya yaradıldı. Stalinin «muxtariyyatlaşdırma» planı daha çevik planla bərabərhüquqlu respublikalar ittifaqı planı ilə əvəz edildi.
1922-ci il dekabrın 30-da Moskvada açılan SSRİ I Sovetlər qurultayı SSRİ-nin təşkili haqqında bəyannaməni və müqaviləni təsdiq etdi. Qurultay Sovet dövlətinin ali orqanı SSRİ Mərkəzi İcraiyyə Komitəsini seçdi.
1923-cü il yanvarın 2-də keçirilən SSRİ MİK-nin birinci sessiyası MİK-nin rəyasət heyətini və sədrlərini seçdi. Azərbaycan respublikasından bura N.Nərimanov seçildi. Bununla da Sovet Rusiyasının Azərbaycanda yeritdiyi siyasətin «əl-ayağına dolaşan» N.Nərimanov respublikadan uzaqlaşdırıldı və sovet dövründəki formal müstəqilliyinə son qoyuldu.
O dövrün sənədlərində Zaqafqaziya federasiyasının yaradılmasını ən çox iqtisadi amillə bağlayır, məsələnin əsil mahiyyəti gizlədilməyə cəhd edilirdi. Məsələn, PK(b)P Qafqaz bürosunun 1921-ci il noyabrında keçirilən plenumunun qətnaməsində deyilirdi: «... Üç respublikada çoxlu xalq komissarlıqları və müəssisələrinin mövcud olması böyük qüvvə və vəsaitin sərf edilməsinə səbəb olur və bu bir çox orqanların işində lazımsız paralellik yaradır. Buna görə də, dövlət həyatının başlıca və vacib sahələrində ümumi qüvvə ilə inzibati idarəçilik etmək sovet işini məhsuldar edir və qüvvətləndirir».
Yaxud, 1921-ci il dekabrın 2-də Bakı Sovetinin iclasında deyilirdi ki, Zaqafqaziya respublikalarında, onların hər birində 15 komissarlıq olmaqla 45 komissarlıq vardır. Bu Zaqafqaziyanın büdcəsini ağırlaşdırır, çətinləşdirir və başqa bir sahədə istifadə edilməsi mümkün olan bir çox məsul işçiləri zəruri olan işdən ayırır.
Əlbəttə, bütün bunlar bolşevik təbliğatı idi, əsil həqiqətdə isə Azərbaycanın bütün hüquqları əlindən alınmışdı. Belə ki, xarici işlər, hərbi-dəniz, yol-rabitə, poçt və teleqraf, maliyyə, xarici ticarət, ərzaq və neft komissarlıqları ləğv edilib, onların funksiyaları ZSFSR və SSRİ-nin müvafıq xalq komissarlıqlarına verilmişdi. 1921-ci ildə I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmiş Azərbaycan Konstitusiyası əsasında yaradılmış 17xalq komissarlığı saxlanılmışdı.
Elə bu vaxtlar N.Nərimanov V.İ.Leninə yazırdı: «Əziz Vladimir İliç, görəsən «Müstəqil Azərbaycan» sözü sizin ağzınızdan çıxmayıbmı? ... Çoxmilyonlu xalqın hüquq və hissləri ilə zarafat etmək olmaz».
Lakin bu zarafat deyil, Rusiya imperyasını bərpa etmək yolunda həyata keçirilən siyasətin real təcəssümu idi. Məhz bu siyasətlə nəinki Azərbaycanın müstəqilliyi əlindən alındı, hətta onun ərazi bütövlüyünə də qəsd edildi.
Azərbaycanın bolşevikləşməsindən sonra Qarabağa, Naxçıvana, Zəngəzura və b. bölgələrə erməni təcavüzü davam edirdi.
Əslində Azərbaycan ərazisi Sovet Rusiyası tərəfındən hərraca çıxarılmışdı. 1920-ci il avqustun 18-də Şuşada Zəngəzur qəza və sahə İnqilab Komitələrinin fəal iştirakı ilə Zəngəzur və Qarabağ nümayəndələrinin qurultayı keçirildi. Bu qurultayda sovetlərin təkidi və təklifı ilə gələcəkdə ermənilərin bu torpaqları daha asan yolla ələ keçirə bilmələri üçün Zəngəzur iki hissəyə - Bərgüşad (Aşağı Zəngəzur) və Gorus (Yuxarı Zəngəzur) rayonlarına parçalandı. Beləliklə, Yuxarı Zəngəzurun Azərbaycandan ayrılmasının əsası qoyuldu. Bununla da Sovet Rusiyası Ermənistan və Azərbaycan arasında mübahisəli məsələlərin həllindən Azərbaycanı kənarlaşdırdı, onu təmsil etməyi öz üzərinə götürdü. Sovet Rusiyası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi layihəsi hazırlanarkən Azərbaycanın hüquqları pozulmuş, Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi planlaşdırılmışdı.
1920-ci ilin yayında Azərbaycanın siyasi vəziyyətinin mürəkkəbliyindən istifadə edən Ermənistan hökuməti təcavüzü gücləndiridi. İyulun axırlarında erməni hərbi hissələri Zəngibasarı dağıtdı və Naxçıvana doğru irəlilədi. Lakin türk qoşunu tərəfındən Naxçıvanın nəzarət altına alınması ermənilərin qabağında sipər oldu. İyunun 6-da XI Ordu hissələri Zəngəzur istiqamətində hücuma keçən erməni qoşunlarının qarşısını aldı. Lakin iyulun axırları - avqustun əvvəllərində Ermənistanda məğlub olmuş üsyançıları təqib etmək bəhanəsi altında Ermənistan qoşunları Zəngəzura yenidən hücum etdi və Zəngəzurun böyük bir hissəsini zəbt etdi. Bu vaxtlar Azərbaycanda baş verən üsyanlar işğalçı XI Orduda elə hiddət yaratmışdı ki, onlar ermənilərin Azərbaycan sərhəddinə təcavüzünə və onların törətdiyi cinayətlərə biganə qalırdı. Səbəb də məlum idi. Ermənilər tərəfındən azərbaycanlılar nə qədər çox sıxışdırılsa, yerli əhalinin XI Orduya itaəti bir o qədər artardı. Həmçinin Sovet Rusiyasını o torpaqların hansı millətin əlində olması deyil, bütün Qafqazı bolşevik təsirinə salmaq maraqlandırırdı. Məlumdur ki, Azərbaycandan sonra Rusiyanın növbəti hədəfı Ermənistan və Gürcüstan idi. 1920-ci il noyabrın 29-da Ermənistanda «inqilab» baş verdi. Noyabrın 30-da AK(b)P MK-nın siyasi və təşkilat bürolarının birgə iclası keçirildi. İclasda Q.Orconikidze, Sarkis, Y.Stasova, Q.Katipski və b. iştirak edirdilər. Məhz onların təzyiqi ilə Azərbaycanın əleyhinə olan qərar qəbul edildi. N.Nərimanova xüsusi bəyanatla çıxış etmək tapşırıldı. Bəyanatda deyilirdi: «Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir; Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir. Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır, Sovet Azərbaycanının qoşunları isə buradan çıxarılır».
Əslində bu, o demək idi ki, Azərbaycan Zəngəzurun bir hissəsinin və Naxçıvanın işğalı ilə razılaşır. Bəyanatın digər prinsipinə əsasən Azərbaycan Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verirdi.
1920-ci il dekabrın 1-də elan olunmuş belə bir məsuliyyətsiz bəyanat nəticəsində Azərbaycan ermənilərin işğalı ilə razılaşdı. Lakin ermənilərin və onların havadarlarının iştahası daha böyük idi. Qarabağın dağlıq hissəsi və Naxçıvan məsələsi gündəlikdə qalırdı.
Naxçıvan əhalisi bu qərara tabe olmadı, kəskin etiraz çıxışları baş verdi. Ermənistanın nümayəndələri diyara buraxılmadı. B.Vəlibəyov dekabrın 24-də Yerevana çağırıldı, həm də Ermənistan İnqilab Komitəsi tərəfındən Naxçıvanda Fövqəladə Komissar təyin edildi. Ancaq xalq onun gəldiyi vaqonu Şahtaxtı stansiyasında qatardan açaraq Naxçıvana buraxmadı. Dekabrın 28-də Ermənistan İnqilab Komitəsi Naxçıvanı müstəqil Sovet Respublikası kimi tanıdı. 1921-ci ilin əvvəllərində burada RSFSR, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə əhalinin rəy sorğusu (referendum) keçirildi. Naxçıvan camaatının 90%-i Azərbaycanın tərkibində qalmaq arzusunu bildirdi. 1921-ci ilin yanvarında Naxçıvan İnqilab Komitəsi əvəzinə Naxçıvan Ölkə İnqilab Komitəsi təşkil edildi. Naxçıvanın statusu 1921-ci il martın 16-da Naxçıvan RSFSR və Türkiyə arasında imzalanmış xüsusi müqavilə ilə həll olundu. Tərəflər razılaşdılar ki, Naxçıvan ərazisi Azərbaycanın tərkibində qalmaq şərti ilə Naxçıvan SSR təşkil edilə bilər. Müqavilədə (III bənd) göstərilirdi ki, bu torpağı üçüncü dövlətlə güzəştə getmək olmaz, əks təqdirdə onun hər hansı bir hissəsi Türkiyəyə güzəşt edilə bilər. Aprel ayında Türkiyə qoşunları Naxçıvanı tərk etdilər. Naxçıvan Ölkə İnqilab Komitəsi 1921-ci il sentyabrın 10-da səlahiyyətlərini Naxçıvan MSK və XKS-nə verdi. 1921-ci il oktyabrın 13-də Qarsda Rusiyanın iştirakı ilə bir tərəfdən Türkiyə, o biri tərəfdən Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları birlikdə (Moskva onların hər birinin ayrılıqda müqavilə bağlamasına icazə verməzdi) dostluq haqqında müqavilə imzaladılar. Qars müqaviləsinin 5-ci maddəsində qeyd olunurdu ki, Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir. Xəritə çəkildi və orada Naxçıvanın ərazisi dəqiq göstərildi.
Dövlət aparatının saxlanılmasının iqtisadi çətinlikləri ilə bağlı 1923-cü ilin əvvəllərində Naxçıvan Respublikasının respublika muxtariyyəti ləğv edildi, ona ölkə muxtariyyəti verildi. Naxçıvan Ölkə İcraiyyə Komitəsi yaradıldı. 1924-cü il fevralın 9-da isə Azərbaycan MİK Naxçıvan Ölkəsinin Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar SSR-ə verilməsi haqqında qərar qəbul etdi.
1921-ci ilin II yarısında Yuxarı Zəngəzur -Gorus Ermənistanın əlinə keçdi. Azərbaycanlılar buradan sıxışdırılaraq öz doğma torpalarından didərgin salındılar. Ermənistan Aşağı Zəngəzuru -Bərgüşadı da ələ keçirməyə çalışırdı. Hacısanlıda Sultan bəyin dəstələri, Sovet Ordusu tərəfındən 1921-ci ilin iyununda tərksilah edildikdən sonra buna daha münasib şərait yaranmışdı. Qubadlı qəzasına Ermənistanın səlahiyyətli nümayəndə təyin etdiyi Ocaqqulu Musayev özünü yerli silahlı dəstələrin baş komandanı elan etmişdi. Lakin düşmən bu dəfə istəyinə nail ola bilmədi.
1921-ci ildə daşnaklar Ermənistanda qiyam qaldıranda Yapon adlı qiyamçının silahlı quldur dəstələri Noraşen dəmiryol stanisyasını tutmaq üçün hücum edib Sədərək, Yayçı, Cəfərli və Arpaçay kəndlərini ələ keçirmişdi. Erməni quldurları dinc əhaliyə yenə olmazın zülm edirdilər. Düşmənə qarşı Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə «Qırmızı tabor» qəhrəmanlıqla vuruşdu. Darzik ətrafında döyüşdə daşnak quldur dəstələri darmadağın edildi.
Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Moskvanın təzyiqi ilə Azərbaycanın Borçalı ərazisi də Gürcüstana güzüştə gedildi. Eyni zamanda Bakını Azərbaycandan ayırıb Rusiyaya vermək planları hazırlanırdı. Lakin bu hiylə baş tutmadı.
1929-cü ildə yenidən 13 min hektar Azərbaycan ərazisi Nüvəndi, Tutut və Ernazar kəndləri, habelə Naxçıvandan 9 kənd (582,9 des.), Qaymaqlı və Kürümüzlü arasında sahələr (228, 9 ha) Ermənistana verildi.
1938-ci ildə Ermənistanla Azərbaycan arasında sərhəddi dəqiqləşdirmək bəhanəsi ilə «bərabərtərəfli» komissiya yaradıldı. Azərbaycan tərəfdən də komissiyaya erməni, torpaq komissarlığının sədri İsaxanyan rəhbərlik edirdi. Martın 5-7-də imzalanmış protokola əsasən Laçının Qaragöl yaylası, Qubadlının Çayzəmi adlanan sahəsi, Qazağın Kəmərli kəndi və Kəlbəcərin Zod sahəsi Ermənistana verildi. Azərbaycan SSR Ali Soveti 1938-ci il mayın 5-də bu protokolu təsdiq etdi. Lakin buna baxmayaraq, azərbaycanlılar müqavimət göstərir, öz torpaqlarını əldən vermirdilər.
Əhalisinin milli ruhu hələ də yüksək olan Azərbaycanı parçalamaq, onu ciddi problemlər qarşısında qoyub tam asılı vəziyyətdə saxlamaq üçün Moskva yeni tədbirlər görürdü. Yuxarı Qarabağda milli münaqişə ocağı qızışdırılırdı. Ermənistan hökuməti 1921-ci ilin iyununda Azərbaycanın suveren hüquqlarını kobudcasına pozaraq, guya onun razılığı ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında dekret verdi. Azərbaycanın razılığı haqqında fıkrin ağ yalan olduğu AK (b) MK siyasi təşkilat bürosunun iclasında ifşa olundu.
1921-ci il iyunun 27-də AK(b)P MK özünün siyasi və təşkilat bürosunun birgə iclasında bu məsələyə baxmağa məcbur oldu. Bu dəfə milliyyətcə azərbaycanlı olan kommunistlər birləşərək yekdilliklə Ermənistanın iddialarını rədd etdi.
Lakin PK(b)P-nin Qafqaz bürosu rəhbərliyinin erməni və gürcü çoxluğu Qarabağ məsələsini Ermənistanın xeyrinə həll etmək fıkrindən əl çəkmədi. 1921-ci il iyulun 4-5-də PK(b)P Qafqaz burosunun iclasında Qarabağ məsələsi müzakirə edildi. İclas səs çoxluğu ilə Dağlıq Qarabağı Ermənistan SSR-in tərkibinə daxil etmək haqqında qərar qəbul etdi. Lakin iclasda N.Nərimanovun təkidi ilə Qarabağ məsələsinin Azərbaycan SSR üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq bu məsələnin PK(b)P MK-nın qəti qərarına keçirilməsi haqqında qərar qəbul edildi. N.Nərimanov V.İ.Leninə bu məsələ ilə bağlı teleqram vurdu və məktub yazdı. Məktubda deyilirdi: «Əziz Bladimir İliç: Teleqrammada göstərdiyimi təkrar etməyə məcburam. Vəziyyət dəhşətlidir. Mərkəz Azərbaycanın, Ermənistanın və Gürcüstanın müstəqilliyini qəbul edib. İndi isə mərkəz Azərbaycanın mübahisəsiz ərazisini Ermənistana verir. Əgər bu ərazi Gürcüstana verilsəydi, buna ictimai-siyasi don geydirmək olardı. Lakin bu ərazinin Ermənistana, daşnaklara verilməsi düzəlməyən səhvdir. Bizim oradakı nümayəndəmiz bu məsələ ilə bağlı sizə ətraflı məlumat verəcəkdir. ... Əziz
Bladimir İliç, görəsən «Müstəqil Azərbaycan» sözü sizin ağzınızdan çıxmamışdırmı?
... Bütün vaxtlar Denikini müdafıə edən Ermənistan müstəqillik, əlavə olaraq ərazi alır. İkili siyasət yeridən Gürcüstan müstəqillik qazanır. Sovet Rusiyasına ilk meyl edən Azərbaycan isə həm müstəqilliyini, həm də ərazisini itirir. Çoxmilyonlu xalqın hüquq və hissləri ilə zarafat etmək olmaz.
... Mən qəti bildirirəm: Əgər bizim fıkirlərimizə əhəmiyyət verməsəniz biz geri çağırılmağımız haqqında məsələ qaldıracağıq.
... Mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, əgər mərkəz qısa müddətdə daşnak kommunistlərinin iyrəncliyinə son qoymasa bütün müsəlman şərqi bizdən üz döndərəcəkdir».
Bu sətirlər bolşevik ideyalarının toruna düşmüş Azərbaycan rəhbərinin fəryadı idi. Lakin istefa vermək imkanı olmayan N.Nərimanov Moskvanı Şərqin ondan üz döndərməsi ilə hədələsə də, heç bir nəticə əldə edə bilmədi.
1921-ci il iyulun 5-də MK-nın Qafqaz bürosunun plenumu PK(b)P MK-nın rəyini nəzərə alaraq aşağıdakı qərarı qəbul etdi: «Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyi, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqəsi əsas götürülərək Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın; ona inzibati mərkəzi muxtar vilayətin tərkibindəki Şuşa şəhəri olmaqla, geniş vilayət müxtariyyatı verilsin».
1921-ci il sentyabr ayında AK(b)P MK-nın Təşkilat və Siyasi Bürosunun iclasında Qafqaz Bürosundan Dağlıq Qarabağa geniş vilayət Muxtariyyatı verilməsi haqqında məlum qərarına yenidən baxılmasını xahiş edən qətnamə qəbul edildi. 1921-ci ilin oktyabrında Qarabağın məsul işçilərinin konfransının qəbul etdiyi qərarda deyilirdi ki, Dağlıq Qarabağa ayrıca vilayət Muxtariyyatının verilməsi məqsədəuyğun hesab edilməsin.
Lakin respublikanın bu məsələdə fıkri mərkəz üçün həlledici deyildi.
PK(b)P MK-nın Zaqafqaziya ölkə komitəsinin 1923-cü il iyunun 23-27-də keçirilmiş plenumu Q.Orconikidzenin təzyiqi ilə ultimatum formasında bir aylıq müddət ərzində Dağlıq Qarabağa vilayət muxtariyyatının verilməsi barədə AK(b)P MK-ya tapşırıq verdi. Həmin qərarı yerinə yetirməyə məcbur olan Azərbaycan MİK 1923-cü il iyulun 7-də Azərbaycan SSRin tərkibində mərkəzi Xankəndi olmaq şərti ilə «Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında» dekret verdi. Lakin ermənilər 1923-cü il 10 avqust tarixli fərmanla bu qədim Azərbaycan şəhərinə xalqımızın qəddar düşməni olan Şaumyanın şərəfınə Stepanakert adını verdilər (1991-ci il noyabrın 26-da Azərbaycan Milli Məclisi bu qərarı ləğv etdi və yaşayış məntəqəsinə əvvəlki adı verildi).
Qarabağın dağlıq hissəsinə muxtariyyat statusunun verilməsi Azərbaycan tərəfındən bu torpaqların ermənilərə məxsus olmasının qismən də olsa etirafı idi. Bu isə Ermənistana və onun himayədarlarına gələcək siyasi oyunlar üçün bir «əlyeri» qoymaq idi. Əslində elə belə də oldu.
Sovetlər İmperiyasının yaranmasında istifadə edilən Qarabağ oyunundan bu imperiyanın dağılması ərəfəsində və sonralar da məharətlə istifadə edildi. Belə ki, Rusiya hərbi qüvvələrinin köməyi ilə Ermənistan silahlı qüvvələri 1992-ci ilin əvvəllərində Dağlıq Qarabağdakı azərbaycanlıları yaşadıqları sonuncu yaşayış məntəqəsini tərk etməyə məcbur etdi. Rusiyanın hərbi qüvvələrinə və Qərb himayədarlarına arxalanan ermənilər Azərbaycanın 20 faiz torpağını işğal etdi və bir milyon insan öz vətənində qaçqına çevrildi. Dünyanın gözü qabağında baş verən bu hadisəyə çox təəssüf ki, böyük dövlətlər susur. Nəinki susurlar, hətta bu hadisədən Azərbaycana qarşı «məkrli niyyətlərini» həyata keçirilməsi üçün yararlanmağa çalışırlar.