AXC-nin xarici siyasəti

AXC-nin xarici siyasəti

1918—1920-ci illərdə AXC-nin xarici siyasətinin əsas məqsədi Azərbaycanın müstəqilliyinin gerçəkləşməsindən ibarət idi. Azərbaycan hökuməti Azərbaycanın müstəqilliyinin tanınması və qorunub saxlanmasında Qərb ölkələrinin himayəsini əldə etmək işinə birinci dərəcəli əhəmiyyət verirdi. Azərbaycan hökumətinin üzvü Ə.M.Topçubaşov İstanbul, Vyana, Berlinə, eləcə də Ermənistan və Gürcüstanın mərkəzlərinə səlahiyyətli səfır təyin edilmişdi. Verilən mandata görə Ə.M.Topçubaşov Azərbaycanın maraqları ilə bağlı geniş səlahiyyətlərə malik idi. O, İstanbulda ikən Ukrayna, İran, Rusiya, ABŞ, İtaliya, İsveç, Hollandiya, Ermənistanın rəsmi nümayəndələri ilə görüşmüş, fıkir mübadiləsi etmiş və onlara memorandum təqdim etmişdi. Memorandumda Qafqazın coğrafıyası, onun çar dövründə inzibati bölgüsü, regionun demoqrafık vəziyyəti, Azərbaycan respublikasında mövcud vəziyyət, aparılan quruculuq işləri, erməni probleminin mahiyyəti, mart soyqırımı, Qarabağ məsələsi barədə məlumat verilir, Azərbaycan Respublikasının müstəqil yaşamağa haqqı olduğu əsaslandırılırdı.
Osmanlı Türkiyəsi də Azərbaycanın müstəqilliyinin tanınması üçün əlindən gələni əsirgiməyəcəyini bildirmişdi. Lakin Mudros sazişindən sonra Osmanlı hökumətinin Azərbaycana köməyi minimuma enmişdi. Türkiyə müttəfıqlərindən asılı vəziyyətə düşmüşdü. Müttəfıqlər Osmanlının Azərbaycana diplomatik nümayəndə təyin etməsinə pantürkizm kimi baxmış, Osmanlı hökumətinə bunu qadağan etmişdi.
1918-ci ilin iyulunda Azərbaycanın İstanbuldakı nümayəndə heyəti buradakı İran konsulluğuna AXC-nin yaranması haqqında bəyannaməni təqdim etsə də, İran konsulu Azərbaycan adlı müstəqil dövləti tanımadığını bildirmişdi. İranın narahatçılığını aradan qaldırmaq üçün Azərbaycan hökuməti beynəlxalq sazişləri imzalayarkən Qafqaz Azərbaycanı məfhumunu xüsusi ilə vurğulayırdu. 1919-cu il sentyabr ayında İranın yeni xarici işlər naziri Firuz Mirzənin nümayəndə heyətinin başçısı sifəti ilə Avropaya gəlməsindən sonra İran heyətinin Azərbaycan istiqlalına münasibəti tam dəyişdi. Hətta hər iki dövlət arasında siyasi və iqtisadi ittifaqın yaradılmasını nəzərdə tutan sənəd də qəbul edildi.
Azərbycan hökuməti qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin yaranmasına çalışır və mübahisəli məsələlərin danışıqlar yolu ilə həll edilməsi tərəfdarı kimi çıxış edirdi. Gürcüstandan fərqli olaraq Ermənistanla münasibətlər çox çətin qurulurdu. Normal qonşuluq münasibətlərinin yaranmasına ermənilərin torpaq əldə etmək hərisliyi, törətdikləri vəhşiliklər mane olurdu.
Birinci dünya müharibəsindən sonra qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün Parisdə sülh konfransının çağrılmasına qərar verdilər. Dekabrın 7-də Azərbaycan parlamentində Parisə getmək üçün seçilən nümayəndə heyəti 1919-cu il yanvarın 20-də İstanbula gəldi. Lakin burada Parisə yola düşmək üçün Fransa hökumətindən üç ay yarım icazə gözləməli oldu. Yalnız aprelin 22-ə ingilislərin köməyi ilə Parisə yola düşə bildilər və may ayında Parisə çatdılar.
Mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti V.Vilsonla görüşə bildi. Vilsondan Azərbaycanın istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Liqasına qəbul olunması, ABŞ-la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi xahiş edilirdi. Lakin prezident Vilson sülh konfransının dünyanın kiçik hissələrə parçalanmasının əleyhinə olduğunu bildirmiş və Azəpbaycan nümayəndələrinə konfederasiya ideyasını müdafıə etməyi məsləhət görmüşdü. Azərbaycan, Gürcüstan və Dağlılar respublikasının nümayəndə heyətləri konfransın rəhbərlərinə göndərdikləri bütün memorandumlarda Qafqazda konfederasiya ideyasına müsbət yanaşdıqlarını qeyd etmişdilər. Lakin ermənilər ərazi sərhəd məsələsinə daha çox əhəmiyyət verir və konfederasiya ideyası əleyhinə təbliğat aparır, Qafqazdakı vəziyyət barədə Avropa və ABŞ ictimaiyyətində yanlış təsəvvür yaradırdılar. Azərbaycan və Gürcüstan nümayəndələrinin etirazına baxmayaraq ermənilər Türkiyənin 7 şərq vilayətini, keçmiş İrəvan quberniyası, Tiflis və Yelizavetpol quberniyalarının cənubunu və Qars torpaqlarını tələb edirdilər. Azərbaycan nümayəndə heyəti ermənilərin təbliğatına qarşı Avropa və Amerikanın özündə əks-təbliğat işini təşkil etməyə məcbur oldu. Azərbaycan nümayəndələri ingilis, fransız dillərində bir neçə kitabça hazırlayıb çap etdirmiş, Avropada və Amerikada yayılmasını təşkil etmişdilər. Bu kitabçalarda Azərbaycanın tarixi, əhalisinin antropologiyası və etnik tərkibi, təsərrüfatı, Azərbaycan Respublikasındakı vəziyyət, ermənilərin təcavüzkar hərəkətləri haqqında məlumatlar verilirdi. Azərbaycan nümayəndə heyətinin ən əhəmiyyətli təbliğat işlərindən biri «Paris sülh konfransına Qafqaz Azərbaycanı sülh nümayəndəliyinin tələbləri» adlı kitabın hazırlanması idi. Kitabda Azərbaycanın tarixi haqqında dəyərli məlumatlar verilirdi. Bu sənəd üç mühüm tələb ilə bitirdi: 1) Sülh konfransı Azərbaycanın müstəqilliyini tanısın. 2) Nümayəndə heyəti sülh konfransının işinə cəlb olunsun. 3) Azərbaycan Respublikası Millətlər Liqasının üzvlüyünə qəbul edilsin.
Azərbaycan nümayəndə heyətinin diplomatik fəaliyyətinin mühüm uğuru 1920-ci il yanvarın 11-də Paris konfransının Ali Şurası tərəfındən Azərbaycanın istiqlalının defakto tanınması və Azərbaycanın beynəlxalq münasibətlərin subyektinə çevrilməsi idi. Bakıda 20-dən artıq xarici dövlətin diplomatik nümayəndəliyi yaradılmışdı.

Müəllif: dosent. A.Z.İbrahimova

Top