Azərbaycan hökuməti ölkənin içtimai, siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrindəki quruculuq işlərini genişləndirməyə başladı. F.X.Xoyski hökuməti Müəssisələr Məclisinin çağrılması üçün hazırlıq işləri aparırdı. Onun təklifı ilə Azərbaycan Milli Şurası öz işini bərpa etdi və Məclisin çağrılmasını öz üzərinə götürdü.
Müəllif: dosent. A.Z.İbrahimova
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-də keçirilən ikinci iclasında (1-ci iclas-16 noyabr) Azərbaycanın ali qanunverici orqanının yaradılması haqqında qanun qəbul edildi.
Ölkə əhalisinin çoxmillətli tərkibi nəzərə alınaraq ermənilərə (sayları 500 min) gələcək parlamentdə 21 yer ayrılırdı. Bakıdan olan rus milli şurasına 10 yer ayrılmışdı (ruslar 230 min idilər). Milli azlıqlardan almanlara, yəhudilərə, gürcü və polyaklara - hərəsinə 1 yer verilirdi. Bakı həmkarlar təşkilatına 3, Bakı neft sənayeçiləri şurası və Ticarət-sənaye ittifaqına - 2 nəfər yer verilmişdi.
Nümayəndələr birbaşa və qapalı seçilə bilərdilər. Qadınlara da islam aləmində ilk dəfə olaraq seçib-seçilmək hüququ verilirdi.
Bolşeviklər parlamenti baykot elan etdilər. Rus Milli Şurasının bir qrup üzvü onun tərkibindən çıxıb, Rus-Slavyan cəmiyyəti deyilən bir təşkilat yaratdılar. İstiqlalı qəbul etməsələr də, öz nümayəndələrini parlamentə göndərmək qərarına gəldilər. Bir sıra şəhər və mahallarda seçkilər başa çatdırılmamışdı. Naxçıvan və Borçalının gələcəyi məsələsi qaranlıq qaldığından oradan nümayəndə gəlməmişdi. Odur ki, qanunda nəzərdə tutulduğu 120 deputatın əksəriyyətinin toplanması ilə parlamentin açılışı oldu.
Parlamentin ilk iclası 1918-ci il dekabrın 7-də oldu. İclası Milli Şuranın sədri M.Ə.Rəsulzadə açdı. İclasda Tomsonun nümayəndəsi, İranın baş konsulu, onun maliyyə müşaviri, Dağlılar hökumətinin sədri Q.Çermoyev, Gürcüstanın nümayəndəsi Karsevadze, Araz respublikasının nümayəndəsi P.Əliyev iştirak edirdi.
Ş.Rüstəmbəyovun təklifı ilə Ə.Topçubaşov parlamentin sədri, müavini H.Ağayev, katibi isə R.Vəkilov seçildi.
Nazirlər Şurasının sədri F.X.Xoyski Müvəqqəti hökumətin istefası ilə bütün hakimiyyətin parlamentə təhvil verildiyini elan etdi. Parlament tərəfındən istefa qəbul edildi. İttihad partiyasının üzvü Q.Qarabəylinin parlamentin açılışı münasibəti ilə siyasi məhbuslara əfv-ümumi verilməsi təklifı qəbul edildi. Daha sonra mandat, təsərrüfat, reqlament komissiyaları üzvlərinin seçilməsi ilə təsis iclası bağlandı.
Sonrakı iclaslarda maliyyə - büdcə, qanunvericilik təklifləri, aqrar, fəhlə, hərbi işlərvə s. komissiyalar yaradıldı.
Parlamentdə hökumətin təşkili məsələsi yenə F.X.Xoyskiyə tapşırıldı. Lakin o, səhhətinin pis olması ilə əlaqədar bundan imtina edirdi. Lakin dekabrın 18-də parlament Xoyskidən belə bir ağır günlərdə kabinənin təşkilini öhdəsinə almağı israr etdi. F.X.Xoyski 10 nəfərdən ibarət kabinənin tərkibini və iş proqramını hazırlayıb parlamentin müzakirəsinə verdi. Kabinədə yalnız İttihad partiyası iştirak etməkdən boyun qaçırtdı. Dekabrın 26-da F.X.Xoyski kabinəsi təsdiq edildi.
General Tomson həmin kabinəni dekabrın 28-də tanıdığını və Azərbaycanda yeganə qanuni hökumət hesab etdiyini bildirdi.
Parlamentin ilk tədbirlərindən biri Paris sülh konfransına nümayəndə heyətinin seçilməsi idi. Nümayəndə heyətinə Ə.Topçubaşov, M.H.Hacinski, Ə.Ağaoğlu, Ə.Şeyxülislamzadə, müşavirlər M.Məhərrəmov, M.Y.Mehdiyev, C.Hacıbəyli, əməkdaşlar Ə.Hüseynzadə, V.Marçevski daxil idi.
Çoxpartiyalı quruluşa malik parlamentdə fraksiyalar (11 fraksiya var idi) öz bəyannamələri ilə çıxış etdilər. Bu bəyanatlarda müəyyən məsələlərdə fıkir ayrılıqları olsa da, ümumi bir məqsəd var idi: gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli-siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının, hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə əlaqələri möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, islahatlar həyata keçirmək, ölkəni müdafıə edə biləcək güclü ordu yaratmaq.
Parlamentin 1919-cu il 3 yanvar tarixli iclasının qərarı ilə qanunverici və icraedici hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq parlament üzvünün dövlət orqanlarında işləməsi məqbul sayılmadı. Yalnız nazirlərin eyni zamanda parlament üzvü olmasına icazə verilirdi. Dövlət qulluğunda işləyən parlament üzvü bir neçə gün ərzində iki vəzifədən birini seçib, parlamentin rəyasət heyətinə bildirməli idi.
Azərbaycan türkcəsi parlamentin istifadə etdiyi dövlət dili statusuna malik idi.
Parlamentin 140-a qədər ümumi iclası olmuşdur. 315 qanun layihəsi təqdim edilmiş, onlardan bir neçəsi rədd edilmiş, qalanları müzakirəyə verilmişdi. Parlamentin təsdiq etdiyi nizamnamələr sırasında Bakı Universiteti, Azərbaycan Dövlət Bankı, Azərbaycan Dövlət əmanət kassalarının nizamnaməsi, mətbuat haqqında nizamnamə var idi. Başqa dövlətlərlə bağlanmış hər hansı bir sənəd və müqavilə parlamentin
təsdiqindən sonra qüvvəyə minirdi.
1919-cu il iyulun 21-də Azərbaycan Respublikasının Müəssisələr Məclisinə seçkilər haqqında Əsasnamə qəbul edildi. Əsasnamə 4 fəsildən, 116 bənddən ibarət idi. Əsasnaməyə görə Müəssisələr Məclisinə seçkilərdə cinsindən, dilindən, milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün Respublika vətəndaşları iştirak edə bilərdilər. Seçkilər aprelin 20-nə (1920-ci il) təyin edildi. Lakin o zaman Bakıda baş verən hadisələr buna mane oldu.
Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra ordunun yaranması məsələsini ən mühüm məsələ kimi irəli sürmüşdü.
1918-ci ilin iyun ayında Azərbaycanda hərbi vəziyyət elan edildi. Müsəlman korpusu «Əlahiddə Azərbaycan korpusu» adlandırıldı. Burada xidmət etmək üçün zabit kadrları hazırlamaq üçün qısa müddətli kurslar açıldı, məcburi hərbi mükəlləfıyyət haqqında fərman verildi. Bütün bunların kifayət etməyəcəyini nəzərə alaraq Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə hökumətinə bir diviziya həcmində yardım göstərilməsini xahiş etdi. Bu da 1918-ci il 4 iyun müqaviləsində öz əksini tapmışdı.
Gəncəyə beşinci Qafqaz diviziyası göndərildi. Daha sonra Karpat cəbhəsindən götürülmüş 15-ci Çanaxqala diviziyası da Gəncəyə gəldi. Azərbaycan korpusu ilə birlikdə bu hərbi hissələr Qafqaz İslam Ordusu adı altında birləşdi. Bunun da komandanı Nuru paşa idi.
Lakin 30 oktyabr 1918-ci ildə Yunanıstanın Mudros şəhərində Böyük Britaniya ilə Türkiyə arasında bağlanan sazişə görə türk qoşunları Cənubi Qafqazdan geri çağrılırdılar. İngilis qoşunları komandanı general Tomson Nuru paşa və bütün türk zabitlərindən Azərbaycanı tərk etməsini tələb etdi. Yalnız Azərbaycan vətəndaşlığını qəbul edən Nuru paşa və onun silahdaşları Azərbaycanda qaldılar, hökumətə xidmət edəcəklərini bildirdilər. Mudros sazişi Cənubi Qafqazın qapılarını ingilislərin üzünə açırdı. Həmən sazişin 11-ci bəndinə əsasən Azərbaycan ingilislərin nüfuz dairəsi elan edilir, 15-ci bəndinə əsasən isə Azərbaycanın dəmir yolları və neft mənbələri ingilis komandanlığının ixtiyarına keçirdi.
Noyabrın 17-də ingilis qoşunları Bakıya daxil oldular. Tomson özünü Bakının general qubernatoru elan etdi. Şəhər polisi, liman, neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində nəzarət qoyuldu. Noyabrın 22-də Tomsonun tələbi ilə Azərbaycan korpusunun qərərgahı Gəncəyə köçürüldü.
Dekabrın 25-də general S. Mehmandarov hərbi nazir, bir neçə gün sonra isə Ə.Şıxlinski müavin təyin olundu.
1918-ci il noyabrın 15-də təşkil edilən baş qərargahın rəisi isə Suleyman Sulkeviç təyin edilir. Qərargah şöbələrinin zabit kadrları ilə təmin edilməsi problemini həll etmək üçün Azərbaycanda olan rus zabitlərindən istifadə etmək qərara alındı. Türk əsgər və zabitləri ruslarla əvəz edilirdi. Azərbaycan hökuməti çox çətin bir vəziyyətə düşmüşdü. Öz kadrları yox idi. Nuru paşanın vaxtı ilə yaratdığı hərbi məktəbin müdavimləri də ordunun təşkilinə cəlb edilirdi.
1919-cu ildə 25 mindən ibarət ordu yaratmaq vəzifəsi qarşıya qoyulmuşdu. Ordunun yaradılması ilə bağlı 1919-cu il üçün nəzərdə tutulmuş dövlət büdcəsindən 399,4 mln. manat ayrılırdı ki, bu da büdcənin 24%-nə bərabər idi.
Milli Ordu yaratmaq işinin sürətləndirilməsini ölkənin hərbi-siyasi vəziyyətinin kəsginləşməsi də tələb edirdi. Belə ki, mayın 25-də general Denikinin könüllü ordusu tərəfındən Petrovsk və Dərbənd tutuldu. Bu da Azərbaycanda böyük həyəcana səbəb oldu. Bakıda Xüsusi Dövlət Müdafıə Komitəsi yaradıldı. Onun tərkibinə N.Yusifbəyli, X.Məlikaslanov, A.Səfıkürdski, S.Mehmandarov, M.Y.Cəfərov daxil oldular.
İyunun 11-də bütün Azərbaycanda hərbi vəziyyət elan edildi. DMK-nə ümumi səfərbərlik həyata keçirmək, ölkədə hərbi, müharibə vəziyyəti elan etmək, digər fövqəladə tədbirlər görmək səlahiyyəti verildi.
Azərbaycan hökuməti başa düşürdü ki, Denikin yürüşünün son məqsədi Azərbaycanı və keçmiş Rusiya imperiyasının digər hissələrini geri qaytarmaq idi. Zaqafqaziyanın təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti 1919-cu il iyunun 16-da Gürcüstan ilə hərbi müqavilə bağladı. Həmin müqaviləni Tiflisdə F.X.Xoyski və S.Mehmandarov imzaladılar. Müqavilədə hər iki dövlət öz üzərinə belə bir öhdəlik götürürdü ki, bunlardan hər hansı birinə hücum edilərsə, özlərinin bütün hərbi silahlı qüvvələri ilə buna qarşı çıxacaq, öz dövlətlərinin suveren hüquqlarının və müstəqilliyinin qorunmasına yönəlmiş diplomatik danışıqlar aparacaqlar.
Ölkədə yaranmış gərgin vəziyyət Azərbaycan hökumətini ordu quruculuğu işində qəti addımlar atmağa sövq edirdi.
1919-cu ilin ortalarında Azərbaycan hökuməti Fransa, Polşa, İngiltərədən silah almağa cəhd etdi. Lakin bu cəhdlər boşa çıxdı. 1919-cu ilin sentyabrında general İ.Usubovun başçılığı ilə nümayəndə heyəti İtaliyaya göndərildi. Oradan 25 min dəst yeni geyim, 25 min dəst köhnə geyim alınması tapşırılmışdı. İtaliya hökuməti Azərbaycana hələlik avtomobil, aeroplan, projektor, odeyal yataq vasitəsi sata biləcəyini bildirdi və onların arasında kontrakt bağlandı. Lakin həmin mallar Azərbaycanın sovetləşməsi ərəfəsində gətirildiyi üçün Azərbaycan ordusu ondan istifadə edə bilmədi, Qırmızı Orduya qismət oldu.
1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və bir süvari diviziyalardan ibarət idi. Birinci piyada diviziyanın qərargahı Gəncədə yerləşmişdi. Bu diviziyanın rəisi general mayor Cavad Şıxlinski idi. İkinci piyada diviziyasının qərərgahı Bakıda idi. Rəisi general mayor İ.Usubov idi. Gəncədə yerləşən suvari diviziyaya general-mayor Teymur
Novruz oğlu başçılıq edirdi. Səlim Sultanovun rəhbərlik etdiyi xüsusi süvari diviziyonu,Yunis Şəkərovun atıcı batalyonu üçüncü süvari diviziyasının tabeliyində idi. Gəncədə birinci və ikinci artilleriya briqadaları yerləşmişdi. Azərbaycan ordusunda bu dövrdə 3 zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil, 2 hərb gəmisi var idi.
Yaranmaqda olan yeni hissələri zabit kadrları ilə təmin etmək üçün Gəncədəki hərbi məktəb Bakıya köçürülmüş, yenidən qurulub genişləndirilmişdi. Bundan başqa İstehkamçılar məktəbi, Şuşada hərbi feldşer məktəbi, hərbi dəmiryol məktəbi də təsis edilmişdi. 1920-ci il üçün ordunun şəxsi heyətini 40 minə çatdırmaq planlaşdırılmışdı. Orduya könüllü və məcburi 19-24 yaşlı gənclər götürülürdü.
İngilis hərbi hissələrinin Zaqafqaziyanı tərk edən vaxt (1919, avqust) öz silahlarının xeyli hissəsini Azərbaycan ordusuna verməsi, Gürcüstanın Azərbaycana müəyyən qədər silah satması ordunun texnikaya artan tələbatını ödəməyə qadir deyildi.
Hərbi sursatlara olan ehtiyacı ödəmək üçün Hərbi Nazirlik hərbi zavod yaratmaq fıkrində idi. Çünki mövcud olan emalatxanalarda dəzgahlar, fəhlə alətləri, təmir üçün lazımi materiallar çatışmırdı. Ona görə də bu emalatxanalar bəzən kiçik tələbləri də ödəyə bilmirdi. Hərbi nazirlik bu emalatxanaları birləşdirib hərbi zavoda çevirmək qərarına gəlir. Zavodun layihəsi, ştatları, xərcləri 1920-ci il fevralın 23-də parlamentdə təsdiq edildi. Lakin bu zavodun yaradılması üçün böyük qüvvə və külli miqdarda vəsait lazım idi.
Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan hökuməti və parlamenti xalqın milli dövlətinin yaranmasını əbədiləşdirmək üçün elm, təhsil, xalq maarifı və səhiyyə məsələlərinin inkişafını da diqqət mərkəzində saxlayırdı.
AXC-i yarandığı ilk gündən maarif işlərinə xüsusi fıkir vermişdir,1918-ci il 30 iyun qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edildi. N.Yusifbəyli maarif naziri təyin edilmişdi. Nazirliyin ilk tədbirlərindən biri 1918-ci il 22 sentyabr sərəncamına görə məktəblərin milliləşdirilməsi oldu. 1918-ci il 28 avqust qərarına görə bütün məktəblərdə tədris Azərbaycan dilində keçirilməli idi. Başqa millətlərdən olan uşaqlar üçün rus dilində məktəblər açılması nəzərdə tutulmuşdu. Bu məktəblərdə Azərbaycan dilinin tədrisinə xüsusi əhəmiyyət verilirdi. Ana dili həftədə 4 dəfə tədris edilməli idi.
Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncədə, Şəki, Zaqatalada qısa müddətli pedağoci kurslar təşkil edildi və 150 nəfər kurslara qəbul edildi. Bundan əlavə Nazirlik Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin müstəqil bir seminariya kimi Qazaxa köçürülməsi haqqında qərar qəbul etdi.
Kadrlar hazırlamaq üçün 1918-ci ildə Göyçayda, Ağdamda, Nuxanın Qutqaşen kəndində ali ibtidai məktəblər açılması haqqında qərarlar qəbul edildi. 1918-ci ildə Zaqatalada 25 ibtidai məktəb açmaq üçün Nazirlik 100 min manat pul ayırmışdı,1919-cu ilin yayında Bakı, Gəncə, Şəki, Şuşa, Qazax, Qusar, Salyan, Zaqatalada qadın və kişilər üçün pedağoci kurslar açıldı.
1918-ci il-ci ildə Türkiyə ilə bağlanan 4 iyun müqaviləsinə görə Nazirlik Türkiyədən 50 müəllim dəvət etmişdi. 1919-cu il oktyabrın əvvəllərində həmin müəllimlər Azərbaycana gəlib müəllimlik fəaliyyətinə başlamışdılar. Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün də xüsusi komissiya ayrılmışdı. Türkiyədən də dərsliklər alınırdı.
Azərbaycan hökuməti ali təhsilin təşkili və yüksək ixtisaslı kadrların hazırlanmasını ən əsas vəzifə hesab edirdi. Bakı Universitetinin, Konservatoriyanın, Pedaqoji İnstitutun, Gəncədə Kənd Təsərrüfatı İnstitutunun açılması planlaşdırılırdı.
Siyasi şəraitin əlverişsizliyi və maliyyə çətinlikləri üzündən yalnız bir ali məktəbin - Bakı Universitetinin yaradılması üçün imkan əldə edildi.
Azərbaycan Xalq Maarifı nazirinin müavini Həmidbəy Şahtaxtinski görkəmli rus alimi, Cənubi Qafqaz Universitetinin rektoru Razumovskiyə müraciət edərək Bakı Universitetinin təşkili üçün kömək göstərməsini xahiş etmişdi. Razumovski dəvəti qəbul etmiş və yaradılan komissiyanın sədri seçilmişdi. 1919-cu il mayın 19-da komissiya təsdiq edilir.
Mayın 31-də isə komissiya Bakı Universitetinin yaradılması haqqında qanun layihəsini, Universitet nizamnaməsini, Universitet xərclərini Xalq Maarif nazirliyinə təqdim etmişdi.
Universitetin yaradılması haqqında layihə 1919-cu ilin iyul-avqust aylarında qanunvericilik, maliyyə-büdcə komissiyalarında, parlamentin ümumi iclaslarında müzakirə edildi. Universitet komissiyası avadanlıq, təşkilati və quruculuq işlərinə 3,5 mln. rubl verilməsini xahiş etdi. Maarif naziri Kaplanov həmin məbləği 5 mln.rubl artırmağı lazım bildi.
Universitetin açılması məsələsi mübahisələr doğurdu. Mübahisələr Universitetin rus dilində açılması məsələsində fıkir müxtəlifliyinin mövcud olduğunu göstərdi. Əhrar, İttihad, bitərəf müsəlman qrupu Universitetin rus dilində açılması əleyhinə çıxdılar.
Universitetin yaradılması işində M.Ə.Rəsulzadə, H.Ağayev, Ə.Pepinov, S.Ağamalı oğlu, C.Hacinski fəal iştirak edirdilər.
Tanınmış maarifçi Məmmədağa Şahtaxtinski «Azərbaycanda Universitet» məqaləsində qeyd edirdi ki, Bakıda Universitetin açılması zəruridir. Rus dilində açılacaq Universitet tədricən milliləşdiriləcək və türkləşdiriləcək. Universitet Azərbaycan dövlətinə və türk mədəniyyətinə xidmət edəcəkdir.
1919-cu il sentyabrın 1-də parlament Bakı Universitetinin yaradılması haqqında qanunu qəbul etdi. Həmin iclasda 1919/20-ci tədris ili üçün xarici ölkələrin ali məktəblərinə 100 abituriyent və tələbə göndərilməsi haqqında qətnamə qəbul edildi. Bu tələbələr üçün Maarif Nazirliyinin sərəncamına dövlət xəzinəsi vəsaitindən 7 mln. rubl. ayrılırdı: Avropaya göndərilən hər bir adam üçün hər ay 400 frank təqaüd, 1000 firank da yol xərci, Rusiyaya göndərilən hər bir adam üçün hər ay 3 min rubl təqaüd, 3 min də yol xərci. Hökumət təqaüdündən istifadə edən tələbələr təhsil müddəti qurtardıqdan sonra hökumətin müəyyən etdiyi yerdə 4 il xidmət etməli idi.
100 nəfərdən 10-u İngiltərəyə, 23-ü İtaliyaya, 45-i Fransaya, 9-u Türkiyəyə, 13-ü Rusiyaya göndərilməli idi.
Qanuna görə Universitetdə 4 fakültə açılmalı idi: Tarixfılologiya, tibb, fızika-riyaziyyat, hüquq. Lakin bir il müddətinə iki fakültə üçün (tarix-fılologiya, tibb) ştat, smeta müəyyən edildi. Bütün fakültələrdə azərbaycan dilinin keçilməsi məcburi idi. Qəbul zamanı Azərbaycan vətəndaşlarına üstünlük verilirdi. Rektor 3 il müddətinə seçilir və nazirlik tərəfındən təsdiq edilirdi.
1919-cu ilin 15 noyabr günü Universitetdə birinci dərs günü elan edildi.
Bakı Dövlət Universitetinin açılması Azərbaycan hökumətinin mədəniyyət sahəsindəki böyük qələbəsi idi.
1919-cu il oktyabrın 1-dən Qarabağın erməni məktəbləri üzrə xüsusi müfəttişlik yaradıldı və R.N.Şahnazarov müfəttiş təyin edildi. Nazirlər Şurası Qarabağda yaşayan ermənilərin mədəniyyət, xalq maarifı sahəsində öz müqəddəratını təyin etməsi üçün şərait yaratmış, bunu hüquqi cəhətdən əsaslandıraraq 23 maddədən ibarət əsasnamə təsdiq etmişdi. Əsasnamədə deyilirdi ki, Qarabağda olan erməni məktəbləri Şuranın rəhbərliyi altında muxtariyyətə malikdirlər.