Kənd təsərrüfatı XX əsrin əvvəlində

Kənd təsərrüfatı XX əsrin əvvəlində

XX əsrin əvvəllərində aqrar sahədə də bir çox irəliləyişlər baş vermişdi. Müharibə ərəfəsində 1,3 milyon desyatinə çatan əkinə yararlı torpaq sahələrinin yarıdan çoxunda buğda, arpa və düyü, 12%-ində isə pambıq əkilirdi. 1903-cü ildə 60 milyon puda yaxın taxıl məhsulları yığılmışdı. Bütün təsərrüfatların 10%-ni təşkil edən qolçomaq (kənd burjuaziyası) təsərrüfatlarında 1913-cü ildə 20 milyon pud (ölkə üzrə bütün taxılın 1/3-i) taxıl əldə edilmiş və bunun 15 milyon pudu bazarlara satışa çıxarılmışdı. Ümumiyyətlə, Azərbaycanda hər desyatin torpaq sahəsindən orta hesabla 42 pud taxıl götürülürdü.
Bütün Cənubi Qafqazda istehsal edilən çəltik məhsulunun 85%)-dən çoxu Şimali Azərbaycanda becərilirdi.
Kənd təsərrüfatı istehsalının texniki təchizatının zəif olması, k/t maşınlarının kənardan gətirilməsi, ixtisaslı mütəxəssislərin azlığı bu sahənin sürətli inkişafını ləngidən amillərin sırasına daxildir.
XX əsrin əvvəllərində aqrar inkişafın əsas xüsusiyyətlərindən biri istehsalın ixtisaslaşmasının daha da dərinləşməsi və müəyyən sahədaxili sturuktur dəyişikliyinin baş verməsi hesab oluna bilər. Belə ki, sənaye pambıqçılığının inkişafı 1900 - 1913-cü illərdə pambıq əkini sahələrinin 5,5 dəfə artaraq 19 min desyatindən 105 min desyatinə çatmasına gətirib çıxartmışdı. Pambıqçılqda maşın və traktorlardan istifadə edilir və cərgəli əkin üsulu tətbiq olunurdu. Dənli və xüsusilə texniki bitkilər əkinlərinin genişlənməsi yeni suvarma şəbəkələrinin yaradılmasını tələb edirdi. Bu dövrdə Kür və Araz çayları üzərində 150-dək suvuran qurğu qurulmuş, Muğan və Mil düzündə 500 kilometr uzunluğunda suvarma arxı və kanalı çəkilmişdi. Rusiya sənayesinin mahlıca artan tələbatını nəzərə alan hökumət orqanları pambıqçılıq təsərrüfatının genişləndirilməsində maraqlı idi. 1904-cü ildə Qafqaz pambıqçılarının birinci qurultayının Ağdaşda keçirilməsi bunu bir daha sübut edir. 1904-cü ildə Bakı və Gəncə quberniyalarında birlikdə cəmi 300 min puddan çox pambıq məhsulu götürülmüşdüsə, 1913-cü ildə bu rəqəm 4,5 milyon pudu ötüb keçərək 15 dəfə artmışdı. Məhz bu artımın hesabına 1910 - 1913-cü illərdə Azərbaycanda 8,2 milyon pud, ildə orta hesabla 2 milyon puddan çox mahlıc istehsal olunurdu. 1914-cü ildə Cənubi Qafqazda istehsal edilən mahlıcın 75,4%-i Şimali Azərbaycanın payına düşürdü. Bütövlükdə əldə edilən pambığın emalından gələn illik ümumi gəlir 31,2 milyona çatırdı. Pambıq satışında vasitəçilik edən möhtəkirlərin fəaliyyətini məhdudlaşdırmaq məqsədilə 1909-cu ildən borc kredit şirkətləri yaradılmağa başlanmışdı. 1913-cü ildə Azərbaycanda 130-a yaxın kredit şirkəti və borc əmanət kassası fəaliyyət göstərirdi.
XX əsrin əvvəllərində ipəkçilik kapitalist əmtəə istehsalının inkişaf etdiyi kənd təsərrüfatı sahələrindən birinə çevrilmişdi. 1888-ci ildə Azərbaycanda baramaçılıqla 1100-dən çox kənddə məşğul olurdularsa, 1914-cü ildə bu rəqəm 2200-ü ötmüşdü. Həmin il tut (çəkil) plantasiyalarının ümumi sahəsi 60 min desyatinə bərabər olmuşdu. 1901-ci ildə Azərbaycanda cəmi 212 min pud barama əldə edilmişdisə, 1914-cü ildə bu rəqəm 261 min puda çatmışdı. Cənubi Qafqazda becərilən baramanın 81 %-dən çoxunu Azərbaycan verirdi. Əldə olunan barama məhsulu yerli fabriklərdə emal edilirdi. 1910-cu ildə təkcə Gəncə quberniyasında 51 belə fabrik var idi. Bu fabriklərdə "Bianki - Dubin" sistemli maşınlarda barama həm boğulur, həm də qurudulurdu. Ancaq bu texnika aşağı növ baramanı (tompal və s.) emal etməyə imkan vermədiyindən hər il Milan, Marsel, Lion və başqa şəhərlərə 2,4 milyon manatlıq 40 min pud barama və sap tullantısı ixrac edilirdi. Ümumiyyətlə, Şimali Azərbaycanda emal edilən baramanın ümumi dəyəri 5-6 milyon manata çatırdı.
XX əsrin əvvəllərində Şimali Azərbaycanda tütünçülük təsərrüfatı da inkişaf etməkdə idi. 1900 - 1914-cü illərdə Azərbaycanda tütün əkininin ümumi sahəsi 238 desyatindən 587 desyatinə qalxmış, tütün yarpağı yığımı isə 1900-cü ildə 24,5 min puddan, 1915-ci ildə 45 min 792 puda çatmışdı. Tütün yarpağının cüzi hissəsi İrana ixrac olunur, qalanı isə yerli fabriklərdə emal edilirdi.
1901 - 1913-cü illərdə Azərbaycanda üzüm bağlarının ümumi sahəsi 23,7 min desyatindən 29 min desyatinə çatmış, üzüm istehsalı isə 3,2 milyon puddan 6,2 milyon puda qalxmışdı. Üzüm bağlarının böyük hissəsi mülkədarlara və ayrı ayrı şirkətlərə, cəmi 9%-i isə qolçomaqlara məxsus idi. Bu təsərrüfatlardan yığılan üzümün böyük hissəsi şərab zavodlarında emal edilirdi.
Maldarlıq kənd təsərrüfatının mühüm sahələrindən biri olaraq qalırdı. 1913-cü il məlumatına görə, ölkədə mal - qara və davarın sayı 5 milyon başı keçmiş, atların sayı isə 200 min başa çatmışdı. İri maldarlıq təsərrüfatlarının məhsulları (süd, ət, yun, dəri və s.) getdikcə daha çox əmtəə xarakteri daşıyırdı. Maldarlıq təsərrüfatlarının 12-13%-ni təşkil edən 5 minədək varlı (mülkədar və qolçomaq) təsərrüfatda bütün davarın 60%>-i cəmləşmişdi. Hər il əldə edilən 500 min pud yunun 300 - 500 min pudu ixrac olunur, hər il ölkədə 10-12 milyon manatlıq süd sağılırdı. Azərbaycanda hər il orta hesabla 300 mindən 750 min başa qədər mal-qara satışa çıxarılır, yerli və Rusiyanın gön-dəri müəssisələrinə hər il 600 mindən çox dəri satılırdı.
Azərbaycanda kəndli təsərrüfatlarının inkişafına mane olan əsas amillərdən biri torpaqsızlıq və torpaq azlığı idi. Belə şəraitdə çarizm Şimali Azərbaycana Rusiyadan kəndlilərin köçürülməsini davam etdirirdi. 1900 - 1905-ci illərdə təkcə Bakı quberniyasında köçürülənlərə 44 min desyatin yararlı torpaq sahəsi ayrılmışdı. Halbuki burada torpaqsız kəndli ailələrinin sayı 16 mini keçmişdi. Bundan əlavə 1870-ci il kənli islahatı yarımçıq həyata keçirildiyindən sahibkar kəndlilərin çox cüzi hissəsi öz pay torpağını satın alıb, təsərrüfat yarada bilmişdi. 1900-cü ildə 1 may qanununa və 1903-cü il 21 aprel Əsasnaməsinə uyğun olaraq dövlət kəndlilərinə icma torpaqları üzərində nəsli istifadə hüququ verilmişdi. Nəticədə bu kəndlilərin bir hissəsi, əsasən varlı kəndlilər və qolçomaqlar icma torpaqlarının böyük hissəsini öz əllərində cəmləşdirməyə başlamışdılar.
Azərbaycan kəndində kapitalist münasibətlərinin və yeni təsərrüfat formalarının, qolçomaq və kəndli fermer təsərrüfatlarının yaradılması yolunda əngəl olan feodal qaydalarının aradan qaldırılmsında çarizmin 1912 - 1913-cü il aqrar qanunları müəyyən rol oynamışdı. 1912-ci il 20 dekabr qanununa əsasən sahibkar kəndliləri bütün feodal mükəlləfıyyətlərindən azad edilirdilər. Onlar istifadədə olan pay torpağını məcburi şəkildə satın alıb, özlərinin xüsusi mülkiyyətinə çevirə bilərdilər. Bakı cə Gəncə quberniyaları üzrə sahibkar kəndlilərinin mülkiyyətinə keçəcək 403 min desyatin torpağa görə dövlət mülkədarlara 10,2 milyon manat ödəməli, həmin pulu kəndlilər faizlə 28 - 56 il müddətinə dövlətə qaytarmalı idilər. 1913-cü il 7 iyul qanununa görə Zaqatala dairəsinin sahibkar kəndliləri feodal mükəlləfıyyətlərindən azad edilirdilər. Dövlətin bəy və keşkəl sahiblərinə birdəfəlik ödədiyi 284 min manat pulu kəndlilər 20 il müddətinə dövlətə qaytarmalı idilər.
Beləliklə, 1912 - 1913-cü illər aqrar qanunları ləng həyata keçirilsə də, Azərbaycan kəndində ictimai təbəqələşməni gücləndirmiş, qolçomaq və kəndli fermer təsərrüfatlarının yaranması üçün müəyyən iqtisadi şəraiti təmin etmiş və kapitalist münasibətlərinin inkişafını sürətləndirmişdi.

Müəllif: Dosent M.Q.Abdullayev

Top