Azərbaycan deputatları Rusiya Dövlət Dumasında

Azərbaycan deputatları Rusiya Dövlət Dumasında

I - IV çağırış Dövlət Dumasının fəaliyyəti həm Rusiya, həm də xarici tarixşünaslıqda ziddiyətli şəkildə qiymətləndirilir və mübahisələr doğurur. Sovet tarix elmində Dövlət Duması haqqında «keyfıyyətsiz», məhdud səlahiyyətlərə malik, hakimiyyətə təsir etmək qabiliyyəti olmayan parlament rəyi üstünlük təşkil edirdi. İndi başqa nəzər-nöqtəsi üstünlük təşkil edir - Duma çarın nəzarətindən kənarda idi, qanunvericilik və maliyyə məsələlərində onun hakimiyyətini məhdudlaşdınrdı. Bu mübahisələri bir kənara qoyaraq, qeyd etmək lazımdır ki, Dövlət Duması Rusiyanın ilk qanunvericilik orqanı idi və bu sözün Qərbi Avropa anlamında parlament rolu oynamağına təşəbbüs göstərirdi.
18 fevral 1905-ci ildə, artıq başlanmış inqilab şəraitində, böyük knyaz Sergey Aleksandroviçin (III Aleksandrın qardaşı) ölümündən sonra II Nikolay daxili işlər naziri Bulıginin adına xalq arasından seçilmiş ən layiqlilərin qanunvericilik təkliflərində iştiraka cəlb edilməsi haqqında reskript verdi.
Dövlət Dumasının meydana çıxmasında «1905-ci il 17 oktyabr» manifesti əsas rol oynadı. Bu aktın təsiri çox böyükdür. Bu dəfə çarizmin ən böyük güzəşti Dumanın məsləhətverici orqandan qanunverici orqana çevrilməsi oldu.
Lakin Dövlət Dumasının yaradılması dövlət hakimiyyətinin mahiyyətini dəyişə bilmədi, bilməzdi də.
25 milyon insan səsvermə hüququ əldə etdi. 1897-ci ildə əhalinin I Ümumrusiya siyahıyaalınması keçirildi. Rusiyanın əhalisi digər Avropa ölkələrinə nisbətən daha surətlə artmışdı (1897-ci ildə 116 milyon adam (bu məlumata Polşa və Finlandiya daxil deyil).
Səsvermə hüququndan qadınlar, yaşı 25-dən az olanlar, hərbi qulluqçular, muzdur-kəndlilər, fəhlələrin bir qismi məhrum idi. Seçkilər birbaşa və bərabərhüquqlu deyildi.
Rusiya Dövlət Dumasının özünün Qərbi Avropadakı analoqlarından əsas fərqi onun hüquqlarının son dərəcə məhdud olması idi; bu isə, əvvəla çarizmin öz hakimiyyətini heç kəslə bölmək istəməməsi ilə; ikincisi isə xalq arasından seçilmiş deputatların bu hakimiyyətdən istifadə etməyə qabil olmaması ilə izah edilirdi. Rusiya əhalisinin böyük bir hissəsi patriarxal ənənələrlə yaşayan kəndlilər idi; onlar çar hakimiyyətini Tanrı tərəfındən göndərilmiş hesab edirdilər və onlardan seçilən nümayəndələr müstəqil qərar qəbul etməyə qadir olan adamlar kimi yox, xahiş edənlər kimi çıxış edirdilər və üçüncüsü, yenicə yaranmış partiyalar zəif idi, onların siyasi mübarizə təcrübəsi yox idi.
Bu səbəbdən fəaliyyətinin başlanğıcında Dövlət Duması qarşısına qoyulmuş vəzifələri həyata keçirə bilmirdi. Lakin zaman keçdikcə vəziyyət dəyişirdi.
11 dekabr 1905-ci ildə II Nikolay seçkilər haqqında fərman verdi. İlk dəfə fəhlələr seçki hüququ əldə etdilər. Azərbaycan Dumada təmsil olunmaq hüququ qazandı. Qafqazda seçkilərin keçirilməsi demək olar ki, tamamilə canişindən asılı idi. Rusiyada kadetlər qələbə çaldılar, çünki əhalinin geniş təbəqələrinin maraqlarını əks etdirirdilər. Kadetlərin Bakı bölməsi də böyük təbliğat kompaniyasına başladı.
Bakı quberniyasında seçkilər 31 may, Yelizavetpolda 16 may 1906-cı ildə keçirildi. Halbuki I Duma artıq aprelin 27-də öz işinə başlamışdı. I Dövlət Dumasına M.T.Əliyev, A.Muradxanov, A.M.Topçubaşov, İ.Ziyadxanov, A.Haqverdiyev seçildilər.
I Dövlət Dumasına 524 üzv seçilməli idi. Seçilmiş 440 deputat Dumanın açılışı günü - 27 aprel 1906-cı ildə Peterburqa yığıldı.
Azərbaycandan olan deputatlar 36 nəfərdən ibarət mü- səlman parlament fraksiyasına daxil oldular. A.M.Topçubaşov fraksiyanın sədri seçildi. Fraksiya kadetlərlə birgə fəaliyyət göstərmək haqda qərar qəbul etdi. I Dövlət Dumasının qarşısında duran əsas vəzifələrdən biri də aqrar islahatların həyata keçirilməsi idi. Ancaq Rusiya üçün çox vacib olan məhz bu məsələdə siyasi partiyaların mövqeləri bir-birindən köklü şəkildə fərqlənirdi. Müsəlman fraksiyası aqrar məsələnin əsas müddəalarını da müzakirə edirdi. Bu məsələ proqram layihəsində göstərilirdi ki, «vəqf torpaqları müsadirə edilmir, mülkədar torpaqlarının müsadirəsi isə ancaq ehtiyac olduğu halda ədalətli qiymətdə təzminat ödənilməklə mümkün ola bilərdi».
Dövlət Dumasının iclaslarından birində çıxış edən İ.Ziyadxanov aqrar məsələyə toxundu. O, kəndin əsas problemini çarizmin köçürmə siyasətində görürdü. O, çıxışında «Mərkəzi Rusiya kimi bizim də torpağa ehtiyacımız var. Biz də torpağın azlığından, yoxluğundan əziyyət çəkirik». Onun çıxışlarında petisiyalarda olan bütün tələblər öz əksini tapmışdı.
A.Haqverdiyev İrəvan və Yelizavetpol quberniyalarındakı vəziyyət, millətlərarası münaqişə, diyarın iqtisadi müflisləşməsi barədə sorğu verdi. Duma bu müraciəti təcili qəbul etmədi və canişinə göndərdi. Canişin bu quberniyalarda qarışıqlıqların qarşısının alınması sahəsində hansı tədbirlərin görülməsi barədə məlumat verməli idi.
I Duma öz fəaliyyətini uğursuzluqla başa vurdu. İyulun 9da Tavriya sarayının qapıları bağlandı. I Duma aqrar məsələni həll etmədi.
Kadetlərin təşəbbüsü ilə hökumətə qəti etiraz bildirildi. Onlar Dumanın iclaslarını Vıborqda keçirməyi qərara aldılar. 910 iyulda Vıborqda Dumanın iclası keçirildi ki, burada Azərbaycandan olan deputatlar da iştirak edirdilər. İclasda «Xalq nümayəndərindən» xalqa müraciət qəbul olundu. Bu müraciəti kadetlər, həmçinin A.M.Topçubaşov və İ.Ziyadxanov imzaladılar. Vıborq müraciəti bütün Rusiya əhalisini Dumanın buraxılmasına səslədi. Lakin onların hökumətə itaətsizlik haqqında çağırışları havadan asılı qaldı.
Müraciəti imzalayan şəxslərə qarşı cinayət işi qaldırıldı. Məhkəmə 1907-ci ilin dekabrında keçirildi. Onun qərarına əsasən deputatlar 3 ay müddətinə həbsə məhkum olundular, həmçinin gələcəkdə də Dumaya seçilmək hüququndan məhrum edildilər.
I Dumanı qovandan sonra hökumət II Dövlət Dumasına seçkilər elan etdi. I Dumanın acı təcrübəsindən nəticə çıxaran II Duma qanunçuluq çərçivəsində fəaliyyət göstərərək, münaqişələrdən çəkinməyi qərara aldı (20 fevral- 2 iyun 1907ci il).
Duma iki məsələni müzakirə etməli idi - aqrar məsələ və inqilabçılara qarşı fövqəladə tədbirlərin görülməsi.
Kadet F.A.Qolovin sədr seçildi. II Dumada Azərbaycanı F.Xoyski, X.Xasməmmədov, Z.Zeynalov, M.Şahtaxtinski, M.Mahmudov, İ.Tağıyev təmsil edirdilər. Sonuncu Peterburqa getmədi.
Azərbaycandan olan deputatlar müsəlman fraksiyasının tərkibinə daxil oldular. F.Xoyski və X.Xasməmmədov büronun tərkibinə seçildilər.
Müsəlman fraksiyasının işində A.M.Topçubaşov da fəal iştirak edirdi.
Dumanın müsəlman fraksiyası öz proqramını ayrıca kitabça şəklində çap etdirdi. Rusiyada idarəetmə forması konstitusiyalı parlament monarxiyası olmalı idi. Proqramda müraciətlərdə öz əksini tapmış müddəalarla əsasən üst-üstə düşən tələblər şərh edilirdi.
Aqrar məsələnin müzakirəsi zamanı müsəlman fraksiyası adından F.Xoyski çıxış etdi. Çıxışında o göstərirdi: «Kəndli məsələsi mühüm olduğu qədər də mürəkkəb və təxirəsalınmazdır». O, hökumətin torpaq məsələsini, qiymətlərin artması və torpaqların «təmin olunmuş kəndlilərin» əlində cəmlənməsi ilə nəticələnən, «az torpaqlı və torpaqsız kəndliləri kənarda qoyan» kəndli torpaq bankı və köçürmələr vasitəsilə həll etməsi ilə razılaşmadığını bildirdi.
Aqrar məsələnin müzakirəsi zamanı əməkçi müsəlman fraksiyası adından Z.Zeynalov çıxış etdi. Qeyd etdi ki, Bakı quberniyasının kəndliləri heç bir qiymətə torpaq sahələrini almaq iqtidarında deyillər. Kəndlilərə torpağı bağışlamaq lazımdır. O, xüsusi mülkiyyət əleyhinə çıxırdı və torpaq üçün girov verilməsini pisləyirdi. Aqrar məsələnin müzakirələri nəticəsiz başa çatdı.
F.Xoyski 173 deputatla birlikdə 1907-ci il mayın 18-də dini inanclar və milli mənsubiyyətlə bağlı məhdudiyyətlərin ləğvi ilə əlaqədar əsas müddəaların layihəsi ilə Dumaya müraciət etdi. Ümumi qanunlarda vətəndaşların - bütün Rusiya vətəndaşlarına sərbəst yaşayış yeri, köçmək, peşə yönümü seçmək hüququnun verilməsi və s. məsələsi qaldırılmışdı. Dumanın sədri layihə haqqında deputatlara məlumat verdi, müzakirəyə qoyacağına söz verdi və bu məsələ qapandı.
Yerli məhkəmələr haqqında məruzə X.Xasməmmədov və F.Xoyskinin narazılığına səbəb oldu. Belə ki, məruzədə göstərimişdi ki, islahat ancaq o quberniyalarda həyata keçirilə bilərdi ki, burada zemstvo islahatı aparılmışdır, yəni Rusiyanın mərkəzi quberniyaları nəzərdə tutulurdu.
Hökumət Dumadan inqilabi terrorun pislənməsini tələb etdi, lakin deputatların əksəriyyəti bundan imtina etdi. Bundan savayı, mayın 17-də Duma polisin hərəkətlərinə qarşı çıxdı, bunun ardınca terrorçu aksiyalar yenidən başladı. Mətbuat Dumaya qarşı çıxaraq, onu «üsyan yayan» adlandırdı. Bu şəraitdə hökumət Dumanın buraxılmasını elan etmək qərarına gəldi və deputatların bir qismini çar ailəsinə qarşı sui-qəsddə günahlandırdı.
II Nikolay 1907-ci il iyunun 3-də Dumanın buraxılmasını elan edərək, 1907-ci il noyabrın 1-də III Dumanın çağırılması müddətini təyin etdi. Həmçinin seçki haqqında qanuna dəyişikliklər haqqında elan verdi.
3 iyun 1907-ci il Manifesti 1915-ci ilin avqustuna qədər mövcud olmuş «üç iyun sisteminin» yaradılması üçün əsas rolunu oynadı.
«Əvvəlcə sakitlik, sonra islahatlar» - 1905-1907-ci illər inqilabından sonrakı P.A.Stolıpin siyasətinin əsas xəttini təşkil edirdi. Eserlərin təşkil etdiyi sui-qəsddən (12 avqust 1906-cı il) möcüzə nəticəsində xilas olduqdan sonra o, hərbi-səhra məhkəmələri təsis etdi. Bu məhkəmələr 8 ay ərzində 100-ə yaxın ölüm hökmü çıxardılar - bu Rusiyada bu vaxta qədər görünməmiş bir rəqəm idi. Həmçinin 260-a yaxın gündəlik qəzetbağlandı.
II Dövlət Duması 103 gün ömür sürdü. Qarşısına qoyduğu heç bir məsələni həll etmədi. Yeni seçki qanununa müvafıq olaraq deputatların sayı 524-dən 442-yə endirildi. (1.11.19079.06.1912).
III Dumanın əsas vəzifələri ölkənin hərbi qüdrətinin artırılması və qanun-qaydanın bərpası idi.
Bəzi şəhərlər, o cümlədən Bakı şəhəri Dumaya seçki nümayəndəliyindən məhrum edildi. Qafqaz 28 əvəzinə 10 deputat göndərə bilərdi. Bakı, İrəvan və Yelizavetpol quberniyalarından X.Xasməmmədov nümayəndə seçildi.
III Dövlət Dumasında müsəlman fraksiyası 8 nəfərdən ibarət idi. Fraksiyaya X.Xasməmmədov rəhbərlik edirdi. Fraksiyanın əsas məqsədi zemstvo (yerli idarəçilik) müəssisələrinin təsis edilməsi, ibtidai təhsilin ana dilində aparılması kimi islahatlara və s. nail olmaq idi.
X.Xasməmmədovun çıxışını təhlil etdikdən sonra göstərmək olar ki, o aşağıdakı məsələlərə toxunurdu: siyasi azadlıq verilməsi, köçkünlük məsələsinin həlli, ana dilində təlim və məhkəmə icraatı, zemstvonun (yerli idarəçilik) tətbiqi.
1911-ci ildə X.Xasməmmədov hərbi mükəlləfıyyət barədə məsələ qaldırdı. Müsəlman fraksiyası hərbi mükəlləfıyyətin müsəlmanlara da şamil edilməsi və əsgəri borcun yerinə yetirilməməsi əvəzində ödənilən xüsusi pul vergisinin əleyhinə çıxış etdi.
«İrşad» qəzeti yazırdı: III Duma xalqa heç nə vermədi və verməyəcək. O yalnız bürokratiyanın əlində örtük rolunu oynayırdı. Əvvəlki Dumalarda fıkir mövcud idi. Düzdür, bu fıkir xüsusi qüvvəyə malik deyildi, amma var idi.
X.Xasməmmədovun çıxışlarının içərisində ən mühümü Qafqaz məsələsi üzrə etdiyi məruzə idi. «Biz belə hesab edirik ki, hakimiyyət millətlər arasında heç bir fərq qoymamalıdır, bütün millətlər eyni hüquqlardan istifadə etməli və eyni məsuliyyəti daşımalıdırlar. Zaqafqaziyanın bütün əhalisi xristianlara və qeyri-xristianlara bölünür. Müsəlmanlara inam yoxdur, onlar üçün bir sıra məhdudiyyətlər mövcuddur. Məktəblər əhalini təmin etmir, çünki onlarda təlim ana dilində aparılmır və məktəblərin sayı azdır».
Kadet partiyası III Dumada hökumətin daxili siyasi kursunun ünvanına kəskin tənqidlə çıxış etməkdə davam edirdi.
III Duma milli məsələni də müzakirə edirdi. Hökumət Finlandiya haqqında bir neçə qanun layihəsi təqdim etdi. Finlandiyada rus və fın vətəndaşların hüquqları bərabərləşdirildi və hərbi mükəlləfıyyət əvəzinə ödənən pulun dəyəri 20 milyon fın markası miqdarında müəyyənləşdirildi.
Polşa məsələsi kəskin şəkildə dururdu. Əwəlki iki Dumadan Polşa üçün tam muxtariyyət tələb edən Polşa solosu III Dumada digər təkliflər - andlılar məhkəməsinin tətbiqi, quberniyalarda özünüidarənin qüvvətləndirilməsi kimi məsələlərlə çıxış edirdi.
1911-ci il iyunun 9-da çarın fərmanına əsasən III Dumanın iclasları dayandırıldı.
II Dövlət Duması 1912-ci il noyabrın 15-də M.B.Rod- zyankonun sədrliyi ilə açıldı. Azərbaycan əhalisindən Məmməd Yusif Cəfərov nümayəndə seçilmişdi. Yenidən 7 nəfərdən ibarət müsəlman fraksiyası yaradıldı. Fraksiya həm maddi, həm də mənəvi baxımdan ağır vəziyyətdə idi. Bu haqda M.Y.Cəfərov danışırdı.
Əksəriyyət deputatların, xüsusilə sağların fraksiyaya münasibəti olduqca təkəbbürlü idi, onları heç kəs dinləmirdi, müsəlmanlara hüquqların verilməsi ilə bağlı məsələ qaldırılanda çıxış edənə maneçilik törədilirdi. Bu cür münasibətlə demək olar ki, bütün müsəlman deputatları rastlaşırdı.
Fraksiyanın IV Dövlət Dumasında fəaliyyəti qəzet səhifələrində işıqlandırılırdı. Bu vaxt Peterburqda olan C.Hacıbəyov yazırdı ki, müsəlman fraksiyası cəmiyyət tərəfındən diqqətsiz və müdafıəsiz buraxılıb.
M. Y.Cəfərov Peterburqda oxuyan azərbaycanlı tələbələrlə görüşür, həmçinin Azərbaycanı gəzir, əhalinin sosial problemləri ilə daha yaxından tanış olurdu.
M.Y.Cəfərov öz çıxışlarında çarizmin əyalətlərdə yerli əhalini sıxışdırmaqla rus elementini gücləndirmək məqsədilə köçürmə siyasətinə mənfı münasibət bildirirdi. Müsəlmanlara aid mövcud hüquqi məhdudiyyətlərin ləğvi uğrunda çalışır, 3 iyun seçki aktının dəyişdirilməsini tələb edir, müsəlmanların Dumada məhdud şəkildə təmsil olunmasının əleyhinə olan çıxışlar edirdi.
IV Dövlət Dumasında dövlətə müxalifət qüvvətləndi. 1915-ci ilin avqustunda «Mütərəqqi blok» yaradıldı (bloka 422 deputatdan 236-sı daxil oldu). Sədr M.B.Rodzyanko seçildi.
M.Y.Cəfərovun bloka daxil olmaq haqqında bəyanatı qəbul edilmədi. Onlar bunu sədrlik edən K.Tevkelevin sessiyanın açılışına gəlməməsi, müsəlman fraksiyasının proqramının olmaması ilə izah edirdilər.
Hətta M.Y.Cəfərov fraksiyanın müsəlmanlara aid hüquqi, dini və milli məhdudiyyətlərin aradan qaldırılması və Türküstanla Qazaxıstana aid hüquqi qanunun dəyişdirilməsi haqqında tələblərini elan etdikdə belə, «Mütərəqqi blok»un təmsilçiləri A.F.Kerenskinin təşəbbüsü ilə müsəlman deputatları bloka qəbul etməkdən imtina etdilər (hərbi əməliyyatlar bəhanəsi ilə). Bu həm də hakimiyyəti dəyişdirmək üçün bloka lazım olan 2/3 hissə səs çoxluğunun blok tərəfındən artıq toplanması ilə izah edilirdi.
Beləliklə, Azərbaycanın yuxarı sosial zümrəsinin nümayəndələrinin Rusiyanın Dövlət Dumasındakı fəaliyyəti, onların iclaslardakı çıxışları, komissiyaların işində iştirakı, həmçinin Azərbaycan burjuaziyası ideoloqlarının qəzet səhifələrindəki çıxışları onu göstərir ki, onlar öz tələbləri ilə çarizmin müstəmləkə siyasətinin əleyhinə çıxış edirdilər. Onlar bütün ümidlərini Rusiyada mövcud olan dövlət quruluşu çərçivəsində islahatlar aparılmasına bağlamışdılar.

Müəlliflər:
baş müəllimə L.A.Əliyeva, dosent C.Y.Rüstəmova

Top