Ölkəmizdə bütün siyasi proseslərin gedişini müəyyənləşdirmiş Petroqraddakı 1917-ci il oktyabr çevrilişi nəticəsində bolşeviklərin hakimiyyətə gəlməsi Bakıda da içtimai-siyasi qüvvələr arasında gedən mübarizəni daha da kəsginləşdirdi.
Bakıda hakimiyyət məsələsi müxtəlif ictimai-siyasi qüvvələri çox kəskin şəkildə qarşı-qarşıya qoymuşdu. Əgər eser, menşevik və daşnaklar koalision demokratik bir hökumət, yəni Zaqafqaziyanın müxtəlif şəhərlərində olduğu kimi İctimai Təhlükəsizlik Komitəsi yaratmaq istəyirdilərsə, bolşeviklər hakimiyyətin Bakı Sovetinə verilməsi tələbi ilə çıxış edirdilər. Bu məsələ oktyabr ayında keçirilən Bakı Sovetinin iclaslarında gərgin mübahisə və diskussiyalara səbəb oldu. Eser, menşevik və daşnaklar nə qədər çalışdılarsa, öz istədiklərinə nail ola bilmədilər.
Bakı Sovetinin məhz 31 oktyabr və 2 noyabr tarixli iclasları bolşeviklərin qələbəsinin ilkin mərhələsini təmin etdi. Sovetin yeni seçilən İcraiyyə Komitəsi Bakıda ali hakimiyyət orqanı elan edildi. Bakı Soveti İcraiyyə Komitəsinin tərkibinə 43 nəfər üzv və üzvlüyə namizəd seçilmişdi: Şaumyan, Caparidze, Fioletov, Basin, Pinder, Munzafarov, Ovsyannikov, Petruxin, Avakyants, Zarqaryants və b.
Fevral inqilabından sonra olduğu kimi, oktyabr çevrilişindən sonra da Sovetin rəhbər orqanlarının yeniləşdirilməsi ilə mühüm vəzifələrə erməni və rus millətindən olan bolşeviklər təyin olundular.
Eser-menşeviklər Bakı Soveti tərəfındən hakimiyyətin ələ alınmasını qeyri-qanuni saydıqlarından etiraz əlaməti olaraq 2 noyabr tarixli iclası tərk etmişdilər. Nəticədə 488 nümayəndədən 144 nəfəri zalı tərk etmişdi. Yerdə qalan 344 nəfərin əksəriyyəti həqiqi deputatlar deyil, Sovetə cəlb edilmiş mədən-zavod komissiyalarının, polk, rota komitələri nümayəndələri idi. Menşeviklər bildirirdilər ki, demokratik yolla seçilməyən mədən-zavod komissiyaları proletariatın təmsilçisi olabilməzdi.
Bolşeviklər eser, menşevik, daşnak deputat çoxluğu şəraitində müvəffəqiyyət qazana bilməyəcəklərini başa düşərək mədən-zavod komissiyaları nümayəndələrini Sovetə cəlb edərək onlara səs vermək hüququ vermiş, bu da onlara qələbə qazandırmışdı.
Fevral inqilabından sonra Müvəqqəti hökumətin yerli orqanı kimi yaranan və hələ də formal olsa da fəaliyyət göstərən İctimai Təşkilatların İcraiyyə Komitəsinin (İTİK) buraxılması haqqında Bakı Sovetində noyabrın 13-də qərar qəbul edilir. Noyabrın 12-də Bakı Sovetinin iclasında İçtimai təhlükəsizlik komitəsinin buraxılması haqqında qərar qəbul edilmişdi.
Sovetin idarə heyətini ələ keçirən bolşeviklər ilk növbədə öz hegemonluqlarını təmin etmək üçün seçkilər keçirməyi qərara aldılar.
Bakı Sovetinə seçkilərə hazırlıq getdiyi bir şəraitdə, noyabrın 11-də Tiflisdə Cənubi Qafqaz diyarının bütün siyasi partiyalarının, milli və içtimai təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə Cənubi Qafqazı müstəqil idarə edən hakimiyyət orqanının yaradılması haqqında qətnamə qəbul edildi. Noyabrın 15-də diyarın 3 əsas millətinin və siyasi qüvvələrin nümayəndələrinin daxil olduğu Cənubi Qafqaz Komissarlığı yaradıldı. Onun tərkibinə azərbaycanlılardan X.Xasməmmədov, F.X.Xoyski, M.Y.Cəfərov, X.Məlikaslanov daxil idi. Komissarlığa gürcü menşeviki E.P.Qeqeçkori rəhbərlik edirdi. Bu orqanın qəbul etdiyi Bəyannamədə «Yeni hökumətin Müəssisələr Məclisi çağrılanadək müvəqqəti olaraq Cənubi Qafqazda hərc-mərcliyə son qoymaq və bolşevik Rusiyasına qarşı mübarizə məqsədi ilə təşkil olunduğu» bildirilmişdi.
Bununla da Azərbaycanda ikihakimiyyətlilik yarandı. Bakı şəhəri və onun ətraf kəndləri Bakı Sovetinin hakimiyyəti altında idisə, Azərbaycanın qalan hissəsi Zaqafqaziya Komissarlığına tabe idi.
Azərbaycanda yaranmış mürəkkəb bir şəraitdə Bakı Soveti tədricən siyasi orqana çevrilən Bakı şəhər duması, müsəlman, erməni Milli Şuraları ilə yanaşı fəaliyyət göstərməyə məcbur idi. Bolşeviklər Dumanı ləğv edə bilmirdilər. Çünki şəhər təsərrüfatı, xüsusi ilə ərzaq, maliyyə sahələri, milis Dumanın sərəncamında idi. Bakı Sovetinin isə hələ təsərrüfat kadrları yox idi
Yerli əhali arasında böyük nüfuza malik olan müsəlman Milli Şuraları isə özlərini Komissarlığın yerli səlahiyyətli orqanları hesab edirdilər. Bolşeviklər Bakı Sovetində öz mövqeyini möhkəmləndirməmiş həmin orqanları ləğv etməyə cürət etmirdilər. Ona görə də əsas diqqət ilk növbədə Bakı Sovetinə seçkilərin keçirilməsinin təşkilinə yönəldilmişdi.
1917-ci il dekabrın 12-16 da Bakı Sovetinə keçirilən seçkilər nəticəsində 51 bolşevik, 41 daşnak, 38 sol eser, 28 sağ eser, 11 menşevik, 21 müsavatçı, yəni bütövlükdə 190 deputat seçilmişdi.
Dekabr seçkiləri kimi Bakı Sovetinin 31 dekabr tarixli iclası da bolşeviklərin Sovetdə öz mövqeyini möhkəmləndirmək işində mühüm rol oynadı. Həmin iclasda İcraiyyə komitəsinin yalnız Sovet hakimiyyətini müdafıə edən partiyaların nümayəndələrindən ibarət təşkil edilməsi haqqında qərar qəbul edildi. Sovetin tərkibinə daxil olan partiya fraksiyaları hakimiyyət məsələsinə öz münasibətlərini bildirərkən sol, sağ eserlərdən, daşnaklardan fərqli olaraq menşeviklər qətiyyətlə hakimiyyətin Sovetlərə verilməsinin əleyhinə çıxdılar. Menşeviklər Sovet ilə Dumanı birləşdirmək və koalision hökumət yaratmaq təklifıni irəli sürdülər. Müsavat fraksiyası seçkilərin demokratik keçirilməməsinə etirazlarını bildirsələr də, hakimiyyətin Sovetlərə verilməsi ilə razılaşmalı oldular.
1917-ci ilin əvvəllərində Bakı Sovetinin rəhbərliyi siyasi hakimiyyətini möhkəmlətmək məqsədi ilə müəyyən tədbirlər gördü. Köhnə inzibati məhkəmə orqanları ləğv edilərək yeniləri yaradıldı. Həmin ilin yanvarında Sovet hərbi inqilabi komitəsi nəzdində inqilabi tribunal təsis edildi. Şəhər Dumasının fəaliyyəti məhdudlaşdırılaraq maliyyə, əhalinin ərzaqla təchizatı, nəqliyyat, poçt, teleqraf üzərində nəzarət Sovetin ixtiyarına verildi. 1918-ci il 15 yanvar tarixli dekretə əsasən Bakı Soveti silahlı qüvvələrini yaratmağa başladı. Qızıl qvardiya dəstələri cəbhələrdən qayıdan erməni əsgərlərinin hesabına genişdəndirilirdi. Sovet qoşun hissələri erməni daşnak zabitlərinə tabe etdirildi. Qızıl qvardiya dəstələrinə rəhbərlik etmək üçün yaradılan Mərkəzi ştabın tərkibinə Baqdasarov, Martikyan, Vatsek, Qabışev, Mikoyan, Pleşakov, Solntsev və b. daxil idi.
Bolşeviklər Bakıda öz hakimiyyətlərini bərqərar etdikdən sonra yerlərdə Sovet hakimiyyətini qurmaq planını reallaşdırmağa başladılar. Əhalinin müqavimətinə baxmayaraq Qızıl ordu dəstələrinin təzyiqi altında 1918-ci ilin aprelində Lənkəranda, Cavadda, Qubada, Şamaxıda da Sovet hakimiyyəti qurulmuşdu.
Azərbaycan qəzalarında Sovet hakimiyyəti qurul-duqdan sonra həmin regionu idarə etmək üçün rəhbər icraedici hakimiyyət orqanının - Xalq Komissarları Sovetinin yaradılması zəruri hesab edildi. 1918-ci il aprelin əvvəllərində Bakı Sovetinin köhnə tərkibi bolşevikləri qane etmirdi. Onlar eser və menşeviklərisiz bir neçə sol eser daxil olmaqla yalnız bolşeviklərdən ibarət bir orqan yaratmaq istəyirdilər. Uzun müzakirələrdən sonra bolşeviklər buna da nail oldular.
1918-ci il aprelin 25-də keçirilən Bakı Sovetinin iclasında S.Şaumyanın rəhbərliyi ilə Bakı XKS-nin yaradılması qərara alındı. Onun tərkibinə yalnız iki azərbaycanlı N.Nərimanov və M.H.Vəzirov daxil edildilər.
Bakı XKS-nin mayın 1-də dərc edilən bəyannaməsində onun vəzifələri müəyyənləşdirildi. Bəyannamədə deyilirdi ki, Bakı XKS-i RSFSR XKS-nin dekretlərini və göstərişlərini yerinə yetirəcəkdir. Deməli, Bakı XKS faktiki olaraq Rusiya Sovet hökumətinin orqanı kimi yaradılmışdır.
1918-ci ilin əvvəllərində əsas məsələlərdən biri Cənubi Qafqaz Komissarlığının ali qanunverici orqanının yaradılması idi. Rusiyada Müəssislər Məclisi qovulduqdan sonra yanvarın 12-də Komissarlıq ölkədəki siyasi vəziyyəti müzakirə edərək Seymin çağrılması haqqında qərar qəbul etdi.
Seym Müəssisələr məclisinə 1917-ci ilin noyabrında keçirilən seçkilərdə iştirak etmiş partiyaların nümayəndələrindən təşkil olduğundan on siyasi partiya orada təmsil edilmişdi. Bütün partiyalar əsasən Cənubi Qafqazda yaşayan üç millətin nümayəndələrindən ibarət idilər. Seymdə çoxluq müsəlman partiyaları blokuna məxsus idi. Belə ki, Azərbaycanın ən nüfuzlu siyasi partiyası olan Müsavat partiyası 30 yer qazanmışdı. Müsavatdan başqa müsəlman sosialist bloku 7 yer, hümmətçilər 4 yer, ittihadçılar 3 yer əldə etmişdilər. Seçkilərdə Müsavat Cənubi Qafqaz müsəlmanlarının 63%-nin səsini almışdı. Bu da onun güclü partiyaya çevrildiyindən xəbər verirdi. Azərbaycanın siyasi partiyaları Seymdə 44 nəfər yer əldə etdilər. Bolşeviklər isə Seymin fəaliyyətində iştirak etməkdən imtina etdilər.
Seym fəaliyyətə başlayan kimi Cənubi Qafqaz Komissarlığı özünü buraxdı. Qeqeçkorinin rəhbərliyi altında təşkil edilən yeni hökumətin tərkibinə azərbaycanlılardan N.Yusifbəyli, Məlikaslanov, F.X.Xoyski, M.H.Hacinski, Beybutov L.İ.Heydərov daxil edilmişlər.
1918-ci il fevralın 10-da(23) Cənubi Qafqaz Seymi açıldı. Azərbaycanın deputatları açılışa gəlib çatmadıqlarına görə Sultanovun təklifı ilə iclas təxirə salındı. Fevralın 26-da Seym öz işini bərpa etdi. Çxeidze Seymin sədri təyin olundu.
Seym fəaliyyətə Türkiyə ilə sülh danışıqlarına başlanmasının zəruriliyini bildirməklə başladı. Seymin 23 fevral iclasında isə sülh konfransının Trabzonda keçirilməsi haqqında qərar qəbul edildi.
Mart ayının 3-də Seym belə bir məlumat alır ki, Almaniya ilə Rusiya arasında bağlanan Brest-Litovsk müqaviləsinə görə Ərdahan, Qars və Batum Türkiyəyə verilir. Zaqafqaziya Seymi Petroqrada Xalq Komissarlar Sovetinin adına göndərdiyi teleqramda Brest sülhünü tanımadığını bildirdi. Belə ki, Zaqafqaziya Seymi nə bolşevik hakimiyyətini, nə də Xalq Komissarlar Sovetini qəbul etmirdi. Türkiyə isə
Brest müqaviləsinin qərarlarına əsaslanaraq Seymə həmin ərazilərin təcili təmizlənməsi haqqında ultimatum təqdim etdi. Məhz belə bir şəraitdə 1918-ci il martın 14-də Trabzonda Türkiyə və Seymin nümayəndələrinin iştirak etdiyi sülh konfransı açıldı.
Martın 8-də Çxenkelinin rəhbərlik etdiyi nümayəndə heyəti Trabzona gəlir. Martın 14-də isə konfrans öz işinə başlayır. Türkiyə nümayəndəliyinin başçısı Rauf Orbay öz geniş nitqində Türkiyənin Cənubi Qafqaz ilə uzun müddətli sülh müqaviləsi bağlamaq istədiyini bildirdi. Türk nümayəndələrinin fıkrincə əgər doğrudan da Cənubi Qafqaz hökuməti beynəlxalq hüququn subyekti olmaq istəyirsə, tezliklə Rusiyadan ayrılmalı və öz müstəqilliyini elan etməlidir. Belə olan təqdirdə Türkiyə onunla mehriban qonşuluq münasibətlərinə girməyə hazırdır.
Türkiyə Cənubi Qafqazın müstəqilliyinin elan edilməsində maraqlı idi. Cənubi Qafqazın müstəqilliyi Türkiyənin şimaldan təhlükəsizliyini təmin edərdi.
Rauf bəy bildirdi ki, Cənubi Qafqaz hökumətinin Osmanlı imperiyası tərəfındən tanınması o zaman mümkündür ki, bu hökumət Qars, Batum və Ərdahana olan iddialarından müqavilə vasitəsi ilə imtina etmiş olsun.
Bir sözlə Trabzon danışıqları bir nəticə vermədi. Transqafqaz nümayəndəliyi arasında da birlik yox idi. Odur ki, Çxenkeli Trabzonda qalmağın heç bir əhəmiyyətinin olmadığını görür və Trabzon danışıqları müvəqqəti olaraq dayandırılır.
Seymin iclaslarında ermənilər, gürcülər Türkiyənin tələblərini rədd edib onunla müharibə aparmağa çağırırdılarsa, Azərbaycan fraksiyası qarşılıqlı güzəştlər əsasında razılığa gəlməyi təklif edirdi. Gürcü fraksiyasının fıkrinə görə Qarsı, Ərdəhanı Türkiyəyə güzəştə getmək olar, Batum isə Cənubi Qafqazda qalmalıdır. Ermənilər Qarsın saxlanmasının tərəfdarı idilər. Azərbaycan fraksiyasına görə Qars və Ərdəhanın əhalisinin əksəriyyəti türklər olduğundan Türkiyəyə verilməli, Batum isə Cənubi Qafqazda qalmalıdır. Çünki o dənizə yeganə çıxış yoludur. Onsuz Cənubi Qafqaz keçinə bilməz.
Seymdə mübahisələrin getdiyi bir zamanda türk ordusu Brest sülhünün ona verdiyi hüquqlarını bərpa etməyə başladı. Martın 19-da Ərdəhan alındı və erməni hərbi hissələri tərksilah edildi. Erməni terroruna məruz qalmış müsəlman əhalisi hərbi əməliyyatlarda Türkiyəni müdafıə edirdi.
Martın 25-də hökumət üzvlərinin və Seym liderlərinin birgə keçirdiyi iclasda müharibə və sülh məsələsinə münasibətdə mövqelər aydınlaşdı. Azərbaycan fraksiyası Türkiyə ilə müharibə aparılmasının əleyhinə idi. Fraksiya qəti şəkildə bildirdi ki, əgər müharibə elan edilərsə, azərbaycanlılar türklərə qarşı vuruşmayacaqlar. Artıq ilk iclaslar Azərbaycan partiyaları arasında fıkir ayrılıqlarının mövcud olduğunu göstərirdi.
Bu zaman azərbaycanlılara qarşı törədilən vəhşiliklər haqqında Bakıdan alınan xəbər vəziyyəti kəskinləşdirdi və Seymdə olan ziddiyyətləri daha da dərinləşdirdi.
1918-ci il mart soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti tərəfındən müdafıə edilən terrorçu daşnak dəstələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi soyqırım Bakıdakı hadisələrlə başladı. S.Şaumyan müsavatçıların artan nüfuzundan qorxaraq onu siyasi mübarizədən uzaqlaşdırmağa çalışırdı. Bu məqsədlə martın 30-da Bakı Soveti N.Nərimanovun dediyi kimi müsavatçılara müharibə elan etdi. Lakin Sovetin rəhbərliyi bunu müsavatçıların Sovet hökuməti üzərinə hücumu kimi qələmə verir və ona vətəndaş müharibəsi donu geyindirməyə çalışırdı.
Martın 30-da axşam Bakı şəhəri və onun rayonlarında bolşeviklər tərəfındən S.Şaumyan, A.Caparidze, Q.Korqanov, İ.Suxartsev, N.Nərimanovun daxil olduğu inqilabi müdafıə
komitəsi yaradılır.
Bakının küçələrində, xüsusən İçəri şəhərdə, Şamaxı yolunda və Çənbərəkənddə şiddətli döyüşlər başladı. Qüvvələr bərabər deyildi. Bakı Sovetinin silahlı qüvvəsi 6 min nəfərdən ibarət idi. 3-4 minə qədər olan daşnak qoşun hissələri də Bakı Sovetinin ixtiyarına verilmişdi. Heç bir silahlı birləşmələrə malik olmayan müsavatçılar döyüşləri dayandırmağı tələb edirdilər. Daşnak hissələri isə döyüşlərin ikinci günü mlli qırğını qızışdırmağa səy göstərir, şəhərdə dinc əhaliyə, xüsusən azərbaycanlılara divan tutur və onları qəddarlıqla öldürürdülər. Milli qırğına yol verməmək üçün müsavatçılar martın 31-də barışıq haqqında danışığa başlamağı təklif etdilər. İnqilabi müdafıə komitəsi bu təklifə razılıq verərək öz tələblərini irəli sürdü və tələblər qəbul ediləcəyi təqdirdə qırğını dayandıracaqlarını bildirdi. Tələblər əsasən ondan ibarət idi ki, Sovetin hakimiyyəti müsavatçılar tərəfındən qəbul edilsin və onun sərəncəmları yerinə yetirilsin, «Vəhşi diviziya» Bakı və onun rayonlarından çıxarılsın, Bakıdan Tiflisə və Bakıdan Petrovska dəmir yolunun açılması üçün təcili tədbirlər görülsün.
İnqilabi müdafıə komitəsinin irəli sürdüyü şərtlərin müsavatçılar tərəfındən imzalanmasına baxmayaraq, Bakıda silahlı toqquşma dayandırılmadı. Bolşevik-daşnak hissələri tərəfındən «İsmailiyyə» binası, Şərqdə ilk teatr olan H.Z.Tağıyevin teatrı yandırılır, Təzə Pir məscidi dağıdılır və dinc əhali amansızcasına öldürülürdü. Daşnakların vəhşilikləri aprelin əvvəllərində Şamaxıda, Qubada, Göyçayda, Cavadda, Xaçmazda, Ağdaşda Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə davam etdirilirdi. Dinc əhaliyə amansız divan tutulurdu. Təkcə Bakıda üç gün ərzində 10 mindən artıq azərbaycanlı vəhşicəsinə öldürülmüşdü. Qubada 122 kənd məhv edilmiş, 2 min insan qırılmışdı. Şamaxı qəzasının 72 kəndi dağıdılmış və yandırılmışdı. Erməni terrorçu dəstələrinə
Amazasp, Andronik, Lalayan və b. rəhbərlik edirdi. 1918-ci ilin mart-aprel ayları ərzində Azərbaycanda 50 min azərbaycanlı öldürülmüşdü.
Seymin Azərbaycan fraksiyasının üzvləri daşnakların törətdikləri vəhşiliklərə münasibət bildirilməsini və soyqırımın qarşısını almaq üçün tədbirlər görülməsini tələb edirdilər, əks təqdirdə Seymdən çıxacaqlarını bildirdilər. Daşnaklar isə həmən məsələnin Seymdə müzakirə edilməsinə maneçilik törədirdilər. Lakin Azərbaycan fraksiyasının təkidi ilə martın 19-da Zaqafqaziya Seyminin iclasında «Bakıdakı hadisələr» müzakirə edildi. İclasda çıxış edən X.Məlikaslanov, F.X.Xoyski, M.Ə.Rəsulzadə Bakı Soveti tərəfındən əhalinin silahsızlaşdırılmasının müharibə törətmək üçün bir bəhanə olduğunu qeyd etdilər. Bir sözlə, Azərbaycan fraksiyası daşnak boşeviklərin törətdikləri cinayətlərin qarşısını almağı tələb edirdilər.
Cənubi Qafqazda çox gərgin bir vəziyyət yaranmışdı. Belə ki, Seym aprelin 13-də keçirilən iclasda Türkiyə ilə müharibə haqqında qərar qəbul etmişdi və ölkədə hərbi vəziyyət elan olunmuşdu. Ali Müdafıə Şurası yaradılmışdı. Lakin orada Azərbaycan təmsil edilməmişdi. Azərbaycan fraksiyası buna onların hüquqlarının tapdalanması kimi baxırdı. Bu da kəsgin etiraza səbəb oldu. Müsəlman fraksiyası Seymin tərkibindən çıxmaq məsələsini müzakirələrə çıxarmağı qərara aldı.
Müharibə haqqında qərar qəbul ediləndən sonra Trabzonda olan Çxenkeli geri çağrılır. Bununla da Trabzon konfransı öz işini dayandırır.
Lakin erməni-gürcü qüvvələri Osmanlı ordusunun qarşısını almağa qadir deyildi. Aprelin 15-də türklər Batumu də tutdular.
Seymin erməni-gürcü çoxluğunun Qafqazın müstəqilliyini elan etmək və Brest Litovsk sülhünü qəbul etməkdən başqa çarəsi qalmadı.
Aprelin 22-də müstəqil Cənubi Qafqaz Federativ Demokratik Respublikasının yarandığı elan edildi. Aprelin 26da Çxenkelinin başçılığı ilə yeni hökumət təşkil edildi. Azərbaycanın beş nümayəndəsi bu hökumətin tərkibinə daxil oldu. F.X.Xoyski - ədliyyə naziri, X.Məlikaslanov - məlumat vasitələri naziri, N.Yusifbəyli - maarif naziri, M.H.Hacinski ticarət və sənaye naziri, Y.Heydərov - dövlət nəzarəti naziri. Bu hökumət ilk növbədə Türkiyə ilə müharibə məsələsini həll etməli idi.
Çxenkelinin rəhbərlik etdiyi yeni nümayəndə heyəti danışıqları davam etdirmək üçün Batuma yola düşdü.
Batumi danışıqları mayın 11-də başladı. Osmanlı nümayəndə heyətinin başçısı, ədliyyə naziri Xəlil bəy verdiyi bəyanatda qeyd etdi ki, iki dövlət arasında Brest Litovsk müqaviləsindən sonra qan axıdıldığı üçün həmin müqavilənin şərtləri indiki danışıqlar üçün əsas ola bilməz. Əhalisi əsasən müsəlmanlardan ibarət olan və Türkiyəyə birləşmək üçün müraciət edən (1918-ci il 13 aprel) Axısqa və Axalkələk nahiyyələri tələb olunurdu. Mayın 26-da Osmanlı nümayəndə heyəti 72 saat müddətində cavabı tələb edilən başqa bir ultimatum verdi. Lakin bu ultimatum Cənubi Qafqaz Respublikasının dağıldığı vaxta təsadüf edirdi.
Ümumiyyətlə, müstəqil Cənubi Qafqaz respublikanın yaranması ölkənin nə daxili, nə də xarici vəziyyətində dəyişiklik etmədi. Vahid hakimiyyət yox idi. Təmsil olunan hər millət öz milli mənafeyini ümumqafqaz mənafeyindən yüksək tuturdu. Vahid hakimiyyət olmadığına görə ölkədə anarxiya idi. Fraksiyalar arasında daxili və xarici siyasətin əsas problemləri üzrə yekdil fıkrin olmaması onların məhz vahid dövlət çərçivəsində mövcudluğunu mümkün etmirdi. Belə bir şəraitdə Seym özünü buraxmaq qərarına gəlir.