Şah İsmayıl Xətai

Şah İsmayıl Xətai

Azərbaycanlıların tarixi yaddaşında ən görkəmli və parlaq şəxsiyyət kimi Şah İsmayıl qalıb desək, yanılmarıq. Lakin, bu böyük sərkərdə və hökmdarın şəxsiyyəti barədə söylənilən ziddiyətli fikirlər bəzən onun Vətənimiz qarşısında etdiyi xidmətlərə kölgə salır. Bu dahi sərkərdəyə qarşı sürülən ittihamlar arasında məzhəb təəssübkeşliyi xüsusi olaraq vurğulanır. Şah İsmayıl kimdir və onun tarixi xidmətləri nədən ibarət olub?

Səfəvilər

Şah İsmayılın mənsub olduğu Səfəvi sülaləsinin kökü və dini etiqadı barədə müxtəlif fikirlər irəli sürülür. Lakin məlum olan budur ki, Səfəvi soyu öz başlanğıcını Peyğəmbər (s) nəslindən olan sufi şeyxi Səfiəddindən (qısa forması – “Səfi”, bu addan da “Səfəvi”) götürüb. Şeyx Səfiəddin (1252-1334) yeddinci imam Həzrət Museyi-Kazimin (ə) 37-ci nəvəsi olsa da, o şiə deyil, sünnü təmayüllü sufi olub. Tarixçilərin bildirdiyinə görə, Şeyx Səfi şafii məzhəbinə mənsub olub. Şeyxin milli mənsubiyyəti də bir qədər mübahisəli məsələdir. Bəzi tarixçilər onun talış, bəziləri kürd, bəziləri də türk əsilli olduğunu yazır. Lakin əksər tarixçilərin rəyinə görə, o türkləşmiş Azəri tayfalarından olub və miladi XIII əsrdə Ərdəbil şəhərində monqol Elxani hökmdarlarına müxalif olan Səfəviyyə sufi təriqətini yaratmışdı.

Şeyx öldükdən sonra Səfəviyyə təriqətinin mürşidləri onun nəslindən seçilirdi. Lakin təriqətin və sülalənim sonrakı həyatı o zamanın ictimai-siyasi proseslərindən təsirsiz ötüşməyib. Beləki, Elxani şahı Qazan xan və Qızıl Ordu dövlətinin şahı Toxtamış rəsmən bütpərəstlikdən imtina edərək müsəlman olurlar. Qazan xan şiə məzhəbini seçərək öz imperiyasında şiə təməyüllü sufilərin təbliğatına geniş imkan yaradır. Nəticədə, İran, Azərbaycan və Anadolu ərazilərində şiə təməyüllü sufi təriqətləri geniş vüsət tapır. Hətta sonralar yaranan Qara Qoyunlu dövlətində əsas məzhəb şiəlik olur. Bu fonda Səfəviyyə təriqəti Şeyx Səfinin nəvəsi Hacə Əlinin mürşidliyi (XV əsrin əvvəlləri) dövründə şiələşir.

Müasir dövrün bəzi müəllifləri Səfəviləri məzhəb ayrı-seçkiliyində ittiham etsələr də, tarixdə olan bir çox faktlar bu iddianı təkzib edir. Beləki, Hacə Əlinin nəvəsi Şeyx Cüneydin mürşidliyi dövründə Ərdəbil Qara Qoyunlu dövlətinin tərkibində olur. Qara Qoyunlu Cahan şah Şeyx Cüneydin Ərdəbildəki hakimiyyətindən narazı olur və ona Ərdəbili tərk etməyi əmr edir. Buna cavab olaraq, Şeyx Cüneyd Qara Qoyunluya müxalif olan sünnü Ağ Qoyunlu tayfasının başçısı Uzun Həsənin tərəfinə keçir. Bu ittifaq qohumluq əlaqələri ilə bərkiyir. Şeyx Cüneyd Uzun Həsənin bacısı, onun oğlu Şeyx Heydər isə uzun Həsənin qızı ilə ailə qururlar. 1467-ci ildə Uzun Həsən Cahan şahı məğlub edərək Ağ Qoyunlu dövləti qurur. Ərdəbil isə Səfəvilərin mülkünə keçir. Lakin uzun Həsənin oğlu Yaqubun və Şeyx Cüneydin oğlu Şeyx Heydərin dövründə yaxşı münasibətlər korlanır.

Dövlətin qurulması

Həmin dövrdə Azərbaycan və Anadolu ərazisində yaşayan şiə-türk tayfalarının əksəriyyəti Səfəvilərin təsiri altına düşür. Bu tayfalar Şeyx Heydərə və şiəliyə bağlılığını göstərmək üçün başlarına 12 imamın (ə) rəmzi olan 12 qırmızı sarıq bağlayırdılar. Ona görə də onları “qızılbaş” adlandırırdılar (qədim türk tayfaları qırmızı rəngə qızıl deyərdilər). Əlbəttə bu Ağ Qoyunlu hökmdarını narahat etməyə bilməzdi. Sultan Yaqub Şirvanşah Fərrux Yasərlə birləşərək Səfəvilərə qarşı ordu hazırladı. 1488-ci ildə Şeyx Heydər müharibədə məğlub olaraq öldürüldü. Rəvayətlərə əsasən, onun qəbri indiki Xızı rayonunda yerləşir.

Şeyx Heydərdən sonra Səfəvilərə və qızılbaşlara rəhbərlik etmək onun oğlu Sultan Əlinin öhdəliyinə düşür. Lakin sultan Yaqub bacısı oğlu Sultan Əlini də qətlə yetirir və onun yerini balaca qardaşı İsmayıl tutur. Belə bir vəziyyətdə qızılbaşlar balaca İsmayılı və onun anası (sultan Yaqubun bacısı) Aləmşah bəyimi gizlətməli olurlar. Azərbaycan və Anadolu ərazisində olan bütün şiələr və şiə yönlü sufilər isə təqiblərə məruz qalırlar. Lakin yeniyetmə İsmayıl gizlicə olaraq qızılbaşlardan ibarət bir ordu yığır və 1500-cü ildə Şirvanşahlar dövlətinə hücum edərək bu əraziləri fəth edir. 1501-ci ildə İsmayıl Ağ Qoyunlu dövlətinin paytaxtı Təbrizə girir və özünü Azərbaycanın şahı elan edir. Bu zaman Şah İsmayılın cəmi 14 yaşı olur. Artıq 1508-ci ildə Ağ Qoyunlu dövlətinin bütün əraziləri şah İsmayılın tabeçiliyinə keçir və o, bütün İran və Azərbaycanın şahı elan olunur.
Səfəvi dövləti qurulmamışdan öncə də İran, İraq, Azərbaycan və Anadolu vilayətlərində çoxlu sayda şiə təməyyüllü sufi tayfaları var idi. Ümumiyyətlə, orta əsrlərdə şiə məzhəbi əsasən sufi təriqətləri ilə təmsil olunurdu. Müasir anlamda başa düşdüyümüz şiə məzhəbinin ardıcıllarına yalnız elmi-dini mərkəzlərdə rast gəlmək olurdu.

Azərbaycan ərazisində ilk hakim şiə sülaləsi Sacilər (X əsr) olub. Sonrakı dövrlərdə də ara-sıra Azərbaycan, İran və Anadolu əraziləri şiə hakimlərinin rəhbərliyi altına keçirdi (bəzi Qəznəvilər, Atabəylər, Xarəzmşahlar, Səlcuklar və Elxanilər). Bu ərazilərdən çıxan böyük alimlər və şairlər əsasən şiə təriqətindən olub (Nizami, Xəqani, Nəimi, Nəsimi, Ənvəri, Biruni, Bəhmənyar, Tusi və s.) Lakin burada şiəlik əsasən ələvilər, hürufilər, bektaşilər və digər sufilər tərəfindən təmsil olunurdu. Siyasi təqiblər nəticəsində öz xırda cəmiyyətlərinə qapanan bu təriqətlər getdikcə gizli sekta halına düşürdülər. Bu isə onların pərakəndə yaşaması, savadsızlaşması, dini baxışlarının mövhumat halına düşməsinə səbəb olurdu. Məhz güclü Səfəvi sülaləsinin timsalında onlar özlərinə siyasi arxa görürdülər və təriqətlərindən asılı olmayaraq hamısı Səfəvi dövlətinin qurulmasına yardım edirdilər. Şah İsmayıl , əslində, şiə ərazilərində dövlət yaratdı, nəinki sünnüləri icbari surətdə şiələşdirirdi. Mərkəzləşmiş Səfəvi dövlətinin yaranması sayəsində şiə təməyyüllü sufi təriqətləri cəfəriləşir, yəni müasir anlamda başa düşülən 12 imamçı şiə məzhəbini qəbul edirlər.

İradlar

Şah İsmayıl barədə yanlış təsəvvürlərdən biri onun sünnü məzhəbinə qarşı nifrətindən doğan Osmanlı dövləti ilə düşmənçiliyidir. Hərçənd ki, şah nə məzhəbi ayrı-seçkilik salmış, nə də Osmanlıya qarşı kin-küdürət bəsləmişdir. Bütün bu ittihamların kökündə Sultan Səlimin Səfəvilərə qarşı apardığı təbliğat durur. Bu cür məlumatlara görə, Şah sünnüləri öldürmək üçün şəhərlərdə qır qazanları qaynatdırır və sünnüləri ora atdırırdı. Digər iftiraya görə, Şah öz anası Aləmşah bəyimi sünnü olduğuna görə öldürmüşdü. 

Osmanlı tarixçiləri qızılbaşları əyyaş və pulgir bir toplum kimi tanıtdırırlar. Hərçənd, Şah İsmayıl Səlimdən fərqli olaraq nə böyük hərəməxanalara malik idi nə də fəth etdiyi ərazilərin sakinlərini ağır vergilər ödəməyə məhkum edirdi. Ə. Haqverdiyevin “Çaldıran döyüşü” əsərində tarixi sənədlərə istinadən yazdığına görə, müxtəlif ölkələrin hökmdarları Şah İsmayıla hədiyyə göndərirdilər. Belə bir hədiyyələr içində rəqqasə qızlar da olmuşdu ki, onlar Şahın hüzuruna rəqs edə-edə girərkən, şah başını aşağa salıb onların çıxarılmasına işarə etmişdi. Şahın qeyri-şiə məzhəblərinə münasibətinə dair isə bunları xatırlatmaq kifayət edər ki, onun tabeçiliyində olan Orta Asiya, Əfqanıstan, Kürdüstan, Xuzistan, Sistan və Bəlucistan kimi böyük ərazilər bugünə kimi sünnü olaraq qalıb. Hətta Azərbaycan ərazisində böyük saylı sünnü icmasının mövcudluğu, Ağdaş kimi sünnü rayonunun Səfəvilər tərəfindən hərbi qarnizon kimi yaradılması, Şah İsmayılın qızının Şirvanşahın oğlu ilə ailə qurması bu cür iddiaları təkzib etmək üçün kifayətdir.

Maraqlı məqamdır ki, Səfəvilər dövrünün alimlərindən biri fətva vermişdi ki, cümə günləri məsciddə xəlifələrə lənət oxunsun. O, hicri 917-ci (miladi 1511-ci) ildə bu barədə risalə yazaraq Şah İsmayıl Xətaiyə təqdim edir, amma şahın razılığını ala bilmir. Tarixçilər qeyd edirlər ki, Şah İsmayıl Osmanlı sultanı II Bəyazidə hörmət olaraq “ata” deyə müraciət edərmiş. Hətta, şahzadə Səlim (gələcək Sultan Səlim Yavuz) Trabzon valisi olduğu dönəmdə Səfəvi ərazilərini işğal etdiyi zaman sultan II Bəyazid oğluna məktub yazaraq Şah İsmayılın ərazilərini geri qaytarmağı tapşırmışdı. Məhz Osmanlı dövlətinə hörmət edərək, Şah İsmayıl şahzadə Səlimlə konfrontasiyaya girmirdi. Lakin, Səlimin hakimiyyət arzusu onu böyük tarixi cinayətlərə əl atmağa vadar etdi.

Şah İsmayılın düşməni

Səlim uşaqlıqdan öz qəddarlığı ilə seçilirdi. Məhz onun bu xüsusiyyəti Sultan II Bəyazidi vadar etdi ki, Səlimi deyil, digər oğlu – Əhmədi vəli-əhd təyin etsin. Lakin Səlim bununla razılaşa bilməzdi və atasına qarşı ordu yığaraq İstanbula hücum etdi. Sultan Bəyazid oğlunun ordusunu darmadağın etdi və Səlim Krıma qaçmalı oldu. Burada güc toplayan şahzadə yenidən atasına qarşı ordu çəkir. Osmanlı saray salnaməçilərinin yazdığına görə, 1512-ci ildə Sultan Bəyazid taxtdan imtina edərək onu Səlimə təhvil verir. Lakin bu məlumatın nə qədər düzgün olması şübhəlidir. Çünki, ilk günlərdən Sultan Bəyazid oğlunun hakimiyyətə gəlməsinə müxalif idi. Bəzi tarixçilərin iddiasına görə Səlim atasını öldürür və bu yolla hakimiyyətə gəlir. Hər halda, 1512-ci ildə İstanbula girən Səlim özünü sultan elan edir və dərhal qardaşlarını və digər kişi qohumlarını öldürtürür. Bununla o, sultanlığa iddia edə biləcək bütün şəxslərdən canını qurtarır. Məhz belə bir vəhşiliyinə görə Səlim “Yavuz” (zalım) ləqəbi alır.

1513-cü ildə Sultan I Səlim Anadoluda yaşayan şiələrin qətliamını törədir. İqrar Əliyevin orta əsr tarixçilərinə istinadən yazdığına görə o, 7 yaşdan 70 yaşa qədər 70 min şiə öldürür. Digər məlumatlarda isə Səlim 45 min şiə-türkün qanına bais olur. Bundan sonra o, 1514-cü ilin may ayında Səfəvi dövlətinə tərəf yürüyərək Şah İsmayılla müharibəyə qalxır. Lakin müsəlman qanının tökülməsini istəməyən Şah İsmayıl xeyli müddət Səlimi müharibə fikrindən daşındırmağa çalışır. Sultan Səlim Şaha dörd təhqiramiz məktub yazdıqdan sonra Şah İsmayıl ona bu cavabı göndərir:

Mən pirimi haqq bilirəm,
Yoluna qurban oluram,
Dün doğdum bugün ölürəm,
Ölən gəlsin - iştə meydan.


Avqusta Maku şəhəri yaxınlığında Çaldıran çölündə iki ordu qarşılaşır və Şah İsmayıl bu savaşda məğlub olur. Sultan Səlıim Avropa ölkələrindən aldığı artileriya (300 top) sayəsində Səfəvi ordusuna qalib gələ bildi. Rəvayətə görə, Şah İsmayıl toplara nifrət edirdi və deyirdi ki, əsl cəngavər toplara deyil, qolunun gücünə arxalanmalıdır. Digər rəvayətə görə, Şah məğlub olduğuna görə itiliyi ilə məşhur olan qılıncını Sultana hədiyyə edir. Səlim həmin qılıncla topun lüləsini kəsə bilməyəndə, Şaha xəbər göndərir ki, ona öz qılıncını deyil, başqasını verib. Şah İsmayıl isə cavab verir: “Qılınc həmin qılıncdır, bilək həmin bilək deyil”. Sultan Səlim Yavuz Səfəvi dövlətinin Osmanlı ilə sərhəddində yerləşən vilayətləri zəbt etdikdən sonra Şərqə tərəf irəliləməyə istəyir. Lakin yeniçarların üsyanı nəticəsində Sultan Səlim Anadoluya qayıtmalı olur. Şah İsmayıl isə Sultandan intiqam almağa qalxmadı.
Sultan Səlimin bu davranışı onun sünnü təəssübkeşçisi olması ilə səhvən əlaqələndirilənlər də var. Beləki, Anadolu ərazisində şiələrin qətliamını törətmək və Səfəvilərə hücum etmək üçün o, “kafirlərə qarşı cihad” elan etmişdi. Hətta bunun üçün bəzi sünnü üləmalarını fətva verməyə vadar etmişdi. Bütün bunlar Səlimin siyasi ambisiyalarına xidmət edən bir manevr idi. Çünki, Osmanlı və Səfəvi dövlətləri ərazisində yaşayan türklər qohum tayfalar idi. Məzhəb fərqi burada yaşayan tayfaları bir-birinə düşmən etmirdi, lakin Sultan Səlim bu fərqliliyi düşmənçiliyə çevirməyə bacardı. Bunun üçün sadəcə insanların dini təəssübkeşliyini işə salmaq lazım idi. Sonrakı tarix göstərir ki, Sultan Səlim şiələrə qarşı amansız davrandığı kimi, sünnülərin də qanını tökürdü.
Səfəvilərlə müharibədən sonra o, əvvəlcə Elbistana (Ələbusteyn) hücum edib və buranın hakimi Ələ-ud-dövləni öldürdü. Elbistanın Zülqədər sülaləsi (sünnü) Şah İsmayılın məmləkətinə pənah aparıb indiki Qax, Zaqatala və Qazax rayonları ərazisində məskunlaşdılar. Daha sonra Sultan Məkkə və Mədinə valisinə hücum edərək müqəddəs torpağların əmin-amanlığını pozmuş oldu. Məkkə və Mədinənin zəbtindən sonra Səlim özünü “iki müqəddəs şəhərin xadimi” elan etdi. 1516-ci ildə o Qüdsü də müharibə meydanına çevirdi. 1517-ci ildə Misirin paytaxtına daxil olaraq 50 min insan qətlə yetirir. Eyni zamanda o, 800 məmlük bəyinin boynunu vurmağı əmr edi və Qahirədə yaşayan Abbasi xəlifəsini məcbur etdi ki, xəlifə titulunu ona versin. Beləliklə də, Sultan Səlim 1517-ci ildə özünü müsəlmanların xəlifəsi elan etdi.

Xalqın xidmətində

Sultan Səlimin işğal etdiyi bəzi əraziləri qaytardıqdan sonra Şah müharibələrə son qoyur. Böyük siyasətçi və hökmdar olmaqla yanaşı, Şah İsmayıl “Xətai” ləqəbi ilə tanınan gözəl bir şairdir. Onun Azərbaycan türkcəsində yazdığı əsərlər ədəbiyyatımızın incilərindən sayılır. Həmçinin Şah əla xəttat, bərbət ifaçısı və xanəndə olub. Özü də məmləkətində incəsənətin inkişafına böyük önəm verirdi. Onun yazdığı şerlər aşıq və dərvişlərin dillər əzbəri idi. Şah İsmayılın xalqın rəğbətini qazanmasına əsas səbəblərdən biri də, onun vergi siyasəti idi ki, öncəki hökmdarların saysız-hesabsız vergilərinin sayı xeyli azaldılmışdı.
Bundan əlavə, şah tarixdə ilk dəfə türk dilinə rəsmi status vermişdi. Onun sarayında fars dili ilə yanaşı türk dilində də danışırdılar. Maraqlı faktdır ki, Şah İsmayılın qatı tənqidçilərindən olan İskəndər Pala özünün “Şah və Sultan” əsərində etiraf edir ki, sultan Səlim Şah İsmayılla farsca danışdığı zaman o, Sultana türkcə cavab verirdi. Hətta müəllif öz təəccübünü gizlətmir ki, İran hökmdarı türkcə, türk hökmdarı isə farsca danışırdı. Şah İsmayılın apardığı siyasət nəticəsində türk dili və ədəbiyyatı xeyli inkişaf etdi və yayıldı. Hətta XVII əsrin birinci yarısında Səfəvi sarayında Holştin səfirliyində katib işləyən Adam Oleari “Səyahət” kitabında yazırdı: “... İran şairləri fars və türk dillərində şerlər yazırdılar və iranlılar onları həvəslə oxuyurlar, çünki hər iki dil eyni şəkildə geniş yayılıbdır”.
Abbasqulu Ağa Bakıxanov “Gülüstani İrəmdə” yazır: “... Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)... Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şer söyləməyə də mail idi”.
Təsadüfi deyil ki, dahi Füzuli Şah İsmayılı “öz zəmanəsinin padişahı” adlandırırdı. Füzuli yaradıcılığı dövrünün böyük hissəsi Kərbəlanın Səfəvi hakimiyyəti altında olduğu zamana təsadüf edir. Böyük alim və şair Məhəmməd Füzuli öz alleqorik “Bəngü Badə” poemasını də (“Şərab və Tiryək”) Şah İsmayıla ithaf edib. Bu əsərdə “şərab” sözü altında məcazi olaraq Osmanlı, “tiryək” sözü altında isə Səfəvilər nəzərdə tutulur.

“Xətai” ləqəbinin sirri

Şah İsmayılın özünə “Xətai” təxəllüsünün götürməsinin səbəbi dəqiq məlum deyildir. Bəziləri hesab edir ki, ləqəbin kökü “xəta” deyil, “xətay”dır. Xətay isə türk tayfalarından birinin adı olub. Digər rəvayətə görə, Şah İsmayıl:" Mən doğulanda dünyaya yox, xətalar içinə gəlmişəm. Lakin həmişə mənə bir hikmətli səs deyir ki, bu xətaların hamısından çıxacaqsan. O xəta sözü taleyimdə yox, gələcək ləqəbimdə qalacaq." – deyirdi. Başqa rəvayətə görə isə, Şah İsmayil İmam Hüseynin (ə) səhabəsi Hürrun qəbrini açmaği əmr edir. Şah görür ki, Hürrün nəşi çürüməyib və İmam Hüseynin (ə) onun yarasına bağladığı sarıq hələ də təzədir. O sarığı götürmək istəyəndə yaradan qan axır. Sonra Şah etdiyi xətadan peşman olur və özünə “Xətai” ləqəbi götürür. Lakin heç bir versiya öz sübutunu tapmayıb və Şahın təxəllüsünün sirri açılmamış qalır.
Müəllif: Hüseyn Abbasov
Mənbə: http://www.salaminfo.az/tarix/6605.html
Həmçinin bax:
Şah Ismayıl xətai

Top