Ordu ADR dövründə

Ordu ADR dövründə

Azərbaycanın taleyi ordunun döyüş qabiliyyətinin yüksəldilməsindən əhəmiyyətli şəkildə asılı idi
Azərbaycan hərbi nazirliyi ordunun ehtiyaclarının ödənilməsi məqsədi ilə ən cüzi imkanlardan belə istifadə etməyə çalışırdı. 1919-cu il iyun ayının 4-də Nazirlər Şurasının sədrinə Mehmandarov hesabat təqdim etmişdi. Hesabatda deyilirdi: “Yaxın günlərdə ingilislər Zaqafqaziyanı tərk edəcəklər. Bunu nəzərə alaraq xahiş edirəm: Əgər imkan tapsanız ingilislərdən silah, hərbi texnika, hərbi sursat, atlar, katerlər, hərbi geyim və ümumiyyətlə, bizim ordumuzun ehtiyacı üçün lazım olan bütün əşyaların alınması məqsədilə onlarla danışıqlar aparacaq xüsusi nümayəndə təyin edəsiniz”.
1919-cu il sentyabrın 19-da isə Azərbaycan Respublikası hərbi idarəsinin verdiyi əmrdə deyilirdi: “Baş Artilleriya İdarəsinin rəisi general-mayor Tlexasın rəhbərlik etdiyi xüsusi komssiya bizim üçün böyük əhəmiyyət kəsb edən silah və digər hərbi təyinatlı vasitələr almaq üçün mənim tərəfimdən Gürcüstana göndərilmişdir. Bir sıra ciddi maneələrin olmasına baxmayaraq qısa müddətdə sərfəli qiymətlərlə çox ehtiyac duyduğumuz hərbi ləvazimatı almış və onları Gəncə və Bakıya göndərmişik. Aldığımız avadanlıqların çoxu yenidir, istifadədə olanlar isə işlədilmək üçün yararlıdır. Tapşırığı belə yüksək səviyyədə yerinə yetirdiyi və bu zaman işinə vicdanla, məsuliyyətlə yanaşdığı üçün Tlexasa səmimi təşəkkür edirəm. Həmçinin bu işdə böyük xidməti olan, alınan texnikanın seçilməsi və Vətənə göndərilməsində əməyi olan bütün komissiya üzvlərinə təşəkkür edirəm”.
General-mayor Tlexas 1919-cu il sentyabr ayının 2-də Azərbaycan Demokratik Respublikası Hərbi Şurasına etdiyi məruzəsində yazırdı: “Gəncə hərbi zavodunun layihəsini, ştatını, texniki avadanlıqlar üçün smeta dəyərini Sizə tədqim edirəm. Bildirirəm ki, yalnız bu layihənin qəbulu nəticəsində Gəncədəki hərbi zavod tam gücü ilə işləyə biləcək və Azərbaycanın hərbi texniki ehtiyacları üçün lazım olan hərbi təyinatlı məhsullar istehsal edə biləcək. Lakin hazırda Gəncə artilleriya emalatxanası texniki baxımdan həddindən artıq zəif təsir bağışlayır. Burada dəzgahların işləməsi üçün mühərriklər, iş alətləri, ehtiyat materialları yoxdur. Hətta kustar üsullarla belə, hərbi ehtiyaclar üçün adi bir əşya hazırlamaq mümkün deyil. Buna baxmayaraq, ordunun texniki ehtiyacları lazım gələn səviyyədə təmin edilir. Çünki məhdud sayda da olsa ehtiyat üçün saxlanılan hərbi təyinatlı məhsullardan istifadə edilir. Bu ehtiyatlar tükənəndən sonra isə ordunun ehtiyat hissələrlə təminatında problemlər yaranacaq və onları haradansa almaq mümkün olmayacaq. Bütün bunları nəzərə alaraq təcili şəkildə Gəncə hərbi zavodunun texniki avadanlıqlarla təchizi üçün ilkin işlərə başlanmalıdır. Bu məqsədlə Bakı zavodlarındakı mühərrikləri və dəzgahları Gəncəyə göndərmək lazımdır”.
Azərbaycan hökuməti vəziyyətin ağırlığını başa düşürdü və bunu nəzərə alaraq milli ordunun hərbi texniki ehtiyaclarının ödənilməsi məqsədi ilə bəzi lazımi tədbirlər həyata keçirdi. Buna paralel olaraq ordunun yüksək səviyyəli hərbi kadrlarla təmini üçün də işlər görüldü. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Arxivlərində saxlanılan sənədlərdə də həmin dövrdə ordunun texniki təminatı, onun yenidən təşkili və bununla əlaqədar ortaya çıxan nöqsanların aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən bəhs edilir. Məsələn, Hərbi
nazirin 1919-cu il sentyabr ayının 21-də verdiyi əmrdə deyilirdi: “Dəfələrlə mənim tərəfimdən yazılı və şifahi şəkildə verilən əmr-lərə baxmayaraq orduda hərbçilər arasında əlbəyaxa davalar davam etməkdədir. Alaylar bu metoddan praktikada geniş şəkildə istifadə edirlər. Nəzərə almaq lazımdır ki, orduda baş verən belə neqativ hallar hərbi hissələrin özbaşına tərk edilməsinə və onların dağılmasına aparıb çıxarır. Ona görə də əlbəyaxa döyüş həvəskarlarının hərbi intizam haqqında qanunlarla tanış olmasını və onların bununla bağlı hansı məsuliyyət daşıdıqlarını anlamalarını istəyirəm. Hərbi diviziyaların komandanları və zabitləri orduda baş verən bu cür neqativ halların qarşısını almaq üçün bütün imkanlarından istifadə etməli və belə hallar barədə mənə məlumat verməlidirlər. Bu əmr bütün rotalarda, batareyalarda və hərbi hissələrdə elan olunsun...”
Azərbaycan Respublikası Hərbi İdarəsinin 1919-cu il sentyabr ayının 21-də verdiyi digər bir əmrdə isə deyilirdi: “Azərbaycan hökumətinin1918-ci il iyunun 27-də Dövlət dili haqqında qəbul etdiyi qərara əsasən ölkə ərazisində, o cümlədən hərbi hissələrdə yazışmalarda türk dilindən istifadə edilsin. Bu məqsədlə mərkəzi Bakı şəhərində yerləşən Baş qərargahda zabitlərin türk dilini öyrənməsi məqsədilə iki mərhələli axşam kursları açılıb. Birinci mərhələ türk dilini tamamilə bilməyən hərbçilər üçün nəzərdə tutulub. İkinci mərhələdə isə türk dilini şifahi şəkildə bilənlər, ancaq onun yazılı qanun-qaydalarından, türk ədəbiyyatından və türk tarixindən xəbərdar olmayanlar savadlarını artırmalıdırlar...
Hərbi nazir arzu edir ki, türk dilini bilməyən, ancaq Azərbaycan ordusunda hərbi xidmət etmək arzusunda olan bütün hərbçilər türk dilini və qrammatikasını öyrənmək məqsədilə təşkil edilən kurslarda bu dili öyrənsinlər. Belə kurslar hərbi hissələrin yerləşdikləri bütün ərazilərdə, hərbi müəssisələrdə və qarnizonlarda təşkil edilməlidir.”
Həmin dövrdə orduda nizam-intizamın təmini, ordunun döyüş qabiliyyətinin artırılması daim diqqət mərkəzində olduğu üçün bu məsələlərə dönə-dönə qayıdılırdı. Çünki Azərbaycanın taleyi ordunun döyüş qabiliyyətinin yüksəldilməsindən əhəmiyyətli şəkildə asılı idi. Azərbaycanı həmin dövrdə cənubdan Ermənistan adlı təcavüzkar bir dövlət hədələyirdi. Daşnaklar qədim Azərbaycan əraziləri olan Zəngəzur, Göyçə, Vedi, İrəvan, Dərələyəz, Qafan və digər yurd yerlərmizdə dinc əhalini qətlə yetirir və etnik təmizləmə aparırdılar. Eyni zamanda Qarabağın dağlıq hissəsində yaşayan ermənilər də Azərbaycana qarşı tez-tez silahlı qiyam qaldırırdılar. Şimaldan isə ağqvardiyaçılar və bolşevik Rusiyası hər an Azərbaycana hücum etmək üçün bəhanə axtarırdılar. Xəzərdən də Azərbaycan üçün hərbi təhlükə mövcud idi. Belə bir vəziyyətdə ordunun möhkəmləndirilməsi Azərbaycan hökuməti üçün birinci dərəcəli məsələlərdən idi. 1919-cu il dekabr ayının 22-də parlamentin iclasında yenidən təşkil edilən Azərbaycan hökumətinin rəhbəri Nəsib bəy Usubbəyov çıxış etdi. O çıxışında: “Biz Azərbaycanın təhlükəsizliyinin təmini və onu hədələyən güclərdən müdafiə edilməsi üçün son damla qanımıza qədər mübarizə aparmağa hazır olmalıyıq. Bu məqsədlə vaxt itirmədən müvafiq qərarlar qəbul etməliyik. Bu baxımdan əsas vəzifəmiz hərbi qüvvələrimizdə qanun-qaydanın möhkəmləndirilməsi və onun döyüş qabiliyyətinin artırılmasıdır. Bu sahədə artıq böyük uğurlara nail olmuşuq. Azərbaycan xalqı azad və müstəqil həyat yaşamaq istəyir. Xalq anlayır ki, güclü olmaq lazımdır. Bu güc bizə kimə isə hücum etmək üçün deyil, öz təhlükəsizliyimizi, ərazi bütövlüyümüzü, milli sərvətlərimizi qorumaq üçün lazımdır. Bu çərçivədə hərbi mükəlləfiyyət hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs borc olmalıdır”.
Azərbaycan hökumətinin qısa müddətdə Vətəni müdafiə etməyə qadir güclü bir ordu yaratmaq cəhdləri uğurla başa çatdı. Bir il ərzində 40 min nəfərdən ibarət istənilən hərbi tapşırığı yerinə yetirməyə qadir olan mütəşəkkil bir ordu yaradıldı. Halbuki həmin dövrdə Milli ordunun təşkil edilməsi üçün zabit kadrları çatışmırdı. Heç bir hərbi təcrübəyə malik olmayan əhali isə hərbi peşəyə maraq göstərmirdi. Amma bütün bu problemlər Azərbaycan hökuməti tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində həllini tapdı. Bir məsələni də deməyi və xatırlatmağı özümüz üçün vəfa, şərəf və müqəddəs borc hesab edirik: Azərbaycan ordusunun formalaşmasında və təşkilində, onun döyüş qabiliyyətinin artırılmasında qardaş Türkiyədən gələn zabitlər mühüm rol oynadılar. Onların çoxu Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçdilər. Bu müqəddəs gündə onların və vətən uğrunda şəhid olan bütün milli ordu əsgərlərinin qarşısında baş əyirik. Yeni yaranan Azərbaycan ordusu Qarabağın dağlıq hissəsində erməni qiyamının yatırılmasında tarixi bir vəzifəni həyata keçirdi. Təəssüflər olsun ki, bolşevik Rusiyasının işğalçılıq siyasəti nəticəsində və onların nökərləri olan yerli satqınların əli ilə Azərbaycan Demokratik Respublilkası devrildi, ərazilərimiz isə düşmən tərəfindən işğal edildi. Bolşevik Rusiyasının əli ilə milli ordumuzun zabitlərinə divan tutuldu, 20 min nəfərdən yuxarı zabit və generalımız məhkəməsiz güllələndi. Amma Azərbaycanı bununla sındırmaq mümkün olmadı. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini əldə etdi. Yenidən formalaşdırılan Azərbaycan ordusu hazırda bölgədə istənilən tapşırığı yerinə yetirməyə qadir bir orduya çevrilib.
Top